Tofiq Zülfüqarov: “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar”
“Ermənistan Respublikasında Qərbi Azərbaycan olmayıb, yoxdur və ola da bilməz”.
Ermənistanın Baş naziri Nikol Paşinyan “Ailə Podkasti” zamanı belə deyib. Paşinyan Qərbi Azərbaycan ifadəsini “suveren dövlətə qarşı birbaşa aqressiv ritorika” adlandırıb.
“Qərbi Azərbaycan Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarıdır. Bundan kənarda Qərbi Azərbaycan olmayıb, ola da bilməz. Real Ermənistan anlayışında Qərbi Ermənistan deyəndə başa düşməliyik ki, Qərbi Ermənistan Armavir vilayətinin (Sərdarabad) qərb hissəsi, Araqats (Ələyəz) vilayətinin Baqramyan rayonu (keçmiş Qurduqulu rayonunun bir hissəsi), Talin (Alagöz) vilayətidir. Çünki əsl Ermənistan real regionda yerləşir. “Qərbi Azərbaycan” Qazaxdan kənarda ola bilmədiyi kimi, Qərbi Ermənistan da Armavirdən kənarda ola bilməz. Qərbi Ermənistan Araz çayında bitir və bu, bizim təhlükəsizlik konsepsiyamızdır”, - Baş nazir bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıdaraq orada yaşamasının vacibliyindən danışıb. Azərbaycan Prezidenti bu prosesin reallaşdırılması üçün konkret tarixi, siyasi və hüquqi arqumentlər gətirib:
“Bu gün biz deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Hələ XIX əsr rus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir”.
İlham Əliyev qeyd edib ki, Qərbi azərbaycanlıların vaxtilə yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz:
“Yaxşı olardı ki, Ermənistanın Baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Cümhuriyət”-ə bildirib ki, Nikol Paşinyanın Qərbi Azərbaycan haqqında iddiaları tarixi inkar etməkdir. Vaxtilə Ermənistan SSR-dən qovulan azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququ təmin olunmalıdır:
“Hazırda Qərbi Azərbaycan mövcud olmasa da, həmin torpaqların sakinləri və övladları sağdır. Onların öz vətənlərinə qayıtmaq, Qərbi Azərbaycanda yaşamaq hüququ var. Ermənistan elitasının Qərbi Azərbaycan məsələsinə bu cür reaksiya verməsinin səbəbi var. Onlar münaqişə başlayandan sonra həmişə insan hüquqları məsələsinə birtərəfli yanaşıblar və heç vaxt azərbaycanlıların deyil, yalnız ermənilərin hüquqları barədə düşünüblər. Amma erməni mənşəli insanlar Azərbaycanda yaşamaq istəyirlərsə, onlara bu şəraitin yaradılması üçün qaydalar müəyyən olunub.
Hətta Azərbaycan Prezidentinin nümayəndələri də vaxtilə Qarabağdakı erməni əhalisinin nümayəndələri ilə görüş keçirmişdi. Onların Azərbaycan vətəndaşlığını qəbul edib yaşaması üçün portal açılmışdı. Əgər Qarabağdakı ermənilər terror fəaliyyəti ilə məşğul olmasa idi, bizim hərbçilərimiz, polislərimiz və mülki insanlar həlak olmasaydı, Azərbaycan Ordusu antiterror əməliyyatı keçirməzdi. Onların köçüb getməsi də Azərbaycan dövlətinin deyil, onların icmasının qərarı idi.
İndi Ermənistan özünü demokrat adlandırır. Lakin onların demokratiyası milli demokratiyadır və yalnız erməni milliyətindən olan şəxslərə şamil oluna bilər. Bu şəkildə yanaşma isə bizi sülhə yaxınlaşdırmır. Azərbaycan dövlət başçısı da bildirib ki, Ermənistan beynəlxalq qanunlara uyğun mövqedən çıxış etməsə, sülh prosesində hansısa inkişaf mümkün ola bilməz. Azərbaycan dövləti azərbaycanlıların hüquqlarını müdafiə və təmin etməyə hazırdır”.
Paşinyan Azərbaycanın qərb rayonlarının adlarını saymaqla və eləcə də “Qərbi Ermənistan”ın Araz çayı və Türkiyə ilə həmsərhəd vilayətlərdən ibarət olduğunu vurğulamaqla Sovet dövrünə aid xəritələri gündəmə gətirir. Bununla da Qərbi Azərbaycan ərazisinin Ermənistanın Azərbaycanla şərti sərhədində başa çatdığını vurğulayır. Beləliklə sülh müqaviləsi imzalandıqdan sonrakı Ermənistanı monoetnik və türksüz dövlət kimi görmək istədiyinə işarə edir.
Tofiq Zülfüqarovun sözlərinə görə, Sovet dövrünün xəritələri ilə bağlı Ermənistanın mövqeyi mübahisəli olduğuna görə Paşinyan dedikləri həqiqət kimi qəbul oluna bilməz. Sovet dövrünə aid xəritələrin hansı illəri əhatə etdiyi müəyyənləşməlidir:
“Paşinyanın dediyi “Real Ermənistan” məfhumunu ermənilər özləri də qəbul etmirlər. Bu ifadə Ermənistanda fərqli şərh edilir. İkincisi, real Ermənistan Paşinyan kimi siyasətçilərin və ermənilərin öz istəyidir. Ermənistan Almatı Bəyannaməsini pozub və qəbul etməyib. Çünki Almatı Bəyannaməsi imzalanmazdan və üçüncü, müstəqil Ermənistan Respublikasını elan etməzdən qabaq Azərbaycan ərazilərini öz tərkibinə qatmaq barədə qərar qəbul edib.
Biz isə sənədlərə əsasən üçüncü Ermənistan Respublikası ilə sülh danışıqları aparırıq. Paşinyan Ermənistanın üç-dörd variantını təqdim edir. Azərbaycan öz növbəsində Almatı Bəyannaməsində əksini tapmış çağırışlara və prinsiplərə sadiq qalaraq, Sovet dövründə mövcud olmuş sərhədləri qəbul etdiyini bildirir. Ancaq Sovet dövrü 1920-ci ilin noyabr ayı da ola bilər. Həmin ilin aprel ayında bolşeviklər tərəfindən işğal olunmuş Azərbaycanın Ermənistanla sərhədləri var idi.
Biz bu dövlətin varisiyik. Yəni bu söhbət açıqdır. Paşinyan Qərbi Azərbaycan dedikdə Azərbaycan-Ermənistan şərti sərhədində yerləşən rayonları nəzərdə tutur. Lakin Azərbaycan-Ermənistan sərhədləri hələ müəyyən olunmayıb. Sərhədlər delimitasiya və demarkasiya edilməlidir. Ermənistan Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması ilə bağlı hansı addımları atacağına aydınlıq gətirməlidir. Azərbaycan Qarabağın erməni sakinləri ilə bağlı öz mövqeyini elan edib.
Ermənistan isə bu istiqamətdə heç bir addım atmayıb. Onlar özlərini müasir dövlət kimi yox, tayfa, quldur dəstəsi kimi aparırlar. Ermənistanda 2026-cı ildə parlament seçkilərinin keçiriləcəyini nəzərə alsaq, belə sərt bəyanatların sayı artacaq. Bunun fonunda Ermənistan Qərbi azərbaycanlılar öz yurdlarına qayıdacağı təqdirdə onlara hansı hüquqları verəcəyinə aydınlıq gətirməlidir. Onların təhlükəsiliyi təmin edilməli, daimi yaşamaq hüququ verilməlidir.
Əgər Paşinyan Qərbi azərbaycanlıların qayıtmasına razı deyilsə, Azərbaycan da bundan irəli gələn müəyyən addımlar ata bilər. Bu, həm Zəngəzura, həm Göyçə mahalına aiddir. Paşinyan indi Sovet dövrünün xəritələrindən danışır, bundan əvvəl deyirdi ki, Qarabağ Ermənistandır” və s. O, hər ay bir fikir söyləyə bilər. Amma Azərbaycan hesab edir ki, Sovet dövrünün sərhədləri delimitasiya və demarkasiya prosesi zamanı müzakirə oluna bilər”.
Qərbi Ermənistanın Araz çayı və Türkiyə ilə həmsərhəd bölgələrdə yekunlaşdığına dair Nikol Paşinyanın açıqlaması ilk baxışdan müsbət təsir bağışlaya bilər. Çünki Ermənistanın Müstəqillik Bəyannaməsində Türkiyənin 6 şərq vilayəti “Qərbi Ermənistan” adlandırılıb. 1995-ci ildə keçirilən referendumla Ermənistan konstitusiyasının preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad edilməklə Türkiyəyə qarşı ərazi iddiası ölkənin ali qanununa daxil edilib. Bu baxımdan, Paşinyanın “Qərbi Ermənistan”ın sərhədlərini göstərməsi Türkiyəyə qarşı ərazi iddialarından imtina kimi başa düşülə bilər. Digər tərəfdən, Türkiyənin bütün tələblərinə baxmayaraq, Paşinyan hakimiyyəti Müstəqillik Bəyannaməsinə və Ermənistan konstitusiyasına dəyişiklik edilməsi tələblərini yerinə yetirmir. Paşinyanın “Qərbi Ermənistan” barədə dedikləri siyasi və hüquqi nöqteyi-nəzərdən ziddiyyətlidir.
Keçmiş xarici işlər naziri bildirib ki, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası yoxdursa, Paşinyan hakimiyyəti referendum keçirməli və preambula hissəsini ali hüquqi sənəddən çıxartmalıdır:
“Türkiyə bunu qəbul edir, ya etmir, bu, onların öz daxili işidir. Amma Ermənistan İranla, Türkiyə və Gürcüstanla sərhədlərini Almatı Bəyannaməsinə uyğun qismən tanıyıb. Azərbaycanla sərhədləri isə tanımayıblar. Fransa bu dəstəyi onlara verməyə hazırdır. Ermənistan da bunu istəyir. Biz isə digər məsələləri öz mövqeyimizə uyğun müzakirə etməyə hazırıq”.
Müşfiq Abdulla
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin