Icma.az
close
up
RU
Süni intellektə keçid: Azərbaycan hansı mərhələdədir? TƏHLİL

Süni intellektə keçid: Azərbaycan hansı mərhələdədir? TƏHLİL

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Azərbaycanda süni intellekt sahəsinin inkişafı son illərin prioritet mövzularındandır. Bu məsələ tez-tez dövlət rəsmilərinin çıxışlarında gündəmə gətirilir, rəsmi strategiyalarda qabarıq formada əksini tapır. Rəqəmsal transformasiya, “ağıllı şəhər və kənd” konsepsiyaları, elektron hökumət həlləri və data-əsaslı qərarvermə mexanizmləri fonunda süni intellektin ölkənin iqtisadi və institusional inkişafında oynaya biləcəyi rol artıq nəzəri müstəvidən çıxaraq praktik gündəmə daxil olub. Lakin bu keçidin real nəticələr verib-vermədiyi, atılan addımların sistemli inkişaf yaradıb-yaratmadığı və formalaşan institutların dayanıqlı olub-olmadığı hələ də açıq qalan əsas məsələlərdəndir.

Təşəbbüsdən tətbiqə keçid

Azərbaycanda süni intellekt sahəsində dövlət siyasətinin formalaşması uzun müddət ayrı-ayrı pilot layihələr və sektor üçün xarakterik spesifik təşəbbüslər səviyyəsində qalıb. Bank sektorunda risk modelləşdirilməsi, kənd təsərrüfatında məhsuldarlıq proqnozları, nəqliyyatda axınların təhlili kimi tətbiqlər mövcud olsa da, bu proseslər vahid milli çərçivə daxilində idarə olunmurdu. Məhz bu boşluq 19 mart 2025-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” ilə aradan qaldırılmağa cəhd göstərildi. Strategiya süni intellektin tənzimlənməsi, infrastrukturun qurulması, insan kapitalının inkişafı və iqtisadi dəyər yaradılması kimi istiqamətləri vahid yol xəritəsində birləşdirdi və sahədəki pərakəndə yanaşmanı mərkəzləşdirilmiş dövlət siyasəti ilə əvəzlədi.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) sədri Elvin Abbasov “APA-Economics”ə açıqlamasında qeyd edib ki, bu sənəd faktiki olaraq ölkədə süni intellekt üzrə xaotik inkişaf mərhələsini başa çatdıraraq sistemli idarəetməyə keçidi təmin edib:

“Məhz bu yanaşma Azərbaycanın qlobal “Süni İntellekt Hazırlığı İndeksi”ndə qısa müddətdə ciddi irəliləyiş əldə etməsinə və reytinqdə 41 pillə yüksələrək 70-ci yerə çatmasına imkan yaradıb.

Hazırda bu texnologiya rəqəmsal bankçılıq və kənd təsərrüfatı kimi sahələrdə tətbiq olunsa da, ən böyük texniki çatışmazlıq hələ də milli dil modellərinin (LLM) tam formalaşmaması, superkompüter infrastrukturunun qurulma mərhələsində olması və yüksək keyfiyyətli Azərbaycan dilli "data" bazalarının (datasets) qıtlığıdır.

Kadr çatışmazlığı

E.Abbasov kadr məsələsinin bu sahədə ən kritik "dar boğaz" olaraq qaldığını vurğulayıb:

“2016-2022-ci illər arasında məlumat elmi (Data Science) mütəxəssislərinə tələbat 60 dəfə artsa da, yüksək ixtisaslı "Senior" səviyyəli süni intellekt memarları və data mühəndisləri çatışmır. Nazir Rəşad Nəbiyevin son İsrail səfəri və İsrailin Milli Süni İntellekt Direktorluğu ilə imzaladığı memorandum məhz bu kadr potensialını gücləndirməyi, superkompüter infrastrukturunu inkişaf etdirməyi və İsrailin mülki sektorlardakı süni intellekt təcrübəsini Azərbaycana transfer etməyi hədəfləyir. Gələcək hədəfimiz isə yeni yaradılan Süni İntellekt Akademiyası vasitəsilə qlobal standartlara uyğun mütəxəssislər yetişdirmək və süni intellektin iqtisadiyyata əlavə dəyər gətirdiyi rəqəmsal bir haba çevrilməkdir”.

E.Abbasovun da qeyd etdiyi kimi, sözügedən strategiyanın mövcudluğu avtomatik olaraq texnoloji mükəmməllik demək deyil. Azərbaycanda süni intellekt ekosisteminin ən ciddi texniki problemlərindən biri milli səviyyədə formalaşmış dil modellərinin olmamasıdır. Azərbaycan dilində yüksək keyfiyyətli böyük həcmli məlumat dəstələrinin çatışmazlığı, annotasiya olunmuş datasetlərin yox dərəcəsində olması və hesablama gücünün məhdudluğu süni intellektin dərin öyrənmə səviyyəsində tətbiqini ciddi şəkildə məhdudlaşdırır. Superkompüter infrastrukturu üzrə planlar mövcud olsa da, bu istiqamətdə praktiki mərhələ hələ başlanğıc səviyyəsindədir və real tədqiqat-istehsal dövrünə keçid təmin olunmayıb.

Beynəlxalq təmaslar

Dövlət bu boşluğu aradan qaldırmaq üçün beynəlxalq əməkdaşlıq mexanizmlərinə üstünlük verməyə başlayıb. Xüsusilə də İsrail, Cənubi Koreya və Avropa ölkələri ilə qurulan əlaqələr süni intellektin mülki sektorda tətbiqi təcrübəsinin Azərbaycana transferinə yönəlib. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin İsrailə səfəri və İsrailin Milli Süni İntellekt Direktorluğu ilə imzalanmış əməkdaşlıq mexanizmləri bu baxımdan kadr hazırlığı, superkompüter infrastrukturu və tətbiqi modellərin lokallaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Bu kontekstdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin ABŞ-a həyata keçirdiyi səfərlər də diqqət çəkir. Nazirliyin son illərdə ABŞ-ın aparıcı texnoloji mərkəzlərində, xüsusilə Silikon Vadisində keçirilən görüşləri Azərbaycanın süni intellekt gündəmini qlobal texnoloji ekosistemlə əlaqələndirmək məqsədi daşıyıb. Bu səfərlər çərçivəsində iri texnologiya şirkətləri, süni intellekt tədqiqat mərkəzləri və vençur kapital strukturları ilə aparılan müzakirələr əsasən dövlət sektorunda süni intellekt həllərinin tətbiqi, məlumat infrastrukturunun gücləndirilməsi, bulud və hesablama resurslarına çıxış imkanları, eləcə də insan kapitalının inkişafı istiqamətində əməkdaşlıq perspektivlərinə fokuslanıb. Bu səfərlər Azərbaycanın süni intellekt sahəsində yalnız texnologiya idxalçısı deyil, beynəlxalq bilik və təcrübə mübadiləsinin iştirakçısı olmaq niyyətini göstərir. Bununla belə, bu səfərlərin real nəticələrinin hansı konkret layihələrə və institusional mexanizmlərə çevriləcəyi hələ də açıq qalır və bu da beynəlxalq təmasların praktik icra ilə tamamlanmasının vacibliyini ön plana çıxarır.

Real nəticələr zəifdir

Strateji sənədlərdə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi, süni intellektin iqtisadiyyata əlavə dəyər gətirən alətə transformasiyası və dövlət idarəçiliyində data-əsaslı qərarvermənin genişləndirilməsi əsas hədəflər kimi göstərilir. Lakin bu hədəflərin reallaşması üçün hüquqi tənzimləmə ilə real icra mexanizmləri arasında uyğunsuzluq aradan qaldırılmalıdır. Süni intellektin etik çərçivəsi, məsuliyyət bölgüsü, məlumatların qorunması və alqoritmik şəffaflıq məsələləri normativ sənədlərdə qeyd edilsə də, onların praktik icrası hələ də institusional sınaq mərhələsindədir.

Region ölkələrinin təcrübəsi göstərir ki, süni intellekt yalnız strategiya ilə deyil, bazar mexanizmlərinin formalaşdırılması ilə inkişaf edir. Türkiyə və Qazaxıstan kimi ölkələrdə dövlət sifarişi və korporativ tələbat paralel şəkildə stimullaşdırıldığı halda, Azərbaycanda bu sahə əsasən dövlət təşəbbüsü üzərində qurulub. Özəl sektorun süni intellekt layihələrinə investisiya marağı hələ zəifdir və kommersiya yönümlü məhsulların sayı məhduddur. Bu isə texnologiyanın iqtisadiyyata real təsirini azaldır.

Yekun nəticə

Mövcud mənzərə onu göstərir ki, Azərbaycanda süni intellekt sahəsində prinsipial dönüş başlanıb, lakin bu dönüş hələ tam institusional yetkinlik mərhələsinə çatmayıb. Strategiya mövcuddur, beynəlxalq əlaqələr qurulur, kadr hazırlığı ilə bağlı yeni institutlar yaradılır. Bununla yanaşı, texniki infrastrukturun gecikməsi, yüksək səviyyəli mütəxəssis çatışmazlığı və bazar mexanizmlərinin zəifliyi inkişafın tempini məhdudlaşdırır.

Mövcud resurslar və qəbul edilmiş qərarlar nəzərə alındıqda, süni intellektin Azərbaycanda real iqtisadi dəyər yaradan sahəyə çevrilməsi mümkündür, lakin bu, yalnız strategiyaların kağız üzərində qalacağı halda deyil, ardıcıl icra, ölçülə bilən nəticələr və özəl sektorun prosesə aktiv cəlb edilməsi ilə təmin oluna bilər. Hazırkı mərhələ imkanlarla yanaşı riskləri də ehtiva edir və bu risklərin idarə olunması süni intellektin ölkənin uzunmüddətli inkişaf gündəmində hansı rolu tutacağını müəyyənləşdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://apa.az
archiveBu xəbər 09 Fevral 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri