Icma.az
close
up
RU
Şimali Makedoniyalı nazir: Azərbaycan sabit qaz tədarükçü kimi mənbələrimizin diversifikasiyasına töhfə verə bilər MÜSAHİBƏ

Şimali Makedoniyalı nazir: Azərbaycan sabit qaz tədarükçü kimi mənbələrimizin diversifikasiyasına töhfə verə bilər MÜSAHİBƏ

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Qlobal enerji keçidi, geosiyasi çağırışlar və ölkələrin dekarbonizasiya istiqamətində səy göstərməsi fonunda Avropa ölkələri enerji təhlükəsizliyini təmin etmək və dayanıqlı inkişafı təmin etmək üçün etibarlı tərəfdaşlar axtarır. Bu kontekstdə strateji mövqeyə, resurslara və texnoloji potensiala malik dövlətlər arasında əməkdaşlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir. Belə əməkdaşlığa parlaq nümunələrdən biri kimi Şimali Makedoniya ilə Azərbaycan arasında inkişaf edən enerji əlaqələri göstərilə bilər. Coğrafi uzaqlığına baxmayaraq, bu ölkələr ortaq maraqlar və məqsədlər ətrafında birləşirlər. Azərbaycan xüsusilə də Avropanın enerji təhlükəsizliyi üçün açar roluna malik Cənub Qaz Dəhlizi sayəsində etibarlı enerji tədarükçüsü kimi özünü təsdiqləyib. Eyni zamanda, Şimali Makedoniya enerji sistemində fəal islahat aparır, qaz infrastrukturunu genişləndirir, tədarük mənbələrinin diversifikasiyasına can atır və yaşıl iqtisadiyyata keçidi sürətləndirir. Bu əməkdaşlığın daha geniş çərçivədə, yəni Qərbi Balkan ölkələrinin də cəlb olunması ilə inkişaf etdirilməsi xüsusi aktuallıq kəsb edir və yeni regional enerji marşrutlarının və əməkdaşlıq formatlarının yaradılmasına yol açır.

AZƏRTAC-a müsahibəsi zamanı Şimali Makedoniyanın energetika, mədən sənayesi və mineral resurslar naziri Sanya Bojinovska Azərbaycanla enerji münasibətlərinin mövcud vəziyyəti, Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivləri, Qərbi Balkanlarla üçtərəfli əməkdaşlıq, həmçinin hidrogen enerjisi və bərpaolunan enerji mənbələri sahəsində planlar haqqında danışıb.

– Xanım Bojinovska, Şimali Makedoniya ilə Azərbaycan arasında ikitərəfli enerji münasibətlərinin mövcud vəziyyətini necə qiymətləndirirsiniz? Bu münasibətlərin dərinləşdirilməsi üçün hansı addımlar atılır?

– İki ölkə arasında enerji əməkdaşlığına heç bir maneə yoxdur. Minimal siyasi iradə ilə yaxın gələcəkdə hər iki ölkənin vətəndaşlarının xeyrinə əhəmiyyətli irəliləyiş əldə etmək mümkündür. Şimali Makedoniya üçün enerji sahəsində Azərbaycanla ən perspektivli əməkdaşlıq sahəsi, əlbəttə ki, karbohidrogen tədarükü və enerji infrastrukturu sayılır. Eyni zamanda bərpaolunan enerji mənbələri və texnologiya transferi sahəsində əməkdaşlığı da unutmamaq lazımdır, xüsusilə də biz “yaşıl gündəliyə” nail olmaq və Paris Sazişinə uyğun olaraq istixana qazı emissiyalarının azaldılması üzrə hüquqi öhdəliklərimizi yerinə yetirməyə sadiqik.

– Şimali Makedoniya enerji təhlükəsizliyini gücləndirmək və tədarük mənbələrini diversifikasiya etmək istəyir. Sizin fikrinizcə, Azərbaycan bu prosesdə hansı rol oynaya bilər?

– Milli qaz şəbəkəsinin inkişafı ilə əlaqədar qaza tələbatın artması gözlənilir. Ədalətli keçid prosesi çərçivəsində kömürlə işləyən istilik elektrik stansiyaları qazla işləyən istilik elektrik stansiyalarına çevriləcək.

Bundan əlavə, strateji planlarımıza qonşu ölkələrə qaz tranziti də daxildir. Azərbaycanın sabit tədarükçü rolunda olması mənbələrimizin diversifikasiyasına, etibarlılığın təmin olunmasına və ölkənin daha təmiz enerji sisteminə keçidinə əhəmiyyətli töhfə verə bilər. Hazırda kiçik həcmdə Azərbaycan qazı qısamüddətli müqavilələr əsasında Bolqar Qaz qovşağı vasitəsilə Şimali Makedoniyaya çatdırılır. Qaz kəmərinin böyük hissəsi “Qazprom” tərəfindən bron edilib, tədarük isə Türkiyə axını vasitəsilə Bolqarıstan ərazisindən həyata keçirilir.

– Hazırda SOCAR və ya digər Azərbaycan enerji şirkətləri ilə konkret layihələr üzrə müzakirə və ya danışıqlar aparılırmı? Nazirliyiniz Azərbaycanın Şimali Makedoniya qaz infrastrukturunun tikintisi və ya modernləşdirilməsində iştirakını nəzərdən keçirirmi?

– Biz qaz bazarının yeni iştirakçılarını alqışlayırıq, çünki onlar rəqabəti artıraraq həm əhali, həm də sənaye üçün daha əlverişli qaz təklif edə bilərlər. Xarici şirkətlər Şimali Makedoniyada fəaliyyətə dəvət olunurlar. Lakin enerji sahəsi ilə bağlı hər hansı fəaliyyəti həyata keçirmək üçün onlar əvvəlcə Energetika Haqqında Qanunu və Enerji Tənzimləyici tərəfindən verilmiş qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

– Şimali Makedoniya, Azərbaycan və Qərbi Balkan ölkələri arasında üçtərəfli enerji əməkdaşlığı potensialını necə qiymətləndirirsiniz?

– Şimali Makedoniya, Azərbaycan və Qərbi Balkan ölkələri arasında üçtərəfli enerji əməkdaşlığı perspektivləri, xüsusilə regionda qazın artan rolunu və daha təmiz enerji mənbələrinə keçid nəzərə alınmaqla olduqca ümidvericidir. Şimali Makedoniyada təbii qaza tələbat milli qaz nəqliyyat şəbəkəsinin fəal genişləndirilməsi sayəsində artmağa davam edəcək. Bu həm daxili ehtiyaclar, həm də karbon tutumlu enerji mənbələrindən asılılığın azaldılması ilə bağlıdır. Hazırkı enerji strategiyaları çərçivəsində Serbiya ərazisi vasitəsilə Macarıstan və Mərkəzi Avropa istiqamətində qaz tranziti imkanları da nəzərdən keçirilir. Bu kontekstdə Azərbaycan qazı etibarlı və sabit mənbə kimi mühüm rol oynaya bilər, tədarüklərin diversifikasiyasına və regional enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verə bilər.

Eyni zamanda, bu əməkdaşlıqda yeni enerjiyə, xüsusilə hidrogen iqtisadiyyatının inkişafına önəm verilir. Qərbi Balkanlar üçün İnvestisiya Çərçivə Proqramının (WBIF) texniki dəstəyi ilə Şimali Makedoniya və Serbiya arasında qaz interkonnektoru layihəsi çərçivəsində hidrogenin istifadəsi perspektivlərini araşdıran tədqiqat aparılır. Bu tədqiqatın 2025-ci ilin üçüncü rübündə başa çatması gözlənilir.

– Şimali Makedoniya ilə Serbiya arasında hidrogen potensialı üzrə tədqiqat hansı əsas istiqamətləri əhatə edir? Azərbaycan bu kontekstdə üçtərəfli enerji əməkdaşlığında hansı rolu oynaya bilər?

– Tədqiqatın əsas məqsədi Şimali Makedoniya və Serbiya enerji sektorlarında hidrogen potensialının inkişafına dair tövsiyə və strateji istiqamətlər hazırlamaqdır. Tədqiqat aşağıdakı istiqamətlərə diqqət ayırıb. Birincisi, hidrogenə olan tələbat cari və gələcək perspektivdə qiymətləndirilir, müxtəlif iqtisadi sektorlar – sənaye, nəqliyyat və energetika üzrə potensial istehlak həcmləri öyrənilir. İkincisi, bərpaolunan enerji texnologiyaları və elektroliz generatorlarının inteqrasiyası imkanları təhlil edilir. Bu, günəş, külək və digər bərpaolunan enerji mənbələrindən əldə olunan enerji əsasında yaşıl hidrogen istehsalını nəzərdə tutur. Xüsusi diqqət texnoloji və infrastruktur imkanlarının yaradılmasına yönəlib. Üçüncüsü, əgər daxili istehsal gücü artan tələbatı ödəmək üçün yetərli olmazsa, hidrogen idxalının potensial zərurəti və beynəlxalq əməkdaşlıq, logistika və tədarük təminat mexanizmləri araşdırılır. Dördüncüsü, hidrogenin əsas sektorlarda, xüsusilə sənaye, nəqliyyat sahələrində tətbiqi və mövcud qaz kəmərlərində təbii qazla qarışdırılma imkanları nəzərdən keçirilir. Bu, energetikada karbon izinin tədricən azaldılması üçün mühüm addım ola bilər.

Yuxarıda qeyd olunan bütün faktorları nəzərə alaraq, Şimali Makedoniya və Serbiya Avropa miqyasında formalaşan hidrogen infrastrukturunda vacib rol oynaya bilər. Azərbaycan tanınmış enerji lideri və etibarlı tədarükçü kimi yalnız təbii qazın sabit tədarükünü təmin etməklə kifayətlənməyəcək, həm də hidrogen texnologiyaları da daxil olmaqla yeni enerji formalarının inkişafına töhfə verə bilər. Belə üçtərəfli əməkdaşlıq bütün tərəflərin maraqlarına uyğun gəlir və enerji davamlılığı, iqlim neytrallığı və regional inteqrasiyanın ümumi hədəflərinə xidmət edir.

– Sizcə, Cənub Qaz Dəhlizi formatı Qərbi Balkan ölkələrinə yeni tədarük marşrutlarını daxil etməklə genişləndirilə bilərmi?

– Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün rolu xüsusilə də 2025-ci il yanvarın 1-dən etibarən Rusiyanın Ukrayna ərazisi vasitəsilə qaz tədarükünü dayandırdığı bir vaxtda, Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində qaz təhlükəsizliyinin və tədarükün etibarlılığının artırılması üçün həyati əhəmiyyət daşıyır. Şimali Makedoniya sənaye, kommersiya və əhali üçün Azərbaycan qazını almaqda maraqlı olan ölkələr sırasındadır. Beləliklə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi yeni interkonektorların yaradılmasına, regional əməkdaşlığın gücləndirilməsinə və bir sıra Qərbi Balkan ölkələri üçün qaz bazarının çevikliyinin artırılmasına səbəb ola bilər.

– Azərbaycan bərpaolunan enerji mənbələri sahəsində layihələri fəal şəkildə inkişaf etdirir. Yaşıl enerji keçidinə dair texnologiya və təcrübə mübadiləsi sahəsində əməkdaşlıq necə həyata keçirilə bilər?

– Əməkdaşlıq potensialı böyükdür, xüsusilə günəş və külək enerjisi sahəsində. Biz birgə layihələrə, bilik mübadiləsinə və tənzimləmə sahəsində qarşılıqlı əməkdaşlığa açığıq ki, hər iki ölkənin potensialı güclənsin. Qlobal enerji keçidi tərəfdaşlıq tələb edir və Azərbaycanın təcrübəsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Ən qabaqcıl təcrübə və texniki bilikləri paylaşmaqla, hər iki ölkə bərpaolunan enerji texnologiyalarının tətbiqini sürətləndirə, dekarbonizasiya hədəflərinə nail ola və yaşıl enerji sektoruna əlavə investisiyalar cəlb edə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri