Təhsil sistemi daha çox öyrənmə prosesinə deyil, qiymətlərə fokuslanır ŞƏRH EDİLDİ
Icma.az, Sia Az portalına istinadən məlumat verir.
"Təhsil sistemində səhvlərə mənfi münasibət cəmiyyətimizdə formalaşmış psixoloji yanaşmalarla sıx bağlıdır və hesab edirəm ki, bu, fərdin inkişaf potensialını məhdudlaşdıraraq ciddi risklər yaradır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, hazırkı təhsil sistemi daha çox öyrənmə prosesinə deyil, test nəticələrinə və qiymətlərə fokuslanır: "Bu yanaşma nəticəsində səhv etmək balın azalması və qiymətin aşağı düşməsi ilə eyniləşdirilir. Halbuki səhv, təbii ki, öyrənmənin bir parçasıdır. Ənənəvi düşüncədə müəllim hər şeyi bilən, səhv etməyən biri kimi təqdim olunur. Şagird isə yalnız doğru cavab verməyi bacaran bir rol daşıyır. Bu gözlənti həm müəllimdə, həm də şagirddə səhv etmə qorxusu yaradır. Nəticədə bu qorxu ciddi psixoloji baryerə çevrilir. Əlavə olaraq, səhv edən şagirdlər çox vaxt tənqid olunur, aşağı qiymətlə cəzalandırılır. Bu isə onların müdafiə mexanizmini işə salır və ciddi psixoloji travmalara səbəb olur. Səhv, problem kimi qiymətləndirildiyi halda, təhsilin bünövrəsi sarsılır. Bu zaman tənqidi düşüncə iflic olur. Şagird səhv etməkdən qorxduğu üçün aldığı bilikləri təkrar sorğulamaq və dərk etmək əvəzinə, “doğru” kimi təqdim edilənləri əzbərləməyə başlayır. Bu isə onun analiz və yaradıcılıq qabiliyyətini zəiflədir. Halbuki yaradıcılıq səhvlərlə, uğursuzluqlarla, risklərlə yanaşı irəliləyən bir prosesdir. Əgər səhv etmək qadağan edilirsə, fərd risk etməkdən çəkinəcək, təşəbbüskarlıq və innovativlik yox olacaq. Bu düşüncə tərzi ilə böyüyən uşaqlar gələcəkdə məsuliyyətdən qaçacaq, yeniliklərə başlamaqda cəsarətsiz olacaq.
Bu baxımdan, təhsil sistemində müəllimin rolu çox vacibdir. Müəllimlər şagirdlərə səhv etmək azadlığını verməli, bu səhvləri bir cəza aləti deyil, inkişaf vasitəsi kimi görməlidirlər. Səhv edən şagirdi cəzalandırmaq yox, onunla birlikdə bu səhvdən öyrənmək, həmin səhvi düzəltmək üçün mühit yaratmaq müəllimin peşəkarlığının göstəricisidir. Təhsildə psixoloji təhlükəsizlik mühiti formalaşdırılmalıdır. Şagird bilməlidir ki, müəllim də səhv edə bilər; müəllim isə qəbul etməlidir ki, şagird səhv edə bilər. Bu səhvləri üzə vurmaq əvəzinə, onları inkişaf üçün fürsətə çevirmək daha doğrudur.Belə bir mühitdə uşaqlar daha təşəbbüskar, daha yaradıcı və məsuliyyətli böyüyəcək. Bu da nəticə etibarilə daha sağlam, düşünən və innovativ bir cəmiyyətin formalaşmasına gətirib çıxaracaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 07 Yanvar 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















