Icma.az
close
up
RU
Sosial iqtisadi və mədəni hüquq və azadlıqlarımız

Sosial iqtisadi və mədəni hüquq və azadlıqlarımız

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsan və vətəndаş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir.Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsini ifadə edir. Ulu Öndər Heydər Əliyevdemişdir: “Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır – hər bir vətəndaşın Konstitusiyasıdır. Bizim Konstitusiyamız Azərbaycanın gələcək perspektivlərini müəyyən edibdir və biz o perspektivlər yolu ilə gedirik, bundan sonra da gedəcəyik”. Bəli, Konstitusiyamız xalqın dövlətçilik iradəsini, suverenliyi ifadə edən cəmiyyətin də Əsas Qanunudur. Konstitusiyamız vətəndaşların əsas hüquq və azadlıqlarını, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsasını təşkil edir. Konstitusiya cəmiyyətin həyat fəaliyyətinin əsaslarını, iqtisadi, sosial, mədəni həyatın bütün davranış normalarının təməlində dayanır.

Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqları içərisində sosial-iqtisadi və mədəni hüquqlar insana verilən təbii hüquqlardan sonra xüsusi yer tutur və təbii hüquqlarımız üzərində inkişaf edir. Bu hüquqlar fərdin sosial-iqtisadi və mədəni həyat şəraitinin saxlanılmasına və normativ şəkildə müəyyən edilməsinə aiddir. Həmçinin ölkəmiz 1966-cı ildə qəbul edilmiş “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakta da qoşulmuşdur.

İqtisadi hüquqlar əsasən insana təsərrüfat fəaliyyətinin əsas faktorlarına sərbəst surətdə sərəncam vermək imkanını təmin edərək onun iqtisadi həyatda azad iştirakını, maddi rifahını və layiqli həyat səviyyəsini təmin edən hüquqdur. Sosial hüquqlar da, öz növbəsində, insanın rifahı, layiqli yaşam səviyyəsini və sosial müdafiəni təmin edir. Mədəni hüquqlar isə insanın mənəvi inkişafını təmin edir. Bu hüquqlar,adətən, insan hüquqlarının ikinci nəsli hesab olunur.

Ölkəmizdə iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

Məşhur fransız mütəfəkkiri Volterin yaxşı bir sözü var: “...dövlətin xilası üçün bir dahi şəxsiyyət kifayətdir”. Bu fikrin əsasında həqiqətən çox böyük məntiq dayanır. Hamımıza məlumdur ki, Azərbaycanın da taleyində dahi şəxsiyyət Heydər Əliyev çox böyük və əvəzolunmaz rol oynamışdır. Ümummilli Lider Heydər Əliyev müstəqillik illərində ölkəmizin sosial-iqtisadi strategiyasını yaradaraq onun inkişaf yolunu müəyyən etmişdir. Ulu Öndər qeyd edirdi ki, “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!” Ümummilli Liderin hakimiyyəti dövründə əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin müdrikliyini və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi. Məlum idi ki, yeni mərhələdə iqtisadiyyatda transformasiyaları təmin etmədən, keçmiş sovet dövrünün bürokratik mexanizmlərini aradan qaldırmadan, təşəbbüslərə meydan vermədən iqtisadi tərəqqiyə nail olmaq mümkün deyil. Bütün bunları nəzərə alan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın iqtisadi inkişaf yolunu islahatlar vasitəsilə liberializm prinsipinə əsaslanan bazar iqtisadiyyatına keçid yolu olduğunu müəyyənləşdirmiş və iqtisadi sahədə dövlət siyasətinə belə aydınlıq gətirmişdi: “...Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”. Bəli, ölkəmizin iqtisadi siyasətinin və inkişafının Heydər Əliyev fəlsəfəsi məhz bundan ibarətdir.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş qarşıdurmasından, dərin siyasi, iqtisadi və sosial böhrandan, xaos və anarxiyadan xilas etdi. “Bazar iqtisadiyyatı prinsiplərini tətbiq edərək, sərbəst iqtisadiyyata geniş yol verərək və onu əsas yol hesab edərək bunların hamısını əhalinin bütün təbəqələrinin rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltməliyik”, –deyən Ümummilli Lider milli iqtisadiyyatın sağlam əsaslar üzərində dirçəlməsi və inkişafını təmin edərək, eyni zamanda ölkənin sosial-iqtisadi inkişaf strategiyasını formalaşdırıb və həmin vaxtlardan əhalinin sosial müdafiəsi istiqamətində mühüm tədbirlərə başlanılmışdır. Ulu Öndərin uzaqgörən siyasəti sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində tarixi addımlar atıldı. Həyata keçirilən islahatlar nəticəsində sərbəst bazar münasibətlərinə əsaslanan və sosialyönümlü iqtisadi sistemin formalaşması təmin edildi.

“Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”, –deyən Ulu Öndər Heydər Əliyev Azərbaycanın sosial dövlət modelinin müəllifidir. Vətəndaşların sosial müdafiəsinin mükəmməl və etibarlı şəkildə təmin olunması üçün hüquqi bazanın daha da möhkəmləndirilməsi istiqamətində 1995-ci ildə Ümummilli Liderin birbaşa müəllifliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Həmin Konstitusiyanın 16-cı maddəsində deyilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.

Hər bir müstəqil dövlətin qüdrəti onun vətəndaşlarının sosial həyatı, yaşayış səviyyəsi və rifah halı ilə qiymətləndirilir. Sosial siyasət əhalinin layiqli həyat səviyyəsinin təmin olunmasına, gəlirlərinin yüksəlməsinə, məşğulluğunun təmin edilməsinə, sosial müdafiənin güclənməsinə, səhiyyə, təhsil, mədəniyyət sahəsində təminatlarının həyata keçirilməsinə yönəldilən tədbirlər sistemi olmaqla hər bir dövlətin iqtisadi inkişaf səviyyəsi ilə sıx bağlı olan daxili siyasətin mühüm tərkib hissədir. Bəli, Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sferada da Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra köklü dəyişikliklər baş verdi.Ölkə vətəndaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə Ulu Öndər Heydər Əliyev 1994-cü ilin 15 iyun tarixində “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” Fərman və bu fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” növbəti sənəd imzalayıb.

Bu gün Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu sosial inkişaf strategiyası da ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir və güclü sosial siyasətə malik Azərbaycanda sosial islahatlar davamlı xarakter alıb. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı və təhlükəsizliyi dayanır”, –deyən dövlət başçısının tapşırıqlarına əsasən ölkəmizdə sosial sahədə ardıcıl və məqsədyönlü islahatlar aparılaraq sosial müdafiə sisteminin gücləndirilməsi, dayanıqlı sosial təminat sisteminin qurulması sahəsində davamlı tədbirlər həyata keçirilir.

Ulu Öndər Heydər Əliyev demişdir: “Bir Prezident kimi mən Azərbayсапın aqrar bölməsində, ümumiyyətlə, iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz, yalnız qanunla və dövlət ehtiyacı olduqda ədalətli ödənclə mümkündür. Məlumdur ki, bu hüquq hər bir şəxsə məxsusdur və insanla maddi əşya arasındakı münasibətləri ifadə edir. İqtisadi kateqoriya kimi isə mülkiyyət maddi və mənəvi dəyərlərin mənimsənilməsi prosesini də ifadə edir. Ölkəmizdə hər üç mülkiyyət növünə və mülkiyyət hüququnun mühüm bir hissəsi olan vərəsəlik hüququna Azərbaycan dövləti tərəfindən konstitusion təminat verilib. Azərbaycan Respublikasının mülki qanunvericiliyi mülkiyyət hüquq münasibətlərini tənzimləyir. “Qanunun aliliyi mülkiyyətin qorunması ilə başlayır. İnsan öz əmlakına sahib ola bilmirsə, o zaman hüquqi dövlətdən danışmaq mümkün deyil”, –deyən Ulu Öndər Heydər Əliyev Azərbaycanda mülkiyyət hüququnun qorunmasını və mülkiyyətin toxunulmazlığını Azərbaycan dövlətçiliyinin əsas prinsiplərindən biri kimi qiymətləndirirdi. Ulu Öndər həmçinin qeyd edirdi ki,“Azərbaycan Respublikasında mülkiyyətin bütün formaları bərabər hüquqludur və qanunla qorunur”.Bu fikirlər isə böyük dövlət xadiminin hüquqi dövlət quruculuğu siyasətinin əsas elementlərindən biri idi.

Çağdaş dövrdə yeni mülkiyyət münasibətləri yaradılarkən bunu da bilmək lazımdır ki, “əqli mülkiyyət” anlayışı maddi mülkiyyətdən heç də az əhəmiyyət daşımır. Bu gün əqli mülkiyyət maddi mülkiyyətdən daha da fəaldır. Konstitusiyamız isə hər kəsin əqli mülkiyyət hüququna təminat verir. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli müəllif hüquq sisteminin yaradıcısıdır. “Yaradıcılıq, düşüncə və zəka məhsullarına hörmət göstərməyən cəmiyyət gələcəyə inamla gedə bilməz”,– deyən Ulu ÖndərHeydər Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində əqli mülkiyyət hüquqlarının qorunmasına xüsusi önəm vermişdir. O, Azərbaycanın intellektual potensialını inkişaf etdirmək üçün hüquqi baza yaratmış, beynəlxalq normalara uyğun qanunvericiliyin formalaşdırılmasına şərait yaratmışdır. Onun dövründə əqli mülkiyyət sahəsində həm qanunvericilik, həm də beynəlxalq əməkdaşlıq baxımından mühüm addımlar atılmış, əqli mülkiyyətin elm, təhsil, mədəniyyət və sənayenin inkişafında əvəzsiz rol oynadığını dəfələrlə vurğulamışdır: “Azərbaycanda elmi-texniki tərəqqi yalnız ağıllı beyinlərin fəaliyyətinə şərait yaratmaqla mümkündür. İxtiraçının, müəllifin əməyi qorunmalıdır ki, yeni nəsil yaradıcı olsun”. Ulu Öndər Heydər Əliyev üçün hüquqi dövlətin əsas əlamətlərindən biri də fiziki və hüquqi şəxslərin mülkiyyət hüquqlarının, o cümlədən əqli mülkiyyət hüquqlarının qorunması idi. O qeyd edirdi: “İnsan öz fikir və zəka məhsuluna sahib çıxıb onu müdafiə edə bilmirsə, hüquqi cəmiyyətin inkişafından danışmaq olmaz”. Unutmayaq ki, Ulu Öndər Heydər Əliyevin irsi Azərbaycanın ən dəyərli əqli mülkiyyətidir!

Hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də mənəvi borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq da uşaqların borcudur. 18 yaşına çatmış əməkqabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. Hər birimiz xalqımızın milli-mənəvi və ailə zənginliyini qoruyub inkişaf etdirməliyik. Ulu Öndər ailə dəyərlərimizə həmişə yüksək qiymət vermişdir. Çünki “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin məsuliyyət hissi ilə yanaşmalıdır”, – deyən Ulu Öndər Heydər Əliyev mənəviyyata sahibliyi xalqımızın əxlaq və milli dəyərlərinə yiyələnməkdə görərək həqiqi vətəndaşlığı bu zəngin mənəviyyatımızın ümdə əxlaqı kimi dəyərləndirib.

Əmək fərdi və ictimai rifahın əsasıdır.Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Məlumdur ki, ilk işə başlayan şəxslərin də üzərinə həmişə çox böyük, şərəfli vəzifələr düşür. Ulu Öndər qeyd edirdi: “Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır”.

Konstitusiyamız hər kəsin istirahət hüququna da təminat verir. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.“İnsan mənəviyyat üçün yaşamalıdır”,– deyirdi Ulu Öndər.

Ətraf mühitin mühafizəsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindən biridir. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququna isə Azərbaycan dövləti tərəfindən təminat verilir. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.Azərdaycan dövləti ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir. Ulu Öndər qeyd edirdi: “İnsan sağlam yaşamaq istəyirsə, təbiətlə dost olmalıdır. Təbiətə biganə yanaşmaq gələcək nəsillərə xəyanətdir”.

“Milli ideologiyamızın yaranması və formalaşmasında mədəni irsimiz böyük xəzinədir”,– deyən Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Konsitutsiyası hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququna təminat verir. Çünki “Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir”.“Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır. Ulu Öndər Heydər Əliyev dahiliyi mədəni ənənələrimizdə, keçmişimizin tərəqqisində görürdü və bugünkü tərəqqimizi gələcəyin ənənəsinə çevirməyə yönəldirdi. Çünki “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”.

Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. 1998-ci ilin sentyabr ayında Azərbaycan Tibb Universitetinin yeni tədris binasının açılışı mərasimində Ulu Öndərin etdiyi çıxışda həm səhiyyə islahatları, həm də həkim peşəsi barədə dəyərli fikirləri hər zaman öz aktuallığını saxlayacaq. “Biz indi səhiyyə sahəsində böyük islahatlar aparırıq. Azərbaycanda gedən islahatlar səhiyyə sahəsinə də toxunubdur. Bu təbiidir. Mənim yaratdığım islahat komissiyası artıq islahatların layihələrini hazırlayıbdır. Biz onları həyata keçirəcəyik”. Vətəndaşların sağlamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır.Müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin dahi siyasəti nəticəsində Azərbaycanın özü ilə birlikdə səhiyyə sistemi də xilas edildi. Səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması məqsədilə tarixi qərarlar qəbul edildi.Vətəndaşların sağlamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır.

“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz” – deyən Ulu Öndərin müəllifi olduğu Konstitusiyamızda qeyd olunur ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bəli, “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.” Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Çünki “Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır”. Maddi vəziyyətdən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Çünki “Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır”.

Ulu Öndər Heydər Əliyev tərəfindən 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra ölkədə təhsil islahatlarına başlanılmışdır. Həmin proqrama uyğun olaraq ali təhsildə struktur dəyişiklikləri aparılmış, təhsil müəssisələrinə müstəqillik və geniş səlahiyyətlər verilmiş, bir sıra ali təhsil müəssisələri öz fəaliyyətlərini özünüidarəetmə prinsipi əsasında qurmuş, təhsilin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə dövlət təhsil ocaqları ilə yanaşı, qeyri-dövlət təhsil müəssisələrinin şəbəkəsi də inkişaf etmişdir.

Mənzil hüququ da Konstitusiyamızda təsbit olunmuş əsas hüquqlardan biridir. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Ölkəmizdə insan haqlarının etibarlı təminatına verilən müstəsna əhəmiyyətin daha bir bariz nümunəsi olaraq Ümummilli Lider tərəfindən 1998-ci ildə “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalandı və insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı.

Hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Konstitusiyanın bu müddəası ilə hər kəsin sahibkarlıq sahəsində iqtisadi fəaliyyəti onun şəxsi azadlığının təzahürü kimi təsbit olunur və azad iqtisadi fəaliyyət prinsipi inkişaf etdirilir. Sahibkarlığın inkişafı isə ölkə iqtisadiyytaının inkişafı deməkdir. Ölkəmizdə bazar iqtisadiyyatı münasibətlərinin təqərrisini təmin edən və bu sahədə aparılan islahatlar isə bütövlükdə azad sahibkarlıq hüququnun həyata keçirilməsinə təminat verir. İqtisadiyatın ümumi inkişafı ilə yanaşı, ölkənin aqrar sahəsinin də inkişafı daim Ulu Öndərin diqqət mərkəzində olmuşdur. Hələ 1994-cü il dekabırın 10-da keçirilmiş “Aqrar islahat: problemlər və onların həlli yolları” mövzusunda beynəlxalq konfransda çıxış edən Ümummilli Lider demişdir: “... Biz islahatçı qüvvələrə yol açmalı, islahatları cəsarələ həyata keçirməliyik. Ən əsas prinsiplərdən biri odur ki, gərək xalqımıza, xususən kasıb təbəqəyə, kəndlilərə, daim torpagla bağlı adamlara zərər vurulmasın, əksinə xeyir gətirilsin. İslahatlar yeni sahibkarlar yaradacaq, ancaq aqrar bölmə ilə bağlı hər bir adam öz payını almalıdır. Bu islahatlar xalqımızın ümumi rifahinın qaldırılması üçün həyata keçirilməlidir”. Ulu Öndərin diqqət və qayğısı nəticəsində 1993-2003-cü illərdə sahibkarlığın inkişafı istiqamətindəuğurlu siyasət həyata keçirilmiş və bu siyasət nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun payı əhəmiyyətli dərəcədə artmışdır.

Milli dövlət quruculuğu sahəsində həmin dövrdə qarşıya qoyduğu vəzifələri dahi Öndər belə bəyan edirdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan... öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli varisi cənab İlham Əliyev isə xüsusi olaraq qeyd edir: “Bu gün Azərbaycan tam mənada müstəqil siyasət aparır, heç kimdən asılı deyil və öz siyasətini yalnız və yalnız Azərbaycan xalqı naminə aparır”. Əlbəttə, bu gün cənab Prezidentin həyata keçirdiyi Ulu Öndərin siyasi kursu özünün dönməz xarakteri, perspektivləri və əbədiliyi ilə alternativsizdir. Çünki onun başlıca qayəsi İnsan və İnsan amilidir.

Faiq SƏFƏROV

Hüquqşünas

Naxçıvan şəhəri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see214

Daha bir türkiyəli müğənni Bakıya gəlir

31 Avqust 2025 00:02see193

Kaxaber Tsxadadze: Qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik

31 Avqust 2025 00:09see159

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see149

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see133

Gəncədə qəza olub, xəsarət alanlar var

30 Avqust 2025 22:30see133

Trampın bu dediyi Modini əsəbiləşdirib

30 Avqust 2025 19:45see132

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see131

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see130

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see128

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see125

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see124

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see123

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see118

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see117

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see116

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see116

ABŞ Ukraynaya bu təyyarələri cəlb etmək istəyir

30 Avqust 2025 21:29see116

İnflyasiyaya təsir edən amillər: İdxal edilən məhsulların qiymətləri, yoxsa tələbatın artması?

30 Avqust 2025 23:38see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri