Icma.az
close
up
RU
Su israfçılığı mənəvi cinayətdir

Su israfçılığı mənəvi cinayətdir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Dünyada iqlim dəyişmələri nəticəsində havanın orta temperaturu artır, buxarlanma çoxalır, yağıntıların miqdarı azalır, təbii olaraq, su ehtiyatları da azalır. Bu gün dünyanı narahat edən problemlərdən biri də qlobal istiləşmədir. Hazırda dünya qlobal istiləşmə təhlükəsi və mövcud təbii su ehtiyatlarının quruması kimi çox təhlükəli vəziyyətlə qarşı-qarşıyadır. Bütün ölkələr iqlim dəyişmələrinin fəsadlarına qarşı tədbirlər görür. Ölkəmizdə də bu sahədə araşdırmalar, təhlillər və qiymətləndirmələr aparılır.

Sudan qənaətlə istifadə və su mənbələrinin mühafizəsi prioritet sahələrdəndir. Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalı, müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə edilməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırmalıdır.

Ölkəmizdə əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi və suvarma suyu ilə təminat sosial siyasətin əsas hədəflərindəndir. Ölkə başçısının rəhbərliyi ilə bununla bağlı son illərdə ciddi layihələr reallaşdırılmış və qarşıya hədəflər qoyulmuşdur. Su ehtiyatlarından səmərəli istifadə, əhalinin içməli su ilə təminatı, tullantı və lay sularının idarə olunması, su ehtiyatlarının tullantılardan mühafizəsi istiqamətində bir sıra işlər görülmüşdür.

Regionlarda, eləcə də Bakı şəhəri və Abşeron yarımadasında genişmiqyaslı layihələr həyata keçirilmişdir. Ölkə əhalisinin içməli su ilə təmin edilməsi üçün boru kəmərlərinin çəkilişi və təmizləyici qurğuların qurulması üzrə irimiqyaslı layihələr icra edilmiş, eyni zamanda, mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulmuş, yeni kanalizasiya şəbəkələri çəkilmiş, mövcud tullantı sutəmizləyici qurğuları modernləşdirilmiş və yeniləri inşa olunmuşdur.

2025-ci il ərzində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti su ehtiyatlarının səmərəli idarə olunması, əhalinin dayanıqlı içməli su təchizatı, tullantı və yağış sularının daşınması istiqamətində mühüm layihə və tədbirlərin icrasını davam etdirib. Bu barədə qurumun mətbuat xidmətindən aldığımız məlumata görə, il ərzində paytaxtda və digər regionlarda içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması, yenilənməsi üzrə genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilib.

Bir sıra yaşayış məntəqələrində istimar müddəti bitmiş su xətləri “Sutikinti” MMC və yerli sukanal idarələri tərəfindən mərhələli şəkildə yeniləri ilə əvəz olunub. Yeni magistral və paylayıcı xətlərin çəkilməsi istiqamətində layihələrin 2025-ci il üçün planlaşdırılan işləri yekunlaşmaq üzrədir. Bu ildən layihələrin plan üzrə davam etdirilməsi nəzərdə tutulur.

Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən bu ilin 12 ayı ərzində Bakı şəhəri və Abşeron rayonu üzrə 10,4 kilometr magistral su xətti, 91,11 kilometr şəbəkə su xətti, 38 kilometr su ev birləşməsi, 33,49 kilometr kanalizasiya xətti, 16,13 kilometr kanalizasiya ev birləşmələri xətləri, 19,93 kilometr kanalizasiya kollektoru və 17,27 kilometr təzyiqli kanalizasiya kollektor xətti, o cümlədən mikrotunel və yağış suyu xətləri çəkilib.

Ceyranbatan–Abşeron–Balaxanı–Ramana–Zirə–Pirallahı magistral su kəmərinin və həmin kəmər boyu yerləşən mərkəzi anbarların tikintisi, Ağ Şəhər, Sumqayıt şəhəri “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış sularının idarə olunması sisteminin yaradılması, Ramana, Şüvəlan, Şağan, Bilgəh, Goradil, Badamdar, Binə, Novxanı, Zabrat, Buzovna qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində tikinti-quruculuq işləri plan üzrə icra edilir.

Həmçinin cari il ərzində tullantı sularının idarə olunması sahəsində də mühüm addımlar atılıb. Mövcud kanalizasiya şəbəkələrinin ötürücülük qabiliyyətinin artırılması, tullantı sularının maneəsiz şəkildə daşınması və subasma hallarının qarşısının alınması məqsədilə yeni kollektor və xətlərin inşasına başlanılıb. Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğu, Sahil kollektoru, Zığ-Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində tikinti-quruculuq işləri icra olunur. Bu layihələr tullantı sularının idarə edilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək.

Su sərfiyyatının dəqiq hesabatının aparılması, itkilərin qarşısının alınması, istehlakın tənzimlənməsi və ödənişlərin şəffaf şəkildə hesablanması məqsədilə sayğaclar quraşdırılıb və yenilənib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nəzarət Ölçü Cihazları İdarəsi ötən il əhali üzrə 26 min 975, qeyri-əhali üzrə 2 min 279, ümumilikdə 29 min 254 sayğac quraşdırıb. İl ərzində əhali üzrə 59 min 354, qeyri-əhali üzrə 4 min 891, ümumilikdə 64 min 245 sayğac dəyişdirilib.

“ASAN xidmət”, “ASAN kommunal” mərkəzlərinə və KOB Evlərinə 11 ay ərzində 180 min 126 müraciət daxil olub, 172 min 428 müraciətə xidmət göstərilib, 7 min 698 sakinə sənədləri tam şəkildə təqdim etməyin vacibliyi izah edilib.

Respublika üzrə 24 saat fasiləsiz xidmət göstərən “955” Zəng Mərkəzinə il ərzində 694 min 178 müraciət daxil olub, 250 min 980 iş əmri açılıb, 249 min 341-i icra olunub, 1518-i müraciət icradadır. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Çağrı Mərkəzi ADSEA və tabeli qurumların sosial şəbəkə hesabları, votsap, onlayn çat, səsli mesaj vasitəsilə daxil olan müraciətləri qəbul edir, aidiyyəti üzrə yönləndirir, araşdırılaraq cavablandırılmasını və icrasını nəzarətdə saxlayır.

Paytaxtla yanaşı, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir və Naxçıvan şəhərlərində də mühüm layihələr üzrə işlər icra edilib. 2025-ci il ərzində Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri, həmçinin bağ massivləri və istirahət mərkəzlərindən Xəzər dənizinə axıdılan tullantı suların qarşısını almaq məqsədilə 15,2 kilometr uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektoru inşa edilib, dənizə birbaşa çıxışı olan kanalizasiya xətləri bu kollektora birləşdirilib, 2 ədəd kanalizasiya nasos stansiyası tikilib.

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində 58,2 kilometr magistral, 309 kilometr içməli su və 324 kilometr kanalizasiya xətti çəkilib. Eyni zamanda, büdcə vəsaiti hesabına isə 61 kilometr uzunluğunda müxtəlif ölçülü içməli su və 56 kilometr kanalizasiya şəbəkə xətti çəkilərək abonent birləşmələri verilib. Digər şəhərlər üzrə də tikinti-bərpa işləri aparılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mərkəzi Laboratoriyasında Bakı şəhərinin həm mərkəzi su anbarlarından, həm də məhəllədaxili anbarlardan gündəlik götürülən su nümunələri əsasında mütəmadi analizlər aparılıb. Analizlər 65 içməli su və 59 tullantı su parametri üzrə həyata keçirilib. İçməli su və tullantı su təchizatına yeni qoşulma qaydalarına əsasən il ərzində 2500 vətəndaşa Texniki şərt verilib. Xidmət tərəfindən 12 ay ərzində 2 mediatur və 5 mətbuat konfransı keçirib. 2500-dən çox media sorğusuna cavab verib.

Rövşən ABBASOV,
coğrafiya üzrə fəlsəfə doktoru

Son 100–150 il ərzində dünya miqyasında kütləvi urbanizasiya prosesi həyat səviyyəsinin yüksəlməsi, iri şəhərlərin sürətlə böyüməsi və yeni şəhərlərin formalaşması ilə xarakterizə olunur. Əhali getdikcə daha çox iri şəhərlərdə cəmləşir və bu proseslə paralel olaraq ərzağa və digər əsas kənd təsərrüfatı məhsullarına olan tələbat sürətlə artır. Bu isə, öz növbəsində, su ehtiyatlarına olan tələbatın kəskin şəkildə artmasına səbəb olur.

Orta ölçülü şəhərlərdə gündəlik adambaşına su tələbatı təqribən 150 litr qəbul edilir ki, bu da kifayət qədər böyük göstəricidir. Şəhər əhalisinin şəxsi istifadəsinə düşən bu suya qida istehlakı, qabların və paltarların yuyulması, məişət təmizliyi, şəxsi gigiyena və digər gündəlik fəaliyyətlər daxildir. Məsələn, keçmişdə şəhər mühitində insanlar sudan nisbətən az istifadə edirdilər. Müasir dövrdə isə su istehlakı artıb.

Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalı da sürətlə genişlənir. Dünya əhalisinin 10 milyarda yaxınlaşması fonunda əhalinin ərzaqla təmin edilməsi əsasən suvarma əkinçiliyi hesabına mümkün olur. Suvarma tələb edən kənd təsərrüfatı sahələrində çoxsaylı məhsullar yetişdirilir və bu məhsullar iri şəhərlərə daşınır. Nəticə etibarilə, əgər 200 –300 il əvvəl su əsasən içməli məqsədlər üçün istifadə olunurdusa, bu gün su demək olar ki, bütün iqtisadi və sosial fəaliyyətlərin əsasını təşkil edir.

Həyat səviyyəsinin yüksəlməsi ilə əlaqədar olaraq adambaşına düşən su tələbatı da davamlı şəkildə artır. Bu proses iqlim dəyişmələri fonunda daha da kəskin xarakter alır. Məsələn, Azərbaycanda su ehtiyatları təxminən 20 faizə qədər azalıb. Çayların su həcmi əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb, yağıntıların miqdarı isə aşağı düşüb. Bu vəziyyət torpağın və bitkilərin suya olan tələbatını daha da artırıb.

Bütün bu amillər sudan qənaətli istifadənin zəruriliyini ön plana çıxarır. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanda su mənbələrindən götürülən suyun orta hesabla təxminən 50 faizi itkiyə məruz qalır, problemin miqyası daha aydın görünür. Su kanallar və boru sistemləri vasitəsilə daşınarkən ciddi itkilər baş verir ki, bu da mövcud resurslardan səmərəsiz istifadə deməkdir.

Bundan əlavə, Azərbaycan aşağı axın ölkəsi hesab olunur. Bu o deməkdir ki, Kür və Araz çaylarının yuxarı axınında yerləşən Gürcüstan, Ermənistan və İran kimi ölkələrdə sudan istifadə üzərində Azərbaycanın nəzarət imkanları məhduddur. Həmin ölkələrdə suya olan tələbatın artması nəticəsində respublikamıza daxil olan suyun həcmi getdikcə azalır. Məsələn, Gürcüstanda Kür çayı üzərində, təxminən, 10-a yaxın su anbarının, Ermənistanda isə irili-xırdalı 120-yə yaxın su anbarının tikilməsi planlaşdırılır ki, bu da Azərbaycanın su təhlükəsizliyi üçün ciddi risk yaradır.

Digər tərəfdən, ölkə daxilində suvarılan əkin sahələri də sürətlə genişlənir. 2010-cu ildə suvarılan torpaq sahələri təxminən 800 min hektar təşkil edirdisə, bu göstərici hazırda 1,7 milyon hektara yaxınlaşıb. Belə sürətli artım şəraitində su qıtlığının yaranması qaçılmazdır və mövcud vəziyyət getdikcə daha narahatedici hal alır.

Bu risklərə cavab olaraq ölkəmizdə Milli Adaptasiya Proqramı çərçivəsində bir sıra tədbirlər həyata keçirilir. Xüsusilə, su itkilərinin azaldılması məqsədilə irimiqyaslı infrastruktur layihələri icra olunur. Şirvan kanalının bərpası həyata keçirilir, Qarabağ kanalının isə əsaslı təmir olunması planlaşdırılır. Bu kanallar əvvəllər böyük həcmdə su itkisinə səbəb olurdu. Hazırda betonlaşdırma və yenidənqurma işləri vasitəsilə həmin itkilərin qarşısının alınması hədəflənir. Kanal yenidən inşa edilir və bu, çoxmilyonluq investisiya birbaşa Azərbaycanın su təhlükəsizliyinin təmin olunmasına yönəlib.

Mustafa KAMAL
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see666

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see361

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see218

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see194

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see187

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see184

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see183

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see179

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see175

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see171

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see171

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see170

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see168

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see167

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see166

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see165

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see165

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see164

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see161

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri