Süni qida və ailə büdcəsi
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ana südü körpə üçün bioloji optimal, ekoloji etik və ailə üçün iqtisadi baxımdan əlverişli qidadır. Lakin müxtəlif səbəblərdən bəzən analar süni qidaya müraciət etmək məcburiyyətində qalırlar. Adətən, bu səbəblər, əksəriyyətin düşündüyü kimi, ananın "südsüz" olmasında deyil, əmizdirmə məsələlərində dəstəyin az olması və ya olmaması ilə əlaqədardır.
Oxu.Az xəbər verir ki, 2014-cü ildə Anasudu.az saytının təşəbbüsü ilə Azərbaycanda quru süd qarışığının (süni qida məhsullarının) ailə büdcəsi miqyasında illik xərcləri hesablanıb. 10 ilin tamamında Anasudu.az saytının komandası metaanaliz keçirərək 2024-cü ilin göstəriciləri ilə yeni bazar araşdırması etmək qərarına gəlib:
İlkin araşdırma ilə əlaqədar məlumatları bu keçiddə ətraflı oxuya bilərsiniz. Məlum olub ki, 2014-cü ilin araşdırmalarına əsasən, Azərbaycanda orta statistik ailə yalnız süni qidaya ildə minimum 442.8 manat, maksimum isə 1 738.8 manat xərcləyir. Bu xərclər yalnız süni qidaya sərf olunan və müstəsna süni qida ilə bəslənən körpələrə şamil edilib. Həmçinin bu xərclərə süni qida ilə qidalandırmaq üçün nəzərdə tutulan vəsait və vasitələr daxil edilməyib. Süni qidanı qarışdırmaq üçün adətən, dükanlardan alınan içməli sular, su termosu, əmmə ehtiyaclarını qarşılamaq üçün əmziklər, qidalandırmaq üçün əmzikli butulkalar, qidalandırıcı vasitələri təmizləmək üçün əmzik və butulka sterilizatoru, yuyucu vasitələr, ailənin süni qida hazırlaması üçün sərf etdiyi elektrik enerjisi, təbii qaz və su məsrəfləri rəqəmlərdə əks etdirilməyib.
İlk növbədə, son onillikdə Azərbaycanda doğulan körpələrin demoqrafik parametrlərini araşdırmağa çalışdıq. Məlum oldu ki, ölkəmizdə uşaqların diri doğuş sayı ildən-ilə azalmaqdadır. Bunu aşağıdakı qrafikdə aydın şəkildə izləmək mümkündür:
Diri doğulan körpələrin sayının azalmasına baxmayaraq, bir yaşına qədər ölən körpələrin sayında diri doğulanlara faiz nisbəti ilə ildən-ilə azalması müşahidə edilir. Bu sevindirici hal tibbin inkişafı, neonatal qayğının keyfiyyətinin yüksəlməsi ilə əlaqədar ola bilər. Belə ki, keçmiş illərin qlobal miqyasında neonatal qayğının aşağı səviyyədə olması səbəbi ilə ölən körpələrin müasir şəraitdə sağqalma imkanları daha yüksəkdir. Lakin bu uşaqların əksəriyyətinin səhhətini nisbi olaraq sağlam hesab etmək olar, belə ki, məhz bu körpələrin əmizdirilməsində sağlam körpələrə nisbətdə daha çox dəstəyə ehtiyac yaranır. Adətən, həmin körpələrin səhhəti, əmmə refleksləri zəif, udqunma və tənəffüs qabiliyyətlərində məhdudluq sezilir, onların döşə qoyulması və ana südü ilə qidalandırılması çətinliklərlə müşayiət olunur. Bu tendensiyanın olması, əslində, həmin körpələrin əmizdirmə məsləhətçilərinə daha çox ehtiyaclı olmalarının göstəricisi də ola bilər. Bu səbəblə yerli xəstəxanalarda ana südü və əmizdirmə məsləhətçiləri sahəsində olan işçilərin artırılması ana südü ilə qidalandırma faizlərinin yüksəldilməsində böyük rol oynaya bilər.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin verdiyi rəsmi məlumata əsasən, Azərbaycanda 2024-cü ildə 102 310 körpə diri doğulub. Onlardan süni qida və ya qarışıq qidalanan körpələrin 0-3 ayına qədər sayı 59 010, müstəsna ana südü ilə qidalananların sayı isə 43 300 nəfərdir. Doğumundan üç ayına qədər olan körpələrin yalnız 42.3%-i ana südü ilə bəslənib.
Üç-altı ayına qədər isə uşaqların 77 510-u süni qida və ya qarışıq qidalananlar, 24 800-ü isə müstəsna ana südü alan körpələrin sayıdır. Üç ayından altı ayına qədər olan körpələrin yalnız 31.1% ana südü ilə bəslənib.
6-12 aya qədər uşaqların 71 310-u süni qida və ya qarışıq qidalananlar, 31 000-i isə hələ də ana südü ilə bəslənənlərdir. Bu isə o deməkdir ki, yalnız 30.3% körpələr bu yaş aralığında ana südü ilə qidalananlardır.
İki yaşına kimi ana südü ilə bəslənməni davam edən körpələrin ümumi sayı isə 5 400 nəfər olub. Bu isə həmin yaşda olan uşaqların yalnız 5.3%-ni təşkil edib. Xatırladaq ki, bütün qlobal və yerli mötəbər səhiyyə qurum və təşkilatları körpələrin iki yaşa qədər əmizdirilməsini israrla tövsiyə edir. Erkən yaşlı uşaqların qida rasionunda ana südünün iki yaşa qədər olması sağlamlıq və inkişaf üçün vacib ünsürlərdən hesab edilir.
Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə 12 ayına qədər ana südü ilə bəslənən körpələrin faizi 35.5%, 2024-cü ildə isə 30.3% olub. 2014-cü ildə iki yaşına kimi ana südü ilə bəslənməni davam edən körpələr 6.69%, 2024-cü ildə 5.3%-ni təşkil edib. Həmçinin bu illərin digər ay qrupu üzrə müqayisəsini aşağıdakı qrafikdə aydın şəkildə izləmək olar:
Digər ölkələrdə körpə qidası bazarında baş verən dəyişikliklərə araşdırmaq üçün bir neçə rəsmi mənbələri gözdən keçirdik. ABŞ Kənd Təsərrüfatı Nazirliyi İqtisadi Tədqiqat Xidməti, ABŞ Əmək Statistikası Bürosu, Hökumət Hesabatlılığı Ofisi mənbələrinin hesabat və bazar araşdırmalarına əsasən, ABŞ-də körpə qidası və süd qarışığının qiyməti 1997-2025-ci illər arasında 126.35% artıb, orta inflyasiya tempi ildə 2.96% təşkil edib. ABŞ Əmək Statistikası Bürosunun məlumatına görə, körpə qidası və süd qarışığının 1997-2025-ci illərdə dəyər fərqi 25.27 dollardır. "Perinatologiya" jurnalına görə, ABŞ-də ailələr körpə qidasına ildə təxminən 760-2 280 dollara qədər pul xərcləyirlər. Lakin digər hesablamalara görə, markadan, növdən və istehlak edilən miqdardan asılı olaraq, ilk il üçün bu rəqəm 3 600 dollara qədər dəyişə bilər. Nəticə etibarilə amerikalı ailələr süni qidaya cari məzənnə ilə 1 292-6 120 manat ekvivalentində pul xərcləyirlər.
Böyük Britaniyada isə süni qida xərclərinin qiyməti 2021-ci ilin mart ayı ilə 2023-cü ilin aprel ayı arasında orta hesabla 24% artıb. Rəqabət və Bazarlar Qurumu (CMA) körpə qidası ilə bağlı bazar araşdırması aparıb və 2021-ci ilin dekabr ayı ilə 2023-cü ilin dekabr ayı arasında 18-36% qiymət artımları da daxil olmaqla, nəticələri barədə hesabatlar dərc edib. Britaniyalı ailələr körpə qidasına ildə təxminən 720-1 645 funt sterlinqə qədər pul xərcləyirlər. Cari valyuta məzənnəsi ilə bu qiymətlər təxminən 1 631.74-3 682.04 manatdır.
Yuxarıda sadalanan ölkələrin özlərinin süni qida istehsalçıları olduqları faktı diqqətdən yayınmamalıdır. Məsələn, Amerika Birləşmiş Ştatları ölkə olaraq iri süni qida istehsalçısı hesab olunur. Ölkədaxili istehlak edilən süni qidanın 98% elə ABŞ-nin özündə istehsal edilir. Dünyanın ən böyük 10 şirkətindən ikisi məhz ABŞ mənşəlidir.
Böyük Britaniya Krallığı da öz növbəsində iri süni qida istehsalçı şirkətlərinə malikdir. Bu şirkətlər Avropanın üç nəhəng süni qida istehsalçısından biridir. Dünya üzrə ən böyük süni qida istehsalçıları İsveçrə, Fransa, Birləşmiş Krallıq olaraq ilk üçlüyə daxildir.
Azərbaycanda süni qidaların yerli istehsalı olmaması səbəbindən qiymətlər süni qidanın markasına, idxal və logistika xərclərinə görə də hesablanır. Uşaq qidası üçün quru süd qarışığının (süni qidanın) kiloqramı 2020-ci ildə 33.37 manat olduğu halda, 2024-cü ildə 41.5 manat təşkil edib. Son dörd ildə süni qidanın artımı 18.50% olub. Bu artım, həmçinin Böyük Britaniya uşaq qidası bazarında baş verən qiymət artımına uyğun gəlir. Yerli bazarımızda son dörd ildə süni qida qiymətinin artımında təqribən süni qidanın kiloqramına müvafiq olaraq 7.68 manat bahalaşma müşahidə edilib. Bu rəqəm isə ABŞ uşaq qidası bazarında son dörd ildə təqribən 4.48 dollar (7.06 manat cari məzənnə ilə) bahalaşmaya uyğun gəlir.
Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə əczaxanalarda və ərzaq dükanlarında süni qidaların qiymətlərinə dair araşdırma aparılıb, nəticədə satışda mövcud olan ən ucuz 3.69 AZN-lik "Малютка" (0-6 ay, 300 q), ən bahalı 19.32 AZN-lik "Kabrita" (0-6 ay, 400 q) müəyyən edilib. Cari ildə də ən ucuz süni qida markası yenə də "Малютка" (0-6 aylıq, 300 q) 6.99 AZN, ən bahalı marka isə "Kabrita" (0-6 aylıq, 400 q) 70.40 AZN olaraq təyin edilib.
UNICEF-in hesablamalarına görə, hər bir körpə ömrünün ilk ilində ortalama ayda 3-3.5 kq toz halında süni qida istehlak edir. Söhbət, sözsüz ki, müstəsna süni qida ilə qidalanan körpədən gedir. Qarışıq qidalanan körpələrdə bu rəqəmlər daha aşağı göstəricilərə malik ola bilər. Nəticədə müstəsna süni qida ilə qidalanan körpə ildə toplam 36-42 kq toz halında süni qida istehlak edə bilir. Nəzərə almaq lazımdır ki, süni qidanın hamısı körpə tərəfindən bir qida qəbulunda istehlak olunmaya bilər və hazırlanan qarışıq qida təhlükəsizliyi məqsədilə, adətən, atılır. Amma bu fakt yenə də valideynlərin çəkdikləri xərcləri azaltmır.
Nəticə etibarilə ən ucuz süni qida markasına ailənin büdcəsindən illik ortalama 909 manat xərc tələb edilir. Ən bahalı süni qida markası isə ailə büdcəsindən ortalama 9 152 manat xərc tələb edir. Nəzərə alaq ki, bu qiymətlər yalnız süni qida tozunun qiymətidir. Keyfiyyətindən və istehsalçı ölkədən asılı olaraq, ortalama isti su üçün termosun qiyməti 17-35 AZN, sterilizator 76-206 AZN, əmzikli şüşə 19-42 manat, süni əmzik 8-15 manat çərçivəsində dəyişə bilir. Həmçinin minimum hər iki-üç aydan bir əmziyin və ildə ən azı dörd dəfə əmzikli şüşənin gigiyena tələbatlarına uyğun olaraq dəyişdirilməsi nəzərə alınmalıdır. Ortalama süni qida ilə qidalandırmaq üçün lazım olan vasitələrə illik olaraq 217-499 manat xərc tələb oluna bilər. Bu xərclərə süni qidanı hazırlamaq üçün alınan içməli su, vəsaitləri təmizləmək üçün yuyucu vasitələr, ailənin süni qida hazırlaması üçün sərf etdiyi elektrik enerjisi, təbii qaz və su məsrəfləri rəqəmlərdə əks etdirilməyib. Qeyd edək ki, süni qidanı hazırlamaq üçün suyun 70°C-yə qədər isidilməsinə ehtiyac var.
Azərbaycanda uşaq qidası üçün quru süd qarışığının (süni qidanın) 2024-cü ildə orta bazar qiymətinin 41.05 manat olduğunu nəzərə alsaq, ilk 12 ayda qarışıq və süni qida ilə qidalanan körpələrin istehlakını təmin edən süni qida distribütorlarının ortalama illik dövriyyəsinin 10 653 714 manat təşkil etmə ehtimalı ortaya çıxır.
Süni qidaya keçidin valideynlərin müstəqil seçimi və ya zərurətdən doğan bir addım ola biləcəyini göz önünə almaq mütləqdir. Lakin unutmamalıyıq ki, ana südü ilə bəslənməni davam etmək, mütəxəssislərdən əmizdirmə dəstəyi almaq, körpə-ana sağlamlığına qısa və uzunmüddətli sərmayə dövlət və ailə büdcəsinə qənaət, ətraf mühitə mərhəmətli yanaşma deməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 06 Yanvar 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















