Icma.az
close
up
RU
Strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru ŞƏRH

Strateji tərəfdaşlıqdan müttəfiqliyə doğru ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlər əsrlər boyu formalaşmış ortaq tarixə, mədəniyyətə, dilə, mənəvi dəyərlərə və qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm təməl üzərində qurulan dövlətlərarası əlaqələr son illərdə özünün yeni və daha yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə qeyd etdiyi kimi, iki qardaş ölkə arasında münasibətlər artıq strateji tərəfdaşlıqla məhdudlaşmır, müttəfiqlik səviyyəsinə yüksələrək yeni məzmun qazanır.

Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərin bugünkü yüksək səviyyəsində hər iki ölkənin dövlət başçılarının şəxsi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətləri mühüm rol oynayır. Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə mövcud səmimi münasibətlərin Azərbaycan–Özbəkistan qardaşlığının möhkəmlənməsinə, dövlətlərarası əlaqələrin inkişafına və müttəfiqlik münasibətlərinin daha da dərinləşməsinə xüsusi töhfə verdiyini vurğulayır.

Son illərdə dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivləşməsi iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu nümayiş etdirir. Belə ki, son beş il ərzində ən yüksək səviyyədə 15 qarşılıqlı səfər və çoxsaylı təmaslar həyata keçirilmişdir. Bu səfərlər yalnız siyasi münasibətlərin inkişafına deyil, həm də iqtisadiyyat, investisiya, nəqliyyat, energetika, təhsil, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişlənməsinə mühüm zəmin yaratmışdır.

Azərbaycan–Özbəkistan münasibətlərinin hüquqi və siyasi əsaslarının daha da möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri 2024-cü ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri olmuşdur. Bu səfərlər çərçivəsində imzalanan sənədlər, xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün möhkəm hüquqi baza formalaşdırmışdır.

Münasibətlərin institusional əsaslarının gücləndirilməsi baxımından 2023-cü ilin avqustunda yaradılmış Ali Dövlətlərarası Şura xüsusi əhəmiyyət daşıyır. Bu mexanizm uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi və müxtəlif istiqamətlərdə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi baxımından mühüm platformaya çevrilmişdir. Şuranın Daşkənddə və Bakıda keçirilmiş iclasları Azərbaycan–Özbəkistan münasibətlərinin ardıcıl və perspektivli xarakter daşıdığını bir daha nümayiş etdirmişdir.

Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri iqtisadi və ticari əlaqələrdir. Son illərdə bu sahədə ciddi artım dinamikası müşahidə olunur. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatmışdır. 2026-cı ilin yanvar–may aylarında isə ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar təşkil etmişdir. Bu göstəricilər iqtisadi əlaqələrin getdikcə daha da dərinləşdiyini və qarşılıqlı ticarət potensialının geniş olduğunu göstərir.

İnvestisiya əməkdaşlığının inkişafında Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Üç il əvvəl 500 milyon ABŞ dolları ümumi kapitalla yaradılmış şirkət hər iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrində perspektivli layihələrin maliyyələşdirilməsi və həyata keçirilməsi üçün mühüm platformaya çevrilmişdir. Bununla yanaşı, iki ölkənin hökumətləri arasında fəaliyyət göstərən Hökumətlərarası Komissiyanın 15 iclasının keçirilməsi iqtisadi-ticari və investisiya əlaqələrinin sistemli şəkildə inkişaf etdirildiyini göstərir.

Energetika sahəsi də Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biridir. Neft-qaz sektorunda birgə müəssisələrin fəaliyyəti ilə yanaşı, son illərdə yaşıl enerji sahəsində əməkdaşlıq üçün də mühüm addımlar atılmışdır. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika qurumları tərəfindən “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi bərpaolunan enerjinin ixracı və Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizinin inkişafı baxımından əhəmiyyətli təşəbbüsdür.

Nəqliyyat və logistika sahəsində də əməkdaşlıq dinamik xarakter daşıyır. 2025-ci ildə iki ölkə arasında tranzit daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatmışdır. 2026-cı ilin yanvar–iyun aylarında isə daha 12,2 faiz artım qeydə alınmış və daşımaların həcmi 675 min ton təşkil etmişdir. Azərbaycan və Özbəkistanın coğrafi mövqeyi onları Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat marşrutlarında təbii tərəfdaşlara çevirir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası gələcəkdə region üçün yeni iqtisadi və tranzit imkanları yarada bilər.
İqtisadi əməkdaşlığın daha bir mühüm istiqaməti sənaye və kənd təsərrüfatı layihələridir. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistanın iştirakı ilə 100 hektarlıq “Dostluq bağı” adlı nar bağının salınması iki ölkənin qardaşlıq münasibətlərinin konkret layihələrdə təcəssümünü göstərir. Eyni zamanda, “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlıq həyata keçirilir. 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə 10 720 “Chevrolet” markalı avtomobil və 275 “Isuzu” markalı avtobus istehsal edilmişdir.

Azərbaycan və Özbəkistan arasında investisiya əlaqələri qarşılıqlı xarakter daşıyır. Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatının qeydiyyatdan keçməsi bunun göstəricisidir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində fəaliyyət göstərirlər. Öz növbəsində, Azərbaycan şirkətləri də Özbəkistanda müxtəlif layihələr həyata keçirirlər. “PASHA Holding” tərəfindən Daşkənddə “The Ritz-Carlton” brendi altında hotel və yaşayış kompleksinin inşası, eləcə də Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” turizm və yaşayış kompleksinin yaradılması bu əməkdaşlığın nümunələrindəndir.

Azərbaycan–Özbəkistan münasibətlərinin gücünü yalnız iqtisadi göstəricilərlə ölçmək mümkün deyil. İki xalqı birləşdirən əsas amillərdən biri də ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərdir. Son illərdə mədəni-humanitar sahədə keçirilən tədbirlər, mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və müxtəlif təhsil proqramları xalqlarımız arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət etmişdir. 2023 və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin, 2024-cü ildə isə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi bu əlaqələrin genişliyini nümayiş etdirir.

Təhsil sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşı Özbəkistanda təhsil almışdır. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına orta məktəb iki ölkə arasında qardaşlıq münasibətlərinin və humanitar əməkdaşlığın ən parlaq nümunələrindən biridir. Bu təşəbbüs Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq prosesinə Özbəkistanın verdiyi dəstəyin də ifadəsidir.

İki ölkə arasında humanitar əlaqələrin daha bir mühüm istiqaməti media və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıqdır. 2024-cü ildə Daşkənddə, 2025-ci ildə isə Bakıda Azərbaycan–Özbəkistan Media Forumlarının keçirilməsi media əlaqələrinin inkişafına mühüm töhfə vermişdir. QHT-lər arasında əməkdaşlıq forumlarının keçirilməsi və 2026-cı ildə iki ölkənin birgə ilk dəfə QHT-lər üçün qrant müsabiqəsi elan etməsi də xalqlar arasında birbaşa əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Turizm və regionlararası əməkdaşlıq da Azərbaycan–Özbəkistan münasibətlərinin yeni inkişaf istiqamətlərindəndir. Özbəkistandan Azərbaycana gələn turistlərin sayında son illərdə artım müşahidə olunmuşdur. 2024-cü ildə ölkəmizi 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar–avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı ziyarət etmişdir. Bakı–Daşkənd, İsmayıllı–Riştan, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokənd, Biləsuvar–Termez, Mingəçevir–Namanqan, Füzuli–Gülüstan, Quba–Cizak və Beyləqan–Şəhrisəbz şəhərləri arasında qurulan qardaşlaşma münasibətləri xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir.

Azərbaycan və Özbəkistanın əməkdaşlığı ikitərəfli münasibətlərlə məhdudlaşmır. Hər iki ölkə beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda bir-birini dəstəkləyir. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan TDT-ni yalnız dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tarix, mədəniyyət və mənəvi dəyərləri gələcəyə daşıyan mühüm birlik kimi qiymətləndirirlər.

Bu baxımdan Azərbaycan–Özbəkistan əməkdaşlığı bütövlükdə Türk dünyasının inteqrasiyasına mühüm töhfə verir. Siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi türk dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Özbəkistanın 2025-ci ilin may ayında Türk Mədəniyyəti və İrsi Fondunun tamhüquqlu üzvü qəbul edilməsi də ortaq türk irsinin qorunması və təşviqi baxımından mühüm hadisə olmuşdur.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafında Özbəkistanın xüsusi rolu vardır. Tarixi və mədəni yaxınlıq, ortaq mənəvi dəyərlər və qarşılıqlı maraqlar Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın möhkəm əsasını təşkil edir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakına dair qərarın qəbul edilməsi ölkəmizin regionla münasibətlərə verdiyi strateji əhəmiyyətin göstəricisidir. Beləliklə, əvvəllər “C5” formatında olan əməkdaşlıq faktiki olaraq “C6” formatına çevrilmiş və regional əməkdaşlığın yeni mərhələsinə yol açmışdır.

Bütün bunlar göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri yalnız iki dövlət arasında diplomatik əlaqələrin inkişafı ilə məhdudlaşmır. Bu münasibətlər ortaq tarixə, mədəniyyətə, qarşılıqlı etimada, siyasi iradəyə və gələcəyə hesablanmış strateji baxışa əsaslanan hərtərəfli əməkdaşlıq modelidir. Siyasi dialoqdan iqtisadi tərəfdaşlığa, enerji və nəqliyyatdan təhsil və mədəniyyətə, regional əməkdaşlıqdan Türk dünyasının birliyinə qədər geniş spektri əhatə edən bu münasibətlər hər iki xalqın milli maraqlarına və rifahına xidmət edir.

Azərbaycan və Özbəkistanın qarşılıqlı səyləri nəticəsində formalaşan müttəfiqlik münasibətləri gələcəkdə daha böyük layihələrin və yeni əməkdaşlıq formatlarının reallaşdırılması üçün geniş imkanlar yaradır. Dövlət başçıları arasında mövcud yüksək səviyyəli siyasi dialoq, xalqlar arasında dərin qardaşlıq bağları və qarşılıqlı etimad bu münasibətlərin davamlı inkişafının əsas təminatıdır.

Bu gün Azərbaycan–Özbəkistan münasibətləri iki qardaş xalqın ortaq keçmişindən güc alaraq gələcəyə doğru inamla irəliləyən münasibətlər nümunəsidir. Cənab Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlər də göstərir ki, Azərbaycan və Özbəkistan arasında formalaşmış müttəfiqlik yalnız mövcud nailiyyətlərin nəticəsi deyil, həm də gələcək nəsillər üçün daha sıx əməkdaşlıq, qarşılıqlı rifah və Türk dünyasında daha güclü birlik perspektivinin möhkəm təməlidir.

Emil Zaidli

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Maliyyə şöbəsinin böyük mütəxəssisi,YAP Nərimanov rayon Təşkilatının fəal üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see323

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see259

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see255

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see248

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see248

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see246

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see237

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see201

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see200

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see172

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see169

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see167

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see166

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see164

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see163

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see163

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see158

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see150

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see144

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri