Üzeyir Hacıbəyli azərbaycançılıq məfkurəsi ilə yoğrulan fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir Təhlil
Üzeyir Hacıbəyli təkcə dahi bəstəkar deyil, həm də görkəmli publisist idi. O, ədəbi fəaliyyətinə publisistika ilə başlamış və müxtəlif mətbu orqanlarda – “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında məqalələr dərc etdirmişdir. Yazılarında “Ü.”, “Filankəs”, “Bəhmənkəs” və s kimi imzalardan istifadə etmişdir. Eyni zamanda Üzeyir Hacıbəyli Tərəqqi" (1908-1909), "Həqiqət" (1909-1910), "Yeni iqbal" (1915-1917), "Azərbaycan" (1919-1920) - baş redaktoru olmuşdur. Eyni zamaÜzeyir bəyin publisistik irsi milli özünüdərk, azadfikirlilik və maarifçilik ideyaları ilə zəngindir. O, satirik hekayə, oçerk, felyeton və pamflet kimi janrlarda qələmini sınamış, cəmiyyətin nöqsanlarını tənqid etmişdir. “Ordan-burdan” başlığı altında dərc olunan yazıları xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Üzeyir Hacıbəyli “Azərbaycan” qəzetində müstəqil dövlətçiliyimiz barədə geniş yazılar yazmışdır. Bu məqalələrdə parlament, Qarabağ məsələsi və Paris Sülh Konfransı kimi mövzulara toxunmuşdur. Onun publisistikası milli istiqlala sədaqət və tərəqqi ideyaları üzərində qurulmuşdur. O, mətbuatın azad və demokratik olmasını millətin və məmləkətin xoşbəxtliyinin əsas şərti kimi görürdü. Onun publisistik irsi bu gün də aktuallığını qoruyur və Azərbaycan mətbuat tarixində mühüm yer tutur. Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Prezident İlham Əliyevin Sərəncamına əsasən dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi qeyd ediləcək.
Bakı Dövlət Universitetinin doktorantı Nuranə Həsənova “Sherg.az”a bildirib ki, 2025-ci ilin sentyabrında dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas alim, istedadlı publisist, dramaturq və tanınmış ictimai xadim, xalq artisti, dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəylinin anadan olmasının 140 ili tamam olacaq:
“Prezident İlham Əliyev Azərbaycan mədəniyyəti və inkişafına misilsiz töhfələr vermiş qütrətli sənətkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı il dönümün layiqincə keçirilməsini təmin etmək məqsədilə sərəncam imzalayıb. Sərəncama əsasən Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı il dönümünə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Üzeyir Hacıbəylinin anadan olmasıyla bağlı indiyə qədər müxtəlif prezident sərəncamları və fərmanları verilib. Məsələn, Üzeyir Hacıbəylinin anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə keçirilib. UNESCO-nun Azərbaycanın görkəmli şəxsiyyətlərinin il dönümü və 1985-ci ilin mühim hadisələri təqviminə əsasən Üzeyir Hacıbəyovun yubileyi beynəlxalq miqyasda qeyd olunub. Bundan əlavə 1 sentyabr 1995-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının 110 illiyi ilə əlaqədar qərar qəbul edilib. Həmin qərara uyğun olaraq 1995-ci ildə Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Həmin ildən sonra hər il Azərbaycanda Milli Musiqi Günü keçirilir. 2010-cu ildə Azərbaycanda və dünyada Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi böyük fəxarətlə həyata keçirilib. Eyni zamanda Bakıda 18-28 sentyabr ərəfəsində Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı baş tutub”.
N. Həsənova qeyd edib ki, dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir:
“O, Azərbaycan bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır və Şərqdə operanın əsasını qoyub. Üzeyir Hacıbəyli dövlət xorunu, simfonik orkestrı yaradıb. Üzeyir Hacıbəylinin taleyində ən möhtəşəm səhifələrdən biri də Azərbaycan dövlət himninin müəllifi olmasıdır. Bu gün Azərbaycan bayrağı məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır. Həmçinin Azərbaycanda keçirilən bütün tədbirlər dövlət himni ilə başlayır. Üzeyir bəyin simasında milli musiqi mədəniyyətimiz ilk dəfə beynəlxalq aləmə dünya əhəmiyyətli bəstəkar təqdim etmişdir. Azərbaycan xalq musiqisinin çox əsrlik ənənələrinə, Avropa sənətinin nailiyyətlərinin təcrübəsinə güvənən dahi sənətkar XX yüzilliyin əvvəllərində bəstəkarlıq məktəbinin əsasını qoyub. Üzeyir Hacıbəyli tək musiqi fəaliyyəti ilə deyil, eyni zamanda publisistika ilə də məşğul olubz Publisistika Üzeyir Hacıbəyli zəngin irsinin bir hissəsidir. Onun jurnalistika ilə məşğul olması və dəyərli məqalələr yazmasının səbəbi mütərəqqi fikirlərini daha geniş auditoriyaya operativ şəkildə çatdırmaq məqsədi daşıyırdı. İdeya və məslək uğrunda mübarizədə, eləcə də söz, mətbuat və vicdan azadlığı məsələlərinə dair Üzeyir Hacıbəylinin mövqeyi danılmaz faktır. Cəmiyyətin inkişafı və həqiqətpərəst mətbuatın əhəmiyyəti barədə ədibin fikirləri hər zaman aktual olub. Xüsusilə qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəylinin 2000-ə yaxın məqaləsi nəşr olunub və həmin yazılarda Azərbaycan dövlət müstəqilliyinə inam özünü göstərib. Prezidentin sərəncamında qeyd olunduğu kimi Üzeyir hacıbəyli çoxşaxəli yaradıcılığa malikdir və Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş sənətkardır. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalını yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi və mədəni intibahının aynasıdır. Alovlu publisistikası ilə mətbuat səlnaməsinə yeni səhifələr yazmışdır. Onun azərbaycançılıq məfkurəsi ilə yoğrulan dolğun ictimai-siyasi fəaliyyəti əsl vətənpərvərlik nümunəsidir”.
Doktorant söyləyib ki, Üzeyir bəy sağlığında olduğu kimi vəfatından sonra da dərin izlər qoymuşdur:
“Üzeyir Hacibəyli vaxtilə belə bir fikir səsləndirmişdi: “Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmurlar. Bəlkə də bütün xalqa və ümumi insaniyyətə xeyir gətirmək və həmin şəxslərin tərəqqisinə sahib olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında öləndən sonra da camaata mənfəət verirlər”. Düşünürəm ki, hazırda onun dediyi sözləri Üzeyir bəyin öz simasında görmüş oluruq. Həqiqətən də Üzeyir Hacıbəyli dünyadan köçdükdən sonra da onun ədəbi irsi cəmiyyət üçün böyük töhfə verib. Üzeyir bəyin publisistik əsərlərində, məqalələrində elə məqamlar xırdalıqları ilə vurğulanırdı ki, hətta bu gün günümüzdə belə onlar aktuallığını qoruyub saxlayır. Prezidentin imzaladığı sərəncamdan irəli gələn məsələlərin yerinə yetirilməsində bizim üzərimizə böyük işlər düşür. Kütləvi İnformasiya Vasitləri olan qəzet, jurnal, sayt, televiziya və radiolar bu istiqamətdə xüsusi işlər görməlidir. Üzeyir Hacıbəylinin bəstəkar kimi tanınmasından ziyadə publisist olaraq tanınması və məqalələrinin araşdırılıb üzə çıxarılması lazımdır. Tədqiqatçı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov tərəfindən Üzeyir Hacıbəylinin nəşrlərdən kənarda qoyulan və ixtisar olunan məqalələri təhlil olunub. Məlum olduğu kimi Sovet dövründə Üzeyir Hacıbəylinin ensiklopediyasının ikicildliyi işıq üzü gördü. Halbuki onun ensiklopediyasının oncildliyinin işıq üzü görəcəyi vurğulanmışdı. Ümid edirəm ki, sərəncamda qeyd olunan məsələləri sentyabra qədər hər kəs layiqincə yerinə yetirəcək”.