Sülhdən yayınan Ermənistanın Rusiya ilə Qərb arasında reveransları
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Pərvanə SULTANOVA
[email protected]
Ermənistan rəsmiləri Azərbaycanla sülh sazişinin imzalanmasına hazır olduqları ilə bağlı ardıcıl bəyanatlar verirlər. Bu ölkənin Baş naziri Nikol Paşinyan bir neçə dəfə analoji bəyanatı səsləndirib. O bəyan edib ki, Azərbaycanla razılaşdırılmış sülh sazişini imzalamağa hazırdır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dünən Aİ səfirlərinin İrəvanda keçirilən regional iclasındakı çıxışında eyni mətnlə danışıb: "Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır. Sülhün mənim ölkəm üçün alternativi yoxdur. Biz, Azərbaycanla hərtərəfli və institusionallaşdırılmış sülhü əzmlə davam etdiririk. Ermənistan sülh müqaviləsini imzalamağa hazırdır".
Yada salaq ki, bu ilin mart ayında Azərbaycan və Ermənistan sülh sazişi mətnindəki bütün 17 müddəanı razılaşdırdıqlarını bəyan etdilər. Bu, əslində çox yaxşı xəbər idi. Çünki İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarına başlamaq, indiki mərhələyə kimi gəlib çatmaq heç də asan deyil. Sülhün təşəbbüskarı, saziş mətninin müəllifi məhz Azərbaycandır. Bu, bir daha onu göstərir ki, Azərbaycan Ermənistandan fərqli olaraq sözdə sülh demir, konkret addımlarla, gərgin səylərlə regonda sülhün bərqərar olmasına töhfə verir.
Sülh sazişi layihəsinin razılaşdırılması əksər beynəlxalq təşkilatlar, aparıcı dövlətlər tərəfindən də alqışlandı. Amma təbii ki, saziş layihəsi mətninin tam razılaşdırılması, eyni zamanda İrəvan rəsmilərinin "sazişi imzalamağa hazır olmaları" ilə bağlı bəyanatları Ermənistanı digər öhdəliklərindən, Bakının irəli sürdüyü iki tələbin yerinə yetirilməsindən azad etmir. Bunlar Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır. Danışıqlar nəticəsində tərəflər arasında əldə edilmiş çox mühüm razılaşmanı - sülh sazişi layihəsini rəsmiləşdirmək üçün İrəvan nə etməli olduğunu yaxşı bilir. Rəsmi Bakı dəfələrlə bu barədə mövqeyini açıqlayıb və öz prinsipial, qətiyyətli, eyni zamanda, haqlı mövqeyindən geri addım atmaq niyyətində deyil.
Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəl Macarıstanda Baş nazir Viktor Orbanla mətbuata bəyanatlarla çıxış edən zaman yenidən bu mövzuya diqqət çəkib: "Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı onu deyə bilərəm ki, sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da biz olmuşuq. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur".
Vurğulanan hər iki məsələ Azərbaycan üçün vacib əhəmiyyət kəsb edir. Çünki birincisi, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəalar qalır. Söhbət "Qarabağın Ermənistana birləşdirilməsi"ndən gedir. Bu halda sülh sazişinin imzalanması qeyri-mümkündür. İllərlə münaqişə vəziyyətində olan iki ölkənin dayanıqlı sülhə ehtiyacları var. Digər tərəfdən, Ermənistana etimad sıfır səviyyədədir, sabah onlar tərəfindən yenidən Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmayacağına heç kim zəmanət verə bilməz.
İkinci məsələ, Qarabağ münaqişəsi artıq həll olunub, indi vaxtilə münaqişənin nizamlanması üçün yaradılmış Minsk qrupunun de-yure mövcudluğu heç nəyi ehtiva etmir. Yəni qurumun ləğvi İrəvan üçün də məqbuldur. Amma görünən odur ki, Ermənistan hakimiyyəti yekun sülh istiqamətində addım atmaq istəmir. Əvəzində ziddiyyətli bəyanatlar verməklə, bu şərtləri yerinə yetirməkdən yayınır. Gah yeni Konstitusiyanın hazırlanacağı, gah Azərbaycanın da Konstitusiyasında guya Ermənistana qarşı "ərazi iddiaları"nın olması ilə bağlı sərsəm bəyanatlar səsləndirirlər. Elə bu günlərdə Avropa Siyasi Birliyinin Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən sammitində İTV-yə müsahibəsində "Hələlik yeni Konstitusiya layihəmiz yoxdur. Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən, qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu, artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır".
Bu, əlbəttə ki, Paşinyanın ağ yalanıdır.
Yaxud ATƏT-in Minsk qrupu ilə bağlı o deyib ki, İrəvan Minsk qrupunun buraxılmasını məqbul hesab edir: "Bizim təklif etdiyimiz həll yolu belədir: sülh sazişi imzalamaq və eyni zamanda ATƏT-in Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət etmək. Yəni eyni yerdə, eyni zamanda - bu çox vacibdir. Bu, regionumuzda qarşılıqlı etimadın və sabitliyin çox mühüm jesti olacaq".
Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin razılaşdırılmış mətnində Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır: "Sülh sazişi Ermənistan Respublikasının parlamentində ratifikasiya edildikdə qeyd olunacaq ki, Ermənistan Respublikasının Azərbaycana və ümumiyyətlə, qonşularına qarşı heç bir ərazi iddiası yoxdur. Sülh sazişini imzalamaq və onu ratifikasiya etməklə bağlı qərar verməyə hazırıq".
Bununla da Ermənistanın Baş naziri Minsk qrupunun ləğvi məsələsində növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.
Azərbaycanın Xarici İşlər Nazirliyinin Paşinyana cavabında da bu məqama diqqət çəkilib. XİN bəyan edib ki, Ermənistan tərəfi üçün beynəlxalq müqavilələrdə ərazi bütövlüyünə dəstək ifadə edilməsinin heç bir əhəmiyyətə malik olmadığı danılmaz bir faktdır. Bunu sübut etmək üçün, Ermənistanın Almatı bəyannaməsinə qoşulması prosesini və bu razılaşmanı necə kobud şəkildə pozduğunu xatırlatmaq yerinə düşər: "Ermənistan tərəfinin daim istinad etdiyi Almatı bəyannaməsinə qoşulan zaman verdikləri qeyd-şərtləri, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğu hər kəsə məlumdur. Baş nazir Ermənistanın tərəf çıxdığı və ratifikasiya edilmiş beynəlxalq müqavilələrin yerli qanunlar üzərində üstünlüyə malik olduğu barədə konstitusiya müddəasına istinad etməklə öz iddialarını arqumentlərlə sübut etməyə çalışması da tamamilə əsassızdır. Bunun əksini sübut etmək üçün Ermənistan konstitusiyasının 5-ci maddəsinə (hüquq normalarının iyerarxiyası) nəzər yetirmək kifayətdir. Məhz bu müddəaya əsasən Ermənistan konstitusiyası ali hüquqi qüvvəyə malikdir və Baş nazirin istinad etdiyi beynəlxalq müqavilənin üstün olması müddəasının konstitusiyaya aidiyyəti yoxdur. Ermənistan konstitusiyasının 21-ci maddəsində istinad olunan Ermənistan gerbinin belə özündə indiki Ermənistanın qonşularına ərazi iddialarını əks etdirdiyi də yaxşı məlumdur. Bununla, Ermənistanın hansı müqaviləyə qoşulmasından asılı olmayaraq, Konstitusiyada Azərbaycan ərazi bütövlüyünə qarşı olan müddəanın saxlanılmasına hər vəchlə çalışılmasının nəyə xidmət etdiyi aydın olur".
Onu da vurğulayaq ki, Ermənistan hakimiyyəti hazırda Rusiya ilə Qərb arasında vurnuxur. Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri İrəvanda səfərdə oldu. Eyni zamanda, Qərbdən Ermənistana əvvəlki dəstək müşahidə olunmur. Ekspertlər Paşinyanın Rusiyaya yönəlməsində həm bu amilin, həm də revanşistlərin aktivləşməsinin rolunu qeyd edirlər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli "525"ə açıqlamasında Ermənistan rəsmilərinin son açıqlamaları, eyni zamanda, İrəvanın Rusiyaya yönəlməsinin əsas səbəblərini açıqlayıb.
Onun sözlərinə görə, Paşinyanın tam şəkildə sülh prosesindən geri çəkiləcəyini düşünmür: "Amma hesab edirəm ki, o, hələ bir müddət də öz ziddiyyətli mövqeyini davam etdirəcək. Paşinyanın ziddiyyətli mövqeyini davam etdirməsinin əsas səbəblərindən biri Ermənistan daxilində revanşist qüvvələrin fəaliyyətdir. Yəni Ermənistanın Baş naziri ehtiyat edir ki, hər hansı ciddi kompromisə getsə, ciddi addım atsa, hakimiyyətini itirə bilər. Ona görə də daxili siyasi təlatümlərdən ehtiyat edərək, vurğuladığım ziddiyyətli mövqeni nümayiş etdirir. Amma son zamanlar revanşistlər kifayət qədər fəallaşıblar, o cümlədən də sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan. Düşünürəm ki, revanşistlərin fəallaşması bütövlükdə sülh prosesinə neqativ təsir göstərir. Eyni zamanda, Ermənistan hakimiyyətinin addımlarına mənfi təsir edir".
Ekspert Paşinyanın tam olaraq Rusiyaya yönəldiyini güman etmir: "Hər halda düşünürəm ki, o, Rusiya ilə Qərb arasında reveranslar edir. Xüsusilə son zamanlar Rusiyaya doğru reveranslarını görürük. Bunun əsas səbəbi qlobal nizamda, daha dəqiq desək, Birləşmiş Ştatların siyasətində, mövqeyində baş verən dəyişikliklərdir. Əvvəllər Bayden administrasiyası birmənalı olaraq Ermənistana dəstək verirdisə, Ermənistan mərkəzli siyasət həyata keçirirdisə, regional siyasətində İrəvana böyük önəm verirdisə, Tramp administrasiyası sələfindən hələ ki, fərqli mövqe tutub, fərqli siyasət yürüdür. Görünür ki, Paşinyan və ətrafı düşünür ki, Birləşmiş Ştatların Ermənistana dəstəyi zəifləyib və bu səbədən də Rusiya ilə də ehtiyatlı davranmağa çalışırlar. Bütövlükdə isə hesab edirəm ki, Paşinyan Qərblə bağlı strateji siyasət həyata keçirir - Rusiyadan uzaqlaşmaq, Qərbə yaxınlaşmaq. Bu strategiyanı dəyişməyiblər, amma qeyd etdiyim ki, ABŞ-də baş verən dəyişiklikdən sonra Rusiyaya doğru müəyyən qədər revereanslar müşahidə olunur ki, bu da Tramp administrasiyasının mümkün siyasəti, perspektiv, həm də cari həyata keçirdiyi regional siyasəti ilə bağlıdır".


