Türkər Qasımzadə: Ali Baş Komandan Əziz Şuşa, sən azadsan deyəndə məndən sevincli bir haray qopdu...
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İncəsənət - insan ruhunun dinləndiyi, qəlbin ən gizli notlarının səsə, rəngə, hərəkətə və səssiz sözə çevrildiyi aləmdir. Elə bir aləm ki, nə zamanın sərhədi, nə məkanın ölçüsü, nə də həyatımızın gündəlik qayğıları onu kölgəyə sala bilir. Çünki sənət ruh olduğu müddətdə yaşayacaq, qəlb duyduqca danışacaq və sənət insan var olduqca, var olacaq. Bəzən bir tabloda itirdiyimiz uşaqlıq xatirəsini tapırıq, eşitdiyimiz musiqidə ayrılığın kövrək izini duyuruq, seyr etdiyimiz heykəlin görünüşündə bir nəfəs, çırpıntı hiss edirik.
İncəsənət - insanın öz-özüylə danışması, susduqlarını anlatması, bəzən də dünyanın səssiz küncündə gizlənən duyğuların dillənməsidir. Hər dövrün, hər cəmiyyətin, hər bir fərdin iç aləmini danışdıran bu sehrli dünya zamanla ayaqlaşsa da, əsrlərin içindən dəyişməyən bir həqiqət kimi keçib gəlir - sənət insanı yaşadır, insan isə sənəti...
Bu gün yenə sənətin musiqi notuna köklənmək istədik. Ruhumuzun istənilən halında bizə yaxın olan musiqinin. Azərbaycan musiqisini layiqincə təmsil edən sənətkarlar, musiqişünaslar kifayət qədərdir və yetişməkdə də davam edir. Şənbə qonağımız Azərbaycan incənətində özünəməxsus yeri, yaradıcılığı, musiqimizin gələcəyi istiqamətində fərqli düşüncələri, Vətəndən kənarda millətinin mənafeyi naminə mükəmməl təhsil alaraq torpağına qayıdan bir bəstəkarımızdır. Əziz oxucu, bu gün görüşünə bəstəkar, musiqi sənətləri doktoru, Qarabağ Universitetinin İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə ilə gəlmişik.
- Ədəbi mühitdə böyüdünüz, atanız Nəriman Qasımoğlu babanız Qasım Qasımzadənin yolunu tutub getdi. Amma siz sənəti, musiqini seçdiniz...
- Ailəmizdəki ədəbi mühitdən əlavə, həm də yaşadığımız binanı qeyd etmək istərdim. Yazıçılar evi kimi tanınan binanın sakinləri görkəmli şair və yazıçılar idi. Qonşuluqda bizə yaxın bina isə bəstəkarlara məxsus idi və indi də elədir. Rus şairi Osip Mandelştamın belə bir misrası var: "...və ey söz, musiqiyə qayıt". Onun təbirincə desək, söz musiqiyə çevriləndə öz ilkinliyinə qayıdır. Görünür, bizim nəsildə bu baş verməli idi. İki şair nəslindən sonra mən bəstəkarlığı seçdim, bacım isə pianoçuluğu. Atam Nəriman Qasımoğlu tarda ifa etdiyindən kiçik yaşlarından həmin sədaları eşidərək böyümüşük. Bayaq yaşadığımız məkanı elə-belədən qeyd etmədim. Erkən yaşlarından qonşu binada yaşayan sonradan ən əziz müəllimim olan Xəyyam Mirzəzadəni, Arif Məlikovu, Tofiq Quliyevi və bir sıra bəstəkarlarımızı müşahidə edərdim. Təhsil aldığım 190 saylı orta məktəblə yanaşı, Əhməd Bakıxanov adına 6 saylı musiqi məktəbində də fortepiano dərsləri alırdım. Əlbəttə, o zaman yolumun birmənalı şəkildə musiqilə bağlı olacağı barədə düşünmürdüm.
- Lakin istedad tələb edən bəstəkarlıq yolunu seçdiniz...
- Musiqi məktəbində oxuyanda cazla da maraqlanır, müəyyən improvizələr edirdim. Xatırlayıram, həmin improvizələri nota almağı da düşünürdüm, çünki uşaq sadəlövhlüyü ilə mənə elə gəlirdi ki, improvizələr qalıcı deyil. Bu, əlbəttə yanlış olsa da, məni narahat edirdi. O dövrdə klassizm və romantizm dövr bəstəkarlarının əsərlərinin notlarını təhlil edərək, öyrənə-öyrənə improvizələrimi nota almağa çalışırdım. Yadımdadır ki, kiçik bir pyes yazmağa da müvəffəq olmuşdum, müəyyən pasajlarda blüz ladından da istifadə etmişdim. Pyesin adını da "Adsız" qoymuşdum. Sonra bu istiqamətdə işlərimə bir qədər fasilə verdim.
- Bu fasilə ərzində nələrsə baş verib yəqin ki...
- Təhsilimi davam edirdim, həm orta, həm musiqi məktəbində. Musiqi məktəbində Vəfa Quluzadənin xanımı Liliya Quluzadə mənə dərs deyirdi və böyük şövqlə məni bu sahəyə yönəldirdi. Nəslimizdə bir hüquqşünaslıq xətti də var. Qasım Qasımzadənin babası Cümhuriyyət dövründə Zəngəzur Qəza rəisinin birinci müavini Şahsuvar bəy Kələntərov (Hüseynov) Kiyevdə ilk hüquq təhsili alıb. Məktəb illərində hüquqşünaslıq, beynəlxalq münasibətlərə marağım vardı. Lakin Liliya xanımın xüsusi və davamlı təkidləri məni musiqini seçməyə vadar etdi. Yadıma "Adsız" pyesi, etdiyim cızma-qaralar düşdü, bəzi kiçik pyeslər yazaraq, Xəyyam müəllimə göstərməyə başladım. Bəstəkarlıq yolunda ilk dəstəyi, ilk istiqamətləri Xəyyam müəllimdən almışam. Xəyyam müəllimin bir xüsusiyyətini əksəriyyət bilirdi. Kimdəsə musiqi işartısı görməsəydi, kimin övladı olursa olsun, onunla çalışmazdı. Bu, onun peşəsilə bağlı qırmızı xətti idi. Mənə musiqi yazmağımda davamlı olmağı tövsiyə etdi və bir il onunla məşğul oldum. Həmin il ərzində intensiv olaraq digər nəzəri dərslərlə də məşğul oldum ki, bu mənada müəllimlərim Lalə Mehdiyeva, Şəhla Mahmudovadan öyrəndiklərimi də qeyd etməliyəm və beləliklə, konservatoriya dediyimiz indiki Bakı Musiqi Akademiyasına daxil oldum. Bunda digər görkəmli bəstəkarımız Arif Məlikovun da xüsusi rolu olub. O zaman yeddiilik musiqi təhsili ilə konservatoriyanın bəstəkarlıq ixtisasına qəbul imkanını sorğulayanlar çox idi. Arif müəllim bəstələdiyim pyeslərlə tanış olduqdan sonra demişdi: "Sənin tam haqqın var ki, konservatoriyaya daxil olasan" və bunun baş tutması üçün tədris şöbəsində də xüsusi səy göstərmişdi, Xəyyam Mirzəzadə və Arif Məlikovun xeyir-duası ilə yoluma davam edə bildim.
- Bakı Musiqi Akademiyasını bitirdikdən sonra magistr dərəcəsi almaq üçün isə Nyu-Yorkun Manhettan Musiqi Məktəbinə üz tutdunuz...
- Qara Qarayevin məşhur bir deyimi var və yanılmıramsa, belə səslənir: "Müasir musiqinin gəmiləri bizim sahillərdə də lövbər salır". Bu fikir təhsil illərimdə hər zaman məni düşündürürdü. Həmkarlarım, dostlarımla tez-tez: "Biz nə qədər dünya bəstəkar musiqisilə iç-içəyik və təmaslarımızı nə qədər dolğun şəkildə qura bilmişik" kimi suallar ətrafında düşünür və mülahizələr yürüdürdük. Əlbəttə, dünyaya açılmaq, təhsil imkanlarını dəyərləndirmək könlümdən keçirdi. Magistraturaya daxil olmaq üçün ilkin mərhələdə sənədlərimi, tələb olunan əsərlərimi, müəyyən səs yazılarını göndərdim. Birinci mərhələni keçdim və imtahan üçün dəvət aldım. Onu da qeyd edim bu imtahan həm də mənim xaricə ilk səfərim idi. Nyu-Yorkun Manhettan Musiqi Məktəbində müxtəlif nəzəri fənlərə aid imtahanları uğurla verdim. Bu imtahanın maraqlı bir xatirəsi qalıb yaddaşımda. Bəstəkarlıq ixtisası üzrə imtahan üçün iki müxtəlif üslub təqdim edilir və 24 saat, yəni bir günün içində həmin iki üslubu özündə ehtiva edən bir pyes yazmalısan. Belə bir testlə bəstəkarlıq texnikasını, verilən üsluba qısa zamanda necə uyğunlaşacağını yoxlayırlar. Mənə XX əsr klassiklərindən Olivier Messiaen və Elliott Karterin əsərlərindən nümunələr və üslubları düşmüşdü. Pyesi bir gecəyə yazıb səhəri günü təqdim etdim. Sonra imtahanın müsahibə mərhələsi gəldi. Amerikanın məşhur bəstəkarı Nils Vigeland, onun tələbəsi alman əsilli Reiko Futing və başqaları məni sorğu-sual etdilər. Bu imtahanı da uğurla keçərək, magistratura təhsilimə vəsiqə qazandım.
- Amma bu, son olmadı...
- Magistratura təhsilini aldığım müddətdə anladım ki, əvvəlki təhsilimdə nəzəri boşluqlar var. Məhz bu boşluqları doldurmaq üçün xaricdə təhsil çox önəmli idi. Təhsil alarkən mümkün olan bütün imkanlardan istifadə etməklə, həmin nəzəri boşluqları doldurmağa çalışırdım. Magistratura dərəcəsi təhsilinin sonuncu ilində böyük tərkibli orkestr üçün əsər yazılmalı idim. Bu əsərin ifası ilə təhsilim bitirdi. Adını "Xəzri" qoyduğum əsəri yazdım, yüksək ifaçılıq məharətli tələbə orkestrinin ifasında uğurla səsləndi. Sonradan mənə dirijor, maestro David Gilbert dedi ki, məzunların əsərləri arasında ifaçıların ən çox bəyəndiyi məhz "Xəzri" olub... Qayıdaq sizin sualınıza. Bəli, bu, son olmadı, çünki təhsilimi davam etdirməyi düşünürdüm. Həm püxtələşmək, həm də pedaqoji fəaliyyətlə məşğul olmaq kimi bir niyyətim vardı. Bu istəklə doktorantura təhsili üçün Ohayo ştatının Sinsinati Universitetinə qəbul oldum və sonda Musiqi Sənətləri Doktoru dərəcəsini aldım. Təhsilin üçüncü ilində professor assistenti olaraq, amerikalı tələbələrimə elektron musiqi dərsləri keçdim. Həmin Universitetdə Orta Şərqin musiqisilə bağlı fənnini də tədris edirdim. Müxtəlif festivallarda əsərlərim ifa olundu. Bir məqamı xüsusi vurğulamaq istərdim. Azərbaycan dövlətinin təhsilimdə birbaşa dəstəyi olmasa idi, təhsil istəklərimi gerçəkləşdirə bilməzdim. Bu dəstəyi mənə əvvəl Heydər Əliyev Fondu verdi, ardınca isə Azərbaycan Prezidentinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət Proqramı"ndan faydalanmaq imkanım yarandı.
- Okeanın o tayında tanınan Azərbaycan, onun mədəniyyəti və təbliği...
- Hazırda mədəniyyətimiz xaricdə izlənilir, tanınır və öyrənilir. Şübhəsiz ki, bu, ölkə rəhbərinin illərlə apardığı uğurlu siyasətin nəticəsidir. Çox arzu edırdim ki, incəsənətimizin təbliğatı vüsətlə davam etsin. Azərbaycan bəstəkarlıq məktəbinin sütunları olan sənətkarlarımız - dahi Üzeyir bəyin, Qara Qarayevin, Fikrət Əmirovun irihəcmli əsərləri, operaları, baletləri, sonrakı nəsillərdən Xəyyam Mirzəzadənin, Arif Məlikovun, Aqşin Əlizadənin, İsmayıl Hacıbəyovun və digərlərinin yaratdıqları müxtəlif məkanlarda mütəmadi olaraq səhnələşdirilsin, ifa edilsin, səslənsin. ABŞ-da bu işlərlə məşğul olan bir təşkilat var - Azərbaycan-Amerika Musiqi Fondu. Rəhbəri gözəl musiqiçimiz, orqan ifaçısı Cəmilə Cavadova-Spitzberqdir. Kiçik təşkilat olsa da, böyük işlər görürlər. Vaxtilə İndiana Universitetində çalışan professor Aida Hüseynovanın da adını vurğulamaq istərdim. Onun ingilis dilində "Muğamdan operaya" adlı kitabı Azərbaycan musiqisi haqqında çox mükəmməl bir vəsait və elmi mənbədir. Belə musiqişünaslarımız, alimlərimiz nə qədər çox olarsa, onların peşəkar təbliğat işləri sayəsində Azərbaycan mədəniyyəti dünyada daha geniş tanına bilər, bizim buna ehtiyacımız var.
- Söhbətimizdə belə bir fikir səsləndirdiniz ki, xaricdə təhsil alarkən özümdə nəzəri boşluqların olduğunu hiss etdim, yəni təhsilimizdə problemlər var...
- Bu gün Azərbaycan təhsili dünyaya sürətlə inteqrasiya etməkdədir. Forma, məzmun və metodik dəyişikliklər qaçılmazdır. Xaricdə təhsil alan ifaçılarımız var ki, ölkəmizdə də fəaliyyət göstərir, Vətəndən kənarda da yaşadıqları yerdə tanınırlar. Yaxşı olardı musiqi cameəmiz musiqişünaslıq, etnomusiqişünaslıq kimi ixtisaslara diqqəti artırsın. Bu sahədə peşəkarların yetişməsi çox vacibdir Bunun üçün ilk növbədə mükəmməl və yenilənmiş bakalavr sistemi olmalıdır və bu gün biz Qarabağ Universitetinin İncəsənət fakültəsində müxtəlif ixtisaslar üzrə müasir metodikaları və məzmunu ehtiva edən tədris planları ilə fəaliyyət göstəririk. Bizə elmi, nəzəri istiqamətdə inkişaf etmək, bu sahədə uğurlar qazanmaq, beynəlxalq jurnallarda çap olunmaq çox vacibdir. Bu, musiqi elmimizə yeni nəfəs gətirəcək.
- Azərbaycanın çox zəngin musiqisi, folkloru, muğamı var. Amma günümüzün reallığında bayağı musiqilər də kifayət qədər geniş yayılıb, insanlar onu sevir, həvəslə dinləyir və qarşısını almaq hələ ki olmur...
- İnzibati qaydada deyə bilmərəm, lakin yaradıcı yollarla bunun qarşısını almaq olar. Nümunə olaraq Bakı Müasir Musiqi Cəmiyyətinin gördüyü müxtəlif işlər barəsində danışmaq istərdim.Bu cəmiyyətdə yeni nəsil bəstəkarları, musiqişünasları və ifaçıları toplaşıb. Təşkilatın nəzdində fəaliyyət göstərən "Cadenza" orkestri artıq dörd ildir ki, hər ay mütəmadi olaraq yeni konsert proqramları ilə çıxış edir. Bu orkestrin ənənəvi konsert fəaliyyətindən savayı, maraqlı bir layihəsi də var. Orkestr hər həftə üç orta ümumtəhsil məktəblərinə gedərək, şagirdlərlə interaktiv konsert-görüşlər təşkil edir. Müxtəlif yaş qrupundan olan şagirdlər üçün orkestrin solistləri fərqli musiqi əsərləri ifa edir, bu zaman uşaqlar musiqi alətlərilə tanış olur, səmimi bir ortamda maariflənirlər. Orkestrin üzvləri səslənən əsərlər, bəstəkarları haqqında məlumatları uşaqlara çatdırır. Beləliklə də, uşaqlara artıq kiçik yaşlarından "musiqi peyvəndi" vurulur. Elə bu peyvənd də onların bayağı musiqiyə yoluxmasının qarşısını alır. Onlar Üzeyir bəy, Asəf Zeynallı və digər klassiklər haqqında bilgiyə sahib olur. Şagirdlər Azərbaycan bəstəkarlarının əsərlərinindən savayı, dünya klassiklərini, Baxı, Motsartı dinləyiblər. Onların yaddaşında da bu, şübhəsiz ki, iz buraxır. Aralarında özünə inamlı olanlar, hətta orkestrə dirijorluq etməyə çalışanlar da var. Elə bir nəsil yetişdirməyə çalışırıq ki, onlarda Azərbaycan musiqisinə yad melodiyalara, intonasiyalara, bayağılığa qarşı immunitet yaransın. Biz bu işi bir orkestrlə və kiçik miqyasda görürük və çox istərdik bu nümunə ölkədə geniş yayılsın ki, bayağılığın da qarşısını birlikdə alaq.
- Yaradıcı insanlar arasında tez-tez səslənən bir fikir var ki, nəsə ərsəyə gətirmək istəyirsənsə, əhvali-ruhiyyən olmalıdır...
- Söhbət ilkin impulsdan gedir əlbəttə. Musiqi bəstələməyin vacib hissəsi ustalıqla, peşəkarlıqla, texniki bacarıqlarla birbaşa bağlıdır. Bunlarsız ilhamlanmağın, əhval-ruhiyyənin təsirindən danışmaq yersizdir. Düşünürəm ki, bu, yaradıcı fəaliyyətin bütün sahələrinə aid edilə bilər. Çexovun sözüdür: "Yazı yazmaq üçün masa arxasına keçmək lazımdır". Bəstəkar masanın və pianonun arxasına keçəndə, insanın ruh halı da mütləq dəyişir və nələrsə yaratmağa başlayır. Qara müəllimin bioqrafiyası ilə bağlı bir məqamı bölüşmək istərdim. Xəstəxanada yatanda deyibmiş ki, özüm indi musiqi yaza bilməsəm də, başqalarının partituralarından verin, köçürüm, təki əlim işləsin. Əl həmişə işləməli, texnika daima cilalanmalıdır.
- Altı il Amerikada təhsil almısınız, dörd il Küveytdə Orta Şərqin Amerika Universitetində pedaqoji fəaiyyət göstərmisiniz. Yəqin ki, Azərbaycan musiqisilə bağlı layihələriniz olub...
- Əsərlərim müxtəlif beynəlxalq festivallarda səslənib. Bunlardan sonuncusu Berlin şəhərində keçirilən "Voices" Beynəlxalq Müasir Musiqi festivalıdır. Orada böyük ansambl tərkibi üçün yazdığım "Qurama" əsərim səslənib. Dünyaca məşhur "Klangforum Wien" ansablı mənim əsərimə öz seçimi ilə müraciət etmişdi. Təbii ki, bu, mənim ötrü böyük hadisə idi. Mən bayaq "Cadenza" orkestrindən danışdım. Bu arada bir qədər Bakı Müasir Musiqi Cəmiyyəti haqqında da fikrimi bildirmək istərdim. Cəmiyyətin festival təşkil etmək kimi fəaliyyəti də var. Artıq üçüncü ildir ki, beynəlxalq ansambllar, xaricdən solistlər, məşhur bəstəkarlar ölkəmizə dəvət olunur və hər ilin may ayında bizdə Bakı Müasir Musiqi günləri keçirilir. Dünyanın müasir musiqi xəritəsində Bakı da artıq özünəməxsus yerini tutmaqdadır. Bu da təbliğat üçün bir imkandır ki, bizim musiqimiz dünyada tanınsın, dinlənilsin.
- Uzun illərdən sonra Vətənə qayıtmağı hər şeydən üstün bildiniz...
- Müharibə başlayanda Küveytdə Orta Şərqin Amerika Universitetində dərs deyirdim və mənim üçün əsas məsələlərdən biri tədrisini apardığım ümummusiqi fənlərinin proqramlarında Azərbaycan musiqisini təbliğ etmək idi. 44 günlük müharibə həyəcanını və Şuşanın azad edilməsi xəbərini yaxşı xatırlayıram. Sonuncu xəbəri universitetdə aldım. Universitet müəllimlərinin ofislərini bir-birindən şüşə arakəsmələrlə ayrılır. Hamkarlarım görürdülər ki, çox həyəcanlıyam və xəbər gözləyirəm. Ali Baş Komandan, Prezident "Şuşa, sən azadsan" deyəndə məndən sevincli bir haray qopdu, hamı ətrafıma yığışdı. Fərqli millətlərin müəllimləri sevincimə şərik oldular. Həmin an hiss etdim ki, dünya Azərbaycanın haqlı qələbəsini qəbul edir. Əlbəttə, uzun müddət Vətəndən uzaqda qala bilməzdim, xüsusən belə bir qələbədən sonra. Ölkəmiz bu qələbə ilə yeni tarixi mərhələyə qədəm qoydu. Bu, bütün sahələrə sirayət etməkdədir. Qarabağ Universiteti də bu yeni tarixin ən şərəfli və qürurverici yazılarından biridir.
- Özü də əzəli ünvanında...
- Elədir, Xankəndində fəaliyyət göstərən Qarabağ Universitetinin İncəsənət fakültəsində çalışmaq dəvəti mənim üçün arzu edə biləcəyim ən gözəl xəbərlərdən biri oldu. Fakültəmiz dünya standatrlarına uyğunlaşdırılmış yeni tədris planları ilə fəaliyyətə başladı. Çalışırıq ki, ifaçılıq istiqamətlərindən əlavə, nəzəri fənlərlə zəngin kurrikulum quraq və tələbələrimizi bilgiləndirək. Yeni metodik vasitələrdən istifadə edən çağdaş məzmun yaradan, müasir dərsliklərlə işləyə bilən və ən əsas yüksək şövqlə çalışan müəllim heyətilə işə başladıq. ABŞ-da bakalavr təhsili alan tələbə nəzəriyyə və musiqi tarixi istiqamətləri üzrə hansı dərslik və mənbələrlə təhsil alırsa, Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələri də eyni qaynaqlardan istifadə edirlər. Bütün bunların incəsənət təhsilimizdə gözəl və uğurlu nəticələr verəcəyinə inanırıq. Bir illik fəaliyyətimiz dövründə fakültəmizin müəllim və tələbələri həm ölkə daxilində, həm xaricdə nüfuzlu festivallar və tədbirlərdə ölkəmizi, inversitetimizi uğurla təmsil ediblər. Biri elə "Xarı Bülbül" festivalıdır. Fakültəmiz bütöv bir konsert proqramı ilə festivalda çıxəş etdi. Xor kollektivi, xalq çalğı alətləri ansamblları klassik bəstəkarlarımızın əsərlərilə yanaşı, dünya klassiklərinin də əsərlərinin ifa etdilər. Qarabağ Universitetinin yaradılması, fəaliyyəti ölkəmizin tarixində və inkişafında mühüm rol oynayacaq hadisələrdən biridir.
- Uzaqdan görünən Vətən...
- Vətən hər yerdən gözəl görünür. Xudayar təsnifində deyildiyi kimi: "Şair, sorma, Vətən nədən yaxşıdır". Mənim üçün Vətənə qayıtmaq labüd olmuşdu, ABŞ-dan Bakıya geri döndüyüm səfərlərin birində həyətimizdə görkəmli bəstəkarımız Arif Məlikovla rastlaşdım. İşlərimlə maraqlanandan sonra qəflətən ayağını yerə döyəcləyərək dedi: "Hara getsən də, bax, bu asfaltı belə, unutma". Bu sözlər məni çox təsirləndirmişdi. Babam Qasım Qasımzadənin bu misraları dilimdə əzbərdir:
Millətim ümmandır, mən qətrəsiyəm,
Bir gün buxar olub qalxsam göylərə,
Yenə damla olub düşəndə yerə,
Bir əməl çiçəyi bitirəsiyəm,
Xalqıma töhfə tək yetirəsiyəm.
İnsanın əməli sevgisinə ən tutarlı sübutdur. Çox istərdim ki, illərlə qazandığımız bilik və təcrübəni hər zaman Vətənimizin gələcəyi naminə sərf edək, onu əməlimizlə sevək. Qasım Qasımzadə sayaq içdən, məhrəmcə sevək və iş görək. Elə Vaqif Səmədoğlunun misraları da buna bir çağırışdır: Sev, sevil, ancaq çalış yavaşca çıxsın səsin... Bir də Vətən sevgisini Azərbaycan bilməsin".
SÖZARDI: İdeya hər zaman öz ağlımıza gəlmir, ona bizi yönəldənlər də olur. Bugünkü müsahibənin ideya müəllifi də daimi oxucum Fikrət müəllimdir. Həmsöhbətim eyni məktəbin məzunu olduğumuzu biləndə dedi ki, 190-çılar bir qədər fərqlidir. Əslində bir qədər deyil, onlar hər zaman, hər yerdə fərqli olmağı bacaran bir ordudur.
Tamilla M-ZADƏ


