Təhsil Tələbə Krediti Fondunun 4 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
25 dekabr 2025-ci il tarixində Təhsil Tələbə Krediti Fondunun (TTKF) 4 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib. Tədbirin əsas məqsədi Fondun fəaliyyətə başladığı və ilk müraciətlərin rəsmiləşdirildiyi tarixdən bu günədək həyata keçirilən fəaliyyətin nəticələrini təqdim etmək, əldə olunan nailiyyətləri və qarşıda duran hədəfləri ictimaiyyətlə bölüşmək olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Fondun son 4 il ərzində həyata keçirdiyi fəaliyyətləri, əldə olunan nəticələri və tələbələrə göstərilən dəstəyi əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda, eyni zamanda, bir sıra ali təhsil müəssisələrinin rektorlarının Fondun cəmiyyət üçün əhəmiyyətinə dair fikirləri və təbrik mesajları yer alıb.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov təqdimatla çıxış edərək Fondun yaradılması, fəaliyyət istiqamətləri, məqsəd və missiyaları, eləcə də strateji hədəfləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli, 1367 nömrəli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondu artıq 4 ildir ki, əsasən aztəminatlı və sosial həssas təbəqələrdən olan vətəndaşların təhsilə çıxış imkanlarının genişləndirilməsi, təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması istiqamətində fəaliyyət göstərir.
Bildirilib ki, Fondun fəaliyyəti dövründə e-ttkf.edu.az elektron portalına 86 mindən çox müraciət daxil olub, 70 mindən artıq təhsil tələbə krediti üzrə müqavilə rəsmiləşdirilib. Kreditlərin 65 faizi standart (45 956 TTK müqaviləsi), 35 faizi isə sosial (24 437 TTK müqaviləsi) təhsil tələbə kreditlərinin payına düşür. Kredit alan tələbələrin təhsil aldıqları müəssisələr sırasında ölkənin bütün ali, orta ixtisas və peşə təhsil müəssisələri yer alıb.
Vurğulanıb ki, gender bölgüsünə əsasən, kredit alanların 63 faizi qadınların (44 071 TTK müqaviləsi), 37 faizi isə kişilərin (26 322 TTK müqaviləsi) payına düşür. Bu göstərici Fondun qadınların, xüsusilə regionlarda yaşayan və sosial həssas ailələrdən olan qadınların təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadığını nümayiş etdirir.
Fondun regional əhatəliliyi barədə məlumat verən Bəhruz Əzimov bildirib ki, təhsil tələbə kreditləri respublikanın bütün bölgələrini əhatə edir və region gənclərinin ali, orta ixtisas və peşə təhsili almaq imkanlarını artırır. Qeyd olunub ki, bu günədək təhsil tələbə kreditləri üzrə 64 milyon manatdan çox vəsait xərclənib. Vəsaitlərin təxminən 39 milyon manatdan çoxu standart, 25 milyon manatdan çox hissəsi isə sosial təhsil tələbə kreditlərinin payına düşüb.
Fondun fəaliyyəti çərçivəsində ölkə miqyasında maarifləndirmə və təbliğat işlərinin sistemli şəkildə aparıldığı bildirilib. Son 4 il ərzində ölkənin müxtəlif regionlarında ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində görüşlər təşkil olunub, 90 000-ə yaxın tələbə, abituriyent, şagird, valideyn və pedaqoji heyət maarifləndirici infosessiyalara cəlb edilib. Çağrı mərkəzi, sosial media hesabları və Fondun ofisində minlərlə vətəndaş müraciəti operativ şəkildə cavablandırılıb.
Çıxışda təhsil tələbə kreditlərindən yararlanan tələbə və məzunlara geri ödəniş mərhələsində göstərilən dəstək mexanizmlərinə də toxunulub. Bildirilib ki, məzunların maliyyə savadlılığının artırılması və məşğulluqlarının dəstəklənməsi məqsədilə ödənişsiz təlimlər, təcrübə proqramları və karyera sərgilərində iştirak imkanları yaradılıb. Əmək bazarına çevik çıxışı dəstəkləmək məqsədilə Fondun 4 illik fəaliyyəti dövründə kreditdən faydalanan 3000-dən çox tələbə və məzun təlim-təcrübə proqramlarına yönəldilib, 400-ə yaxın məzunun işlə təmin olunmasında vasitəçilik edilib. Bu məqsədlə, 9 təhsil müəssisəsi, 7 dövlət qurumu, 19 özəl şirkət ilə Anlaşma Memorandumu imzalanıb.
Fondun fəaliyyətində yaş məhdudiyyətinin tətbiq edilmədiyi, eyni ailədən bir neçə nəfərin təhsil tələbə kreditindən faydalana bilməsinin Fondun sosial yönümlü və inklüziv fəaliyyətinin göstəricisi olduğu diqqətə çatdırılıb. İndiyədək 2 tələbəsi olan 1 667 ailədə ümumilikdə 3 334 tələbə, 3 tələbəsi olan 41 ailədən 123 tələbə, 4 tələbəsi olan 3 ailədən isə 12 tələbə təhsil tələbə kreditindən yararlanıb. Ümumilikdə, 1 711 ailəni əhatə edən 3 469 tələbə TTK mexanizmi çərçivəsində kreditlə təmin olunub.
Geri ödəniş mərhələsində tətbiq olunan güzəştlərdən bəhs edilərək bildirilib ki, kreditlərin verilmə qaydasına əsasən normativ təhsil müddətində akademik göstəriciləri yüksək olan məzunların kredit vəsaitlərinin müəyyən hissəsi dövlət tərəfindən bağışlanır. Bu baxımdan, ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan məzunlara 681 Sosial TTK müqaviləsi üzrə 50 faiz və 1 679 Standart TTK müqaviləsi üzrə 25 faiz güzəştlər tətbiq olunub, ümumilikdə 761min manata yaxın kredit vəsaiti bağışlanıb.
Tədbirdə Fondun beynəlxalq fəaliyyətinə də toxunulub. Qeyd edilib ki, Təhsil Tələbə Krediti Fondu 2025-ci təqvim ilində “QS Reimagine Education” çərçivəsində beynəlxalq tanınma sertifikatına layiq görülüb.
Cari ildə Fond tərəfindən 2 ay davam edən Könüllü Proqramı təşkil olunub, könüllülər təhsil tələbə kreditləri ilə bağlı maarifləndirmə fəaliyyətlərinə cəlb edilib. Bundan əlavə, Fondun elektron portalının effektiv istifadəsi məqsədilə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin e-ttkf.edu.az portal üzrə təyin edilmiş 108 nəfər məsul şəxs üçün təlimlər keçirilib.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların nümayəndələri Fondun fəaliyyətini yüksək qiymətləndirərək bu mexanizmin ölkədə təhsilin əlçatanlığının artırılmasında, sosial bərabərliyin və insan kapitalının inkişafında mühüm rol oynadığını vurğulayıblar.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb. Fond rəhbərliyi 4 il ərzində Fondun fəaliyyətinin ictimaiyyətə dolğun və operativ şəkildə çatdırılmasında göstərdikləri dəstəyə görə media nümayəndələrinə təşəkkür edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 25 Dekabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















