Icma.az
close
up
RU
“Xaricdə belə deyil” xəstəliyi FUTBOLUMUZA BAXIŞ İdman və Biz

“Xaricdə belə deyil” xəstəliyi FUTBOLUMUZA BAXIŞ İdman və Biz

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Günün istənilən saatında, istənilən yerində - metro, avtobus, dükan, mağaza, kafe, restoran, dönərxana, küçə, aptek, xəstəxana, universitet, məktəb kimi məkanlarda azərbaycanlıların tez-tez eşitdiyi bir fraza var: “dünyanın heç yerində belə deyil”, “əşii xaricdə belə deyil”. Çayxana konspiroloqları tərəfindən uydurulmuş, yanvar ayından alıb yayda getdiyi 5 günlük Türkiyə və Avropa səfərindən ağızdolusu danışanlar tərəfindən genişləndirilmiş, qüvvətləndirilmiş bu fikir sarı sarmaşıq kimi ətrafımızı bürüyüb. Tıxaca düşürsən, deyirlər, xaricdə belə deyil. Metro və avtobusa basabas olur, deyirlər dünyanın heç yerində belə deyil. Növbəyə durursan, it yiyəsini tanımır, deyirlər dünyanın heç yerində belə deyil. Bu yazıda heç bir halda yuxarıda qeyd etdiyim kimi, 5-7 günlük turpaketlə xarici gəzənləri alçaltmaq, onlara xor baxmaq kimi tərbiyəsiz bir düşüncəyə qapılmıram. Əsla! Demək istədiyim odur ki, bir ölkə, bir şəhər, bir cəmiyyət, mədəniyyət haqqında 5-10 günlük turistik səfərlə fikir yürütmək absurddur. O şəhəri, ölkəni, cəmiyyəti, mədəniyyəti, xalqı yaxından tanımaq üçün ən azı 7-8 ay, 1-2 il orada yaşamaq, tam yaxından tanımaq lazımdır.

Köhnə iş yerlərimdən birində ara-sıra siqaret fasiləsində iş yoldaşlarımla söhbətləşirdik. Bir iş yoldaşımız hər fikrə “Mən axırıncı dəfə Londonda olanda” müqəddiməsi ilə başlayıb ingilis mədəniyyəti və Azərbaycan mədəniyyəti arasında paralellər aparırdı. Bu hadisə hər gün dəfələrlə təkrarlandığı üçün artıq 8-ci ayda dözməyib soruşdum ki, sən axı Londonda neçə dəfə olmusan, neçə il qalmısan? Məlum oldu ki, qardaş 3 günlük seminar üçün İngiltərə paytaxtında olub və səhərdən axşama qədər seminarı dinləyib, axşamlar 1-2 saat gəzintidə olub. Amma bu 3 günlük səfər 8 ay ömrümüzə oturmağa bəs edib. Misalı çəkməkdə məqsədim odur ki, bu tip insanlar hər yerdə var, ətrafımızda, qohumlar arasında, iş yerlərində, institutda və s. Bu tip adamların 3, 5, 7, 10 günlük səfərlərdən sonra ətrafdakıların bütün söhbətlərinə müdaxilə edərək fikrini Quran ayəsi kimi müdafiə etməsi nə etikaya uyğundur, nə də məntiqə. Baxdığı türk seriallarından və 7 gün dincəldiyi Antalya otellərindən sonra Türkiyə cəmiyyəti haqqında böyük-böyük mülahizələr yürütmək nə dərəcədə doğrudur?

“Xaricdə belə deyil” deyən insanların böyük əksəriyyəti heç istəmir ki, Bakıda da o həsrətini çəkdiyi, xəyalını qurduğu, hamıya təbliğ etdiyi adət-ənənələr, hərəkətlər, vərdişlər formalaşsın. Çünki sadəcə anlamaq lazımdır ki, o həsrətini çəkdiyi, xəyalını qurduğu vərdişləri formalaşdıran da elə insandır. Bu işdə ən böyük elə insan faktorudur, düşüncədir.

Elə uzağa getməyək, adi market kassasına olan növbələri yada salaq. Nə düzgün növbəyə duran var, nə də qarşısındakına hörmət qoyan. Heç market rəhbərliyi də müştərilərə hörmət qoymur. 10 kassasından 4-ü işləyən marketdə bir də görürsən kimsə əlində bir çörək, bir smetan gəlir ki, bəs mən tələsirəm, keçim. Yaxşı, təbliğ etdiyin xaricdə belə bir nümunə mümkündür? Elə o növbədəki avropalılar səni “udar”.

Eyni vəziyyət ölkə futbolu ilə də bağlıdır. Yaxşı ki, Avropa Liqası oyunlarında arada üzümüzü ağardan “Qarabağ” var. Klub bəzən elə komandalara qalib gəlir ki, o komandanın bir oyunçusunun dəyəri “Qarabağ”ın az qala illik büdcəsinə bərabərdir. Amma nə olur, hansısa güclü komandaya məğlub olanda iki gün əvvəl Ağdam təmsilçisinin tərifini göyə qaldıranlar, onu tənqid atəşinə tutur və deyirlər ki, niyə xaricdə olan futbol bizdə yoxdur? Bax, sırf bu fikirlə razıyam. Niyə özbək, gürcü, erməni futbolçuları Avropanın məşhur klublarında top qovur, bizim yerli klublar isə Afrikadan, Seneqaldan, ordan-burdan babat qiymətə transfer edilənlərin ümidinə qalsın? Niyə axı elə misalını çəkdiyimiz “Qarabağ” klubu öz uşaq futbolunu güclü inkişaf etdirib xaricə futbolçu ixrac etməsin ki? Təkcə “Qarabağ” yox, digər futbol klubları da uşaq futboluna çox ciddi yanaşmadıqca, ordan-burdan transfer edilən, sonra bizə təpik atıb başqa klublara qaçan əcnəbilərin ümidinə qalacağıq. Əşiiii, həqiqətən də xaricdə belə deyil. Bax, Azərbaycan futbolunda bu söz tam yerinə düşür. Amma bu məsələdə bizim də günah payımız var! Uşaq futbol meydançalarını min oyunla ələ keçirib bina tikən, o binada pəhəpəhlə mənzil alan da bizik! İstedadı olan yüzlərlə uşaq valideyni tərəfindən “get dərsini oxu, sən bəyəm Ronaldo olacaqsan” istehzasına məruz qalıb. Bunu deyən də bizik, Ronaldo həsrətini çəkən də! Ay qardaş, bəyəm hamı oxumalıdır? Niyə bizdən Ronaldo, Messi tipli futbolçular çıxmasın? Niyə bu sahəyə bu qədər biganəyik? Axı, xaricdə belə deyil!

Elə bilirsiz ki, idman sahəsinin dərdi bununla bitir? Dünya, Avropa, Olimpiya çempionlarımız olub ki, dövlətin verdiyi yüksək miqdar qonorardan necə başı gicəllənibsə, növbəti yarışların ilk turunda məğlub olur. Sonra da sosial şəbəkələrdə başlayırıq ki, çempiona qayğı yoxdur! Xaricdə belə deyil. Həqiqətən də xaricdə belə deyil. Heç bir Qərb ölkəsində çempionun uğurdan başı gicəllənmir. Heç birində çempiona dövlət strukturunda işə düzəlməyə şərait yaradılmır. Bəli, xaricdə elə deyil. İdmançıya nə bizdəki kimi diqqət, nə də qayğı göstərilir.

O gün saytların birində 16 yaşlı çapar qızla müsahibə dərc edilmişdi. Oxudum, zövq aldım. Baxdım sosial şəbəkələrə, qızın videoları altında insanlar necə fəxr edir, necə təriflər yazır. Amma o adamların 90 faizi qızının çapar olmasına, at çapmasına nəinki imkan vermək, heç atın yanına yaxınlaşmasına icazə verməz. Bəlkə də neçə-neçə Gülayların istedadı boğulub, qarşısına çəpər çəkilib. Axı, xaricdə belə deyil! Həqiqətən istedadı bələkdə boğmaqda çox ixtisaslaşmış insanlarıq.

Elə hər il yay mövsümündə ard-arda gələn dənizdə, çayda, göldə boğulma hallarının da günahkarı özümüzük. İdmana olan biganəliyimizdir. Ay qardaş, 713 kilometr dəniz sərhədi, çoxsaylı çayı, gölü olan ölkənin sakini niyə üzə bilməsin axı? Niyə biz elə qonşu Rusiyadakı kimi uşaqlarımızı kiçik yaşdan hovuzlara yazdırmayaq? Dənizlə sərhədi olan ölkənin niyə vətəndaşı üzgüçülük yarışlarında yer tutmasın ki? Bir neçə il əvvəl hansısa üzgüçülük yarışında Azərbaycanı təmsil edən idmançı finiş xəttinə çox gec gəlib çıxdığı üçün lağ və qınaq obyektinə çevrilmişdi. Sosial şəbəkələrdə nələr yazdılar nələr! Amma o idmançıya lağ edənlərin bəlkə də 80 faizi metr yarımlıq hovuzda 20 metr üzə bilməz. Nə də övladını üzgüçülüyə yazdırar! Elə buna görə də, hər il dənizdə, göldə, çayda boğulanların sayı artır.

Boğulmaq demişkən, biz hər gün tıxacda, boğulanlarıq. Elə buna görə də xaric həsrəti ilə yaşayırıq ki, guya oralarda tıxac filan olmur. O gün bir statistika dərc edilmişdi, Londonda sakinlər ilin bir neçə yüz saatını sırf tıxacda keçirir. Bakı kimi şəhərdə tıxacın bəzən yaranma səbəbi və səbəbkarı da özümüz oluruq.

Tıxaca düşəndə iki zolaqlı yola 4 maşın salan, işıqforun qırmızı işığında ortada dayanıb hər tərəfin yolunu kəsən, dayanmadan siqnal verən, onun-bunun qabağına maşınını dürtən də bizik. Uzağa getməyək, Moskva tıxacında belə şey mümkündür? Siqnal vermək təhqir sayılır, zolaqdan-zolağa tullanmaq mədəniyyətsizlik sayılır, bir zolağa iki maşın soxmaq tərbiyəsizlik sayılır. Çox yox, bu adamlar üçcə gün Moskva, Sankt-Peterburq kimi şəhərlərdə tıxaca düşsələr, başa düşərlər ki, yol mədəniyyəti nədir.

Yaşadığın binaya gəlirsən, parkinq üçün yarım saat fırlanırsan, görürsən ki, kimsə “xaricdə belə deyil” deyib deyinir. Bəli, belə deyil. Amma orada heç kəs maşını blokun içinə salmır, yol aralarında saxlayıb insanların gediş-gəlişini çətinləşdirmir, heç kəs avtomobilini yolun ortasında saxlayıb bazarlıq etmir. Heç kəs avtomobilini digər maşınların qarşısında saxlayıb ən yaxşı halda üstünə nömrəsini yazmır. Bu, oralarda çox böyük tərbiyəsizlik sayılar.

Yaxşı, bu mərəzdən necə qurtulaq? Necə edək ki, “xaricdə belə deyil”, “dünyanın heç yerində belə şey yoxdur” sözlərindən qurtulaq, qulaqlarımız dincəlsin? İlk olaraq, özümüzdən başlayaq. Küçəyə zibil atmayaq. Küçəyə tüpürməyək. Tıxacda siqnal verməyək, əlavə zolaq yaratmayaq, “Forsaj” filmindən təsirlənib sağ-sol edib kiminsə qabağın dürtülməyək. Metroya, avtobusa minəndə insanların rahat şəkildə düşməyini təmin edək, basabas salmayaq, insanları tapdalamayaq.

Bu mərəzdən qurtulmaq üçün marketdə, aptekdə, xəstəxanada növbə mədəniyyəti vərdişi yaradaq özümüzdə. Axı, uzağa getməyək, 80-90-cı illərdə bu adət Bakıda olub axı! Bu vərdişi geri qaytaraq bəlkə?

Qısacası, elə həsrətini çəkdiyimiz xarici özümüz burada yarada bilərik. Bunun üçün sadəcə hər bir fərdin müəyyən davranış və etika qaydalarına əməl etməsi, qarşısındakı insanı düşünməsi, eqolarından qurtulub fərdiyətçilik yox, cəmiyyət düşüncəsinə keçməsi kifayətdir.

Sonda, bir misalı da çəkim, üzünüzə təbəssüm qonsun: Bir neçə il əvvəl Almaniyada yaşayan soydaşlarımızdan biri şəhərlərarası şosse yolu ilə gedəndə başı qarışır və döngəni keçir. Bir də 30-40 km yol qət edib növbəti döngədən dönmək əvəzinə, maşını arxaya sürərək ötüb keçdiyi döngəyə qayıtmaq qərarına gəlir. Arxadan gələn, almanın idarə etdiyi maşınla toqquşur. Hadisə yerinə polis gəlir və almana cərimə yazılır. Polis inana bilmir ki, kimsə şosse yolunda arxaya maşın sürə bilər. Bu iddianı səsləndirən alman alkotestə aparılıb. Bax belə!

Hüseyn Vaqif
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Yanvar 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri