Icma.az
close
up
RU
Suriya sərhədində gərginlik və Türkiyənin təhlükəsizlik strategiyası

Suriya sərhədində gərginlik və Türkiyənin təhlükəsizlik strategiyası

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Regional sabitlik naminə qətiyyətli və məsuliyyətli yanaşma

Son vaxtlar Türkiyə silahlı qüvvələrinin Suriya ilə sərhəd bölgələrində hərbi mövcudluğunu artırması regional və beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Afrin və Hələb istiqamətlərindən Suriyaya daxil olan hərbi karvanlar, ardınca yeni konvoyların bölgəyə yönləndirilməsi bu addımların təsadüfi deyil, planlı və strateji xarakter daşıdığını göstərir. Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi hərbi-logistik fəaliyyətlərin əsas məqsədi YPG kimi silahlı qruplaşmaların yaratdığı təhlükənin qarşısını almaqdır. YPG (Yekineyen Parastina Gel - Xalq Müdafiə Dəstələri) Suriyanın şimalında fəaliyyət göstərən silahlı qruplaşmadır. Struktur baxımından PKK-nın Suriya qolu hesab olunur, ideoloji, təşkilati və kadr baxımından PKK ilə birbaşa bağlıdır. Ankara bu strukturları milli təhlükəsizliyinə birbaşa təhdid sayır və bunu açıq bəyan etməkdən çəkinmir. “Sülh çeşməsi” əməliyyat zonası və Afrin istiqamətindəki hərbi aktivlik, əslində, Türkiyənin sərhədlərini qorumaqla yanaşı, bölgədə terror infrastrukturunun dərinləşməsinin qarşısını almağa yönəlib. Burada xüsusilə vurğulanmalıdır ki, Türkiyə təkcə hərbi gücə arxalanmır; rotasiya, logistik təminat və mövcud mövqelərin möhkəmləndirilməsi Ankaranın uzunmüddətli təhlükəsizlik planlamasının tərkib hissəsidir. Bu, impulsiv deyil, dövlət ağlı ilə yürüdülən siyasətdir.

Dəməşqin hərbi fəallığı və paralel proseslər

Eyni zamanda, Suriya hökumətinin Deyr-əz-Zor və Rakka istiqamətlərində hərbi qüvvələrini artırması regionun nə qədər həssas mərhələyə qədəm qoyduğunu göstərir. Tişrin - Deyr-əz-Zor xətti boyunca baş verən toqquşmalar Dəməşqi daim bu bölgələrə əlavə qüvvə göndərməyə vadar edir. Bu proseslər Türkiyənin atdığı addımların məntiqli olduğunu bir daha sübuta yetirir: sərhədin o tayında güc balansı dəyişdikcə Ankara öz təhlükəsizlik kəmərini gücləndirməyə məcburdur.

10 mart razılaşması və “final mərhələ”

Analizin ən vacib siyasi komponentlərindən biri 10 mart tarixli razılaşma ilə bağlıdır. Bu sənədin məqsədi Suriyanın parçalanmış xəritəsini yenidən bütövləşdirmək və keçid dövrünü başa çatdırmaq idi. Tərəflərə ilin sonuna qədər vaxt verilməsi təsadüfi deyildi. Məhz ötən dekabr ayı bu baxımdan həlledici mərhələ sayılırdı.

YPG-nin danışıqlardan yayınması, əvəzində müdafiə infrastrukturu - xəndəklər, tunellər, beton istehkamlar inşa etməsi təşkilatın real niyyətlərini açıq şəkildə ortaya qoyur. Bu, siyasi inteqrasiyadan çox silahlı qarşıdurmaya hazırlıq strategiyasını xatırladır.

Sərhədin altındakı gizli müharibə

Açıq mənbələrə əsaslanan kəşfiyyat (OSINT) materialları YPG-nin Suriya-Türkiyə sərhədi boyunca geniş yeraltı tunel şəbəkəsi qurduğunu göstərir. Kəhtaniyə (Qamışlı ətrafı) və Ayn əl-Ərəb (Kobani) bölgələrində aşkar edilən xəndəklər, keçid nöqtələri və tunellər klassik müdafiə tədbirlərindən daha artıqdır. Bu strukturlar uzunmüddətli müharibə ssenarisinə uyğun hazırlanıb. Xüsusilə Kobani ətrafında şəhəri halqa şəklində əhatə edən xəndəklər, kəndlərə qədər uzanan müdafiə xətti və çoxsaylı keçid nöqtələri ciddi logistik planlamadan xəbər verir. Peyk görüntülərinin illər üzrə müqayisəsi isə daha təhlükəli mənzərəni üzə çıxarır: dağlıq ərazidə gizlədilmiş, böyük sahəni əhatə edən yeraltı baş qərargah kompleksi. Bu cür infrastrukturlar təkcə yerli müdafiə üçün deyil, regional sabitliyi pozmaq potensialına malik genişmiqyaslı planların göstəricisidir. Bütün bu faktlar fonunda Türkiyənin mövqeyi xüsusilə diqqətəlayiqdir. Ankara həm hərbi, həm siyasi, həm də kəşfiyyat səviyyəsində vəziyyəti diqqətlə izləyir və qabaqlayıcı addımlar atır. Türkiyə bu bölgədə xaosun dərinləşməsində yox, əksinə, nəzarətsiz silahlı strukturların qarşısının alınmasında maraqlıdır.

Türkiyə təhlükəni sərhədlərinə çatmamış, mənbəyində neytrallaşdırmağa çalışır. Bu yanaşma bütövlükdə regionun təhlükəsizliyinə töhfədir. Məhz buna görə Ankara bu gün Yaxın Şərqdə ən rasional və məsuliyyətli təhlükəsizlik aktorlarından biri kimi çıxış edir.

Suriya sərhədində baş verənlər sadəcə, lokal hərbi hərəkətlər deyil. Bu, siyasi razılaşmaların taleyinin həll olunduğu, yeraltı tunellərlə aparılan gizli müharibənin açıq mərhələyə keçə biləcəyi kritik dövrdür. Belə bir şəraitdə Türkiyənin qətiyyətli, planlı və legitim addımları həm milli təhlükəsizliyin qorunması, həm də regional sabitliyin təmin olunması baxımından nümunəvi yanaşma kimi dəyərləndirilməlidir.

Müdafiə maskası altında hücum planı

Suriyanın şimalında YPG tərəfindən həyata keçirilən genişmiqyaslı tunel və istehkam işləri artıq taktiki müdafiə tədbiri çərçivəsindən çıxaraq sistemli və uzunmüddətli hərbi doktrinaya çevrilib. Açıq mənbələrdən əldə olunan kəşfiyyat məlumatları göstərir ki, bu fəaliyyətlər nə spontan, nə də lokal xarakter daşıyır. Əksinə, burada ciddi mühəndislik işi, planlama və siyasi niyyətlərin vəhdəti müşahidə olunur. OSINT təhlilləri YPG-nin əsasən iki fərqli üsuldan istifadə etdiyini ortaya qoyur. Birinci üsul “üstünü bağla” metodu adlandırıla bilər. Bu metod xüsusilə Ayn əl-Ərəbin (Kobani) cənubundakı təpəlik ərazilərdə tətbiq olunur. Əvvəlcə geniş xəndəklər qazılır, daha sonra prefabrik beton bloklar yerləşdirilir və sonda bütün konstruksiya torpaqla örtülərək təbii relyef kimi maskalanır. Bu üsul yeraltı qərargahların və uzun tunel xətlərinin gizlədilməsi üçün istifadə olunur. İkinci üsul isə şəhər mərkəzlərində və yaşayış məntəqələrinin altında ağır tikinti texnikası ilə aparılan klassik yeraltı qazıntılardır. Tez-tez mediada gördüyümüz beton girişlər və çıxışlar məhz bu metodun nəticəsidir. Lakin YPG-nin əsas səhvi ondadır ki, yerin altına çəkilmək görünməz olmaq demək deyil. Peyk görüntüləri, torpaq yığınları və beton konstruksiyalar bu gizli yolları asanlıqla ifşa edir.

Tunel strategiyası niyə effektiv deyil?

YPG tunel əsaslı müdafiə doktrinasını xüsusilə son bir il ərzində Rakka xətti boyunca intensivləşdirib. Müxtəlif mənbələr 400 kilometrdən artıq yeni tunel qazıldığını iddia edir. Məqsəd aydındır: bölgədə hərbi dominantlığı qorumaq və neft gəlirlərini siyasi alətə çevirmək. Lakin əvvəlki hərbi əməliyyatların təcrübəsi - Afrin, Tel Abyad və Rasulayn açıq şəkildə göstərdi ki, bu strategiya xüsusilə düzənlik ərazilərdə effektiv deyil. Türkiyə silahlı qüvvələrinin yüksək texnologiyaya əsaslanan kəşfiyyat, hava üstünlüyü və koordinasiyalı əməliyyatları bu cür yeraltı strukturların real döyüş şəraitində dayanıqsız olduğunu sübuta yetirib.

Mülki infrastrukturun qəsdən hədəf seçilməsi

Tunel marşrutlarının təhlili daha təhlükəli bir məqamı üzə çıxarır. YPG tunelləri təkcə təpəliklər və yaşayış məntəqələri arasında deyil, qəsdən əsas avtomobil yollarının altından çəkir. Bunun açıq siyasi və hərbi məqsədi var. Bu tunellər zərərsizləşdirildiyi halda üstündəki asfaltın dağıdılması qaçılmazdır. Nəticədə nəqliyyat iflic olunur. Ardınca isə təşkilat dağıdılmış yolları kameraya çəkərək “mülki infrastruktura hücum” narrativi yaradır. Bu, klassik manipulyativ təbliğat mexanizmidir: əvvəl mülki ərazini hərbiləşdir, sonra onun vurulmasını humanitar fəlakət kimi təqdim et. Cərablus qarşısında, eləcə də yaşayış məntəqələri arasında “ilan kimi” uzanan tunel xətləri bu strategiyanın bariz nümunəsidir. Mülki yaşayış evləri faktiki olaraq hərbi obyektə çevrilib. Bu mərhələdə ən fundamental sual ortaya çıxır: YPG bu qədər geniş və bahalı infrastrukturu kimə qarşı qurur? Əgər iddia edildiyi kimi əsas hədəf İŞİD-dirsə, onda niyə cənub bölgələrində - İŞİD təhlükəsinin real olduğu ərazilərdə nə xəndək, nə tunel, nə də müdafiə xətti var? Əvəzində bütün silah lülələri, istehkamlar və kilometrlərlə uzanan tunellər Türkiyə sərhədinə yönəlib? Xəritə yalan danışmaz: Şəddadadan Qamışlıya, oradan Məlikiya və Rümeylan istiqamətinə qədər aparılan qazıntılar, üstəlik, ABŞ qüvvələrinin də fəaliyyət göstərdiyi zonalarda bu hazırlıqların aparılması YPG-nin siyasi deyil, hərbi həllə kökləndiyini açıq göstərir.

PKK-nın İraqdan Suriyaya transferi

Bölgədə dəyişən geosiyasi reallıqlar YPG-ni bu yeraltı strukturlara getdikcə daha çox möhtac qoyur. ABŞ-ın bölgədəki mövcudluğunun qeyri-müəyyənliyi və Suriyada normallaşma prosesləri təşkilatın manevr imkanlarını daraldır. Türkiyənin xarici işlər naziri Hakan Fidanın son açıqlamaları bu mənzərənin siyasi izahını verir. Ankara YPG-nin Suriya dövlətinə inteqrasiya olunmasını, yəni vahid ordu konsepsiyasını açıq şərt kimi irəli sürüb. Lakin əldə olunan siqnallar göstərir ki, təşkilat bu razılaşmaya əməl etmək niyyətində deyil və alternativ yollar axtarır. Peyklərdən aşkar edilən tunellər və xəndəklər bu imtinanın fiziki sübutudur. Hətta Şimali İraqda guya silahı yerə qoymuş şəxslərin Suriyaya keçərək YPG sıralarına qoşulması barədə məlumatlar vəziyyətin nə qədər ciddi olduğunu göstərir. YPG-nin tunel strategiyası müdafiə adı altında gizlədilən hücum hazırlığıdır. Bu strategiya nə regional sabitliyə, nə də siyasi həllə xidmət edir. Əksinə, mülki əraziləri hərbiləşdirərək yeni böhranlar üçün zəmin yaradır. Bu şəraitdə Türkiyənin mövqeyi bir daha özünü doğruldur. Ankara yer altında qurulan bu təhlükəli infrastrukturu vaxtında ifşa edir, siyasi şərtləri açıq qoyur və regionu daha böyük qarşıdurmadan qorumağa çalışır. Türkiyənin rasional, qətiyyətli və qabaqlayıcı siyasəti Yaxın Şərqdə təhlükəsizlik anlayışının ən real və məsuliyyətli modelidir.

YPG-SDQ xəttində son mərhələ və Ankaranın qırmızı xətləri

Suriya Demokratik Qüvvələri (SDQ) ölkənin şimal-şərqində fəaliyyət göstərən, YPG-nin də daxil olduğu koalisiyadır. Son dövrlərdə PKK-nın Şimali İraqda silahları təhvil verməsi ilə bağlı yayılan məlumatlar ilk baxışdan normallaşma görüntüsü yaratsa da, faktiki vəziyyət bu addımların simvolik xarakter daşıdığını göstərir. Ayrı-ayrı fərdi təslimolmalar təşkilatın real hərbi-struktur gücünə təsir etmir və PKK-nın faktiki mövcudluğunu sona çatdırmır. Əksinə, əldə olunan kəşfiyyat məlumatları göstərir ki, PKK öz gələcəyini artıq İraqda yox, Suriyada görür. Ərəb qəbilə mənbələrinin son hesabatlarına görə, təkcə ötən həftə ərzində PKK-nın iki mindən artıq üzvü Şimali İraqdan Suriyaya keçib. Bu, təşkilatın strateji istiqamət dəyişikliyinin açıq göstəricisidir. Seçim aydındır: inteqrasiya yox, möhkəmlənmə.

PKK/YPG xətti dövlətlə inteqrasiya deyil, ona qarşı möhkəmləndirilmiş paralel struktur yaratmaq yolunu seçib.

Halbuki Suriyanın gələcəyi ilə bağlı aparılan danışıqlarda əsas prinsip açıqdır: vahid komanda, vahid nəzarət, vahid ordu. Ankara bu mövqeyi dəfələrlə açıq şəkildə ifadə edib. Türkiyə vurğulayır ki, əgər bu silahlı struktur Suriya dövlətinə inteqrasiya olunmasa, hərbi variant masadan götürülməyəcək. Məhz bu səbəbdən YPG üçün ötən ilin sonuna qədər konkret vaxt çərçivəsi müəyyən edilmişdi. Ancaq Ankaradan sərt və qəti mesajlar gəldiyi bir vaxtda sərhədin o tayında - Həsəkədə tamamilə fərqli bir mənzərə formalaşdı. SDQ-nin (YPG) lideri Mazlum Abdi (əsl adı Fərhad Abdi Şahin) diqqəti yaxınlaşan böhrana çəkmək üçün bu dəfə İsrail mediasına üz tutub Jerusalem Post qəzetinin müxbirini qəbul etdi. Mazlum Abdi beynəlxalq mediada “demokratik lider”, “qadın haqlarını dəstəkləyən komandir” kimi təqdim olunsa da, analitik və strateji baxışla onun fəaliyyəti PKK və separatçı strukturun rəhbərliyi kimi qiymətləndirilir. Bu müsahibə təşkilatın nə qədər sıxılmış vəziyyətdə olduğunu və hansı kartlardan istifadə etdiyini açıq şəkildə göstərir. Abdinin əsas “kozırı” yenə də eynidir: İŞİD məhbusları. O, Həsəkə, Rakka və Qamışlıdakı 26 həbs və saxlanma mərkəzində təxminən 10 min təhlükəli İŞİD üzvünün olduğunu xatırladaraq bildirir ki, ABŞ-ın maliyyə dəstəyini azaltmasından sonra nə büdcə, nə də insan resursu qalıb. Əl-Hol düşərgəsinin qorunmasının artıq mümkün olmadığını deyir. Bu, əslində Qərbə açıq mesajdır: “Əgər bizi maliyyələşdirməsəniz, bu insanlar nəzarətdən çıxacaq”. Yəni Abdinin dili ilə terrorçular həm Qərbə, həm də Dəməşqə qarşı şantaj alətinə çevrilir.

“100 minlik ordu” iddiası: reallıqdan uzaq rəqəmlər

Mazlum Abdinin “Şimal-şərqi Suriyada 100 minlik silahlı gücüm var” açıqlaması isə ciddi analitik süzgəcdən keçdikdə reallıqla uzlaşmır. Bu rəqəm təşkilatın özünü olduğundan böyük göstərmək cəhdidir. Abdi bu sayın içinə silahlı qəbilə üzvlərini, PKK-dan gələn terrorçuları, yerli təhlükəsizlik strukturlarını da qatıb, bunları vahid ordu kimi qələmə verməyə çalışır. Halbuki mövcud məlumatlara əsasən, YPG və SDQ-nin faktiki döyüşçü sayı 15-20 min aralığındadır. Daha geniş yanaşma ilə belə bu rəqəm 50-60 mini keçmir. Onların da yalnız 40-50 faizi real hərbi qüvvə sayıla bilər. Müqayisə üçün deyək ki, Dəməşq hökumətinin rəsmi strukturlarında 400-500 minlik potensial mövcuddur. Bu kontekstdə Abdinin 100 minlik ordu iddiası daha çox siyasi blef və psixoloji təzyiq alətidir. Əsl problem də burada başlayır. Abdi zahirdə “biz Müdafiə Nazirliyinin tərkibinə daxil ola bilərik” desə də, mahiyyət etibarilə öz strukturunu qorumaq istəyir. O, üç diviziya və iki xüsusi batalyonun olduğu kimi saxlanmasını tələb edir. Bu isə o deməkdir ki, ad dəyişə bilər, forma dəyişə bilər, lakin silah, komandanlıq və faktiki nəzarət olduğu kimi qalacaq. Ankara üçün bu, qəbuledilməzdir, vahid ordu anlayışı formal deyil, real məzmun daşımalıdır. Paralel silahlı struktur gələcək qarşıdurmanın toxumudur.

YPJ kartı: Qərb auditoriyasına hesablanmış narrativ

YPJ (Yekineyen Parastina Jin - Qadın Müdafiə Dəstələri) YPG-nin qadınlardan ibarət silahlı qanadı, YPG/PKK strukturunun tərkib hissəsidir.

Mazlum Abdi xüsusilə YPJ - qadın batalyonları mövzusunu qabardaraq öz separatçı gündəmini “qadın haqları” pərdəsi altında gizlətməyə çalışır. Bu, Qərb ictimai rəyinə hesablanmış klassik manipulyasiya üsuludur. Lakin yeraltı tunellər, ağır silahlar və sərhədə yönəlmiş istehkamlar fonunda bu narrativ inandırıcılığını itirir. Faktlar göstərir ki, söhbət nə gender bərabərliyi, nə də yerli təhlükəsizlikdən - dövlət içində dövlət yaratmaq cəhdindən gedir. PKK-nın İraqdan Suriyaya transferi, YPG-nin tunel strategiyası və Mazlum Abdinin beynəlxalq mediaya verdiyi ziddiyyətli mesajlar bir mənzərəni tamamlayır: təşkilat siyasi inteqrasiyanı yox, silahlı qarşıdurmanı seçib. Bu şəraitdə Türkiyənin mövqeyi aydın, prinsipial və legitimdir: Ankara regionda qeyri-müəyyənliyə, paralel silahlı strukturlara və terrorun “yenidən brendinqinə” imkan vermək niyyətində deyil. Türkiyə masaya ya real inteqrasiyanı, ya da təhlükəsizliyi təmin edəcək addımları qoyur. Bu, təkcə Türkiyənin milli təhlükəsizliyi məsələsi deyil, Suriyanın gələcək dövlətçilik modeli və regionun sabitliyi üçün həlledici mövqedir.

Türkiyənin prinsipial mövqeyi

Türkiyə xarici işlər naziri Hakan Fidanın açıqlamalarından və Mazlum Abdinin ziddiyyətli mesajlarından qısa müddət sonra Ankara mənbələrinin verdiyi açıqlama prosesin mahiyyətinə tam aydınlıq gətirdi. Türkiyə bu mövzuda heç bir qeyri-müəyyənliyə yer qoymur: YPG-nin mövcud strukturu ilə Suriya dövlətinə inteqrasiyası qəbuledilməzdir. Ankara təhlükəsizlik dairələrinin vurğuladığı əsas fikir sadə, lakin prinsipialdır: “Biz YPG komandirlərini Suriya dövlətinin uniformasında görmək istəmirik və bunu heç vaxt qəbul etməyəcəyik”. Bu, Türkiyənin yanaşması ilə ABŞ tərəfindən irəli sürülən “inteqrasiya” modeli arasındakı fundamental fərqi göstərir.

ABŞ modeli və Türkiyə modeli: iki fərqli yanaşma

ABŞ-ın təklif etdiyi model YPG-nin mövcud hərbi-siyasi strukturunu saxlayaraq onu formal şəkildə dövlət çərçivəsinə salmağı nəzərdə tutur. Yəni emblem dəyişə bilər, ad dəyişə bilər, lakin komandanlıq, silah və təşkilati yaddaş yerində qalır. Türkiyənin irəli sürdüyü model isə tam fərqlidir və dövlətçilik prinsipinə əsaslanır. Ankara deyir: təşkilat tam şəkildə buraxılmalı, silahlar təhvil verilməli, bütün simvollar və korpus məntiqi ləğv edilməlidir, yalnız bundan sonra fərdlər istəsələr, vətəndaş kimi Suriya ordusuna və ya siyasi sistemə qoşula bilərlər. Başqa sözlə, “mənim komandirim, mənim briqadam” dövrü bitməlidir. Tək struktur - dövlət qalır. Bu yanaşma Suriyanın gələcək sabitliyi üçün yeganə real və davamlı variantdır.

Hadisələrin hərbi müstəvidə kəskinləşməsi təsadüfi deyil. Türkiyənin açıqlamasından dərhal sonra türk hərbi kolonları Suriyaya daxil oldu, Suriya ordusu Deyr-əz-Zor - Rakka xəttinə doğru irəlilədi, YPG isə qüvvələrini həmin bölgəyə cəmlədi. Bu da təsadüf deyil, çünki Rakka və Deyr-əz-Zor əhalisinin 90 faizdən çoxu sünni ərəblərdən ibarətdir, lakin ölkənin əsas su ehtiyatları, ən münbit torpaqları, əsas neft yataqları məhz YPG-nin nəzarətindədir. Bu resurslar YPG üçün iqtisadi və siyasi güc rolunu oynayır. Dəməşq hökumətinin bir ildən çoxdur ölkənin birliyini bərpa etməyə çalışdığı bir vaxtda bu vəziyyət qəbuledilməzdir.

YPG Türkiyənin “fərdi inteqrasiya” modelini rədd edib yer altına çəkildikcə hərbi-siyasi təzyiq qaçılmaz olur. Lakin burada söhbət genişmiqyaslı total əməliyyatdan getmir. Masada olan əsas ssenarilər bunlardır:

* Tişrin su anbarının nəzarətə götürülməsi və M4 yolunda hərəkət üstünlüyünün təmin edilməsi;

* Sırrin aviabazasının ələ keçirilməsi ilə YPG ərazilərinin şərq-qərb əlaqəsinin kəsilməsi;

* Ayn əl-Ərəbin eyni vaxtda Rakka və Deyr-əz-Zor istiqamətlərindən mühasirəyə alınması.

Bu addımlar YPG-ni məhv etmək yox, inteqrasiyaya məcbur etmək məqsədi güdür. Türkiyə və Dəməşq üçün əsas hədəf zorla deyil, məcburiyyətlə siyasi nəticə əldə etməkdir. Bu mərhələdə genişmiqyaslı əməliyyat nə Dəməşqin, nə də Ankaranın marağındadır. Ankara “terrorsuz Türkiyə” prosesini riskə atmaq istəmir, Suriyanın bərpasını gecikdirəcək xaosdan qaçır, regional balansı qorumağa çalışır. Məhz bu səbəbdən Türkiyənin hərbi addımları ölçülüdür, mesajları isə açıq və sərtdir. Dekabrın 7-də Afrin, Rasulayn və Hələb istiqamətlərindən, dekabrın 9-da isə əlavə konvoyun Suriyaya daxil olması sırf logistika və rotasiya kimi təqdim olunsa da, bu hərəkətlər operativ gözləntilər yaradan strateji siqnallardır.

YPG üçün vaxt daralır. Tunellər, beton istehkamlar və gecikdirmə taktikası siyasi reallığı dəyişmir. Qarşıda iki yol qalır: ya Türkiyənin irəli sürdüyü fərdi və real inteqrasiya, ya da mərhələli, məhdud, lakin təsirli hərbi təzyiq. Türkiyə bu prosesdə nə tələsir, nə də geri çəkilir. Ankara regional sabitliyi qoruyan, dövlətçiliyi əsas götürən və terrorun maska dəyişməsinə imkan verməyən yeganə rasional güc kimi çıxış edir. Bu isə Yaxın Şərqdə nadir hallarda rast gəlinən məsuliyyətli liderlik modelidir.

Kəramət QƏNBƏROV,

Beynəlxalq hüquq üzrə ekspert

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Yanvar 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see139

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see139

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri