Icma.az
close
up
RU
Simonyan Koçaryanı və Karapetyanı hədəfə alırsa...

Simonyan Koçaryanı və Karapetyanı hədəfə alırsa...

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Erməni müxalifətinə qarşı təhlükəsizlik müstəvisində yeni xətt

Əslində, Ermənistan Təhlükəsizlik Şurasının yeni katibi, ölkənin sabiq parlament sədri Alen Simonyanın vəzifə səlahiyyətlərinin icrasına sərt bəyanatla başlayacağını proqnozlaşdırmaq olardı. İndiki halda onun keçmiş prezident Robert Koçaryanı və rusiyalı oliqarx, “Güclü Ermənistan” Partiyasının sədri Samvel Karapetyanı hədələyəcəyini də həmçinin. Çünki Simonyan hay hakim komandasındakı anti-Rusiya cinahının nümayəndəsidir. Hətta bu cinahda Alendən daha kəskin və sərt mövqe tutan, demək olar, yoxdur. Amma Simonyanın Koçaryana və Karapetyana demarşı fonunda Ermənistanın siyasi arenası ilə bağlı bir yenilik də ortaya çıxır ki, həmin yeniliyi sonda yazımızın nəticəsi kimi diqqətə çatdıracağıq.

Əlqərəz, Simonyan Koçaryanın və Karapetyanın tərəfdarlarına müraciət edərək, onların liderlərinin başlarına oyun aça biləcəyini deyib. “Parlamentdəki müxalifət düşərgəsinin uşaq bağçası səviyyəsində olan nümayəndələri – adlarını yazmıram, çünki adları sizə heç nə deməyəcək – bu günə qədər Milli Assambleyanın zalında mənim kölgəmlə mübarizə aparırlar. Amma nə qədər çalışsalar da, tüpürcəyimdən yuxarı qalxa bilmirlər. Öz savadsız liderlərinin pulları və erməni xalqını çaşdırmaq hesabına deputat olmuş bu balaca təlxəklər başa düşməlidirlər ki, belə şeylərdən sonra hər dəfə təkcə onların özlərini deyil, ilk növbədə, xarici agent olan savadsız liderlərini də tapdalayacam. Sizin mənim kölgəmlə belə mübahisə etməyə və ayaqlaşmağa nə ağlınız, nə də biliyiniz çatır. Ona görə də sakitcə öz yerinizə qayıdın, yoxsa o kaluqalı Samonun (Karapetyan) və o əyriağız Robun (Köçəryan) başına oyun açmalı olacam. Siz bunu çoxdan haqq etmişiniz, bundan sonra da edəcəksiniz”, - deyə TŞ katibi özünün sosial hesabında paylaşım edib.

Qeyd edək ki, Simonyanın 2026-cı ilin parlament seçkilərinin kampaniya dövründə səsləndirdiyi daha bir sərt fikir olmuşdu. O, üzünü Karapetyana və Koçaryana, ümumən müxalif düşərgəyə tutaraq, “xalq sizi tapdalamayacaq, asfaltbasanla əzəcək, ağıllı olun” məzmununda açıqlama vermişdi. Ancaq o da məlumdur ki, hay cəmiyyəti revanşist və şovinist düşərgəni tarixin arxivinə göndərmədi. Seçki Simonyanın da təmsil olunduğu komandanın qələbəsi ilə başa çatsa da, “ekslərin” tərəfdarları parlamentэ yol tapdılar. Görünür, TŞ katibini qəzəbləndirən həm də budur.

Nəzərə alaq ki, Baş nazir Nikol Paşinyanın, ümumən, erməni iqtidarının məqsədi 7 iyun parlament seçkilərində yalnız qələbə qazanmaq deyildi. Nikol və tərəfdarları 2018-ci il inqilabından sonra formalaşdırdıqları siyasi sistemin legitimliyini yenidən təsdiqləməyə çalışırdılar. Koçaryan isə əksinə, əvvəlki siyasi sistemin ən mühüm simalarından biri kimi hakimiyyətə alternativ iddiasını saxlayırdı.

Samvel Karapetyanın meydana çıxması vəziyyəti dəyişdi. Çünki o, ənənəvi partiya liderindən fərqli olaraq, böyük maliyyə resurslarına malik idi, Rusiyada və Ermənistanda geniş biznes əlaqələri ilə tanınırdı, hakimiyyətə qarşı açıq siyasi ritorikaya keçmişdi, seçkilərdə yeni siyasi mərkəz yaratmağa çalışmışdı. Buna görə də Paşinyanın komandasının Karapetyana münasibəti xüsusilə sərtdir. Yəni Simonyanın sərtliyinin səbəbi var. Onun ritorikasına gəlincə, Alen təkcə Karapetyana və Koçaryana qarşı deyil, ümumən, belə demək mümkünsə, “köhnə Ermənistan”a qarşı siyasi savaş dilindən istifadə edib və etməkdədir.

Məsələn, Simonyan bu il iyunun 15-də daha açıq şəkildə demişdi ki, seçki rüşvəti verən və xarici agentlərlə dolu partiyaların parlamentdə mandatı olmamalıdır. Tapdalamaqdan söz düşmüşkən isə, “Güclü Ermənistan”ın təmsilçisi Narek Karapetyan Simonyanın bu fikrinə qarşı “siz bir az çox öyünmüsünüz. Heç kimi tapdalaya bilməzsiniz”, – deyərək səslənmişdi.

Simonyanla Koçaryanın münasibətlərinin kəskinliyindən ayrıca söz açmaq lazımdır. Məlum olduğu kimi, 2026-cı ilin fevralında birinci ikinciyə qarşı məhkəməyə üz tutmuş, ondan açıq şəkildə üzr istəməsini tələb etmişdi. Səbəb Koçaryanın həmin il yanvarın 29-da keçirdiyi mətbuat konfransında Simonyan haqqında səsləndirdiyi ifadələr idi. Lakin məsələ dərinləşməmişdi. Bundan əvvəl isə 2025-ci ilin mayında A.Simonyan R.Koçaryanı açıq şəkildə Rusiyanın maraqlarını müdafiə etməkdə ittiham etmiş, hətta onu “Rusiya casusu” adlandırmışdı.

Ümumən, Simonyanın Karapetyana və Koçaryana hiddəti ilə bağlı bir çox məqamları vurğulamaq mümkündür. Amma onların hamısının üzərində dayanmağa lüzum görmürük. Yalnız onu deyək ki, parlament sədri Alen Simonyanla TŞ katibi Alen Simonyan arasında fərq var. Aydındır ki, TŞ Ermənistanın müdafiə siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir, Silahlı Qüvvələrin inkişafı və yerləşməsi planlarını təsdiqləyir, milli təhlükəsizlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlərə baxır. Yəni Simonyan artıq Milli Assambleyanın sədri kimi hakim “Vətəndaş müqaviləsi”nin siyasi nümayəndəsi ampluasından uzaqdır.

Məhz buna görə Simonyanın Koçaryan və Karapetyana qarşı əvvəlki üslubunu qoruması ciddi siyasi məna daşıyır. Deməli, bu şəxslərə münasibətdəki sərt ifadələr siyasi rəqiblik məntiqini aşır. Yəni Ermənistanda müxalifətə qarşı siyasi mübarizə davam edir, paralel olaraq isə təhlükəsizlik müstəvisində də eyni rəqiblərə qarşı siyasi xətt formalaşdırılır. Nəzərə alaq ki, siyasi sistemdə hökumətin müxalifəti tənqid etməsi normaldır, amma müxalifətin siyasi mövqelərinin dövlət təhlükəsizliyi problemi kimi təqdim edilməsi mübarizənin institusional çərçivəsini dəyişə bilər.

Sonda A.Simonyanın Koçaryana və Karapetyana qarşı sərt ifadə tərzi ilə bağlı belə nəticəyə gələk ki, Ermənistanda hakimiyyətin müxalifətlə mübarizəsi parlament tribunasında qalmayacaq, siyasi qarşıdurma getdikcə milli təhlükəsizlik diskursuna keçəcək. Elə Simonyanın TŞ katibi təyin olunması da bu keçidin göstəricilərindəndir.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Avqust 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see367

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see309

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see246

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see227

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see209

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see203

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see187

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see178

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see178

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see176

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see174

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see168

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see161

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see160

ABŞ senatoru FTB ni Bayden ailəsi tərəfindən törədilən mümkün cinayətləri ört basdır etməkdə ittiham edib

19 Avqust 2026 14:13see159

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see158

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see156

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see156

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see155

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri