Minifutbol Federasiyasının baş katibi: Qarşıya qoyulan növbəti böyük məqsəd Avropa çempionluğudur
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Minifutbol Federasiyasının 2025-ci il üçün qarşıya qoyduğu əsas məqsədlər uğurla reallaşdırılıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov 2025-ci ilin yekunlarını dəyərləndirərkən deyib.
O bildirib ki, bu il federasiya üçün əsas prioritetlərdən biri ölkəmizdə dünya çempionatının yüksək səviyyədə təşkili, digər mühüm hədəf isə milli komandanın ev sahibi olduğumuz turnirdə çempion olması idi: “Şükürlər olsun ki, hər iki məqsədimizə nail olduq. Həm təşkilati, həm də idman nəticələri baxımından Azərbaycan minifutbolu tarixində əlamətdar il yaşadıq. Əldə olunan uğurlar ölkə rəhbərliyi və aidiyyəti qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Gənclər və İdman Nazirliyinin ilin yekunları ilə bağlı tədbirində Azərbaycan Minifutbol Federasiyası ölkə daxilində keçirilən beynəlxalq yarışların ən yaxşı ikinci təşkilatçısı kimi mükafatlandırıldı. Eyni zamanda, yığmamız 2025-ci ilin ən yaxşı milli komandası nominasiyasında qalib oldu. Bu, bizim üçün böyük qürur və məsuliyyətdir”.
Orxan Hüseynov qeyd edib ki, mövsüm ərzində müəyyən çətinliklər də yaşanıb: “Təəssüf ki, sponsorlara görə bu il Avropa klubları arasında keçirilən “EuroCup” turnirində ölkəmizin heç bir təmsilçisi iştirak edə bilmədi. Son ana qədər ümid var idi, lakin bu, mümkün olmadı”.
Bununla yanaşı, baş katib Azərbaycan minifutbolu üçün mühüm tarixi məqamın yaşandığını vurğulayıb: “Ölkəmiz ilk dəfə Çempionlar Liqasında üç komanda – “Aznur”, “Zirə” və “Birbaşa” ilə təmsil olundu. Təəssüf ki, komandalardan heç biri çempion ola bilmədi. Həmçinin “Azərsun” minifutbol komandası Türkiyənin Antalya şəhərində keçirilən “Avropa Biznes Kuboku”nda dördüncü dəfə iştirak etsə də, əvvəlki illərlə müqayisədə daha zəif təsir bağışladı”.
Onun sözlərinə görə, federasiya rəhbərliyi artıq 2026-cı il üçün əsas hədəfləri müəyyənləşdirib: “Slovakiyanın paytaxtı Bratislavada 27 may – 4 iyun tarixlərində keçiriləcək Avropa çempionatında milli komandamızın qızıl medal qazanması əsas vəzifə kimi qarşıya qoyulub. Bu məqsədə çatmaq üçün milli komanda apreldən etibarən təlim-məşq toplanışına başlayacaq. Hazırlıq prosesi ölkə daxilində və xaricində olmaqla, iki mərhələdə həyata keçiriləcək. Avropa çempionatı öncəsi bir neçə beynəlxalq yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır. Amma hazırlıq mərhələsinin hansı tarixdə keçiriləcəyi bəlli deyil”.
O. Hüseynov gələn il Azərbaycanda nüfuzlu beynəlxalq turnirin keçirilməsi istiqamətində rəsmi müzakirələrin aparılmadığını əlavə edib: “Bakıdakı sonuncu dünya çempionatı sübut etdi ki, biz bu cür yarışları yüksək səviyyədə təşkil etməyə qadirik. Lakin yaxın dövr üçün planlaşdırılan yeni turnir yoxdur. Dünya çempionatının yenidən Azərbaycanda keçirilməsi mümkün deyil və Avropa Çempionatının ev sahibliyi məsələsi yalnız Azərbaycanın istəyindən asılı deyil”.
Qurum rəsmisi hazırda davam edən minifutbol üzrə Azərbaycan çempionatının gələn il mart ayının sonu və ya aprelin əvvəlində başa çatacağını, final qarşılaşmasının yüksək səviyyədə təşkil ediləcəyini diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 25 Dekabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















