Icma.az
close
up
RU
UNEC in Kitabxana İnformasiya Mərkəzi 95 illik elm, təhsil, bilik və informasiya mənbəyi kimi

UNEC in Kitabxana İnformasiya Mərkəzi 95 illik elm, təhsil, bilik və informasiya mənbəyi kimi

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu il fəaliyyətinin 95 illiyini qeyd edir. Tarixi ənənələrə və müasir inkişaf strategiyasına əsaslanan UNEC ötən illər ərzində ölkənin iqtisadi, sosial və elmi həyatında mühüm rol oynayıb, yüzlərlə peşəkar kadrın yetişməsinə əvəzsiz töhfə verib, ölkədə iqtisadi inkişafın əsas beyin mərkəzlərindən birinə çevrilib. Universitetin inkişafında və elm-təhsil prosesinin müasir tələblərə uyğun təşkili işində, müasir-informasiya resurs təminatında Kitabxana-İnformasiya Mərkəzinin (KİM) də xüsusi yeri var.

AZƏRTAC xəbər verir ki, bu fikirlər UNEC-in Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayevanın məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycan Dövlət İqtisad Universitetinin əsası qoyulduğu dövrdən etibarən onun kitabxanası da olub, zaman-zaman universitetin fəaliyyətində baş verən dəyişikliklər kitabxananın işinə də təsirsiz ötüşməyib, kitabxana fəaliyyətində müəyyən fasilələrə səbəb olub. Bununla belə, 1966-cı ildə Əsaslı kitabxana adı ilə davamlı xidmət göstərməyə başlayıb. Sonrakı dövrlərdə kitabxana daha da inkişaf edib, 2019-cu il aprelin 15-də UNEC Kitabxana-İnformasiya Mərkəzinin yaradılması ilə fəaliyyətinin yeni mərhələsinə qədəm qoyub. Hazırda Mərkəzin strukturuna 6 kitabxana daxildir.

UNEC KİM ümumilikdə 87 min 961 nüsxə Azərbaycan, ingilis, rus və türk dillərində dərslik, dərs vəsaiti, monoqrafiya, dissertasiya, avtoreferat, elmi jurnal və digər kitabxana-informasiya resursları ilə oxuculara ənənəvi və elektron xidmət təqdim edir. Mərkəzin fondunda görkəmli iqtisadçı alimlərin, UNEC professor-müəllim heyətinin nəşrləri ilə yanaşı, dünyanın aparıcı nəşriyyatlarına məxsus iqtisadiyyatın müxtəlif sahələrinə dair kitablar da yer alır.

Bu gün iqtisad elmi üzrə fundamental əsərlərin Azərbaycan dilinə tərcüməsi istiqamətində UNEC-in rektoru professor Ədalət Muradovun rəhbərliyi altında professor-müəllim heyəti mühüm işlər görür, tələbələrə və professor-müəllim heyətinə dünyanın bilik və təcrübə xəzinəsindən birbaşa faydalanmaq imkanı yaradır. Bu tərcümə nəşrlərindən “Pulun əks-milliləşdirilməsi: dəqiqləşdirilmiş arqument. Paralel valyutalar nəzəriyyəsi və təcrübəsinin təhlili” (Hayek F.A.), “Geoiqtisadiyyat” (İ.P. Çyornaya), “Geoiqtisadiyyat. Dünya iqtisadi məkanının mənimsənilməsi” (E.Q.Koçetov), “Beynəlxalq iqtisadiyyat”, “Dördüncü Sənaye İnqilabı” (Klaus Şvab), “İqtisadi inkişaf” (Maykl Todaro və Stefen Smit), “Bazarın hüdudları” (Paul De Qrauv), habelə “Milli iqtisadiyyat”, “İnstitusional iqtisadiyyat. Yeni institusional iqtisadi nəzəriyyə”, “İdeologiya və siyasət”, “Vergilər və iqtisadiyyatın vergi tənzimlənməsi” və başqa kitabları sadalamaq olar.

UNEC-in tələbələri və professor-müəllim heyəti şəxsi kabinetlərindən birbaşa elektron kitabxanaya (https://library.unec.edu.az/) giriş edərək resursları onlayn oxuya bilirlər. Hazırda burada Azərbaycan, rus, türk və ingilis dilində 1800-dən çox resurs toplanıb. Kitabxanaya yeni daxil olan kitab, jurnal, konfrans materialları və dissertasiyaların elektron versiyası müntəzəm olaraq elektron kitabxanaya əlavə edilir. Oxuculara xidmət zamanı bir sıra beynəlxalq məlumat bazalarının rəqəmsal resurslarından istifadə olunur. Mərkəzin abunə olduğu ödənişli bazalardan - EBSCO, “Emerald”, “Scopus”, “Web of Science” (Incite, Research asistant), PQDT, “ProQuest Ebook Central”, açıq bazalardan - İKSAD Beynəlxalq Nəşriyyat Evi, ECONBİZ, SAGE, “Elsevier”, Dünya rəqəmsal kitabxanası, “Sciencedirect” və eləcə də qarşılıqlı əməkdaşlıq çərçivəsində ADA Universitetinin abunə olduğu bazalardan da istifadə imkanı mövcuddur. Bu bazalarda müxtəlif dillərdə beş milyona yaxın e-resurslar var.

İstifadəçilər mərkəzin fondu üzrə axtarış aparmaq üçün (http://e-library.unec.edu.az/alisaweb/) elektron kataloqdan istifadə etməklə kitabxanada hansı kitabların mövcudluğu və yeri barədə məlumat əldə edirlər. Mərkəzə yeni daxil olmuş kitablar haqqında məlumatlar müntəzəm olaraq elektron kataloqa daxil edilir.

Tədris prosesinin informasiya təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlardan biri UNEC-in rektoru professor Ədalət Muradovun təşəbbüsü ilə ölkə universitetləri arasında ilk dəfə olaraq 24/7 kitabxanasının yaradılması olub. Təkcə 2024-cü il ərzində Mərkəz üzrə oxucu qeydiyyatı 12 min 327, gecə oxucuları - 2282 nəfər; şənbə-bazar oxucuları – 5784 nəfər, kitab verilişi – 28 min 167 nüsxə, dövri nəşrlər üzrə - 13 min 681 təşkil edib. Elektron kitabxanadan 35 min 857 istifadəçi yararlanıb, sosial media və kitabxana veb-səhifəsi üzərindən – 10 min 509 istifadəçi-izləyici sorğusu cavablandırılıb. İstifadə fəallığının artması həm kitabxananın 24/7 rejimində fəaliyyəti, həm də müntəzəm olaraq yerli və beynəlxalq elektron və çap resurslarından istifadənin genişləndirilməsidir. Təsadüfi deyil ki, 2021-ci ildə “İNFONEWS İnformasiya Agentliyi” MMC-nin təsis etdiyi “İlin ən yaxşı universitet kitabxanası” müsabiqəsi üzrə ölkənin qabaqcıl universitet kitabxanaları arasında UNEC-in 24/7 kitabxanası “İlin ən yaxşı universitet kitabxanası” media mükafatına layiq görülüb.

Mərkəzin strukturuna daxil olan 24/7 kitabxanası fəaliyyətə başladığı gündən müxtəlif layihələr həyata keçirərək həm universitet ictimaiyyətinə, həm də geniş oxucu kütləsinə xidmət edir. Bu sıraya “Həftənin kitabı”, “Səsli kitabxana”, “Kitabxana mənim üçün”, “Qarabağ tarixi sənədlərdə”, “Sıra səndə”, “Yaşıl kitabxana” və digər layihələr daxildir. Kitabxananın fəaliyyətində UNEC tələbələrinin könüllülük təşəbbüsünü də xüsusi qeyd etmək lazımdır. Hər il 20-dək seçilmiş tələbə həm 24/7 kitabxananın, həm də Mərkəzin digər kitabxanalarının fəaliyyətində, layihələrin icrasında yaxından iştirak edir.

Kitabxana-İnformasiya Mərkəzi universitetin və kitabxananın nəşrlərini müxtəlif sərgi-yarmarkalarda nümayiş etdirməklə ölkənin elmi-mədəni həyatında və gənclərin mütaliə mədəniyyətinin inkişafında da fəal iştirak edir. 2019-cu ildən etibarən Mərkəz Mədəniyyət Nazirliyinin təşkil etdiyi Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında UNEC-i təmsil edir. Sərgidə UNEC öz yerli və beynəlxalq nəşrləri, eləcə də UNEC Dizayn Məktəbinin tələbələrinin əl işləri ilə təmsil olunur və UNEC stendi ziyarətçilər tərəfindən hər il böyük marağa səbəb olur.

UNEC-in tarixində daha bir yeniliklə yadda qalmış hadisələrdən biri 2019-cu ildə “Universitetlərarası I Kitabxana Forumu”nun təşkil edilməsi olub. Forum çərçivəsində “Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru” mövzusunda respublika elmi-praktik konfransı keçirilib, UNEC KİM-in 1 nömrəli kitabxanasının açılışı olub, geniş kitab sərgisi və endirimli kitab satışı-yarmarkası təşkil edilib, UNEC KİM ilə ADA Universitetinin kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Forumda təhsil sistemində universitet kitabxanalarının funksionallığının artırılması, tələbələrə və tədqiqatçılara daha açıq və əlçatan olması, onların öz resurslarını və xidmətlərini ali təhsil müəssisələrinin tədqiqat və təhsil fəaliyyətinə inteqrasiya etməsi kimi bir sıra məsələlər müzakirə edilib, universitet kitabxanalarının gələcək inkişafı üçün mühüm təkliflər irəli sürülüb.

Oxuculara virtual kitabxana-informasiya xidməti həm UNEC-in veb-saytı, həm də sosial şəbəkələr vasitəsilə həyata keçirilir.

Müxtəlif illərdə UNEC-də Mərkəz tərəfindən müxtəlif layihələr reallaşdırılıb. Məsələn, 2020-ci ildə “Qarabağ Azərbaycandır” virtual sərgisi işıqlandırılıb, “Qarabağa kitabla gedək” kampaniyasında iştirak, “Qarabağ kitabxanaları”, “Qarabağ tarixi sənədlərdə”, “Qarabağ mövzusu dünya kitabxanalarında” biblioqrafik və sosial şəbəkə araşdırmaları həyata keçirilib və müxtəlif mənbələrdə saxlanılan tarixi sənədlər haqqında müxtəlif dillərdə məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb.

UNEC-də oxu mədəniyyətinin formalaşdırılması, gənclər arasında kitaba sevginin artırılması, mütaliənin təbliği məqsədilə 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər planı çərçivəsində “Oxu mədəniyyəti” layihəsinə start verilib. Həmin il UNEC tələbələri, inzibati heyət və müəllimlər arasında informasiya və rəqəmsal mədəniyyətin, mütaliə vərdişlərinin, kitabxana etikasının təkmilləşdirilməsi və inkişafı istiqamətində hibrid formada və sosial media üzərindən müxtəlif istiqamətlər üzrə kitab təqdimatları, ustad dərslər, vebinarlar, vörkşoplar, kitab müzakirələri, yay oxuları, bibliometrik araşdırmalar, konfrans və sərgilər, kitab yarmarkalarının təşkili, sürətli oxu müsabiqəsi daxil olmaqla 101 tədbir (75 tədbir oflayn, 26 tədbir onlayn) həyata keçirilib.

Növbəti layihə “UNEC alimlərindən kitab tövsiyələri” adlanır. Layihənin əsas məqsədi universitetin alim və ziyalılarının tövsiyə etdiyi müxtəlif istiqamət və dillər üzrə kitabları tələbələrin diqqətinə çatdırmaqla, onların mütaliə mədəniyyətinin inkişafına təsir göstərmək olub.

2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə uyğun olaraq, UNEC-də qəbul edilmiş “Yaşıl UNEC” ili çərçivəsində Kitabxana-İnformasiya Mərkəzinin xüsusi sərgisi nümayiş etdirilib və virtual sərgi yaradılıb. Eyni zamanda, yaşıl iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsinə aid müxtəlif dillərdə kitablar barədə məlumatlar videoçarx vasitəsilə oxuculara təqdim edilib, müasir ekoloji təmiz, yaşıl kitabxanalar haqqında məlumatlandırma – yaşılkitabxana - sosial şəbəkə layihəsinin 12 sayı işıq üzü görüb. Burada dünyada mövcud olan yaşıl kitabxanalar barədə araşdırma aparılaraq maraqlı məlumatlar istifadəçilərin diqqətinə çatdırılıb. Bundan başqa, UNEC-in “Yaşıl kolleksiya” adlı posteri IFLA-da nümayiş olunub. Posterin əsas məqsədi UNEC-in ətraf mühit, ekologiya, yaşıl iqtisadiyyat, təhlükəsiz qida, enerjiyə qənaət, ekoloji menecment və başqa sahələr üzrə kitab, məqalə, dissertasiya, audionəşr və digər növ resurslarından ibarət “Yaşıl kitabxana” modelinin mühüm komponenti olan “Yaşıl kolleksiya”nı formalaşdırmaq, eləcə də ölkə kitabxanaları arasında resurs paylaşımını təmin etməkdən ibarət olub. Həmçinin bəşəriyyət üçün aktual olan ətraf mühitin mühafizəsi ilə bağlı vətəndaşları maarifləndirmək, tədqiqatçılara informasiya-resurs dəstəyi göstərmək və istifadəçilər arasında ekoloji informasiya mədəniyyətini formalaşdırmaq və inkişaf etdirmək missiyası daşıyıb.

Hər il universitetin ayrı-ayrı fakültələrində “Elektron resurslardan istifadə bacarıqları” və “Kitabxana etikası” mövzusunda təlimlər keçirilir.

Kitabxana-İnformasiya Mərkəzi beynəlxalq əməkdaşlıq çərçivəsində ötən illərdə Türkiyənin universitet kitabxanaları ilə xüsusi əlaqələr qurub, hər il Antalyada keçirilən ANKOSLink beynəlxalq konfransında kitabxana əməkdaşları iştirak edib. Eyni zamanda, 2022-ci ildə Mərkəzin təşkilatçılığı ilə “Dördüncü Sənaye İnqilabı dövründə akademik kitabxanaların fəaliyyət istiqamətləri (Türkiyə təcrübəsi)” mövzusunda vebinar keçirilib. Vebinarda qabaqcıl Türkiyə universitetlərinin mütəxəssislərinin, kitabxana rəhbərlərinin təqdimatında Dördüncü Sənaye İnqilabının kitabxana işinə və kitabxanaların fəaliyyətinə təsiri, texnoloji innovasiyalar, robot və kibersistemlərin idarə etdiyi smart kitabxanaların formalaşması, “Big Data”ların kitabxanalarda istifadəsi və analitik təhlillərin aparılması, ölkədaxili və beynəlxalq kitabxanalararası resurs mübadiləsinin təşkili kimi məsələlər üzrə müzakirələr aparılıb.

2022-ci il noyabr ayında UNEC KİM-in nümayəndə heyəti təcrübə mübadiləsi keçmək məqsədilə İstanbul şəhərinə ezam olunub. Səfər çərçivəsində UNEC əməkdaşları Mərmərə, Boğaziçi və Koç universitetlərinin kitabxanasında elektron xidmətlər, kataloqlaşdırma və təsnifat, rəqəmsallaşdırma, bibliometrik və elmmetrik tədqiqatlar, yeni layihələr, kitabxanalararası mübadilə, eləcə də restavrasiya və cildləmə prosesləri ilə tanış olublar.

UNEC-in Azərbaycanın aparıcı universitetləri olan ADA Universiteti və Qərbi Kaspi Universitetinin kitabxana-informasiya mərkəzləri ilə əməkdaşlığı nəticəsində ölkəmizin kitabxana-informasiya infrastrukturu barədə məlumatlar qlobal platformada yerləşdirilib. Belə ki, dünyanın bir çox ölkəsindən 2,8 mln kitabxana haqqında məlumatların mövcud olduğu IFLA-nın “Dünya kitabxanalarının xəritəsi” (Library Map of the World) layihəsində Azərbaycan kitabxanalarına dair statistik məlumatlar da təqdim edilib.

UNEC-in ADA Universiteti ilə əməkdaşlığı çərçivəsində bir sıra ölkə kitabxanalarının iştirakı ilə COP29 çərçivəsində IFLA - Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasının nümayəndəsi “Claire McGuire”ə ilə birgə ali təhsil müəssisələri kitabxanalarının iqlim dəyişikliyinə təsiri, bu istiqamətdə tədqiqatların resurs təminatı barədə müzakirələr aparılıb.

UNEC-lə tərəfdaşlıq çərçivəsində ADA Universitetinin təşkilatçılığı ilə Cənubi Qafqazda ilk dəfə keçirilən və iki ildən bir baş tutan IFLA-nın “Kitabxanalararası abonement və sənəd təchizatı” (IFLA ILDS Interlending and Document Supply Conference) konfransına ADA universiteti ev sahibliyi edib. “Qlobaldan yerliyə: Resurs paylaşımında müxtəliflik və inklüzivlik” mövzusundakı tədbirdə 23 ölkə və 39 qurumdan olan kitabxana mütəxəssisləri, beynəlxalq ekspertlər süni intellekt və rəqəmsal innovasiyaların hansı formada biliyə əlçatanlığı təmin etdiyini, resurs mübadiləsini dəstəklədiyini və inklüziv gələcəyə təsirlərini müzakirə ediblər.

Onu da qeyd edim ki, UNEC-in uğurlarından biri də ölkədə ilk dəfə olaraq beynəlxalq RSCVD platformasından istifadə etməsidir. Burada ADA universiteti ilə elektron resurs mübadiləsi həyata keçirilib. Kitabxanalar RSCVD platformasına qoşulmaqla elektron sənəd mübadiləsi xidmətindən ödənişsiz yararlanmaqla qlobal kitabxana əməkdaşlığını gücləndirir, dünyanın 30-a yaxın ölkəsindən 80-dən çox kitabxana resurslarına əlçatanlığı təmin edir, informasiya mübadiləsini və tədqiqat prosesini sürətləndirir.

Yuxarıda sadalanan işlərin həyata keçirilməsində təbii ki, kitabxana mütəxəssislərinin rolu xüsusi qeyd edilməlidir. Mərkəzin əməkdaşları hər il Azərbaycanda təhsilin və UNEC-in inkişafındakı xidmətlərinə və səmərəli fəaliyyətlərinə görə fəxri fərmanlarla təltif edilir.

Ümumiyyətlə, Kitabxana-İnformasiya Mərkəzi haqda bütün məlumatlar, eləcə də həyata keçirilən layihələr barədə kitabxananın veb-səhifəsində müntəzəm olaraq xəbərlər işıqlandırılır və maraqlananlar Mərkəzin fəaliyyəti barədə daha ətraflı tanış ola bilər.

UNEC KİM-də görülən işlər, reallaşdırılan yeni layihələr onu deməyə əsas verir ki, Azərbaycan elminin və iqtisadiyyatının daha da inkişafına, dünya arenasında rəqabət qabiliyyətliliyinin gücləndirilməsinə xidmət edən UNEC-də keyfiyyətli informasiya mühiti formalaşdırılır, yüksək intellektli iqtisadçı kadrlarda informasiyadan istifadə səriştəsi, dataların təhlili üzrə yeni bacarıqlar və informasiya etikası inkişaf etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda “Meksika kuklaları” adlı fotosərgi açılıb

20 May 2025 00:13see218

Elgünün işi ilə bağlı rəsmi çağırış: Kimdə varsa, gətirsin

20 May 2025 14:19see160

BDU nun Psixoloji yardım sektoru Gənc istedadlar liseyində Sənin peşən, sənin gələcəyin adlı təlim keçirib

20 May 2025 10:51see131

Elgünün dostları və qohumları da dindirilib RƏSMİ AÇIQLAMA

20 May 2025 13:17see124

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see120

İPhone 17 Air batareyası ilə məyusluğa səbəb olacaq

20 May 2025 01:21see117

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

20 May 2025 18:07see116

Bu kolbasalar böyrəkdə daş yaradır

20 May 2025 11:31see116

Səhər əhvalınızı yaxşılaşdırmaq olar..?

19 May 2025 21:35see114

Filadelfiya Siksers in Dürant planı

19 May 2025 21:04see114

“Adidas”ın Türkiyə hesabında müştəri məlumatları sızdırıldı Foto

20 May 2025 01:34see113

“Tramp ikinci dərəcəli anti Rusiya sanksiyalarını nəzərdən keçirir” Ağ Ev

19 May 2025 20:51see113

NATO bu ölkədə əməliyyat mərkəzi yaradır

20 May 2025 18:10see113

Bu meyvə ürəyin dərmanı imiş MÖCÜZƏ

20 May 2025 13:20see112

Bu klublar Superliqanı tərk etdilər

19 May 2025 23:22see111

Qarabağ FCSB matçı Avropa Liqasının TOP 10 da

20 May 2025 21:07see111

"İsrail özünü dostlarından təcrid edir"

20 May 2025 22:39see111

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see111

Hərbi xidmətə getməyə hazırlaşan tələbənin faciəli sonu TƏFƏRRÜAT

20 May 2025 01:07see111

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri