Sosial şəbəkələrin yeni trendi: sublimasiya olunmuş dondurma nə qədər təhlükəsizdir?
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Son günlər sosial şəbəkələrdə, xüsusilə "TikTok" və "instagram"da sublimasiya olunmuş dondurma geniş yayılıb. Xırtıldayan quruluşu, uzunömürlü olması və fərqli dad təcrübəsi insanlarda maraq doğurur. Adi dondurmadan tam fərqli dad və forma təqdim edən bu məhsul bəziləri üçün maraqlı desert, bəziləri üçün isə sual işarəsidir: bu yeni trend nə qədər təhlükəsizdir?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Ölkə.az-a açıqlamasında bildirib ki, sublimasiya və desublimasiya prosesləri istər sənayedə, istərsə də qida sənayesində tətbiq edilir:
"Məsələn, qida sənayesində gördüyümüz quru meyvələr, eləcə də buzdan alınmış qaz formasında olan maddələr məsələn, texniki buz daim buxarlanır. Bunlar sublimasiya yolu ilə əldə olunur. Dondurma və ya digər maddələr əvvəlcə dondurulur, daha sonra xüsusi vakuum kameraya yerləşdirilir. Orada 30–60 dərəcə temperaturda qızdırılır. Bu zaman buz buxarlanır və alınan maddə xüsusi vakuum şəraitində saxlanılır, daha sonra xüsusi qablaşdırmada (paketdə) bağlanır. Bu isə məhsulun uzun müddət saxlanmasına imkan verir.
Əslində, sublimasiya mahiyyət etibarilə bir maddənin bərk haldan birbaşa maye mərhələsini keçmədən qaz halına keçməsidir. Əks proses isə, yəni qaz halından birbaşa bərk hala keçmə desublimasiya adlanır. Ümumilikdə, bu tip dondurmaların bədənə, orqanizmə ziyanı ilə bağlı qeyd etmək lazımdır ki, meyvə və ümumilikdə qida məhsulları nə qədər çox emala məruz qalırsa, onların tərkibində olan üzvi maddələr də bir o qədər dəyişikliyə uğrayır. Söhbət məhz bundan gedir".
Həkim qeyd edib ki, bəzi meyvələr termiki emal zamanı və digər proseslərdə tərkibində müxtəlif zərərli maddələr əmələ gətirə bilər:
"Hər halda, ilkin mərhələdə bu məhsulların orqanizmə konkret ziyanı barədə qəti fikir söyləmək çətindir. Amma burada bir məqam mütləq nəzərə alınmalıdır: dondurmanın ilkin xammalı, yəni süd və onun tərkibində istifadə olunan digər, az miqdarda olan inqrediyentlər. Çünki dondurmaya rəng və dad verən müxtəlif maddələr də əlavə olunur. Bu maddələrin hansı mənbədən və hansı materialdan əldə edilməsi çox önəmlidir.
Çünki sublimasiya prosesi zamanı müxtəlif zərərli maddələr buraxa bilər və bu məsələ mütləq şəkildə araşdırılmalıdır. Hər halda, müəyyən bir müddətdən sonra bununla bağlı elmi nəticələr ortaya çıxacaq".
Qida eksperti İlkin Şirinov isə bildirib ki, bu cür məhsulları uzun müddət saxlamaq mümkündür:
"Risk məsələsinə gəldikdə isə, doğrudur, uzunömürlü saxlama üstünlük hesab olunur, lakin burada məhsulun konservant və əlavə qatqılar olmadan hazırlanması məsələsi ön plana çıxır. Əsas məqsəd dadın və qida tərkibinin saflığının qorunmasıdır. Burada xüsusilə zülalın qorunması vacibdir. Çünki yüksək temperaturda aktiv zülallar məhv ola bilər. Bundan əlavə, suda həll olan vitaminlər qrupu mövcuddur ki, nəmin çıxarılması və oksidləşmə prosesi zamanı bu vitaminlərin miqdarı müəyyən qədər azalır. Bu da nəzərə alınmalıdır.
Təhlükə məsələsinə gəldikdə isə, əsas risklər istehsalat şəraiti ilə bağlıdır. Gigiyenik və sanitar normalara əməl olunması olduqca vacibdir. Eyni zamanda, süni dadlandırıcılar və rəngləndiricilər istifadə edilərsə, insan sağlamlığı üçün müəyyən problemlər yarana bilər. Bu, xüsusilə allergik reaksiyalar baxımından risklidir. Allergen tərkibli məhsullar müxtəlif allergik reaksiyalara səbəb ola bilər.
Ümumilikdə isə, sertifikat məsələsi burada həlledici əhəmiyyət daşıyır. Sertifikatsız məhsulların alınması və istifadəsi qətiyyən yolverilməzdir. Qida etiketi və məhsulun tərkibi mütləq yoxlanılmalıdır. Markalanma məsələsi xüsusi önəm daşıyır və qida etiketlənməsinə diqqətlə yanaşılmalıdır. Əgər məhsul keyfiyyətsiz istehsal olunarsa və vakuumlama prosesi düzgün aparılmazsa, mikroblar canlı qala bilər ki, bu da müxtəlif zəhərlənmə risklərinə səbəb ola bilər. Bundan əlavə, süni dadlandırıcılar və yüksək şəkər tərkibi şəkərli diabet, çəki artımı və digər sağlamlıq problemləri yarada bilər.
Qatqı maddələri allergik reaksiyalara səbəb ola bilər, xüsusilə də allergen mənşəli maddələrdən çox istifadə edildikdə. İnsanlara bu məhsullarda ən çox xoş gələn cəhət onun xırtıldayan olmasıdır. Lakin unutmaq olmaz ki, xırtıldayan qidalar daha sürətlə yeyilir. Bu isə müəyyən hallarda mədə və həzm problemlərinə yol aça bilər. Uşaqlar üçün isə, tərkibindəki yüksək şəkər miqdarını nəzərə alaraq, bu məhsulların tez-tez istifadəsi məsləhət görülmür. Ona görə də bir daha vurğulamaq lazımdır ki, yalnız sertifikatlı, etibarlı mənbədən olan, Qida Agentliyinin və Qida İnstitutunun nəzarətindən keçmiş məhsullardan istifadə etmək tövsiyə olunur".
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 19 Yanvar 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















