SİYAHIDAN SİLİNƏN ULDUZ Rafael Hüseynov yazır
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Rafael HÜSEYNOV
Akademik
Hər halda gələcəyin keçmişlərdən daha gözəl olacağına ümid bəsləyərək inanmaq istəyirəm ki, o müdhiş çağlar bir daha təkrarlanmayacaq, sabahın adamları 1920-1930-cu illərin sovet mətbuatındakı inkvizisiya hökmlərini xatırladan əzazil ittihamlı, taleləri şikəst edən yazılara bənzəyən rəzalətlərlə daha heç vaxt rast düşməyəcəklər. Ancaq bunları qorxulu yuxu kimi unutmaq da olmaz. Unudarsan, ən vahiməli yuxular da təkrarlanmaq fürsəti qazanar.
Dünyaya gözəlliklər yaratmaqçün gələnlərdən olan Xurşid Qacar və məsləkdaşlarını iftira seylabında boğmağa hesablanmış bu qəzet yazılarını tarixdən silmək mümkün deyil. O çağın insanları ağrıları, qüssələri və həyəcanları ilə ölüb-gedib, torpaq hər acını soyudub, amma bu qəzetlərdəki xof vaxt ötdükcə ölməyən vəba mikrobları kimi könül sıyırmaqda, kədər gətirməkdə davam edir.
...Bu məqaləni guya elə sadəcə redaksiyanın özünün ayıq-sayıqlıq nümayiş etdirərək ortaya çıxarmasını düşünmək sadəlövhlük olardı. Bakı Partiya Komitəsinin orqanında belə bir sərt ifşa məqaləsinin dərc edilməsi, yuxarıdan xüsusi tapşırıq olmasaydı, çətin ki, baş tutaydı.
Amma nədirsə, bu dəfə fırtına faciələr törətmədən sovuşur. Çünki 1937-38-ci illərin oxşar nümunələri göstərir ki, adətən KQB dəsti-xətli belə yazılardan dərhal sonra kütləvi həbslər başlanırdı.
"Vışka" qəzetində isə oktyabrın 28-də təkzib yazısı dərc edilir və bu, sadəcə redaksiyanın da cavabı deyil, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin qərarıdır.
Bu qərarın verilə bilməsi üçünsə 3 aya yaxın müddətdə ayrıca komissiya araşdırmalar aparmışdı. Məlum olmuşdu ki, Xalq Maarif Komissarlığının kassasından qəzetdə göstərildiyi kimi son 2 ildə 55 min manat deyil, 12.839 manat 23 qəpik vəsait çıxarılmış və bunlar tamamilə qanuni məqsədlərlə istifadə edilərək Pedaqoji Texnikumu bitirmiş çox kasıb kənd müəllimlərinə və elmi işçilərə - professuraya verilmişdi.
Komissiya bunu da ayrıca vurğulayır ki, Pepinov, Manutsyan, Sultanov və maliyyə şöbəsinin müdiri Yembayevin özləri özlərini maliyyələşdirməsi faktları təsdiqini tapmamışdır. Başqa sözlə, ağ yalan, qara böhtanmış.
Komissiya Mustafa Quliyevin ayrı-ayrı şəxslərə himayədarlıq etməsi, kimlərəsə etinasızlıq göstərməsi barədə yazılanları da rədd edir: "Yoldaş Quliyevin guya "yaşlı və istedadsız artist" Xurşid Qacarı Moskvaya təkmilləşdirməyə göndərməkdə proteksionizmə yol verməsi və İtaliyaya göndərilmiş artist Bülbülə dəstək göstərməməsi haqda ittiham da doğru deyildir. Bakı şəhəri incəsənət işçilərinin rəylərinə əsasən, yoldaş Xurşid Qacar Moskvaya göndərilməyə tamamilə uyğun gəlir və yoldaş Bülbül də təqaüdünü məqalədə göstərildiyi kimi Xalq Maarif Komissarlığından yox, Zaqafqaziya Xalq Maliyyə Komissarlığından səliqə ilə və vaxtlı-vaxtında alır".
Komissiya bunu da dəqiqləşdirir ki, Mustafa Quliyev evinin təmirində rəhbərlik etdiyi komissarlığın texniki təmir şöbəsinin əməkdaşlarından istifadə etməyinə edib, lakin həmin məqalənin dərc edilməsindən bir il qabaq mənzilinin təmiri üçün sərf edilmiş 379 manat 40 qəpiyi kassaya ödəyib.
Amma təsəvvür edin ki, belə bir mötəbər komissiya yaradılmır, belə bir ədalətli, obyektiv araşdırma aparılmır, elə partiya qəzetində sınanmış kommunist əməkdaşların yazdıqları əsasında hökm verilir, Mustafa Quliyev, komissarlığın digər neçə məsul işçisi ləkələnir, cəzalandırılır.
O sıradan da müğənni və aktrisa Xurşid Qacar.
Həmin çağların cəzası isə yalnız müvəqqəti dilxorluq yaradan töhmət, xəbərdarlıq, vəzifəsini kiçiltmək, işdən çıxarmaq kimi dözüləsi tənbehlər deyil, adətən uzunmüddətli həbslər, sürgünlər, "xalq düşməni" damğası, yeri bilinməyən məzarlar olurdu.
...Avropa musiqisi və musiqi janrlarının Azərbaycan gerçəkliyində, Bakının mədəni həyatında getdikcə daha artıq yer tutması, qadınların ifaçılığa və səhnəyə gəlişi, opera səhnəsində qadınların artıq nadir hadisə kimi deyil, ardıcıl olaraq görünməsi 1920-30-cu illərin hadisəsidir.
Avropa operasında Azərbaycan dilində ilk oxuyan Şövkət xanım Məmmədova oldu.
1920-ci illərin başlanğıcında Bakıya qayıtmış Şövkət xanım Azərbaycan Teatr Texnikumunu təşkil etməklə yanaşı, burada təhsilin səviyyəsini də qaldırmaq üçün Leninqraddan (indi Sankt-Peterburq) məşhur rus aktyoru və pedaqoqu professor Vladimir Vladimiroviç Sladkopevsevi (1876-1957), bir neçə digər müəllimi dəvət edir. Elə Şövkət Məmmədovanın təşəbbüsü və yaxından iştirakı ilə 1923-cü ildə Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) Edmond Qondin və Filipp Jillin librettosuna Leo Delibin bəstələdiyi "Lakme" operasını ilk dəfə Azərbaycan dilinə tərcümə edir. Və Şövkət xanım baş rolda çıxış edir.
(O vaxt - 1923-cü ilin 26 noyabrında "Bakinskiy raboçiy" qəzeti bu haqda ayrıca məqalə də buraxmışdı).
Şövkət Məmmədova İtaliyada təhsil almışdı, başqa mədəni mühitin içərisindən çıxaraq vətənə qayıtmış sənətkar idi və təbii ki, opera səhnəmizdə elə buralarda yetişən yeni başqa xanımlara ehtiyac böyük idi.
Elə həmin dövrdə Bakıda Əli Bayramovun adını daşıyan ilk Qadınlar Klubu açılır. Buradakı müxtəlif özfəaliyyət dərnəklərində drama və musiqili teatra maraq böyük idi və fəallığı, istedadı ilə seçilən Gülsüm Gülüstani adlı bir azərbaycanlı qız mütəmadi olaraq çeşidli opera və operettalarda rollar ifa edir.
Azərbaycanın 1959-cu ildə Moskvada keçiriləcək Ədəbiyyat və İncəsənət Ongünlüyü qarşısında opera teatrımızın keçdiyi tarixi yol haqda kitabını nəşr etdirən rejissor Soltan Dadaşov opera səhnəmizdəki ilk qadın aktrisalar sırasında Xurşid Qacarın adını birinci çəkirdi: "1925-1926-cı il mövsümündə Azərbaycan Opera Teatrı Dram Teatrından ayrılaraq indiki M.F.Axundov adına teatrın binasında müstəqil fəaliyyətə başlamışdır. Azərbaycan operasında qadınlardan Xurşid xanım Qacar, Məhbubə Paşayeva, sonralar Fatma Gəncinskaya və başqaları çalışırdı.
1923-24-cü il mövsümündə də yaradıcılıq fəaliyyətinə başlamış Xurşid xanım Qacar "Şah İsmayıl" operasında Gülzar, "Şah Abbas və Xurşidbanu" operasında Xurşid banu rolunda, "O olmasın, bu olsun" musiqili komediyasında Gülnaz rolunda və "Arşın mal alan" musiqili komediyasında Gülçöhrə rolunda çıxış edən və Avropa qaydası ilə oxuyan ilk aktrisalardan olmuşdur".
Xurşid xanımın arxivində ömrünün opera illərindən saxladığı bir yadigar da var.

İndi bu qəbil kağızları çox adam heç saxlamır. Çünki az qala hər gün, günaşırı hansısa tədbirə çağıran o qədər dəvətnamələr alırsan ki, hamısını saxlasan, onlara evdə yer çatmaz. Lakin sovet dövründə dəvətnamələr də xüsusi hallarda çap olunurdu və hətta onlar da Mətbuatda Dövlət Sirlərini Mühafizə edən İdarənin - senzuranın nəzarətindən keçirdi.
Bu dəvətnamə isə sıradan olan bir tədbirə deyil, Opera və Balet Teatrının 50 illiyinə səsləyir. O teatrın ki, onun yüksəlişlərində, ən çətin illərindəki dirçəlişlərində Xurşid xanımın əvəzsiz xidmətləri olmuşdu. Dəvətnamənin arasında 2 biletin kəsikləri də var. Parterdə, 14-cü sırada, 23-24-cü yerdə oturubmuşlar.
Həmin bayram gecəsinə Xurşid xanım kiminlə gedibmiş, həmin axşam orada kimlərlə görüşüb, nə söhbətlər ediblər? Daha bu sualların cavabı yoxdur.
Ümidim gələn bircə 90 yaşlı Tofiq Bakıxanov idi. Ondan da 2020-ci il mayın 6-da Xurşid xanımı soruşuram, tanışlığımız olmayıb deyir, Xurşid xanımla əmisi Məmmədxanın yaxşı münasibətləri olduğunu, evdə Xurşid xanımın adını tez-tez çəkdiyini deyir.
Yenə Xurşid xanım özü kömək edir. Həmin gün səhnəyə də qalxıb, təltif də olunub, çıxış da edib.
Arxivində qalan bir şagird dəftərində çıxışının mətni də qalır: "Əziz yoldaşlar! Sizi ordenli teatrımızın şanlı əlli illiyi münasibətilə salamlayır və ürəkdən təbrik edirəm. Teatr kollektivinin şəxsimə diqqəti məni qəlbən duyğulandırdı. Azərbaycan opera sənətinin uzun və şərəfli yolunun göstəricisi olan yubiley medalı ilə təltif edilməyimə görə də minnətdaram. Xoşbəxtəm ki, sizinlə birgə mənə teatrın yubileyini bayram etmək nəsib oldu".
Xurşid xanım "xoşbəxt" sözünün altından xətt çəkib və onun həmin əziz bayram günündə özünü bəxtiyar hiss etmək haqqı vardı.
O, bu yolda can qoyanlardan idi.
Və kürsüdəydi, danışırdı: "Mən opera teatrının formalaşmasının lap başlanğıcından, 1924-cü il mövsümündən bu səhnədəyəm və qadın rolları oynayan kişiləri əvəz edən ilk azərbaycanlı qadınlardanam. Mən 10 il bu səhnədə çıxış etmişəm. Sonra isə bir neçə il opera üçün kadrlar hazırlayan Opera studiyasına rəhbərlik etmişəm və həmin məzunların çoxu indi teatrda işləyirlər. Bütün bunlara görə mən teatrı öz doğma kollektivim hesab edirəm. Həmin səbəbdən də sizin yaradıcılıq yolundakı çətinlikləriniz mənim qəlbimə çox yaxındır və vokal sənətində, bədii sənətkarlıqda qazandığınız nailiyyətlər məni hədsiz sevindirir.
Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası dünya şöhrəti qazandı. Bu əsərdə mənə dəfələrlə Gülçöhrə və Asiyanın partiyalarını oxumaq nəsib olub. "O olmasın, bu olsun"da Gülnazı ifa etmişəm. İkinci görkəmli bəstəkarımız və dirijor Müslüm Maqomayev 1938-ci ildə Moskvada dekadada oynanan inqilabi "Nərgiz" operasını yazdı. Mən 10 il ərzində Müslüm bəyin "Şah İsmayıl" operasında baş qəhrəman Gülzarın partiyasını ifa etmişəm. Daha sonra bu partiyanı ifa etməkdə mənim davamçım gözəl səsə malik aktrisa Umuxanım Əhmədova oldu".
Xurşid xanım unudulmaz səhnə tərəfdaşlarını da yada salır: "Mənim partnyorum əvvəlcə əla muğamatçı və artist olan Hüseynqulu Sarabski idi. Oyununun və səsinin zərifliyi ilə o, sözün əsl mənasında dinləyənləri valeh edirdi.
Mənimlə birinci bariton müğənni, Aslan şah rolunun gözəl ifaçısı Hənəfi Terequlov da çıxış edib".
Xurşid xanım kimi fəal ictimai mövqeli, səhnəyə büsbütün yeni ruh gətirmiş bir qadının varlığı gendən hər kəsə görünürdü və yeniləşməyə köklənən, vaxtın çağırışlarına cavab verməyə səy göstərən Azərbaycanda belə bir parlaq nümunə xeyli dərinlərə işləyən təsirini göstərirdi.
Xurşid Qacara göndərilmiş və olsun ki, aldığı onlarla başqa məktubdan daha əziz, daha qiymətli və fədakarlıqlarına mükafat sayaraq saxladığı bu məktubda məhz həmin ovqat var. Bu məktub Xurşid Qacarın oçağkı Azərbaycan insanının şüurunda özünə necə yer tapması və hansı dəyişikliklərə bais olmasının nişanələrindəndir:
"Çox hörmətli Xurşid xanım! Sizi bu mövsümdəki ilk çıxışınız və türk xalqı arasında qazandığınız rəğbətə görə təbrik edirəm.
Sizi bir də hələ bizim türk qızlarının qapalı, çadrada olduğu vaxtlarda səhnəyə çıxmış yeganə mədəni aktrisa olaraq salamlayıram.
Beləliklə də, Siz unudulmuş türk qadınına cəmiyyətə çıxmaq, indiki gənc qadın aktrisalara səhnəyə gəlmək üçün yol göstərdiniz.
Sizə baxaraq mənim valideynlərim teatr işçisinə baxışlarını dəyişdilər. Çünki əmin oldular ki, səhnədə yalnız yüngülağıllı qadınlar deyil, mədəni, ciddi, uşaqlara və gənc qızlara yaxşı nümunə göstərən namuslu türk xanımları çalışırlar.
Çox hörmətli Xurşid xanım, sözlərlə və kağız üzərində Sizin türk teatrı və türk xalqı üçün nələr etmiş olduğunuzun hamısını ifadə etmək mümkünsüzdür. Sizə gələcəkdə daha böyük müvəffəqiyyətlər qazanmağı arzu edirəm.
Sizə ehtiram bəsləyən Alya xanım".
Aşağıda Xurşid xanımın qara karandaşla qeydi var: "Adilə xanım Məmmədova hazırda Azərnəşrdə işləyir".
...Xurşid Qacarın operada oxuduğu və qeyd-şərtsiz əvəzolunmaz olduğu 1924-27-ci illərdə hələ heç Bakı şəhərində evi də yoxmuş, Yefim Saratovets küçəsi (indiki Nigar Rəfibəyli), 40-da yerləşən yataqxanada qalırmış.
Və teatr, dünyanın hər yerində olduğu kimi, teatrdır və hər yerdə olan sayaq, bizim operada da dedi-qodular da varmış, umu-küsülər də, intriqalar da, qəlbədəymələr də.
Teatr rəhbərliyinin aprelin 13-də (il göstərilmir), yəqin ki, Xurşid Qacarın yazılı şikayətinə cavab olaraq ona göndərdiyi kiçik sakitləşdirici məktub: "Yoldaş Xurşid xanım! Sizə məşq vaxtı "Karmen" operasında Mikaello rolu tapşırılmasına baxmayaraq, tamaşa vaxtı həmin rolun ifasına buraxılmamağınız haqda daxil olmuş müraciətinizi nəzərə alaraq bu ayın 18-nə sizin Mikaello rolunda iştirakınızla "Karmen"in nümayişini təyin edirəm".
Lakin belə xırda-xırda narazılıqların üst-üstə yığılaraq günlərin birində Xurşid xanımı hövsələdən çıxarması, onu işdən getmək haqda ərizə yazmağa sövq etməsi də olub. Bir neçə gün əvvəl yazdığı həmin ərizəyə qoyulmuş dərkənar onu bir az da əsəbiləşdiribmiş və Opera Teatrı müdriyyətinə 1933-cü il oktyabrın 8-də surətini özündə saxlamış olduğu (həmin surət olmasaydı, təbii ki, bu hadisədən də xəbərsiz qalardıq) belə bir növbəti ərizə təqdim edir:
"Opera Teatrının direktoru Kərimov yoldaşa.
Rəhbərlik etdiyiniz teatrdakı işimdən azad olunmağım barədə sentyabrın 28-də yazdığım ərizəyə oktyabrın 6-da qoyduğunuz dərkənarla bu gün tanış olandan sonra yenidən bəyan edirəm ki, mənə teatrda işləmək üçün yaradılmış şərait qəbuledilməzdir. Ona görə də teatrdan getməyimi qəti şəkildə təkid edirəm. Sizin mənim kvalifikasiyam haqda yazdığınız rezolyusiyaya gəlincə, hesab edirəm ki, 9 il eyni teatrda işləmiş, bu mövsümün afişasında da adı birinci dərəcəli artistlər sırasında olan aktrisaya münasibətdə bu, tamamilə qeyri-normal bir haldır".
...1923-cü ildə Nəriman Nərimanovun təşəbbüsü ilə gələcək Azərbaycan Milli Elmlər Akademiyasının təməli sayıla biləcək Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yaradılmışdı. Qısa zaman ərzində xalqımızın tarixi və mədəniyyətini araşdırmaq istiqamətində böyük işlər görmüş həmin quruma Xurşid xanımla sıx yaradıcılıq əlaqələri olan görkəmli yazıçı və dramaturq, eyni zamanda, SSRİ Elmlər Akademiyası Diyarşünaslıq bürosunun müxbir üzvü Əbdürrəhim bəy Haqverdiyev başçılıq edirdi.
1925-ci il noyabrın 8-də Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 2 illiyi münasibətilə təntənəli mərasim keçirilir və həmin tədbir öncəsi əvvəlcə oktyabrın 19-da qurumun İncəsənət alt komissiyasının üçüncü plenumu baş tutur. Həmin alt komissiyanın təşkilatçısı Hənəfi Terequlov Xurşid xanıma göndərilən bildirişdə onu sadəcə ənənəvi sözlərlə dəvət etmir, "iştirakınız fövqəladə dərəcədə zəruri və arzuolunandır" yazır.
Noyabrın 8-də "Satiraqit" türk teatrının binasında sözügedən qurumun 2 illik yubileyinə həsr edilmiş təntənəli iclas Leninqraddan dəvət olunmuş professor (1932-ci ildən SSRİ Elmlər Akademiyasının həqiqi üzvü, 1945-ci ildən Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü) İvan İvanoviç Meşşaninovun (1883-1967) "Urartu mixi yazıları əsasında Azərbaycan haqqında ən qədim məlumatlar" adlı elmi məruzəsi ilə başlanır. Daha sonra isə həm musiqi, həm də teatr üzrə alt komissiyaların ayrıca məruzələri dinlənilir və hər iki məruzədə adı dönə-dönə çəkilənlərdən biri Xurşid xanım Qacar idi.
"Kommunist" qəzetinin daimi "Teatr və musiqi" rubrikasında "Arşın mal alan" haqqında digər yazını Xəlil İbrahim qələmə alıb. "Kanun-i saninin (dekabr - R.H.) 6-da "Arşın mal alan" yeni qüvvələr iştirakilə 2-ci dəfə oynandı. Əvvəla onu qeyd etmək lazımdır ki, bu gecə, ümumiyyətlə, qadınlar erkəklərə faiq gəliyorlardı. Çünki dörd qadın rolunu yaxşı, erkəklər isə zəif apardılar. Fəqət rollara keçmədən əvvəl bəzi cəhətləri qeyd edəlim.
Birinci calib-i diqqət (diqqəti cəlb edən - R.H.) burasıdır ki, bu gecə orkestro ilə aktyorlar arasında əslən rabitə yox idi. Birinci pərdədə əvvəlcə Əskər tarsız başlayır, orkestro bir, Əskər isə başqa bir pərdə götürüyor. Ahəng pozuluyor, dirijor pərdəyi saldırıyor. Sonra hər musiqi nömrəsində dirijor gah sağa, gah sola, gah da aktyora acıqlanıyor. Yenə də düz getməyir ki, getməyir. Görünür ki, orkestro eləmək zəif və az olmuşdur. Digər tərəfdən, nədirsə rejissorluq əslən qrimlərə diqqət verməyir. Səhnədə qrim simayı dəyişdirmək üçün isə, bu da lazım olan yerdə qocayı cavan, cavanı qoca, göyçəyi çirkin və biləks etməkdən ibarətdir.
...Nəhayət, 3-cü məclisdə Soltan bəyin evi bəy salonundan ziyadə qəza məscidlərinə oxşayırdı. Amma "sütun"lar onun da üslubunu pozuyordu.
...Oynayanlara gəlincə, xala (Əzizə xanım), Asiya (Sona xanım) və Telli (Zərrintac) rollarını yaxşı və təbii bir surətdə keçirdilər.
Gülçöhrə rolunda ilk dəfə çıxan Xurşid xanım rolunu, xüsusən musiqi nömrələrini çox müvəffəqiyyətli keçirdi. Eyni zamanda, ifadəsi (danışığı) gözlədiyimizdən yaxşı keçdi. Ümumiyyətlə, Xurşid xanım bu rolu keçən dəfə ifa etmiş olan Fatimə xanıma səbqət etdi (üstün gəldi, onu arxada qoydu, ötdü - R.H.) və Məğfurə ilə rəqabət edə bilir (Lakin ümumiyyətlə demək lazımdır ki, bu rol Xurşid xanıma da yaraşmıyor).
Əskər rolunu ilk dəfə Bağırof oynadı. Fəqət səsi nə qədər yaxşı idisə, oyunu süst, hərakatı zəif idi və bir qədər tələsiyordu. Ümumiyyətlə, Sarabski ilə rəqabət edəmədi.
Yoldaş Atamalıbəyov çox çalışdı ki, Süleyman rolunu yaxşı oynasın, lakin özü də boynuna alır ki, bütün səylərinə rəğmən, müvəffəq olamadı. Çünki Süleyman şən, şalayin, oynaq bir roldur. Atamalıbəyov isə ciddi və ağır rolları yaxşı oynayır.
Yanmərdanova gəlincə, çox zəifdir və bu rola layiq deyildir.
Bugecəki rolunda ilk dəfə çıxan yoldaşlardan erkəklər arasında gənc aktyor Şarsplı hamıdan artıq müvəffəq oldu".
Opera teatrımızın beşiyi başında duranlardan olan Hüseynqulu Sarabski (1879-1945) səhnəmizin qadınsızlığının əziyyətini öz səhnə ömründə bilavasitə yaşayanlardan idi və 1908-ci ildən 1920-ci ilə qədər dəfələrlə kişi Leylilərlə, Əslilərlə, Gülçöhrələrlə, Xurşidbanularla... səhnə tərəfdaşı olmuş görkəmli müğənni 1935-ci ildə "Zarya Vostoka" qəzetində dərc edilmiş "Yeni məsud həyat" adlı məqaləsində operamızın qazandığı uğurlardan bəhs edərkən səhnəmizdəki istedadlı ifaçı qadınlar mövzusuna xüsusi diqqət ayırır və bu sırada Xurşid xanımın adını əvvəldə çəkirdi: "Türk Dram Teatrında Mərziyə, Sona xanım, Fatma xanım, Qədərli çalışmaqdadır. Operada Xurşid xanım Qacar, Şövkət xanım Məmmədova, Həqiqət Rzayeva, Sona Mustafayeva, Firuzə Ağayeva, Balabacı Muxtarova. Hələ nə qədər Dövlət Konservatoriyasında oxuyan, nə qədər Moskvaya təhsil almağa gedən var".
Xurşid xanımın üstünlüklərindən biri də bu idi ki, o, şərqli ola-ola həm də qərbli idi. Bunu 1935-ci il noyabrın 18-də Azərbaycan Xalq Maarif Komissarlığının Böyük Dövlət Teatrında təşkil etdiyi "Birinci böyük Şərq-Avropa konserti" də əyani şəkildə nümayiş etdirir.
O.M.Bron və doktor A.A.İonesyantsın idarəsi ilə keçirilən həmin konsertdə Seyid Şuşinski, Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyovla yanaşı, Zaxarova, Atamanova, Olxovski, Moribel, Livinenko çıxış edirdilər. Afişada Xurşid xanımın adı birinci idi və bu azərbaycanlı xanım həmin konsertdəki iki qütbün tən ortası da hesab edilə bilərdi. Xurşid xanım həm konsertin Şərq tərəfindən tək qadın idi, həm də onun ifa etdikləri musiqi quruluşu və ifa tərzi baxımından Avropaya aid olmaqla yanaşı, mahiyyətiylə milli idi.
Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 15-ci ildönümündə Dövlət Opera Teatrının daimi fəaliyyət göstərən Opera studiyasının fəaliyyətə başlaması ilə bağlı "Bakinskiy raboçiy" qəzetinin müxbiri Xurşid xanım Qacardan müsahibə də almışdı.
"Studiyanın yaranması ilə teatr ilk dəfə olaraq öz gənc kadrları ilə əsaslı yaradıcılıq işi aparmaq imkanları qazanır, - söyləyən Xurşid Qacar görülən ilk tədbirlərdən bəhs edərək bildirirdi: - Ən istedadlı gəncləri seçmək məqsədi ilə biz studiyaya qəbul haqda müsabiqə elan etmişik və həmin müsabiqədə 40-dan çox müğənni iştirak edib.
Studiyada həmçinin Dövlət Operasının cavan artistləri də təhsil alacaqlar. Bir qayda olaraq, biz studiyaya bitkin musiqi təhsilli oxuyanları götürürük. Eyni zamanda, biz qabiliyyətli, ancaq xüsusi hazırlığı olmayan cavan müğənniləri də təhsillə təmin edə bilməkçün studiyada vokal sinfi açırıq".
Xurşid xanım studiyanın hansı proqram üzrə işləyəcəyini də vurğulamağı lazım bilir: "Bizim studiyanın proqramı əsasən Moskva Böyük Opera Teatrı studiyasının proqramı tipində qurulur. Tədris-istehsalat işinin özünü isə 1936-cı ilin yanvarından başlayacağıq".
Qısa məqaləsində Əfrasiyab Bədəlbəyli "həm "O olmasın, bu olsun"un müasir gerçəklikdəki yeri məsələsinə toxunur, həm ayrı-ayrı ifaçıların ifasındakı uğurlu və uğursuz cəhətlərə diqqət yönəldir, həm orkestri, həm xoru səciyyələndirir. Xurşid xanımın ifasının yaxşılığı ayrıca qeyd olunanların cərgəsindədir: "O olmasın, bu olsun" vaxtilə həyatdan çox da uzaq olmayıb bir dərəcəyə qədər doğru bir müəks idi. Orada göstərilən tiplərin həman həpsi keçirmiş olduğumuz həyatdan alınmışdırlar.
Fəqət həyati əsərlərin özlərinə məxsus müəyyən bir dövri oluyor. Həyat ilə iləriləyə bilməyib geridə qalıyorlar.
Bilxassə, əxlaq və tərbiyələri dolayısıyla keçmiş mühitimizin birər mənfi fərdləri sayılan "O olmasın, bu olsun" tipləri bugünkü həyatımızda əski mövqelərini təmamilə qeyb etmiş, özləri də qayib olmuşlardır.
Ona görə, "O olmasın, bu olsun" bu gün yalnız keçmişimizi xatırlada biləcək bir musiqi komediyasıdır (Əlbəttə, Əfrasiyab Bədəlbəylinin bu fikirləri ilə razılaşmaq çətindir. Lakin həmin sətirlərin hansı tarixi şərait içərisində yazıldığını, o çağın hakim ideologiyasının mətbuatdan, yazan qələmdən nə istədiyini də unutmuruq. Sovet cəmiyyətini qüsursuz göstərmək cəhdi bu xəsis qeydlərə belə sirayət etmişsə də, həmin dövrün ictimai-siyasi və sosial mühitini göz önünə gətirəndə hiss edirik ki, Üzeyir bəyin qəhrəmanları həmin illərə uyğun şəkildə necə həyatda idilərsə, "O olmasın, bu olsun"un yazılmasından ötən bir əsrlik müddətdə də başqa görkəmdə və biçimdə yenə də diridirlər - R.H.).
Ümumiyyətlə, operetta musiqisi, təbiidir ki, nisbətən sadə və yüngül olur. "O olmasın, bu olsun"da olduqca sadə, ibtidai bir orkestrovka və harmonizasiya vardır.
Çəharşənbə günü noyabrın 11-də bu əsər Böyük Teatrda oynandı. İştirak edənlərdən Sərvər rolunda Hüseynağa Hacıbababəyov zəif idi. Bütün hərəkətlərini sanki cəbrən icra ediyordu. Odur ki, açıq bir süniliyin nəşət etməsinə bais oluyordu. Məşədi İbad rolunda Mirzağa Əliyof yaxşı idi. Xüsusən son pərdədə Sərvər qaçdıqdan sonra səs-küy salması və ürəyinin getməsi müvəffəqiyyətli idi.
Həmçinin Gülnaz rolunda Xurşid xanım yaxşı idi.
Sayir iştirak edənlər ümumi ahəngi düzəltməyə çalışıyordular.
Quruluş etibarilə nəzər-diqqəti cəlb edəcək bir yenilik yox idi.
Bir dərəcəyə qədər ixtisara uğramış orkestroyu Müslüm bəy yaxşı idarə ediyordu. Xor unison idi".
Əfrasiyab Bədəlbəylinin "Kommunist" qəzetində 10 gün sonra işıq üzü görən digər yazısı artıq Üzeyir bəyin başqa məşhur operettası - 1925-ci il teatr mövsümündə noyabrın 25-də Opera Teatrında tamaşaya qoyulan "Arşın mal alan" haqqındadır. Əfrasiyab Bədəlbəylinin tənqidi özünəxas dəqiq, obyektiv təhlillər və əsaslı iradlar üzərində qurulub. Nəinki rejissor, orkestr, ifaçılar haqda mülahizələrini bölüşür, hətta tamaşaçıdan, tamaşaçıya ifrat sərbəstlik verən teatr administrasiyasından narazılığını da içərisində saxlamır. Yazır ki, dərs olsun və belə hallar gələcəkdə təkrarlanmasın: "Teatr müdriyyəti körpə uşaq gətirənlərə deməlidir ki: "Onların teatroya gəlmələrinə hələ 7-8 il var".
Azərbaycan ədəbiyyatı və incəsənətinin 1938-ci ildə Moskvada keçirilmiş ongünlüyü respublikanın mədəni həyatında o dövrdə mühüm əks-sədalar doğurmuş, Azərbaycan mədəniyyəti və sənət xadimlərimizin daha geniş çərçivədə tanınıb şöhrətlənməsinə meydan açmış əlamətdar hadisə idi.
Bunu da nəzərə alsaq ki, mahiyyəti ilə bayram olan bu hadisə bütün Sovet İttifaqında, o sıradan Azərbaycanda müdhiş repressiyaların baş tutduğu, insanların ruhi sarsıntı və səksəkə içərisində yaşadığı vaxt kəsiyində baş verirdi, gələn hər xoş xəbərin necə şəfaverici təsəlli olduğu, ürəklərdə nə qədər xoş ümidlər oyatdığı təsəvvür edilə bilər.
Həmin dekadadan SSRİ Xalq artisti kimi qayıdan, 1920-ci ilin aprelindən bəri başı üzərində hər an qılınc kimi asılı qalan repressiya xofundan, nəhayət ki, xilas olan, Stalinin birbaşa zəmanəti ilə kommunistlər cərgəsinə qəbul edilən Üzeyir bəyin və onun çox məsləkdaşının, tələbələrinin həyatında yeni və coşqun, daim yaşayacaq sənət bəhrələri ilə zəngin mərhələ başlandı.
Dekadaya elə əvvəldən də məhz belə uğurlu qapılar açacağı ümidləri bəslənirdi və mədəni mühitimizdə müəyyən yeri olan hər kəs çox istəyirdi ki, Moskvaya gedəcək heyətin tərkibinə o da daxil edilsin. Siyahının ətrafında isə qəliz pərdəarxası qarşıdurmalar da cərəyan edirdi, xəbis addımlar da atılırdı, məkrlər də törədilirdi.
Təbii ki, tarixin bu qaranlıq səhifələrini qismən də olsa bərpa edə bilməkçün üz tutula biləcək xatirə daşıyıcılarının təxminən heç biri artıq həyatda yoxdur. Amma bəzi qeydə alınmış xatirələr və günümüzə çatmış tək-tək sənədlər müəyyən qənaətlərə gəlməyə imkan yaradır.
Dekada ərəfəsində heç də rahat sayıla bilinməyəcək səksəkəli günlər, həbs təhlükəsi qorxusu ilə yaşayan Hüseynqulu Sarabski üçün digər narahat məqam da bu idi ki, onun baş rolda oynadığı operaların heç biri Moskvaya aparılmayacaqdı. Demək, onun dekadada iştirakı da alınmaya bilərdi. Bu isə kənardan bütün başqa mənəvi sıxıntılarından əlavə dövlətin gözündən düşməyin əlaməti təəssüratı yarada bilirdi. Lakin yaxşı əl qabiliyyəti olan Hüseynqulu Sarabski dekadaya Azərbaycan sərgisinin rəhbəri kimi aparılır və önündə gedənlərdən biri olduğu Azərbaycan mədəniyyət xadimləri cərgəsindən bu minvalla kənarda qalmır.
Maestro Niyazi Moskva səfərinə qatılmaq yolunda cərəyan edən intriqaların aşağı və yuxarı səviyyələrdə hətta bəzən tragikomik hallar yaratdığı barədə təfərrüatları da söyləyirdi. Anonim məktublardan tutmuş şərləmələrədək hər cür fəndlər işə salınırmış. Maestro Niyazi bir musiqiçinin Üzeyir bəyin yanına gələrək orkestrdəki kontrabasçalanın Moskvaya aparılacağı təqdirdə bunun yaxşı nəticələr verməyəcəyini söyləyir. Niyəsi soruşulanda çox çək-çevirdən sonra həmin şəxs deyir ki, bəs kontrabasçalan mavidir. Üzeyir bəy özünəxas sarkazmla bu mərdiməzarın səsini kəsir: "Tutalım lap elədir, kontrabası ki orası ilə çalmayacaq!"
Tarixin unudulmuş səhifələrinə nəfəs vermək niyyətli bir yazıda zahirən məişət ayrıntıları kimi qavranıla biləcək belə məqamlara yer ayırmağım bica sayılmasın. Hətta bu dəlillərdə də tarixin gerçəkləri və vaxtın mənzərəsi var.
Xurşid Qacar kimi bir təcrübəli sənətkar, Azərbaycan operasının yüksəlişlərində əvəzsiz xidmətləri və dekadada nümayiş etdiriləcək "Nərgiz" operasının səhnəyə hazırlanmasında da əməkləri olan bu güclü ifaçı məhz qərəz, bədxahlıq nəticəsində siyahıya salınmır. Bu, müğənnini çox sarsıdır və hər şeydən küsür.
1938-ci il fevralın 27-də Azərbaycan Xalq Komissarları Şurası yanında İncəsənət İşləri üzrə İdarənin rəisi Mirzə İbrahimova incik ərizə ilə müraciət edir, Bakıda - Dövlət Opera Teatrı, Opera studiyası, Musiqi nəşriyyatındakı 14 illik fəaliyyətinə, Azərbaycan operasında faktiki ilk aktrisalardan olmasına rəğmən, belə münasibəti anlamadığını və onunla bu cür davranılmasının çox ədalətsiz olduğunu yazır, öz arzusuyla tutduğu vəzifədən kənarlaşdırılmasını istəyir.
Yəni Xurşid Qacar həmişə belə olmuşdu. Haqsızlıq görəndə dinməməyə tabı çatmamışdı. İstər bu haqsızlıq ona qarşı olsun, istər başqalarına qarşı yönəlsin.
...O qədər suallarım yaranır ki! Ancaq çifayda! O sualları verib cavablar alası adamlar yoxdur. Hamısı gedib. İstisnasız, hamısı! Nə Maestro Niyazi həyatdadır, nə Əfrasiyab və Şəmsi Bədəlbəylilər, nə Azər Rzayev, nə Bəhram Mansurov, nə...
Söz soruşalılar gedib, epoxa bitib.
O unudulmazların ömrümdəki boş qalan yerini hər dəfə belə dalana dirənən anlarımda bütün acısıyla daha artıq hiss edirəm. Amma buna da şükür edirəm ki, nə yaxşı, heç olmazsa ilk gənclik illərimdən bəxtimə o nəslin bu qəbil bir çox insanıyla yaxın təmaslarda olmaq düşdü. Onların söylədiklərinin sayəsində hərdən mənə elə gəlir ki, elə 1920-30-40-50-ci illərin də axarında yaşamışam, onların gördüklərinin hamısına özüm şahid olmuşam.
Hətta o vaxtın səslərini aydınlığı ilə eşidirəm, mənə elə gəlir ki, elə özüm də həmin dövrün adamıyam, indiyə o çağın xəbərlərini çatdırmaqçün gəlmişəm. O zamanların bütün sıxıntı və çətinliklərindən agah olsam da, lap o vaxta düşsəm belə, heçə nəyi dəyişə bilməyəcəyimi bilsəm də, yenə həmin günlərdən, o ŞƏXSİYYƏTLƏR əyyamlarından ötrü qəribsəyirəm...
4 mart 2025

