Icma.az
close
up
RU
Xalq yazıçısı Elçin Əfəndiyevin əziz xatirəsinə

Xalq yazıçısı Elçin Əfəndiyevin əziz xatirəsinə

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Böyük qələm sahibinə vida

Avqustun 3-də Elçin Əfəndiyevin dünyasını dəyişməsi xəbəri sürətlə yayılmaqda idi. Xalq yazıçısı, hörmətli Çingiz Abdullayevin də paylaşımını gördüm. İnanmaq istəmədim, inanmadım. Dərhal Çingiz müəllimə zəng etdim. Telefonda titrəyən, üzüntülü səslə: “Elçin müəllimi itirdik...” dedi.

Azərbaycan ədəbiyyatında və dövlətçilik tarixində özünəməxsus imzası olan böyük şəxsiyyət Elçin Əfəndiyev təkcə görkəmli yazıçı, dramaturq və publisist deyil, eyni zamanda, çətin dönəmlərdə ziyalı məsuliyyətini daşıyan, ictimai-siyasi proseslərdə  fəal iştirak edən bir fikir adamı idi. Elçin müəllimin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tədqidat əsərləri xüsusi yer tutur. “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Bayraqdar”, “Baş” və digər qiymətli əsərləri təkcə bədii məziyyətlərinə görə deyil, həm də milli kimliyimizi və tarixi yaddaşımızı əks etdirməsi baxımından Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub. Elçin Əfəndiyev klassik ədəbi düşüncə ilə müasir realizmi və insan psixologiyasının dərin qatlarını birləşdirə bilən nadir qələm sahiblərindən idi.  

Ədəbiyyat adamı kimi yetişməsində isə şübhəsiz ki, böyük yazıçı İlyas Əfəndiyevin oğlu olması təsirsiz qalmamışdı. 70-ci illərdə İlyas Əfəndiyevin əsərlərini böyük maraqla oxuyardım. Həmin vaxt onun Elçin və Timuçin adlı iki oğlundan bəhs etməsini xatırlayardım. Tale elə gətirdi ki, onların hər ikisi ilə dost olduq. Elçin müəllimlə 1980-ci illərin əvvəllərində Azərbaycan Yazıçılar İttifaqında tanış olmuşduq. Gənc yaşına baxmayaraq, artıq həm Yazıçılar İttifaqının katibi, həm də nüfuzlu yazıçı kimi ədəbi cameədə öz yerini çoxdan tutmuşdu. 

1982–1987-ci illərdə Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunda oxuduğum illərdə onunla tez-tez görüşərdik. Məni maraqla dinləyər, müzakirələr aparar, təcrübələrini bölüşər, tövsiyələrini verərdi. İnstitutu bitirərkən diplom işimə yazdığı resenziya mənim üçün həm böyük şərəf, həm də gələcək fəaliyyətim üçün dəyərli bir dəstək olmuşdu. İnstitutu bitirdikdən bir neçə ay sonra Azərbaycan Yazıçılar İttifaqının “Ədəbiyyat və incəsənət” qəzetində işə başladım. Elçin müəllim isə həmin dövrdə soydaşlarla əlaqələrin qurulması və diaspor siyasətinin ilkin mərhələlərində böyük əhəmiyyət kəsb edən “Vətən” cəmiyyətinə rəhbərlik edirdi. Filarmoniyanın qarşısında yerləşən bu ideoloji mərkəz ziyalıların toplaşdığı, fikir mübadiləsi apardığı önəmli bir məkan idi. “Odlar yurdu” qəzeti ilə birgə o dövrdə ədəbi fikrin və ruhun isti nəfəsini bu məkanda duymaq mümkün idi.

1990-cı ilin Qanlı Yanvar faciəsindən sonra Azərbaycan xalqı ağrılı-acılı günlərini yaşayırdı. Həmin vaxt Elmlər Akademiyasının əsas binasında keçirilən iclasda Azərbaycan yazıçılarının kommunist partiyasına üzvlük biletlərindən imtina çağırışını ilk edənlərdən biri də məhz Elçin müəllim oldu. Mən həmin vaxt Azərbaycan Yazıcılar İttifaqında ilk partiya təşkilatının katibi Nadir Cabbarovun müavini kimi etiraz tədbirinin əsas təşkilatçılarından biri idim. 20 yanvar hadisələrindən sonra ölkədə komendant saatı tətbiq olunmasına, küçələrdə hərbçilərin, tankların hərəkətinə baxmayaraq, biz çağırış edərək Azərbaycan yazıçılarını bir-bir iclasa çağırırdıq. Birgə keçirdiyimiz tədbirdə Sov.İKP sisteminə etiraz edərək, partiya biletlərindən imtina etdik. Belə bir vaxtda Azərbaycan yazıçılarının bir araya gələrək etiraz etməsi çox böyük tarixi hadisə idi.

Həmin ilin payızında Elçin müəllim Baş nazir Həsən Həsənovun tövsiyəsi ilə Sumqayıtdan Ali Sovetə deputatlığa namizədliyini irəli sürdü. Seçki komandasında mən də var idim. Əkrəm Qaflanoğlu, Əşrəf Veysəlli, Ofeliya Babayeva, Abid Tahirli kimi tanınmış ziyalılarla ev-ev gəzib təbliğat aparırdıq. Uğurlu seçki kampaniyası aparmağımıza baxmayaraq, təəssüf ki, o illərdə səlahiyyət sahiblərinin ikili oyunları, sistemin zəifliyi, saxtakarlıqlar səbəbilə bu seçkidə də uduzan xalq oldu. Ziyalıların, söz adamlarının, düşünən beyinlərin məğlubiyyəti Azərbaycanın gələcəyinə də təsir etdi. Biz meydanları yox, tribunaları yox, parlamenti itirdik. Və nəticədə, torpaqlarımızın 20 faizi işğal altına düşdü...

1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ümidlər yenidən doğuldu. Elçin müəllim də bu mərhələdə dövlət quruculuğuna dəvət olunan və güvənilən şəxslərdən biri idi. Milli Məclis sədri statusunda Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev onu Baş nazirin müavini vəzifəsinə təyin etdi. Bu barədə ilk danışdığı adamlardan biri də mən olmuşdum. Təyinatı parlamentdə təsdiqlənəndə mən də onun yanında idim.

Yüksək hökumət məmuru statusu ­Elçin müəllimin ziyalı simasını heç vaxt kölgələmirdi. Onun qapısı hər zaman açıq idi. 1992-ci ildən qurucusu olduğum Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətini yaxından izləyir, daim dəstək verirdi. O, əməldə həmrəylik göstərməyi bacaran insan idi. 

Sonuncu dəfə may ayında danışmışdıq. Doğum gününü təbrik etdim, xeyli söhbətləşdik. Görüşmək istədiyimi dedim. “Görüşək, çox istəyirəm ki, Füzuliyə səfər edək. Sən yaz, yazmağı unutma, Umud!” – dedi yenə də. Həmişə deyirdi o sözü...

Vida mərasimi Gənc Tamaşaçılar Teatrında keçirilirdi. Dövlət nümayəndələri, ictimai-siyasi xadimlər, sıravi vətəndaşlar axın-axın gəlirdilər. Şübhəsiz, bu izdiham Elçin Əfəndiyevin yaxın keçmişdə hökumət başçısının müavini olması ilə bağlı deyildi, məhz yazıçı Elçinə olan sevgi-sayğı idi. Onun sözünə, düşüncəsinə, ədəbiyyatına, şəxsiyyətinə dəyər verən yüzlərlə insan öz ehtiramını göstərməyə gəlmişdi. Vida mərasimi keçirilən tamaşa salonunun hər tərəfi gül çələnglərinə, əklillərə qərq edilmişdi. Baş tərəfdə Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın adından olan əklilləri görürdük.

Onun son mənzili Birinci Fəxri xiyabanda uyuyan atasının – İlyas Əfəndiyevin yanında oldu. Dəfn zamanı yaxınları, ailə üzvləri ilə birlikdə mən də onun tabutuna çiyin verdim. Son  mənzilədək izdiham uzanırdı. Məzardan aralandıqca bir daha Elçin müəllimin və onun böyüklüyünün fərqinə varırdım... 

Ədəbiyyatımızın, dövlətçiliyimizin, ziyalılıq məfhumunun unudulmaz simasına – Elçin Əfəndiyevə Allahdan rəhmət diləyirəm. Ruhunuz şad olsun, dəyərli Elçin müəllim! 

Umud RƏHİMOĞLU,
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Avqust 2025 06:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri