Icma.az
close
up
RU
Tərlan Əhmədov: Özləri Elxan Məmmədovla görüşürlər, amma mənə onun adamı deyirlər MÜSAHİBƏ

Tərlan Əhmədov: Özləri Elxan Məmmədovla görüşürlər, amma mənə onun adamı deyirlər MÜSAHİBƏ

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan milli komandasının sabiq kapitanı Tərlan Əhmədovun Teleqraf-a müsahibəsi

- Azərbaycanın 4 klubundan 3-ü avrokuboklarda II təsnifat mərhələsini adlamağı bacardı. Bu nailiyyətlərin daha çox legionerlər hesabına əldə olunduğunu düşünmürsünüz?

- İlk növbədə, təbrik edirəm. Üç klubumuzun mərhələ adlaması sevindirici haldır. 12 ildir "Qarabağ"ın avrokuboklarda əsas mərhələyə keçməsinə sevinirik. Ötən mövsüm "Zirə" Konfrans Liqasında pley-offadək irəliləməklə bizi sevindirmişdi. Bu mövsüm isə 3 klubumuz II təsnifat mərhələsini geridə qoydu. Məsələ burasındadır ki, hazırda klublarda əcnəbi futbolçulara üstünlük verilir və legionerlərin sayəsində uğurların əldə olunmasının şahidiyik. "Sabah"ın Moldova "Petrokub"u ilə Konfrans Liqasındakı cavab görüşünə start heyətdə bir azərbaycanlı futbolçu - Anatoli Nuriyev çıxmışdı. O da milliləşdirilmiş oyunçudur. "Araz-Naxçıvan"ın heyətində Yunanıstan "Aris"inə qarşı ilk dəqiqələrdən 2 azərbaycanlı - Urfan Abbasov və Bəxtiyar Həsənalızadə çıxdısa, "Zirə"də Xorvatiya "Hayduk"una qarşı start "11-lik"də 3 yerli - Qismət Alıyev, İsmayıl İbrahimli və Rövlan Muradov, "Qarabağ"da İrlandiya "Şelburn"u ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında eyni sayda milli üzvü - Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev və Nəriman Axundzadə forma geyindi. Demək olar ki, yerlilərin yox, əcnəbilərin sayəsində klub səviyyəsində inkişaf etmişik və klubların uğurları da buna bağlıdır. Yerlilər isə yavaş-yavaş ehtiyatda qalmağa başlayırlar. Əcnəbilərə üstünlük verilməsi strategiyası müəyyənləşdirilib. Bu yolla hansısa uğura imza atmağın mümkünlüyü gözlənilən idi.

- Legionerlərlə nailiyyətlər Azərbaycan futboluna nə verir?

- Klub səviyyəsində nə isə verə və indiki mərhələdə onların, Premyer Liqanın səviyyəsini qaldıra bilər. Ümumilikdə Azərbaycan futboluna isə hələlik heç nə vermir. Son oyunlarda görürük ki, azərbaycanlı futbolçuların əksəriyyəti ehtiyatda qalır. Həmişə demişəm ki, bizim futbolçuların ağır iş görmək, öz üzərlərində işləmək sevdası yoxdur, onlar özlərini qoruyurlar. İndidən demək olar ki, Premyer Liqa komandaları 2 hissəyə bölünəcək. İlk 6 klub çempionluq və mükafatlar, digər 6 klub isə yaşamaq uğrunda mübarizə aparacaq. Güclü "6-lıq" öz aralarında görüşəndə legionerlərə üstünlük verəcək. Milli komandalarımızın aqibətinin necə olacağı, futbolçuların haradan seçiləcəyi kimi suallar ortaya çıxır. Bəli, klublarımızın mərhələ adlamalarına sevinirik, amma qarşıdan milli səviyyəsində Ukrayna, Fransa və İslandiyaya qarşı 2026-cı il dünya çempionatının seçmə qrup oyunları gəlir. Yığmaya hansı futbolçuların çağırılacağı və onların hansı formada olacaqları müəmmalıdır.

- Elə isə niyə yerli futbolçular legionerlərlə rəqabət aparmırlar?

- Onlara şanslar verilmişdi. Yerli futbolçuların inkişaf proqramı akademiyadan başlayır. Akademiyalarda məşq proqramları düzgün deyil. Orada maxinasiyalar, özbaşınalıqlar, futbolçuların düzgün məşq proqramları və yüklənmələr keçməmələri, inkişaf proqramlarında yanlışlıqlar var. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, AFFA-nı koordinasiya edən böyük bir qurum yaradılmalıdır. Azərbaycan futbolunda akademiyaların inkişafına, məşqçilərin savadlandırılmalarına, futbolçuların qidalanma və vitamin təminatlarına nəzarət olunmalıdır. Akademiyalarımızda çempionatın keçirilməsi də düzgün proqramla icra olunmur. Bu, heç kimin xətrinə dəyməsin. Oyunların hamısı süni örtükdə keçirilir. Bütün bunlar istər-istəməz problem yaradır. 17-19 yaşlarından sonra klubların əsas heyətində çıxış etməyə futbolçu tapılmır. Kimlərinsə şəxsi mənafeləri, prinsipləri üzündən oyunçuları heyətdən çıxarırlar. Yəni, yerlibazlıq, qohumbazlıq, dostbazlıq olmamalıdır. Bilirik ki, uşaq məşqçilərin əmək haqları aşağı olduğundan, çox vaxt valideynlərin əllərinə baxırlar. Yəni, belə problemlər çoxdur. Futbolu inkişaf etdirmək istəyiriksə, ilk növbədə, infrastrukturu düzəltməli idik. Hər bir klubun öz maddi-texniki bazası olmalı, onlar öz akademiyalarının yetirmələrini meydana buraxdıqları halda, mükafat qazanmalı idilər. Yəni, bu problemlər həllini tapmalıdır ki, yerli futbolçuları həm çempionatda, həm də milli komanda səviyyəsində inkişaf etdirək, onları xaricə sata bilək. Biz illərdir bunun üzərində düşünürük, lakin ortaya nəyisə çıxara bilmirik. Bu baxımdan, yerlilər əcnəbilərlə rəqabətdə hələ öndə yox, geridədirlər.

- Düşünmürsünüzmü ki, vəziyyətin bu hala çatmasında yerli futbolçuların özləri günahkardırlar?

- Günahkar ilk növbədə, azərbaycanlı futbolçuların özləridir. Çünki öz üzərlərində işləmirlər və yanlarındakı legionerlərdən də bir şey öyrənmirlər. Bəziləri var ki, bir az oynamağa başlayan kimi menecerləri və jurnalistlər tərəfindən yaxşı reklamları gedir. Müəyyən müddətdən sonra onlarda "ulduz xəstəliyi" yaranır. Sonda isə yerli futbolçu tapa bilmirsən. Tərifi öz işimizin xeyrinə yönləndirə bilmirik. Yerlilərin ən böyük problemi onlara gənc yaşlarında verilən yüksək əmək haqqı ilə əlaqədardır. Limit vaxtı 21 yaşadək futbolçuların 85 faizi yarımmüdafiənin mərkəzində oynayanlardan ibarət idi. Nə hücumçu, nə mərkəz müdafiəçiləri, nə cinah müdafiəçiləri, nə də vingerlər var idi. Hamı mərkəz yarımmüdafiəçiləri üzərində işləyirdi. Çünki orada gənc futbolçunun səhvlərini kompensasiya edən əlavə əcnəbi yarımmüdafiəçi də olurdu. Biz bu yolla oyunçu yetişdirmədik, əksinə, itirdik. Gənclərimiz həmişə belə olacağını düşünməyə başladılar. Nəticədə şanslar itirildi. Bəli, dəyərləndirənlər də oldu, amma çox cüzi sayda. Lakin bir çox futbolçu parlaq istedadını aça, rəqabətə dözə bilmədi. Klub rəhbərləri də avrokuboklarda mərhələlər keçməyi tələb etməyə başladılar. Yerli futbolçular isə rəqabətə dözə bilmədilər. Əcnəbilər bura gələndə çalışırlar ki, həm heyətdəki yerlərini itirməsinlər, həm də məvaciblərini daha da artırsınlar. Yerlilərə verilən əmək haqqı isə onların bugünkü həyatlarını təmin etdiyindən, öz üzərlərində işləməkdən yayınırlar. Legioner limiti 6+5 olanda, 21 yaşadək yerli futbolçu oynatma məcburiyyəti qoyulanda şans qazananlar sonrakı mərhələlərdə legionerlərə uduzdular.

- Futbol akademiyalarındakı nöqsanları fəaliyyətini məhdudlaşdıran "Qəbələ"yə də şamil edirsiniz?

- Xeyr. "Qəbələ" Futbol Akademiyasında futbolçular həqiqətən də yetişirdi. Bu, klub prezidenti Tale Heydərovun diqqət göstərdiyi vaxtlarda idi. Elə "Bakı" klubunun akademiyasından da nə qədər yerli oyunçu ortaya çıxmışdı. Mən tək bir klub barədə demirəm, ümumi problemlərdən danışıram. Əvvəlcədən hər bir klub futbolçu yetişdirsəydi, Avropada da oyunçularımız olardı. Hər şeyimiz var, amma futbolçu yetişdirə bilmirik. Proseslər, yanaşmalar, yarışların keçirilməsi fərqlidir. Heç kim gedib oyunlara, məşqlərə baxmır. Elə akademiya rəhbəri var ki, öz komandasının oyununun videoyazısına internetdə baxır, meydanda canlı izləməyi özünə sığışdırmır. Bunların hamısını özləri bilirlər. Ötən ilə qədər "Qəbələ" Azərbaycana nə qədər futbolçu verdi. Orada futbolçuların qalmaları, kənardan futbolçuların seçilərək akademiyaya cəlb olunmaları kimi məsələlər var idi. Bu, maliyyə ilə bağlı ola bilər. Eşitdiyimə görə, "İmişli"nin 19 yaşadək futbolçularının da U-19 Liqasına hələlik buraxılmaması qərara alınıb. Mən Azərbaycandakı bütün akademiyalarda məşqçilərin işində problemlərin olduğunu deyirəm. Araşdırmalar aparsınlar ki, niyə kasıbın balası daha az, imkanlının ovladı daha çox məşq keçməlidir? Elə olub ki, valideynlər belə ayrıseçkiliklərə görə uşaqlarını komandalardan çıxarıblar.

- Yəqin ki, Ramin Musayevin "Azərbaycan millisi ölüb, 5 il yığmadan nəticə gözləməyin" deyərək, fatihə verməsinə dair fikirləri ilə tanışsınız. Sizcə, bunlar sərt açıqlamalar deyil?

- Ramin Musayevə böyük hörmətim var. Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Özünün düşüncəsi var, nəyisə bilib-danışır. Ramin müəllim "Neftçi"də də, Peşəkar Futbol Liqasında da rəhbər şəxs kimi böyük işlər görüb. Hər bir insanın yaxşı işinə qiymət verilməlidir. O, belə bir açıqlama veribsə, deməli, gördüyü, düşündüyü bir şeylər var. 4 klubumuzun son avrokubok matçında ümumilikdə 9 yerli futbolçu meydanda olub. Yaxşı, Fransa önünə kimi çıxaracağıq? Biz bir qədər mülayim formada danışırıq. Ramin müəllimin ürəyi yanır, azərbaycanlı futbolçuları meydanda görmədikcə milli komandanın aqibətini düşünür. Sərt formada oldu-olmadı, fikrini deyir. İnkişaf klub səviyyəsində olmur, yerli futbolçuların yetişərək ərsəyə gəlmələri, legioner həyatı yaşamaları ilə olur. Mən də sərt danışsam, çoxları ucundan tutub ucuzluğa doğru gedəcək. Bizim dövrümüz normal şəraitin olduğu illərə düşmədi. Şəxsən özüm Moldovaya uçmamışdan bir gün əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda qaçdığım vaxt ayağım çökəyə düşdü, topuğum qırıldı. Səhərədək belə vəziyyətdə qaldım, rentgen müayinəsinə getdiyim vaxt sınıq olduğu üzə çıxdı. Yəni, meydançalarımız nə gündə olurdu. Amma indi hər şeyimiz var, təlim-məşq toplanışları yüksək səviyyədə keçir, amma futbolçu yetişdirə bilmirik. Hətta Çempionlar Liqasında qrupa düşürük, lakin yığmamızı inkişaf etdirməyi bacarmırıq. Dünya səviyyəli məşqçilər gətiririk, amma nəticə əldə edə bilmirik. Axı nəticə necə olsun ki, futbolçularımızın yanaşmaları və ya futbolçularımıza yanaşmalar yanlış tərzdədır? Bu qədər dövlət qayğısı olduğu halda, niyə futbolumuz inkişaf etməməlidir? Əlbəttə, Ramin Musayev də fikirləşir ki, klublar nəticə verə, mərhələ keçə bilərlər. Bəs yığmanın aqibəti necə olacaq?

- Yeri gəlmişkən, Ramin Musayev hər müsahibəsində sizin işsiz qalmağınızdan narazılığını önə çəkir...

- AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevlə bir neçə dəfə görüşümüz olub. Mənə qarşı təzyiqlər, ləkələnmə cəhdləri var idi. Onları Hacıyevin diqqətinə çatdırdım. Nə olacağını bilmirəm, amma AFFA-da bir nəfər var, deyib ki, Tərlan Əhmədov Elxan Məmmədovun adamıdır. Elxan Məmmədovla görüşən, çay içən, dərdləşən bunlar, amma Elxan Məmmədovun adamı Tərlan Əhmədov... Halbuki Məmmədovun dövründə mənə Ramin Musayevin adamı deyirdilər. Bəli, Musayevlə aramızda dostluq, qardaşlıq var. Bu gün ikimiz də işləmirik. Lakin dostluq, qardaşlıq, yoldaşlıq münasibətimiz davam edir. Nə oldu, Elxan Məmmədovun vaxtında Tərlan Əhmədovun Ramin Musayevin adamı olduğunu deyirdilər, ona görə bütün karyeramı sual altına almışdılar. İndiki rəhbərlikdəki şəxslərdən biri isə məni Elxan Məmmədovun adamı kimi qələmə verir. Bunlar gedəndən sonra yeniləri də gəlib deyəcək ki, Tərlan Əhmədov hazırkı rəhbərlikdən kiminsə adamı olub. AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə cəmi bir dəfə - Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevin 70 illik yubileyində salamlaşmışıq. Niyə məni Elxan Məmmədovun adamı kimi qələmə verib işləməyə qoymurlar, bu, mənə çatmır. Niyə ətrafımda bu qədər mənfi fikir formalaşdırırlar? Mən bu gün Azərbaycan futboluna xidmət edirəm. Elxan Məmmədov da AFFA-nın baş katibi, icraçı vitse-prezidenti olub, indi də FIFA-da vəzifədə çalışır, işi avand olsun. Mənim onunla işim yoxdur. Məmmədov "Araz-Naxçıvan"ın "Aris"lə oyununu stadiondan izləyib, onunla görüşüblər. Barəmdə niyə belə fikir formalaşır, bilmirəm.

- Bu yaxınlarda Bəxtiyar Musayev AFFA-da Skautlar şöbəsinə müdir təyin olundu. Baş məşqçilik öz yerində, futbol funksionerliyi fikrinizdən keçibmi?

- Əlbəttə, istərdim ki, Azərbaycan futboluna xidmət edim. Nə ideyalarım var idisə, sənəddə kağız üzərində qaldı. Gənclər və idman naziri Fərid Qayıbova da demişdim ki, bu proqram əsasında müəyyən müddətdə azərbaycanlı futbolçuları yetişdirərək, inkişaf etdirə bilərik. O da köməkçisinə tapşırıq vermişdi ki, mənimlə görüşərək, bu məsələ üzərində işlər aparılsın. Lakin o qədər planlarım, ideyalarım var idi, hamısı kənarda qaldı, heç kimə lazım olmadı. . İllərlə deyirəm, danışıram, yazıram. Sadəcə, görürəm ki, heç kimə maraqlı deyil. Əlbəttə, bir funksioner kimi də futbolumuza xidmət etmək istərdim. Amma bir iş xatirinə kabinetə otuzdurub, bankomata kartı salaraq, maaşı çıxarmaq xatirinə yox. Azərbaycan futbolu inkişaf etməlidir. Gürcüstan, Özbəkistan futboluna baxanda niyə ah çəkməli, təəssüflənməliyik? Azərbaycanda futbola göstərilən dəstək heç bir ölkədə yoxdur. Lakin biz qarşılığını verə bilmirik. Bir məsələni də deyim ki, Azərbaycanın tanınmış futbolçularının heç biri iş başında deyil. Nazim Süleymanov, Samir Ələkbərov, Vidadi Rzayev, Mahmud Qurbanov, Arif Əsədovu misal çəkə bilərəm. Yunis Hüseynov dostumuz-qardaşımızdır, bu yaşında "Turan Tovuz"da məcburiyyətdən köməkçi-məşqçi işləyir. Vəli Qasımovun İspaniyada, Portuqaliyada tanışları, əlaqələri var. Bundan klub və milli naminə istifadə etmək olardı. Nə qədər tanınmış futbolçumuz varsa, hamısı kənardadır, heç biri iş başında deyil. O cümlədən də mən. Hansısa təklif, iş olarsa, dəyərləndirərik. Azərbaycan futbolu qarşıdakı 5 il ərzində inkişaf etməlidir. Hamımız bundan ötrü qollarımızı çırmalamalı, başqasına baxıb köks ötürməməliyik. Öz klublarımızla, milli komandamızla fəxr etməliyik. Bu proqram veteran futbolçularla birlikdə işləməlidir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:30
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Avqust 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see223

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see209

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see130

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see127

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see124

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

İranın yol və şəhərsalma naziri Şahin Mustafayev ilə görüşüb

06 Avqust 2025 10:32see119

Ağstafada yol qəzası ölümlə nəticələndi

06 Avqust 2025 08:56see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see116

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see116

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see111

BDU da Süni intellekt etikası üzrə birinci Gənclər Forumu keçiriləcək

06 Avqust 2025 10:18see110

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see110

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see110

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri