Son mənzilin milyonların qəlbi oldu, HÖKUMƏ! Əlövsət Ağalarov yazır...
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Ər kişilərə, ərənlərə məxsus təmkinlə dediyin bu bircə cümlə – “KƏMƏRLƏRİ BAĞLAYIN, HƏR ŞEY YAXŞI OLACAQ!” – indi az qala aforizmə çevrilib, demək olar ki, dünyanın əksər dillərində səslənir.
Dədələrinin doğulub boya-başa çatdığı dünya cənnəti Kəlbəcərin sal qayaları kimi sarsılmaz və gur səsin aydın səmada çaxan şimşək kimi, imdad gözləyən köməksiz sərnişinlərin qəlbinə bir işıq, bir ümid qığılcımı saçdı və ölümə məhkum olunmuş o insanları bir az da olsa, toxtatdı və hamı düşündü ki, sən onlar üçün xilas mələyisən! Gözlər sənə dikildi, qulaqlar sənin o həzin, ötkəm səsinə şəkləndi. O an sən özün dediklərinə inanırdınmı, inanmırdınmı – deyə bilmərəm, amma acı bir gerçəklik var: “Ümid sonda ölür” deyimi o dəhşətli faciələr fonunda bəlkə də sənin qəlbinin dərinliklərində özünə bir anlıq yuva qurmuşdu… Bu cavan yaşında gerçək ölümlə üzbəüz olan anda belə, təmkin, dözüm, səbr və dəyanəti hardan aldın?! Yaxşı deyiblər ki, qəhrəmanlıq qəfil gəlir, anidən gəlir. Sən o uca zirvəyə – əsl QƏHRƏMANLIQ ZİRVƏSİNƏ də anidən yüksəldin!
40 günün içində 40 il qocalan Atan Cəlil müəllimin, bir anda saçları ağarmış Anan Kəmalə xanımın, qardaşın Coşqunun dözümünü, dəyanətini görəndə anladıq ki, sən elə o cür Ata-Ananın, o cür ailənin tərbiyəsini almısan, səbr və təmkinini əxz eləmisən. Təsəvvür etməzsən, Cəlil müəllim sənin o dəhşətli anlardakı təmkinini içi yana-yana yaşadır, az qala, özü başsağlığına gələn izdihama başsağlığı verirdi!.. Eynən 85 yaşlı dədəmin 24 yaşında sonbeşik oğlu Mahir Murovun zirvəsində qəhrəmancasına şəhid olanda Şəhidlər xiyabanında dəfnə gələn izdihama başsağlığı verirdi… Bu yaxınlarda etibarlı, sədaqətli həyat yoldaşın Etibarın qəlbdağlayan bir videosuna baxdım, soyuqqanlıqla baxmaq olmurdu. Əsl sevimli həyat yoldaşı, ürəyi param-parça olan Etibar gözyaşları ilə deyirdi: “Son uçuşa gedəndə yolda mehriban danışa-danışa, şirin dillə apardım ötürdüm İkinci terminala. Saat 6 idi. 12-də yenidən gedib qarşılamalı idim. Qismət olmadı. Son reysdə Allah müşayiət edib səni cənnətə apardı”.
Ata-ananın, qardaşının, həyat yoldaşının dağdan ağır dözülməz dərdinə-nisgilinə milyonlar şərik oldu. İndi Azərbaycanda o ev yoxdur ki, sənin o gülərüz şəklin olmasın. Sən indi həmin o milyonların əziz balasısan, bacısısan, ən istəkli övladısan! Böyük şairimiz Məmməd Arazın kəsilən körpə quzuya həsr etdiyi şeirdən bir bəndi bu məqamda xatırlamamaq olmur:
Hardasa dil açdı bir çoban neyi,
Hardasa bir qərib bulaq çağladı.
Kiminin taleyi quzu taleyi
Kiminin dalınca uşaq ağladı…
Sənin o qəhrəmanlığını sözlə, fikirlə ifadə etmək doğrudan da çox çətindir. Amma sənin o məşhur xitabın qədirbilən söz adamlarımızın – şair və yazarlarımızın qəlbini riqqətə gətirdi, sənə xitabən qəlb çırpıntılarını dilə gətirib sosial şəbəkələrdə yayımladılar. Təbii ki, sizin bu fədakarlığınıza əsl qiyməti Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev verdi.
Sizə ən ali fəxri adı “Milli qəhrəman” adını verdi. Vətənsevər qardaşımız Ötərxan Eltac və Namiq Dəlidağlı onların bəzilərini birər-birər toplayıb kitab halına saldı və əminəm ki, bu kitab əl-əl gəzəcək, sənin dözümünü, təmkinini, əsl qəhrəmanlığını gələcək nəsillərə çatdıracaq. Çapına dəstək olan Tural Axundova xüsusi təşəkkür düşür. Kitabın adını sənin o məşhur cümlənə uyğunlaşdırıb sənə xitabən: “Demişdin yaxşı olacaq?” qoyduq və biz də sənin sözlərinin dürüstlüyünə inanmışdıq. Əlbəttə, namərd düşmənin xəyanəti olmasaydı, hər şey yaxşı olacaqdı! Günahsız, silahsız insanlara ən zalım silahlardan atəş açan zalımların ürəyi soyumadı, heç olmasa, yaralı quş kimi havada köməksiz qalan təyyarənin yerə enməsinə belə, icazə vermədilər. Əminəm ki, İlahi ədalət bu namərdlərin cəzasını yaxın zamanlarda verəcəkdir! Qisas qiyamətə qalmır!
Hesab edirəm ki, sənin haqqında hələ xeyli bədii və sənədli əsərlər yazılacaq, dastanlar bağlanacaq. Çünki sən ən ekstremal vəziyyətdə insanın necə davranmağını, ətrafındakılara necə təmkin və səbrlə yol göstərməyini əyani olaraq göstərdin və heç zaman, ən ağır şəraitdə belə, ruhdan düşməməyi tövsiyə etdin. Ruhun şad, məkanın cənnət olsun!
Əlövsət Ağalarov
Əməkdar jurnalist
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 25 Dekabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















