Söz körpüsü Aynur Ədil yazır
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Aynur Ədil
Gürcüstan mənim üçün sadecə səyahət etdiyim və ya gəzdiyim ölkə deyil, həmçinin ora mənim ikinci evim kimi doğma yerdir. Mən hər dəfə Gürcüstana gedəndə ölkəmə qucaq dolusu xatirələr və unudulmayacaq anlarla birgə qayıdıram. Oraya uşaqlıqda ilk ayaq basdığım andan etibarən adını verə bilmədiyim bir qüvvə məni sevgi ilə Gürcüstan torpaqlarına bağlamışdı. Əsla Gürcüstanda özümü qürbətdə və ya əcnəbi kimi hiss etməmişəm. Hətta bunu düşünmək belə, mənim üçün günaha bərabərdir.
Bəzən də mənə elə gəlir ki, bir ölkəni, torpağı sənə doğmalaşdıran ən vacib nüans oradakı insanların bizə olan müasibətidir. Məhz mən hər zaman orada olduğum müddət ərzində gürcü xalqından sevgi, səmimiyyət, hörmət görmüşəm. Görməyə isə hələ də davam edirəm. Bir sözlə, Gürcüstan mənim üçün heç vaxt sadecə xəritədəki qonşu ölkə olmayıb. Bu torpağın küçələri, kilsə zənglərinin səsi, insanların səmimiyyətində mənə doğma gələn nələrsə var və inanıram ki, bu hər zaman belə davam edəcək. Sentyabrın son günündə Gürcüstana səfərim isə ömür kitabımda yeni və unudulmaz səhifə açdı- ədəbiyyatın, dostluğun və yaddaqalan görüşlərin səhifəsini.
1-4 Oktyabr tarixlərində Gürcüstanda keçirilən beynəlxalq festivalda iştirak etdim. Həmin festivalda iştirak etmək, Gürcüstanın, Azərbaycanın həmçinin Türkiyənin dəyərli qələm sahibləri ilə tanış olmaq, birlikdə maraqlı anları paylaşmaq yaddaşımın və qəlbimin ən gözəl guşəsində mənimlə əbədi yaşayacaq. Bəzi görüşlər var ki, onlar sadecə rəsmiyyətdən ibarət deyil, həmçinin insanlar bu festivallar sayəsində bir-birilə doğmalaşırlar. Məhz Tiflisdə keçirilən həmin beynəlxalq festival doğmalaşmağın və ən əsası, Azərbaycan-Gürcüstan arasındakı ədəbi əlaqələrin bariz nümunəsi idi. Yaradıcılığımızı qarşılıqlı şəkildə təqdim etmək və bir-birimizlə tanış olmaq festivalın rəsmi proqramının mühüm tərkib hissəsini təşkil edirdi. Festivalın rəsmi çərçivəsindən kənarda isə yaşadıqlarım və şahidi olduqlarım məni hədsiz duyğulandırırdı. Hər bir qələm sahibindən gördüyüm doğmalıq, isti münasibət, sevgi və səmimiyyət məni Gürüstana daha çox bağlayırdı. Onlar sanki məni illərlə tanıyırmış kimi ilk gündən etibarən çox böyük sevgi ilə qarşıladılar. Bu isə festivalın sonuna kimi belə davam etdi. Bir gün özümü pis hiss edəndə mənə göstərdikləri qayğı, nəvaziş, qonaqlıqda hər qədəh qaldırıldığında ünvanıma yolladıqları əsrarəngiz cümlələr, xoşbəxtlik arzuları, mənə “padara qoqo (balaca qız)” deyərək müraciətləri, kilsədə birlikdə etdiyimiz dualar qəlbimdə xüsusi yer tutdu və bu səfərimi daha da unudulmaz etdi. Hətta yazıçılardan biri demişdi ki: sən gözəl qızsan, qoy Tanrı da bəxtini sənin kimi gözəl etsin...Digəri isə məni “gül”adlamdırmışdı... Sanki özümü hansısa festivalda deyil, Gürcüstanda bir ailəmin və doğmalarımın yanında hiss edirdim. Ümumiyyətlə, uşaqlıdan bəri gürcü mədəniyyət, musiqi, ədəbiyyatı və ən əsası, xalqına olan sevgimi artıq onlar da bilirdilər. Həmin festivalda iştirak edənlər və yazıçılardan özümə qarşı gördüyüm isti münasibət sevgimin qarşılıqlı olduğunun sübutu idi...
İndi isə qürurla qeyd etmək istəyirəm ki, festivalda mənə verilən hədiyyələr içərisində ən dəyərlisi “Heydər Əliyev və Gürcüstan” kitabı idi. Mən kitabı götürər-götürməz daxilimdə fəxrlə birgə qəribə duyğulanmaq hissləri baş qaldırdı. İllər əvvəl ümumilli liderimizə ithaf etdiyim “Bir əsrə sığmayan ömür” adlı məqaləm var idi. Çünki, içimdəki ümumilli liderimizə olan sevgim Yerə göyə sığmayacaq qədər böyük və çox dərindir... Qonşu ölkədə bizim dünya səviyyəli liderimiz üçün yazılan kitab məni həm qürurlandırdı həm də kövrəltdi... Sanki İlahi bütün sevdiyim hər şeyi və hər kəsi o gün mənim üçün bir araya gətirmişdi. Kitabda isə gürcü yazıçılar ümumilli liderimizi belə adlandırıblar : “Böyük şəxsiyyət”, “Böyük siyasətin baş ustadı” “Böyük dövlət xadimi”...
Mən artıq Tiflisdən Bakıya geri qayıdanda dolu olan yalnız səyahət çantam deyildi...Qəlbim ən xoş və əbədi ruhuma kök salmış xatirələrlə dolu idi. Festivalda yaşanılan sözlərlə ifadə olunmayacaq qədər dəyərli xaitrələrin bir hissəsi olmaq mənim üçün həm sevincli, həm də qürurvericidir. Gürcüstan mənim ikinci evimdir və mən hər zaman oraya getməkdən məmnunluq hissi duyuram...
Festivalda Gürcüstan Yazıçılar Birliyinin sədri, şairə Makvala Qonaşvili, birliyin həmsədri, şair Bageter Arabuli, tərcüməçi və birliyin mətbuat katibi Manana Qorqişvili, yazıçı və tərcüməçi Manana Dumbadze, şair və “Literaturnaya Qruziya” nəşrinin baş redaktoru Cuba Gebeli, türkoloq və tərcüməçi Makvala Xarebava, Türkiyəli yazıçı və tərcüməçi Harun Çimke, azərbaycanlı şair və jurnalist Emil Nəsirli, azərbaycanlı yazıçı mən Aynur Ədil, Niderlandda yaşayan tərcüməçi Arçil Cavaxadze, şairə və tərcüməçi İa Xasaiya, şairə və tərcüməçi Mari Tabagari, eləcə də şairə və tərcüməçi Nino Modrekiladze iştirak edirdilər.
Sonda isə ölkəmdəki dəyərli yazıçılarımıza məni hər zaman dəstəklədikləri üçün onlara dəyər dolu minnətdarlığımı bildirirəm. Onlardan yazıçı Anar, Rəşad Məcid, Çingiz Abdullayev və Sabir Rüstəmxanlının adlarını çəkmək mütləqdir. Yaradıcılığıma ilk başadığım günlərdən fərqli vaxtlarda ayrı-ayrılıqda hər biri ilə görüşərkən yalnız dəstək, diqqət gördüm və hər zaman özüməinamım birə-beş artdı.
Azərbaycan-Gürcüstan dostluğu, qardaşlığı və birliyi əbədi olsun. Hər iki ölkə üçün yazıb-yaratmaqdan qürur duyuram.
Baxış sayı:115
Bu xəbər 09 Oktyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















