Taksi sürücüsünə qarşı quldurluq edən şəxslə bağlı hökm: 12 il 6 ay...
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
Ali Məhkəmədə taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirləndirilən Rəsul Zeynalovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmündən narazı qalan məhkum apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsində şikayətə baxılarkən R.Zeynalovun apellyasiya şikayətindən imtinası təmin edilib və apellyasiya şikayətinə baxılmasına xitam verilib. Sonra məhkum Gəncə Apellyasiya Məhkəməsinin 1 mart 2018-ci il tarixli qərarından Gəncə Apellyasiya Məhkəməsinə kassasiya şikayəti ilə müraciət edib. Eyni zamanda həmin qərardan kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət verib. Gəncə Apellyasiya Məhkəməsi kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin etməyib.
Qeyd: R.Zeynalov 16 mart 2017-cı il tarixində saat 00:30 radələrində yüngül dərəcəli sərxoş vəziyyətdə vətəndaş Allahverdiyev Razim Nazim oğlunun taksi fəaliyyəti ilə məşğul olduğu “VAZ-2107” markalı "10-HX-915" dövlət qeydiyyat nişanlı avtomobilə müştəri kimi minib. O, sürücüdən avtomobili Gəncə şəhəri “Türklər” qəsəbəsinə, tanışı Bayramov Allahverdi Əziz oğlunun yaşadığı ünvana sürdürüb. Tanışının evdə olmadığını müəyyən etdikdən sonra avtomobili Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində Sovxoz Nizami adlanan ərazidə yerləşən yeməkxanaya sürdürmüş R.Zeynalov, orada həmin yeməkxananın işləmədiyini görüb və yeməkxanaları səhv saldığını bildirərək avtomobili yenidən Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən kafeyə sürdürüb. Lakin həmin kafenin də bağlı olduğunu gördükdən sonra o, R.Allahverdiyevə avtomobili təkrar Sovxoz Nizami adlanan ərazidə yerləşən yeməkxanaya sürməsini bildirib.
Sürücü S.Ruhulla küçəsinə daxil olub həmin ünvana getmək istəyərkən sərnişin ürəyi bulandığını və qusmaq istədiyi üçün sonuncudan avtomobili saxlamağı tələb edib.
Razim Allahverdiyev həmin küçədə 17 saylı yaşayış evinin qarşısında avtomobili saxladıqdan sonra, o, avtomobildən düşərək qusub, R.Allahverdiyev təkrar avtomobili idarə edərək hərəkətə başlayarkən sərnişin ondan yenə avtomobili saxlamağı tələb edib. R.Allahverdiyev avtomobili saxladıqdan sonra sərnişin maşının qapısını açıb avtomobilin içərisində oturmuş vəziyyətdə yenidən yerə qusarkən R.Allahverdiyev iyrəndiyi üçün avtomobilin sol yan qapısındakı pəncərəni açıb başını pəncərədən çölə çıxarıb. Bundan istifadə edən R.Zeynalov üzərində gəzdirdiyi ov bıçağı ilə əmlakını ələ keçirmək məqsədilə R.Allahverdiyevə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib, R.Allahverdiyevin sağ döş qəfəsinə bir zərbə endirərək onun sağlamlığına ağır zərər vurub. Daha sonra onu avtomobildən düşürərək müxtəlif bədən xəsarətəri yetirib və sonuncuya məxsus 3500 manat dəyərində “VAZ-2107” markalı "10-HX-915" dövlət nömrə nişanlı avtomobili, həmin avtomobilin salonunda olan bir ədəd 20 manat dəyərində mobil telefonu, 2 sim kart nömrəsini, avtomobilin üzərində olan bir ədəd 5 manat dəyərində sarı rəngli “Taxi” emblemini, bir ədəd 40 manat dəyərində avtomobilin içərisində olan “Hyundai” markalı maqintafonun üzlük hissəsini, ümumilikdə 3 min 575 manat dəyərində özgə əmlakını zərəçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla zorla ələ keçirərək quldurluq edib.
Kamal Məmmədov


