Ürəkbulanma, qusma və mədə ağrıları YENİ VİRUS yayılır?
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Son günlər əhali arasında ürəkbulanma, qusma, ishal və mədə ağrıları ilə bağlı şikayətlər artıb. Sosial şəbəkələrdə bəzi vətəndaşlar bu əlamətlərin xüsusilə çimərlikdən qayıtdıqdan sonra başladığını bildirirlər. Mütəxəssislər isə belə halların həm virus, həm də bakterial infeksiyalarla bağlı ola biləcəyini deyirlər.
Mövzu ilə bağlı BAKU.WS-ə danışan infeksionist Mərdan Əliyev bildirib ki, yaz-yay mövsümündə bu tip mədə-bağırsaq xəstəliklərinə daha çox rast gəlinir.
Onun sözlərinə görə, viral mənşəli hallarda əsasən norovirus, adenovirus, bəzən isə rotavirus infeksiyaları müşahidə olunur. Bu xəstəliklər viral qastroenterit adlanır və həm uşaqlar, həm də böyüklər arasında əsasən çirkli əllər vasitəsilə, fekal-oral yolla yayılır.
Həkim qeyd edib ki, isti havalarda qidaların düzgün saxlanılmaması da mədə-bağırsaq pozğunluqlarının əsas səbəblərindəndir. Otaq temperaturunda uzun müddət qalan qidalarda bakteriyalar sürətlə çoxalır. Belə qidaların qəbulu isə həm bakteriyaların, həm də onların ifraz etdiyi toksinlərin təsiri nəticəsində qida zəhərlənməsinə səbəb olur. Bu zaman ürəkbulanma, qusma, ishal, bəzi hallarda isə yüksək hərarət müşahidə edilir.
Mərdan Əliyev qarpızın istehlakı zamanı da diqqətli olmağı tövsiyə edib. O bildirib ki, qarpız yuyulmadan kəsildikdə qabığının üzərində olan bakteriyalar meyvənin içinə keçə bilir. Kəsilmiş qarpız otaq temperaturunda bir neçə saat qaldıqda isə həmin bakteriyalar sürətlə çoxalır və qida zəhərlənməsinə bənzər əlamətlər yarada bilir.
Bu səbəbdən həkim qarpızın kəsilməzdən əvvəl mütləq yuyulmasını, kəsildikdən sonra isə soyuducuda saxlanılmasını məsləhət görür.
İnfeksionist ümumilikdə yay aylarında heç bir qidanın otaq temperaturunda uzun müddət saxlanılmasını tövsiyə etmir. Xüsusilə ət, balıq və süd məhsullarının dərhal soyuducuya yerləşdirilməsinin vacib olduğunu vurğulayıb. Həmçinin günəş altında uzun müddət qalmış qarpızın alınması da məsləhət görülmür.
Mərdan Əliyevin sözlərinə görə, hazırda müşahidə olunan ürəkbulanma, qusma və ishal halları əsasən virus və bakterial infeksiyalarla əlaqədardır.
Şahanə Xankişiyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 07 Avqust 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















