Icma.az
close
up
RU
Seyran Səxavət: “Yazmaq özü intizamsızlığın ən yüksək formasıdır”

Seyran Səxavət: “Yazmaq özü intizamsızlığın ən yüksək formasıdır”

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Həmsöhbətimiz görkəmli Azərbaycan yazıçısı , şair , nasir və tərmüməçi Azərbaycan Yazıçılar Birliyinin üzvü , Nizami Gəncəvi mükafatının sahibi Seyran Səxavətdir.

—Sovet dövründə tərcüməçi kimi fəaliyyət göstərən bir yazıçı olaraq, sizin üçün mətnin arxasında gizlənən millət, mədəniyyət və ruh necə görünürdü?

Tərcüməçilik sizi yazıçı kimi necə formalaşdırdı?

— Bilirsiniz, o vaxt hər şey çox aydın görünürdü, hər nə qədər ağrılı olsa da. Bizə elə gəlirdi ki, azərbaycanlılar başqaları üçün yaşayır, başqaları üçün çalışırlar. Dərinlərə getsək, elə bil, bu xalq özünü yox, başqasını yaşadır. İçimizdə bir natamamlıq kompleksi vardı. Təbii ki, uşaq vaxtı bunu dərk edə bilmirdik. Ancaq böyüyəndən sonra hiss etməyə başladıq və yaşa dolduqca başa düşdük ki, biz haqlıymışıq.

Tərcüməçilik mənim yazıçılığıma təsir etmədi. Əslində, mənə elə gəlir ki, edə də bilməzdi. Yazıçılıq mənim üçün xasiyyətdir, bir xarakterdir.

— Yazıçı üçün uşaqlıq bəzən ən müqəddəs qaynaq olur.

Uşaqlıq xatirələriniz hansı əsərlərinizi ruhani əsər halına gətirdi?

— Avtobioqrafik əsərlər deyə bir anlayış var. Amma mənə görə, yazıçı nə yazıbsa, əslində özünü yazıb. Bəzən də öz ətrafını, müşahidələrini. Yazıçı ömür boyu özünü yazır.

Həndəsədə "Konstentirik" deyilən bir anlayış var. Gölə daş atırsan, daşın düşdüyü yerdə kiçik bir dairə yaranır, sonra o dairə genişlənir. Konsentirik mərkəzi yaradıcı insan üçün daşın düşdüyü yerdir. Uşaqlıq həmin daşın atıldığı nöqtədir. Böyük çevrələr ən kiçik çevrədən qidalanır. Uşaqlıq insan həyatında əsas mərhələdir. İnsan doğulduğu andan bənzərsiz bir hadisə yaşayır və ömrü boyu doğuluşuna bənzər ikinci bir hadisə ilə qarşılaşmır. Ölüm də onun kimi – təkrarolunmaz. Doğumla ölüm arasındakı hər şey isə təkrarlardır.

—Yazıçı üçün ən vacib nədir: çağdaş dövr üçün yazmaq, yoxsa tarixə iz salmaq?

Yazıçı başını aşağı salıb öz işini görməlidir. Zaman hər şeyi yerbəyer edəcək.

Çağdaşlıq da bir gün zamana çevriləcək. Məsələ ondadır ki, sən onu necə təqdim edirsən.

—“Daş evlər” romanınız iki dəfə nəşr olunub. Bu əsərin yenidən yazılması və ya genişləndirilməsi ehtiyacı nədən qaynaqlandı?

— Əsər iki dəfə yox, üç dəfə çap olunub. Zamanında bestseller idi. Birinci nəşri sovet dövründə çıxdı və 200 səhifəyə yaxın ixtisara uğradı. İkinci dəfə çap olunanda sovet hələ var idi, amma çökmək üzrə idi. Həmin dövrdə əsəri bir qədər açıq formada yenidən çap etdik. Daha sonra rus dilində də nəşr olundu. Oxucular, xüsusilə həmyaşıdlarım, bu romanı çox sevirdilər.

— Yazıçılığı mənəvi xidmət kimi hiss edirsinizmi?

— Ümumiyyətlə, "xidmət" sözündən xoşum gəlmir. Bu, ədalətsiz uydurmadır. Məsələn, bir xanəndə qırx il oxuyub deyir: "Xalqıma xidmət etmişəm." Bu, yanlışdır. Mən 60 ildən çoxdur ki, yazıram, minlərlə müsahibə vermişəm, amma heç vaxt deməmişəm ki, "xalqıma xidmət etmişəm." Kim deyirsə, yalan deyir. Hər kəs əslində özünə xidmət edir. Toya gedib oxuyursan, pulunu alırsan – bu, xalq üçün xidmət deyil.

Xalq fərdə, fərd xalqa borclu deyil. Amma elə bir məqam olur ki, hər ikisi – həm fərd, həm cəmiyyət – bir-birinin xeyrinə nəsə etmiş olur. Qarşına məqsəd qoyub "xalqıma xidmət edəcəyəm" demək, mənasız bir şeydir. Mənim üçün bu anlayış yoxdur.

Bir dəfə televiziya verilişində mənəvi borc haqqında danışırdıq. Aparıcı məsələni o qədər xırdaladı ki, qorxdum. Dedim: "Ay qız, sen demə biz xirtdəyə qədər borc içindəymişik ki ." Borc deyilən anlayış yoxdur. Ünsiyyət, insanlıq var. Valideyninə diqqət göstərirsənsə, bu borc deyil – insanlıqdır.

— Bugünkü qloballaşmış cəmiyyətdə yazıçı milliliyi necə qorumalıdır?

— Bütün bəşəriyyət düz yolda deyil. Bizim yolumuz dairəvidir. Qloballaşmanı insanlıq artıq bir dəfə – ibtidai icma dövründə – yaşayıb. İndi həmin dairəni vurub yenidən başlanğıc nöqtəsinə gəlirik. Bu, təbii bir prosesdir, qarşısını almaq mümkün deyil. Tanka minib milliliyini qoruyacaqsan? Çətin məsələdir.

— Yəni zaman dövr edir, insanlıq öz başlanğıcına qayıdır. Doğrudurmu?

—Bəli. Hardan başlamışıqsa, ora qayıdacağıq. Torpaqdan gəlmişik, torpağa qayıdacağıq. İşə gedirik, axşam evə qayıdırıq. Hərəkətimizin mahiyyəti budur: qayıdış.

Bəşəriyyətin anası da insanı qayıdış üçün doğub.

— 1962-ci ildən ədəbiyyata xidmət edirsiniz. Yazıçı olaraq ilk misranızı yazdığınız günlə bu gün arasında hansı fərqləri hiss edirsiniz?

— İlk misramı yazdığım günü xatırlamıram. Bu sualı mənə bir dəfə veriblər.

İlk şeir yazdığım günü o vaxt xatırlayaram ki, Seyran Səxavət də öz doğulduğu günü xatırlasın _bu mümkün deyil axı...

— Çoxsaylı əsərlərinizdə insan və zaman, mənəviyyat və unudulma motivləri əks olunur. Sizcə, bu günün yazıçısı hansı mənəvi məsuliyyəti daşımalıdır?

— Yazıçı heç kimin qarşısında məsuliyyət daşımır. Bəlkə də əksinə – bütün bəşəriyyət yazıçının qarşısında məsuliyyət daşıyır. Yazıçı heç bir dövlət başçısının qarşısında cavabdeh deyil. Əksinə, onlar söz adamlarının qarşısında məsuliyyət daşıyır.

Vicdan və ədalətin olduğu yerdə məsuliyyət artıqdır. O, pərsəng kimidir.

Vicdanla yaşayan adam üçün məsuliyyət artıq bir anlayışdır.

— Təsəvvüfdə “sükut sözlərdən yüksəkdir” deyilir.

Sükut və söz arasındakı sərhəd barədə hansı fəlsəfi baxışa maliksiniz?

— Keçmişdə kankanlar yer qazarkən su çıxan kimi dayandırardılar, çünki onlara artıq su lazım idi.

Sükutdan nadir hallarda söz yaranır. Bir saatı ölçü vahidi kimi götürsək, onun bəlkə də yarım dəqiqəsi sözə çevrilə bilər, qalan 59 dəqiqəsi havadadır. Mən realist adamam, daha çox əllə toxunula bilən şeyləri xoşlayıram. Qulağımdan çox gözümə etibar edirəm. Musiqi dinləyərkən qulağıma güvənə bilərəm, amma ümumilikdə gözümü qoyub qulağıma güvənmərəm.

— 60 ildən artıq ədəbi fəaliyyətiniz var.

Bu müddətdə yaradıcı intizam, səbr və düşüncə necə formalaşdı,

elm zəhməti və yaradıcı fədakarlıq barədə fikirləriniz necədir?

— Yazmaq özü intizamsızlığın ən yüksək formasıdır. Bəşəriyyətin yüzdə bir faizi belə yazmaqla məşğul deyil. Bu o deməkdir ki, sən fərqlisən. Mən ümumiyyətlə nizam-intizam deyilən anlayışa uyğun yaşamamışam. Yazı-pozu adamı öz ritmini özü qurur. Kimisi deyir təyyarədə yazıram, kimisi deyir hər gün bir saat yazıram. Bu mümkün deyil. Hətta şəkil çəkdirəndə belə, şəkildəki sən deyilsən. O an başqa idin.

Viktor Hüqoya bir qadın yaxınlaşıb soruşur: "Siz Viktor Hüqosunuz?" Hüqo cavab verir: "Bəzən, hərdən."

Xanəndəmiz Yaqub Məmmədov bir segahı oxumaqla bəlkə də ömrünün on faizini yandırıb. Hər gün eyni şeyi oxusaydı, çoxdan ölərdi. Yazıçı da hər istədiyi vaxt yaza bilməz. Yazıçılıq vərdişə çevrildiyi an əhəmiyyətini itirir.

— Azərbaycan və fars mədəniyyətlərinin kəsişməsində yaşamış yazıçı kimi iki xalq arasında hansı bağlılıqları görürsünüz?

— Mədəniyyət ümumbəşəri bir anlayışdır və müəllifi insandır. Mədəniyyətləri bir-biri ilə müqayisə etmək olmaz. İki istedadlı insanı da müqayisə edə bilməzsən – istedad ya var, ya yoxdur.

Mədəniyyəti bütün xalqların sayılıb-seçilən adamları yaradır.

— Çoxsaylı əsərlər yazmısınız, mükafatlar almısınız. Amma bir insan olaraq Seyran Səxavətin qəlbinin arzusu nə olub – və bu arzu yaradıcılıqla reallaşıbmı?

— Yaradıcılıq ona görə deyil ki, həyatda istədiyinə nail olasan.

İndi otağımda oturmuşam, atamla anamın portretinə baxıram. Deyirəm: "Ay Allah, mənim nə gözəl valideynlərim olub." Bəzən də deyirəm: "Çatdıra bilmədim özümü sizə... əlim çatmadı." Mən nəyəsə nail olanda, siz artıq yox idiniz. Mümkünsə bağışlayın. Mümkün deyilsə də, bağışlamağa haqqınız var.

Niyə mən tez böyümədim ki, çatdığım hər şeyə bir az da siz çata biləydiniz?..

Söhbətləşdi:

Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri