Şuşa Bəyannaməsindən Vaşinqton anlaşmasına: regional təhlükəsizlikdə Bakı Ankara oxu
Olke.az saytına istinadən Icma.az xəbər verir.
“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionda formalaşdırdığı siyasi gündəliyi açıq şəkildə müəyyən edib: əsas prioritet Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin və sabit əməkdaşlıq mühitinin təmin olunmasıdır. Bakı müharibədən sonrakı mərhələni qarşıdurmanın davamı deyil, əməkdaşlığa əsaslanan yeni regional model kimi dəyərləndirir və bu istiqamətdə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda ardıcıl diplomatik fəaliyyət göstərir”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
O bildirib ki, 8 avqust 2025-ci il Vaşinqton anlaşmasından sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşıb: “Bu reallıqlar regionun böyük güclərin rəqabət meydanı olmaqdan çıxaraq, yeni dünya düzəninə uyğun qarşılıqlı maraqlar və əməkdaşlıq məkanına çevrilməsini zəruri edir. Məhz bu kontekstdə Azərbaycan özünü bölgədə sülhün təşəbbüskarı və təminatçısı kimi təqdim edir. Bakının strateji məqsədi Cənubi Qafqazı təhlükəsizlik, iqtisadi inteqrasiya və nəqliyyat-logistika baxımından vahid əməkdaşlıq platformasına çevirməkdir.
Bu yanaşma Azərbaycanın regional siyasətinin mahiyyətini açıq şəkildə ortaya qoyur: Bakı üçün əsas hədəf geosiyasi qarşıdurmaların dərinləşdirilməsi deyil, uzunmüddətli sabitlik və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mexanizmlərinin qurulmasıdır.Bu strategiyanın reallaşdırılmasında Azərbaycan və Türkiyə arasında sıx və koordinasiyalı fəaliyyət xüsusi əhəmiyyət daşıyır. Bakı və Ankara regional proseslərə yalnız milli maraqlar prizmasından deyil, daha geniş – türk dünyasının yeni dünya düzənində siyasi, iqtisadi və hərbi güc kimi formalaşması perspektivindən yanaşırlar.
Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsi, Orta Dəhlizin geosiyasi və geoiqtisadi əhəmiyyətinin artması, eləcə də müdafiə sənayesində həyata keçirilən ortaq layihələr bu yanaşmanın praktik nəticələridir. Bu baxımdan Azərbaycan və Türkiyə türk dünyasının qlobal aktora çevrilməsi prosesində aparıcı lokomotiv rolunu oynayır”.
İ. Yusifov əlavə edib ki, mövcud mürəkkəb qlobal və regional geosiyasi proseslər Azərbaycan-Türkiyə münasibətlərində təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlığı obyektiv zərurətə çevirib: “Bu zərurətdən irəli gələrək Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Sözügedən sənəd Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin növbəti institusional mərhələsi olmaqla yanaşı, Şuşa Bəyannaməsində təsbit edilmiş müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir. Memorandumun əsas məqsədi hərbi təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi, birgə hərbi təlimlərin intensivləşdirilməsi, hərbi təhsil və müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafıdır.
Sənəddə fundamental təhlükəsizlik öhdəlikləri də aydın şəkildə ifadə olunub. Razılaşmaya əsasən, tərəflərdən birinin silahlı təcavüzə məruz qalacağı halda, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq fərdi və birgə özünümüdafiə hüququ çərçivəsində qarşılıqlı yardım göstərilməsi nəzərdə tutulur.
Hazırda davam edən 17-ci Azərbaycan–Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası bu strateji xəttin praktik müstəvidə davam etdirildiyini göstərir. Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi, ordu generalı Levent Ergünün rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb.
Görüşlərdə birgə hərbi təlimlərin intensivliyinin artırılması, hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşdirilməsi, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri xüsusi diqqət mərkəzində olub. Cari vəziyyətin təhlili və perspektiv planlar ətrafında aparılan müzakirələr Azərbaycan–Türkiyə hərbi əməkdaşlığının sistemli və uzunmüddətli xarakter daşıdığını bir daha təsdiqləyir.
Anlaşma Memorandumu və yüksək səviyyəli hərbi dialoq mexanizmləri beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə həyata keçirilir, üçüncü dövlətlərə qarşı yönəlmir və regionda sülhün, sabitliyin möhkəmləndirilməsinə xidmət edir. Bu sənədlər Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına, qarşıdurma deyil, əməkdaşlıq üzərində qurulan regional modelin möhkəmlənməsinə töhfə verir.
Nəticə etibarilə, Bakı-Ankara hərbi əməkdaşlığı yalnız iki qardaş ölkə arasında strateji müttəfiqliyin ifadəsi deyil. Bu əməkdaşlıq eyni zamanda Cənubi Qafqazda dayanıqlı sülhün, etibarlı təhlükəsizlik mühitinin və yeni dünya düzəninə uyğun regional əməkdaşlıq modelinin əsas dayaqlarından biri kimi çıxış edir. Azərbaycan və Türkiyənin koordinasiyalı siyasəti regionda sabitliyin təmin olunması baxımından həlledici faktor olaraq qalır”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 18 Dekabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















