“Vətənpərvərlik təhlükəsizlik, ədalət və mənəvi bağlılıq üzərində qurulan dərin emosional münasibətdir” İLKİN KAZIMLI
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Qloballaşmanın sürətləndiyi, mədəni sərhədlərin zəiflədiyi bir zamanda gənclərin öz milli kimliyini qoruyub saxlaması daha çətin, eyni zamanda daha vacib hala gəlmişdir. Milli şüurun formalaşması təsadüfi proses deyil; bu, uzun illər ərzində mərhələli şəkildə inkişaf edir. Gənclərin ailədə aldığı tərbiyə, gördüyü davranış nümunələri onun dünyagörüşünün təməlini təşkil edir. Valideynlərin ana dilinə, milli simvollara, adət-ənənələrə münasibəti uşaqların daxili dəyərlər sisteminə birbaşa təsir göstərir. Ailədə vətənə sevgi hissi təbii və səmimi şəkildə aşılandıqda, bu duyğu övladlarımızın şəxsiyyətinin ayrılmaz hissəsinə çevrilir.
Ümumiyyətlə, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi xüsusilə indiki dövrdə hər bir dövlət və cəmiyyət üçün həyati əhəmiyyət daşıyır. Burada isə bir neçə faktor mühüm sayılır. Məsələn, təhsil mühiti məktəblilərin, yeniyetmə və gənclərin milli mənlik şüurunun möhkəmlənməsində mühüm rol oynayır. Odur ki, məktəb və digər təhsil müəssisələri gənclərə yalnız bilik verməklə kifayətlənməməli, onları milli və mənəvi dəyərlər ruhunda yetişdirməlidir. Hər bir gəncin öz bilik və bacarığını inkişaf etdirməsi dövlətinin, xalqının həyat yolunu daha dərindən anlamasına şərait yaradır.
“Vətənpərvərlik” anlayışı çox vaxt hansısa hadisələrə nəzərən ortaya çıxır. Lakin, əslində, bu hiss gündəlik həyatda özünü göstərməlidir. Vətəni sevmək - onun inkişafına töhfə vermək, cəmiyyət qarşısında vicdanlı olmaq, məsuliyyətli davranmaq və ümumi dəyərləri qorumaq deməkdir. Hər bir gənc başa düşməlidir ki, təhsilli, savadlı və əxlaqlı bir vətəndaş olmaq da vətənə xidmətin ən dəyərli formalarından biridir.
Əminliklə qeyd edə bilərik ki, milli mənlik şüurunun inkişafında mədəni irsin rolu da danılmazdır. Milli musiqi, xalq yaradıcılığı, adət-ənənələr və mənəvi dəyərlər gənclərin duyğu dünyasını zənginləşdirir və onlarda aidiyyət hissini gücləndirir. Bu irslə tanış olan gənc yalnız keçmişi deyil, eyni zamanda gələcək nəsillər qarşısında da məsuliyyət daşıdığını anlayır.
Hər bir toplumun, cəmiyyətin ümumi mənəvi-psixoloji mühiti də gənclərin vətənpərvərlik hisslərinə təsir göstərir. Əgər gənc ədalətli, dəyərlərə hörmət edən bir cəmiyyətdə yaşayırsa, onda dövlətinə və xalqına inam daha güclü olur. Böyüklərin davranışı, ictimai məsuliyyəti və mövqeyi gənclər üçün canlı nümunə rolunu oynayır. Sözlə deyil, əməl ilə göstərilən vətənpərvərlik gənclərin düşüncəsində daha dərin iz buraxır.
Onu da xüsusi olaraq eyd etməliyik ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi davamlı və çoxşaxəli bir prosesdir. Bu proses sevgi, anlayış, düzgün tərbiyə və sağlam cəmiyyət mühiti üzərində qurulmalıdır. Yalnız bu halda gənclər öz milli kimliyini qoruyan, vətəninə bağlı və gələcəyin məsuliyyətini daşımağa hazır olan vətəndaşlar kimi formalaşa bilərlər.
Əlbəttə, gənclərin milli mənlik şüurunun formalaşmasında tənqidi düşüncə bacarığının inkişafı da xüsusi əhəmiyyət kəsb edir. Milli şüur yalnız qəbul edilən məlumatlarla deyil, düşünülərək mənimsənilən dəyərlərlə möhkəmlənir. Gənc hadisələr ardıcıl izlədikdə, səbəb-nəticə əlaqələrini qura bildikdə, milli mövqeyini daha şüurlu şəkildə müəyyənləşdirir. Bu, onu həm təsadüfi təsirlərdən qoruyur, həm də milli dəyərlərə kor-koranə deyil, anlayaraq bağlanmasına şərait yaradır.
Bir sözlə, gənc nəslin vətənpərvərlik hisslərinin dərinləşməsində məsuliyyət anlayışı ön plana çıxır. Məsuliyyət yalnız şəxsi həyatla məhdudlaşmır, ictimai davranışda da özünü göstərir. Müsbət davranışlar gəncin dövlətə və cəmiyyətə olan bağlılığını real müstəviyə keçirir. Gənclər başa düşməlidir ki, fərqli düşüncələrə və baxışlara baxmayaraq, ortaq dəyərlər cəmiyyəti birləşdirən əsas qüvvədir. Qarşılıqlı anlayış, tolerantlıq və birlik ruhu güclü milli kimliyin göstəricisidir. Bu yanaşma vətənpərvərliyi ayrı-seçkilik deyil, ümumi rifah anlayışı üzərində qurur.
Təbii ki, hər bir cəmiyyətdə gənclərin gələcəyə dair məqsədlərinin milli inkişafla uzlaşdırılması da mühüm məsələdir. Şəxsi uğur və karyera hədəfləri vətənin tərəqqisi ilə əlaqələndirildikdə, gənc öz nailiyyətlərini yalnız özünə deyil, cəmiyyətə xidmət vasitəsi kimi görür. Bu düşüncə tərzi milli inkişafın davamlılığını təmin edən əsas faktorlardan birinə çevrilir.
Odur ki, gənclər həm milli köklərə söykənməli, həm də gələcəyə yönəlmiş düşüncəyə sahib olmalıdır. Yeniliyə açıq olmaq, müasir bilik və bacarıqlara yiyələnmək milli dəyərlərlə ziddiyyət təşkil etmir. Əksinə, bu xüsusiyyətlər vətənin beynəlxalq aləmdə layiqli şəkildə təmsil olunmasına imkan yaradır.
Beləliklə, gənc nəslin milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsi yalnız emosional bağlılıq deyil, düşüncə, davranış və məsuliyyət bütövlüyü kimi dərk edilməlidir. Bu bütövlük formalaşdıqda, gənclər öz milli kimliyini qoruyan, eyni zamanda müasir dünyanın tələblərinə cavab verən yetkin vətəndaşlar kimi cəmiyyətin aparıcı qüvvəsinə çevrilirlər.
Məsələ ilə bağlı klinik psixoloq, psixoterapevt İlkin Kazımlı ilə də həmsöhbət olduq. Onun fikrincə, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi psixoloji baxımdan insanın kimlik formalaşması prosesi ilə birbaşa əlaqəlidir:
“Yeniyetməlik və gənclik dövrü fərdin “mən kiməm?”, “haraya aidəm?” suallarına cavab axtardığı ən həssas mərhələlərdir. Bu mərhələdə milli kimliyin sağlam şəkildə təqdim olunması gəncin daxili dayaq nöqtələrinin möhkəmlənməsinə xidmət edir.
Psixoloji təcrübədə tez-tez müşahidə edirik ki, kimlik böhranı yaşayan gənclərdə aidiyyət hissinin zəifləməsi, gələcəyə inamsızlıq və emosional boşluq yaranır. Məhz bu nöqtədə milli mənlik şüuru təkcə ideoloji anlayış yox, psixoloji dayaq funksiyası daşıyır. Gənc insan öz kökünü, tarixini və mədəni dəyərlərini dərk etdikcə, özünü təsadüfi yox, mənalı bir bütövün parçası kimi hiss edir”.
İlkin Kazımlı deyir ki, vətənpərvərlik psixoloji baxımdan qorxuya və ya təzyiqə əsaslanan bir hiss deyil: “Əksinə, bu, təhlükəsizlik, ədalət və mənəvi bağlılıq üzərində qurulan dərin emosional münasibətdir. Uşağa və gəncə “vətəni sevməlisən” demək kifayət etmir; o, vətəni seviləsi edən davranışları, münasibətləri və sosial mühiti görməlidir. Əgər gənc ölkəsində ədalətin mövcudluğunu, zəhmətin qiymətləndirildiyini və insanın dəyərli olduğunu hiss edirsə, vətən sevgisi onda süni yox, təbii şəkildə formalaşır”.
Psixoterapevt hesab edir ki, ailə və təhsilsistemibuprosesdə həllediciroloynayır: “Ailədə uşağın fikrinin dinlənilməsi, tarixin travmatik yox, şüurlu şəkildə ötürülməsi, milli dəyərlərin zorakı deyil, izahlı formada aşılanması psixoloji sağlamlığın əsas şərtləridir. Məktəblərdə isə vətənpərvərlik sadəcə dərs mövzusu kimi deyil, davranış mədəniyyəti, sosial məsuliyyət və kollektiv dəyər anlayışı kimi təqdim olunmalıdır.
Digər mühüm məqam gənclərə tənqidi düşünmə bacarığının qazandırılmasıdır. Sağlam milli mənlik şüuru kor-koranə itaət yox, dərk olunmuş bağlılıq deməkdir. Psixoloji cəhətdən yetkin fərd vətənini ideallaşdırmaqla yanaşı, onun problemlərini görən, məsuliyyət hissi ilə yanaşan və dəyişmək istəyən insandır. Bu yanaşma vətənpərvərliyi passiv duyğudan aktiv vətəndaş mövqeyinə çevirir”.
İlkin Kazımlı onu da vurğuladı ki, müasir dövrdə qloballaşma və informasiya axınının sürəti gənclərin kimlik formalaşmasını daha da mürəkkəbləşdirir: “Bu şəraitdə milli kimliyi qorumağın yolu onu qapalı və sərt çərçivəyə salmaq deyil, müasir dünyaya uyğun, çevik və dəyər əsaslı şəkildə təqdim etməkdir. Gənc həm dünyaya açıq ola bilməli, həm də öz milli köklərini itirməməlidir. Bu balans psixoloji sağlamlığın əsas göstəricilərindən biridir.
Nəticə etibarilə demək olar ki, vətənpərvər gənc tərbiyə etmək üçün ilk növbədə emosional cəhətdən sağlam, özünə güvənən, dəyərini bilən və gələcəyini bu ölkədə görə bilən fərdlər yetişdirmək lazımdır. Çünki vətəni sevən insan onu qorxu ilə yox, məsuliyyətlə; məcburiyyətlə yox, şüurla; şüarlarla yox, əməli davranışlarla sevir. Sağlam vətənpərvərlik məhz bu nöqtədə başlayır”.
“Hürriyyət”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 22 Dekabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















