Icma.az
close
up
RU
Sevimli ev heyvanları vitrində paytaxdakı zoobazardan REPORTAJ

Sevimli ev heyvanları vitrində paytaxdakı zoobazardan REPORTAJ

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Heyvanlar həmişə insan həyatında xüsusi yer tutur. Belə ki, onlar əhval-ruhiyyəni yüksəldir, qayğıkeşliyi və məsuliyyəti öyrədir. Heyvanların qayğısına qalmaq isə insanlara daha diqqətli və səbirli olmaqda kömək edir. Ancaq hər heyvanın öz xüsusiyyəti, vərdişi və ehtiyacı var. Paytaxtın canlı, rəngarəng və səs-küylü məkanlarından biri olan zoobazar hər gün öz alıcıları üçün açıqdır. Burada hər addımda yeni bir heyvan növü ilə qarşılaşmaq mümkündür. Akvarium balıqları, şirin səsli, rəngli lələkli quş növləri, yumşaq tüklü dovşanlar və mehriban itlər bazarda öz alıcılarını ve yeni ailələrini gözləyir. Bazar həm böyüklərin, həm də uşaqların sevimli istirahət və maraq mərkəzinə çevrilib. Bazarın içərisində yerləşən mağazalarda itlər, pişiklər, quşlar, gəmiricilər və balıqlar üçün hər çeşid qida və aksesuarlar var.

AZƏRTAC-ın əməkdaşları bu dəfə zoobazarda satışa çıxarılan ev heyvanlarının saxlanılma şəraiti və qiymətləri ilə tanış olublar

Rəngarəng akvarium balıqları, qiymətləri və qulluq qaydaları

Bazarda ilk olaraq diqqət çəkən piştaxtaların üzərindəki çoxçeşidli balıqlarla zəngin akvariumlardır. İçərisində isə murenlər, angvillər, dəniz mələkləri və sülhsevər olmaqlara bir çox balıq növləri üzür. Satıcı R.Səfərovun sözlərinə görə, bu balıqlar əsasən Tayland, İran, Sinqapur və Rusiyadan gətirilir, bəziləri isə burada artırılır: “Akvarium balıqları ev şəraitində ən çox sevilən və saxlanılan canlılardandır. Onlar həm evə gözəllik verir, həm də sakitləşdirici təsirə malikdir. Lakin bu balıqları sağlam və uzunömürlü saxlamaq üçün müəyyən qaydalara riayət etmək vacibdir. Balıq saxlamaq istəyən hər kəs, ilk növbədə, balığın növünə uyğun ölçüdə akvarium seçməlidir. Kiçik balıqlar üçün balaca, iri növlər üçün isə geniş akvarium lazımdır. Akvarium təmiz su ilə doldurulmalı, suya xlor düşməməsinə diqqət edilməlidir. Ən yaxşısı, kran suyu istifadə olunarsa, onu bir neçə gün açıq qabda saxlayıb sonra akvariuma tökməkdir. Akvariumun dibinə xırda daşlar, qum və su bitkiləri qoymaq həm balıqların rahatlığı, həm də təbii mühit hissi üçün vacibdir”.

Satıcı bildirir ki, ev heyvanlarının satış qiyməti isə hər kəsin cibinə uyğundur. Belə ki, balıqların qiyməti 1 manatdan 100 manata qədərdir və ən çox tələbat da məhz 1-10 manat aralığındakı sülhsevər balıqlara olur. Bahalı, iri növlər üçün isə daha böyük akvarium lazımdır. Akvariumların qiymətləri 10 manatdan 850 manata qədər dəyişir.

Satıcı, həmçinin balıqlara gündə iki dəfə qida verməyi məsləhət görür: “Amma akvariumda yaşayan balıqların qidası miqdarca az olmalıdır, çünki onlar təbiətdəki qədər hərəkət etmirlər. Balıqlar çox az qida ilə kifayətlənirlər. Onlara gündə 2 dəfə, səhər və axşam yem vermək məsləhətdir. Qida miqdarı balığın sayına və ölçüsünə uyğun olmalıdır. Unutmaq olmaz ki, artıq yem qalıqları suyu çirkləndirir, bu da balıqların xəstələnməsinə səbəb ola bilər. Ən uyğun variant balıqların 2-3 dəqiqə ərzində yeyə biləcəyi qədər yem verməkdir”.

Zoobazarda səs və rəng harmoniyası

Zoobazarın digər guşəsində isə səs-küylü və bir o qədər də rəngarəng bir mənzərə yaranır. Burada müxtəlif quş növləri 10 manatdan 700 manata qədər qiymətə satılır. Ev şəraitində quş saxlamaq həm gözəllik, həm də sevinc mənbəyidir. Onların şirin səsi, rəngarəng görünüşü insana xoş əhval-ruhiyyə bəxş edir. Bazardakı quşların əksəriyyəti Rusiyadan gətirilir, lakin yerli satıcılar da özləri artırdıqları növləri təklif edirlər. Xüsusilə bülbüllər yaşlı alıcılar arasında daha çox populyardır. Onların səsi alıcıları cəlb edir və sakitlik bəxş edir. Satıcılar bildirirlər ki, bu quşların 90 faizi qəfəsdə doğulur, bu səbəbdən açıq havada uzun müddət yaşaya bilmirlər. Soyuq havalarda onları çöldə saxlamaq məsləhət deyil, isti havalarda isə bir müddətlik mümkündür. Satıcı A.Kərimov quş saxlamaq üçün ən vacib şərtin geniş və rahat qəfəs seçmək olduğunu deyib: “Kiçik qəfəsdə quş az hərəkət etdiyindən tənbəlləşir və tez xəstələnə bilər. Qəfəs elə seçilməlidir ki, quş qanadlarını sərbəst aça bilsin. Qəfəsi gün işığı düşən, lakin birbaşa günəş altında olmayan yerdə saxlamaq məsləhətdir. Soyuq və küləkli yerlərdən uzaq olmalıdır. Qış aylarında qəfəsin olduğu otaq isti, lakin havasız olmamalıdır, təmiz hava və mülayim istilik vacibdir”.

Bazarda daha çox təlabat bülbül, kanareyka, dalğalı tutuquşu (popuqay), fişu və lovebird növlərinədir. Satıcının sözlərinə görə, fişu növü quşlar isə sərin havaları sevir, ancaq külək və temperatur dəyişikliyi bu növlər üçün təhlükəli ola bilər. “Qəfəs quşlarına gündə bir dəfə yem vermək kifayətdir. Həddindən artıq qida quşu tənbəlləşdirir və piylənməyə gətirib çıxarır. Qidaları təzə olmalı və təmiz su hər gün dəyişdirilməlidir. Quşlar üçün xüsusi dənli yemlər, az miqdarda meyvə və tərəvəz məsələn, alma, kök faydalıdır. Qəfəsi həftədə bir neçə dəfə təmizləməli, qida və su qabları isə yuyulmalıdır. Təmizlik həm xəstəliklərin qarşısını alır, həm də quşun rahatlığını təmin edir. Bazardakı quş qəfəslərinin qiyməti 12 manatdan 650 manata qədər dəyişir”. 

Ev üçün sevimli dostlar: İtlər, pişiklər və ekzotik heyvanlar

Zoobazarda diqqət çəkən digər canlılar isə dovşanlardır. Burada satılan dovşanlar daha çox Holland cırtdanı, minilop, Scottish fold və digər növlərə aiddir. Satıcı söhbət zamanı ev dovşanlarının 1 kilo 500 qramadək çəkiyə malik olduğunu deyib. Bazardakı dovşan qiymətləri isə 5 manatdan 35 manata qədər dəyişir. Satıcı, həmçinin dovşan saxlamaq istəyənlərə xəbərdarlıq edib: “Dovşanlar çox aktiv olduqları üçün böyük bir qəfəsə və ya otağın bir hissəsinə ehtiyac duyurlar. Qəfəs o qədər böyük olmalıdır ki, dovşan içində rahatca uzana, dik ayaq üstə dura və iki-üç tullanış edə bilsin. Onlar ekzotik heyvanlar sayıldığı üçün onlara xüsusi diqqət yetirən baytar həkimi tapmaq vacibdir. Mütəmadi peyvəndlər və yoxlanışlar aparılmalıdır. Bilmək lazımdır ki, evdə saxlanan dovşanlara kələm və kök vermək olmaz. Xüsusilə yeni doğulmuşlar üçün bu çox təhlükəlidir, çünki onların mədəsi həssas olur”.

Heyvansevərlərin sevimlisi olan it və pişiklər də burada xüsusi diqqət çəkir. Sarı pudellər 500 manat, yorkshire terrier növ ev itləri 600 manat, britan növ pişiklər isə 200 manat qiymətə satılır. Bu it və pişik növləri əsasən ev şəraitinə uyğunlaşdırılıb və təlim üçün əlverişlidir. Satıcılardan öyrəndiyimizə görə, bazardakı bütün heyvanlar baytar yoxlamasından keçib.

Heyvan qidaları satıcısı Ramina Cəlilova deyir ki, zoobazarda ən çox müştəri bazar günləri olur. Həmin günlərdə həm alıcıların, həm də heyvan növlərinin sayı artır. “Valideynlər çox vaxt övladları ilə birlikdə gəlir, qiymətlərlə maraqlanırlar. Burada çeşid çox olduğu üçün qiymətlər də münasibdir, pedşoplardan daha ucuzdur”, – deyə R.Cəlilova bildirib. O əlavə edib ki, zoobazar həm uşaqlar, həm də böyüklər üçün maraqlı və öyrədici məkandır.

Bazarda gəzdiyimiz zaman burada heyvanlara qulluğun yüksək səviyyədə təşkil olunduğunun şahidi olduq. Alcılar arasında öz atasının əlindən tutmuş balaca bir oğlan böyük maraq və həvəslə itlərə baxır, 60 yaşlarının oratalarında bir kişi balıqları seyr edirdi. Az yaşlı Leyla yeni dostu, balaca ağ dovşanı haqqında həyəcanla danışırdı: “Mən həmişə dovşan sahibi olmağı arzulamışam. O çox şirindir, yumşaq tükləri var, mən onunla hər gün məşğul olmaq istəyirəm”. Onun anası Agət xanım isə əlavə edir ki, ev heyvanı sahiblənməkdə əsas məqsəd yalnız əyləncə deyil, həm də uşağa məsuliyyət öyrətməkdir: “Biz Leylaya izah edirik ki, heyvanlar qayğı və diqqət tələb edir. Düşünürəm ki, o, səbrli və qayğıkeş olmağı öyrənəcək”.

Bakı zoobazarı yalnız heyvan almaq üçün bir məkan deyil, burada hər heyvan öz qayğıkeş sahibini tapır, insanlar isə şəhərin mərkəzində təbiətin kiçik sakinləri ilə təmas qurmaq imkanına malik olurlar. Qəfəs və akvariumlar arasında gəzdikcə uşaqların üzündə sevinc və təəccübü görmək mümkündür, böyüklər isə heyvanları diqqətlə və gülümsəyərək izləyirlər. Çünki heyvan saxlamaq insan məsuliyyətini və mərhəmətini göstərir...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see203

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see193

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see167

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see145

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see144

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see136

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri