Icma.az
close
up
RU
Vətənpərvərliyin poetik əksi

Vətənpərvərliyin poetik əksi

525.az saytına istinadən Icma.az xəbər verir.

Mərziyyə Nəcəfova

Filologiya elmləri doktoru

Qarabağ savaşı mövzusu Azərbaycan poeziyasından qırmızı bir xətlə keçdi. İstər Birinci Qarabağ savaşı, istər Vətən müharibəsi yetəricə poetikləşdi, təbii ki, torpaq azadlığı mövzusu 90-cı illər şairlərinin əsas mövzusuna çevrildi.

Bu baxımdan Yusif Nəğməkarın yaradıcılığı özünəməxsusluğu və yaşanan hadisələrə real münasibəti ilə yadda qaldı, tarixə çevrildi, 90-cı illər ədəbiyyatının nadir inciləri kimi ədəbiyyat tariximizi bəzədi. Yusif Nəğməkar hələ torpaqlarımızın işağal altında qaldığı illərdə yazdığı “Qarabağ dərdi yazmaq...” şeirində içindəki Qarabağ həsrətini belə dilə gətirirdi:

Qarabağ dərdi yazmaq

İndi vicdan işidir;

Bu olay, Yurdumuzun

Ən qaranlıq bugünü,

Həm də ağ keçmişidir...

Müəllif “bizi biz qoruyaq” nidası ilə torpaqlarımızı azad etmək üçün çağırış edirdi:

Ağladıqca bu dərdi

göz yaşımız quruyar.

Bizi biz qorumasaq,

Tanrı hardan qoruyar?!

Şair şeirin son bəndində illərlə dünyaya səs salsaq da harayımıza bir kimsənin çatmadığını  xatırladaraq, haqq səsimizin nahaq qəbul edilməsinə də işarə edir:

Qarabağ dərdi yazmaq -

Kimə, hara yazmaqdır?!

Dünyanın nəzərində

Ağ qələmlə də yazsan,

Yenə qara yazmaqdır.

O ağrılı günlərdə şair “Mənə nəğməkar deməyin” başlıqlı şeirini yazmışdı. Şeir başdan-başa vətənpərvər şairin harayı, çağrışı idi. Yusif Nəğməkarın poeziyasının qüdrəti odur ki, o, sözü vaxtında  deyə bilən cəsarətli, ədalətli və vicdanlı şairdir:

Dostlarımla şərtimiz var,

Mənə nəğməkar deməyin.

Nəğmədən çox dərdimiz var,

Mənə nəğməkar deməyin.

...Bəla bəhri-qəm daşlarım,

Hələ fikir savaşlarım.

Qurumayıb göz yaşlarım,

Mənə nəğməkar deməyin.

Bilsin haqqı düzənləyən,

Yaralıyam, hüzünlüyəm.

Ey qazilər, sizinləyəm,

Mənə nəğməkar deməyin.

Akademik Nizami Cəfərov haqlı olaraq bu şeir haqqında yazır: “Azərbaycanın çətin, ağrılı günlərində şair Vətənin tərcümeyi-halını öz tərcümeyi-halı kimi yaşayır” (Nizami Cəfərov , “Ülvi duyğular, nəcib ideallar şairi Yusif Nəğməkar”, “Ədəbiyyat və incəsənət” qəzeti, 13.02.2024).

“Mən Vətənə oxşayıram” şeirində də şair bu ideyanı diqqətə çatdırır. Əslində onun vətən şeirlərini oxuduqca sözün həqiqi mənasında Yusif Nəğməkarın başdan ayağa vətənləşməsini izləyirik:

Vücudum Qarabağlanıb,

Mən Vətənə oxşayıram!

Bənzərim yaz-qış bir az,

Otu bir az, daşı bir az...

Alnımın qırışı – Araz,

Mən Vətənə oxşayıram.

Yusif Nəğməkar poeziyasında qiymətli tərəflərdən biri onun Qarabağ dərdini - torpaq itkisini içində yaşada bilməsindədir. Ədəbiyyatşünas Qurban Bayramov onun duyğularının doğmalığının reallığından, misralara axışından bəhs edərək yazır: “Onun duyğuları sənə doğma gəlir, sənin öz duyğuna çevrilir... Onun ruhunda yaşayanlar yurd yanğısında poetik yanğıya dönür, misra-misra çınqılanır, sonra ürəklərdə alova çevrilir” (Qurban Bayramov, “Uğurları yaşına sığmayan Vətənkeş şair-Yusif Nəğməkar”. Yazarlar.az. 14.06.2000).

İllərlə Qarabağdan söhbət düşəndə deyilən “hələlik” kəlməsi şair səbrini daşdırır, bu ifadəni qəbul edə bilməyən şair içindəki üsyanı belə ifadə etmişdi:

İndi fürüsət kimi əlimizdən çıxıb,

Sinəmizdə dağ elədiyimiz,

Lap elə ağ elədiyimiz

“hələlik” kəlməsitək

Dilimizə düşən Qarabağ!

Səbirli nisgilimizin

Oyanmış gözlərində gecələyən,

Gecəmizi heç eləyən

Qara kədərdir.

Ya Qarabağ-

Ya qara baxt!

Ayrı ağ gün hədərdir!

İllərlə vətən həsrəti və torpaq azadlığı mövzuları nəhayət Qarabağ torpaqlarının azadlığı mövzusuna çevrildi. Zəfər uğurunun poetik anlamda portretini yaratmaq şairə nəsib oldu. Qürurumuzu, 44 günlük müharibədən qalib xalq kimi çıxa bilməmizi Azərbaycan xalqının, başda Ali Baş Komandan olmaqla birlik və bərabərliyimizin, ədalətli aparılan müharibənin nəticəsi kimi dəyərləndirdi və yaşadığımız qüruru misralara sığdırdı.

Yusif Nəğməkarın “Ruhumuzun zəfəri” şeiri qürurumuzun, qəhrəmanlığımızın əvəzsiz salnaməsidir. Gözaydınlığı ilə başlayan şeir qəhrəmanlıq dastanı kimi davam etdirilir:

Gözün aydın, ey Vətən, izin qayada, daşda,

Sən mübarək eylədin döyüşünlə qəzanı.

Baş ucaltdın şərəflə bu köksal, mərd savaşda,

Açıq ürəklə tutdun haqq tərəzi-mizanı.

Əllərini uzatdın ümidin salamına,

Doğma Qarabağını bağrına basdın, Vətən,

Uydun hikmət məramlı atalar kəlamına:

“güc axırda gülənin...” susadın, susdun, Vətən...

İllərdi mübarizə ruhunu poetikləşdirən şair bu işdə Ali Baş Komandanın məramındakı ruhun səfərbərliyini özünəməxsus şəkildə dəyərləndirir, burda Ali Baş Komandana böyük hörmət və minnətdarlıq hissi ilə bərabər Azərbaycan xalqını dəmir yumruq altında birləşdirə bilməsindən doğan qürur, fəxarət hissi də əsas yer alır:

Lələk atan quş kimi xeyirxah ramındakı

Əzmin əks-sədası ərləri simurq etdi,

Ali Baş Komandanın ali məramındakı

Ruhun səfərbərliyi xalqı bir yumruq etdi!..

Şər yağmurda islanıb, içib alov şehləri,

Əsgər, zabit, general bir əhdə qol açdılar.

Xüsusi təyinatlı Qarabağ fatehləri

Arxalanıb qeyrətə, Şuşaya yol açdılar!..

Şəhidliyin qəhrəmalıq səviyyəsində əksi bu şeirdə az sözlə böyük məna qatına yüksələ bilmək şairin oğullarımızın Vətənə qurban gedə bilmək cəsarətini səmaya ucalan ruhlar kimi poetikləşdirməsi çox böyük əhəmiyyət kəsb edir:

Torpaq imdad deyəndə köhlən çapan əlaca

Haqqın haqq hüzuruna qanadlanıb yetəndir,

Fədai şəhidlərə əyilən başlar uca

Səma ünvanlı ruhlar hərəsi bir vətəndir!

Qurban verdin bu yolda, dönmədin amalından,

Şəhidlərin qanından hüzurun çiçəklədi.

Babaların mirası igidlik təməlindən

Ümidlər pöhrələndi, arzular çiçəkləndi.

Zəfəri təkcə silahdan odlar saçmaq kimi görməyən, ruhumuzun istiqlal havası adlandıran şair ruhumuzun hüzurunu bütün bəndlərdə tərənnüm edir. Erməni əməlini quşun eyvana çöp taparaq dönməsini diqqətə çatdıraraq dəqiq bir bənzətmə ilə fikrini daha da möhkəmlədir, ermənilərin xarakterlərindəki cılızlığı oxucusuna xatırladır,erməninin quş kimi eyvandan-eyvana qonmasını onların xarakteri kimi verərək,onlara  yaraşan bir dillə ifadə edir:

Quş eyvana çöp taxıb, dönər, uçmaq deyil ki...

Yurduna bağlı ürək saf eşqin yuvasıdır.

Zəfər təkcə silahdan odlar saaçmaq deyil ki,

O, həm də ruhumuzun istiqlal havasıdır.

“Şuşanın tarixi dili...” şeirində isə Şuşa tarixini gözəl bilən və keçmişin qan dəftərinin vərəqlərində yaşanan tarixi saxtakarığı, xəyanəti izləyən şair qədim Qarabağın əbədiləşən salnaməsini poetikləşdirərək Şüşanın bütöv obrazını yaradır. Şuşanın tarixi haqqında heç bir məlumatı olmayan biri bu şeir vasitəsi ilə Şuşa tarixinə ekskurs edir, bilgilənir və erməni vandalizminin qurbanları ilə tanışır:

Dözdün bəlalara çox, Ana yurdum;

Hamısı xəyanət üzündən olmuş...

Qanrılıb  keçmişə baxanda gördüm

Bu yerə göz dikən gözündən olmuş...

Şah Qacar süvarkən bu qala kanə

Tarix yaddaşında qüsur qalacaq...

O dəm Xan getsə də, Car Balakənə,

Baş vəzir Şuşada cəsur qalacaq...

Dağlar - dağ çəkilib dağ udanların...

Qarabağ - sevgimiz odası indi.

Məğrur məqbərəni dağıdanların

Dağılan tifaqdır ədası indi...

Əsli olmayanlar udsun səsini,

Nə Vətən göstərib, nə ad çəkirlər.

İsa bulağının zümzüməsini

Çarmıxa çəkənlər fəryad çəkirlər!..

Donuzlar qatlamaz nərlər dizini,

Qurşaq tutan ərlər zəfər duyacaq

Cıdır atlarının kişnərtisini

Məsud Cıdır düzü müjdə yayacaq.

Şuşa-şiş zirvədə kövrək bir şüşə,

Şair ürəyitək döyünə bilər.

Tanrımız köksünə taxdığı döşə

Hər kəs səcdəsilə öyünə bilər!..

Şuşanın vəsfinə yazılmış qiymətli bir nümunədir ki. Şuşa tarixində əbədi qalacaq. Ona görə ki, Şuşanın tarixinə ədalətli mövqedən münasibət bildirən şair cəsarətli olduğu qədər də ədalətlidir. Faktlar realdır, yaşananlar şeirin təsir gücünü daha da artırır.

Şairin “Otuzdan az qırx dörd...” şeirində isə fəlsəfi ifadələr güclüdür. 30-il Qarabağsız yaşamaq, bu çəkilməz ağrını, kədəri misralara bölmək söz adamları üçün çəkilməz yük-vicdan ağrısıdır. Müəllif qırx dörd günlük savaşın qələbə ilə sonlanmasından  nə qədər qürurlansa belə otuz illik ağrını, yaşanan işgəncənin yükünün neçə 44-lərə sığışmadığını kədər hissi ilə açıqlayır:

Tarix saatını durdurdu birdən,

Ümid baharımız qandan qışladı...

Zaman buzlaq kimi donduğu yerdən

İsinib, sındığı yerdən başladı.

Üşüyən torpağa isti qan töküb,

Çoxdan ər səsləyən meydana girdik.

Ürəyi qeyrətə, hünərə büküb,

Qarabağ səbrinin üstünə sərdik.

Yusif Nəğməkarın “Şəhid zövcəsi” şeirində də şəhidin bizlərə buraxdığları həyat yoldaşlarının həsrət yanğısı, yaşantıları əks edilib. Reallıq və obrazlıq, şəhidin qoyub getdiyi həyat yoldaşının canlı yaşamı. Həyəcansız, ağrısız oxumaq mümkünsüzdür. Şeirin bütün bəndləri oxucunu sarsıdır. Bu əzablı həyatın portretin görməmək mümkün deyil. Müəllif gənc yaşında dul qalan bu xanımı tanış edərkən onu “həm sinə dağımsan, həm də baş tacım” deyə təqdim edir. Bu misrada şairin xalqın dilindən şəhid xanımı ”sinə dağım” adlandırması ilə bərabər onu xalqın baştacı kimi qiymətləndirməsi xalqımızın əslində şəhidinə və şəhid xanımına verdiyi dəyərdi.

Dözdün sən həyatın zərbələrinə...

Ümid müjdələrin - Tanrıdan əta.

Ata soraqlayan körpələrinə

Bir üzün anadır, bir üzün ata.

Dərd köhlən, yol yəhər, inam üzəngi,

Bir dilək min cilov çeynəyib udur...

Hərdən basılanda qapının zəngi

Elə bilirsən ki, gələnin odur...

Gedənin dönməz olduğunu ifadə etmək üçün şair “Dərd köhlən, yol yəhər, inam üzəngi” ifadəsindən istifadə edir ki, bu da qiymətli və yeni  işlənməmiş poetik ifadədir.

Sanma köhlənəcək hər ötən “boyat”,

Təzəcə nisgillə boy at-şəhiddir.

Onun taleyində şəhidlik-həyat,

Sənin gözlərində həyat şəhiddir.

Şair şəhidin ölümüylə ölümsüzlük qazanması ilə bərabər, gənc qadının sönən həyatını, həyatının şəhid olmasınını da real əksini ifadə edir. Gənc yaşında dul qalmaq və şəhid qadını olmağın bundan ağır ifadəsini vermək mümkünsüzdür.

Yusif Nəğməkarın “Oğullar şəhid oldu ki...” şeiri də şəhid olan oğulların qəhrəmanlığı, torpaqlarımız uğrunda mübarizələri əks edilir. Yusif Nəğməkar hansı mövzuda yazırsa yazsın, hər zaman xalqın “Qələmin səsindən, xalqın sözünə” (İsa Həbibbəyli) ucalır, xalqının səsini qələmiylə bəyan edir. Yusif Nəğməkarın Vətən, şəhidlik mövzulu şeirləri akademik İsa Həbibbəylinin onun yaradıcılığı haqqında fikirləri yada salır. “Yusif Nəğməkarın Vətən şeirlərində tərənnüm aparıcı görünsə də, fikir əsas qayəni müəyyən edir. Ümumi ruhu etibarilə  tərənnüm poeziyası nümunəsi olan “Azərbaycan olmaz” şeirinin hər bəndində orijinal, düşündürücü və ibrətamiz fikirlər obrazlı şəkildə ifadə olunmuşdur” (İsa Həbibbəyli”, “Qələmin səsi”ndən xalqın sözünə”, “Ədəbiyyat qəzeti”, 16.07.2020).

Müəllifin şəhidlər haqqında yazdığı şeirlərdə də bu cəhətləri müşahidə etmək olur.

Ərzin ərz dili laldı ki!..

Çulğamasın şər dünyanı.

Oğullar şəhid oldu ki,

Tanısın bəşər dünyanı...

Qanla torpağı yoğurdun -

Vətən bilmə onsuzluğu...

Oğlu şəhid olan Yurdun

Olmur kişi sonsuzluğu!..

Oğullar niyə şəhid oldu? sualına şair onlarca cavab verir. Bu misralar poetik deyimdə daha dərin anlam daşıyır. “Oğullar şəhid oldu ki, şəhidlik də oğullansın, oğullar şəhid oldu ki, qəm kirisin fəryadında, oğullar şəhid oldu ki, bir öləndə yüz dirilsin”. Bu misralarda bu ibrətamiz deyimlər də şeirin təsir gücünü daha da artırır.

Yusif Nəğməkarın vətən şeirləri saysızdır. Onun poeziyasında Vətənsevərlik, Vətəntəşnəlik geniş anlayış kəsb edir. Zəfərdən sonra müəllifin qələmə aldığı “Azərbaycan-Türkiyə bayrağı” şeiri böyük əhəmiyyətə malikdir. Ədəbiyyatşünas Qurban Bayramov şeir haqqında yazır: “Azərbaycan-türk bayrağı şeiri qələbənin. Zəfərin türkün birliyində olduğunu vəsf edir... Şeirin  məzmunca möhtəşəmliyi də buna bağlıdır. Əhəmiyyətli olan cəhətlərdən biri də budur ki tarixin dərinliklərindən üzü bəri türk qövmünün bayraqları sırasında da  müasir mərhələdə Azərbaycan-Türk bayraqlarının yanaşı dalğalanması ümumtürk həmrəyliyində olduqcq böyük ictimai-sosial, siyasi əhəmiyyət kəsb eləyir. Burada bütöv Turan var, əslində bütün soytürk ruhu şeirdə camü-cəm olubdur”.

Ozandan əzana gələn,

Yazandan, yozana gələn,

Dürüst bir mizana gələn,

Azərbaycan-Türk bayrağı!

Doğma yurdların can səsi,

Cümhuriyyət iradəsi,

Məslək, amal təntənəsi,

Azərbaycan - Türk bayrağı.

Nəğməkarın “Qalx ayağa, türküm mənim!” şeirində də birlik və bərabərliyimiz şeirin əsas ideyası kimi qiymətləndirilir.

Hər an düz yolda - haqdasan,

Haqqa dirək bayraqdasan,

Silah kimi ayaqdasan;

Varlığımı dərkim mənim –

Qalx ayağa türküm mənim!

Yusif Nəğməkar poeziyası tanınmış ədəbiyyatçılar tərəfindən qiymətləndirilib və hər zaman diqqət mərkəzindədir. Onun yaradıcılığı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, akademik  Nizami Cəfərov, akademik Bəkir Nəbiyev, professor Bədirxan Əhmədov, professor Asif Rüstəmli, tənqidçi Qurban Bayramov, ədəbiyyatşünas Adilə Nəzər və onlarca tədqiqatçı tərəfindən əsərləri araşdırlıb, müasir dövr poeziyasından, Qarabağ mövzusundan bəhs edilən   elmi monoqrafiyalarda   nümunələr çəkilib, müasir dövrün ən qüdrətli şairi kimi dəyərləndirilmişdir. Müstəqillik dövr Azərbaycan ədəbiyyatı apaşdırmaçısı kimi şairin yaradıcılığının namizədlik işi səviyyəsində araşdırılmasının ədəbiyyat tariximiz üçün qiymətli bir məxəz olduğunu diqqətə çatdırmağı özümə borc bilirəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Oktyabr 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see499

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see429

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see268

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see268

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see252

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see234

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see226

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see224

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see224

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see217

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see204

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see188

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see187

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see184

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see183

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see183

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see182

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see178

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri