Xarici kəlmələr milli kimliyimizi sarsıdır
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Milli varlıq və birliyin möhkəmlənməsində dil mənəvi və mədəni zənginləşmə, elmi - texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin milli - mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil quruculuğu siyasəti xalqımızın ana dili olan Azərbaycan dilinin inkişafında, onun dünya dilləri içərisində öz layiqli yerini tutmasında mühüm rol oynamışdır. Bu siyasətin əsasını təşkil edən Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi dövlətçiliyin əsas strateji məsələlərindəndir. Ölkədə dil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 23 may 2012-ci ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanının tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam Azərbaycan dilinin tətbiqi və inkişafı üçün yeni bir addımdır. Dövlətçiliyin əsas atributlarından biri olan dövlət dilinin qorunması dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilir.
Prezident İlham Əliyev istər Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında, istərsə də 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində ana dilimizin ən böyük təəssübkeşi kimi çıxış etmiş və dillə bağlı bir neçə mühüm aspektlərə toxunmuşdur. Bu aspektlərdən biri də Azərbaycan dilinin saflığının qorunması və dilimizdə yersiz alınma sözlərin işlədilməsidir. Dövlət başçısı qeyd edir ki, “bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir. Çox dil bilmək yaxşıdır, mən də onun tərəfdarıyam. Amma sən xarici dillərdə lazım olan vaxtda danış, biz öz dilimizi qorumalıyıq. Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş. Bəlkə də özümüz heç buna fikir vermirik, damcı-damcı sarsıdır”.
Xarici kəlmələrin milli dilimizə daxil olması bir çox fəaliyyət sahələrinə nüfuz edən qloballaşmanın dilə birbaşa təsir dairəsi ilə bağlıdır. Çünki cəmiyyətdə baş verən dəyişikliklər, ölkəmizin iqtisadi-siyasi həyatında, ictimai fikrində izlənilən proseslər, yeniliklər dilimizdən, o cümlədən dilin leksik sistemindən yan keçmir, dilin lüğət tərkibində, xüsusilə onun terminoloji bazasında müxtəlif dəyişmələrə səbəb olur. İctimai-siyasi dəyişikliklər və elmi-texniki inqilablarla səciyyələnən müasir dövrdə Azərbaycan dilinin terminoloji sisteminin zənginləşməsində və formalaşmasında rus dilinin təsir dairəsi azalmaqla bərabər, Avropa dillərindən alınmalar artmağa başlamışdır. Beynəlxalq iqtisadi-siyasi əlaqələrin inkişafı, Avropaya birbaşa çıxış dilin terminoloji qatına böyük təsir göstərir. Ona görə də Azərbaycan dilinin tətbiqi işinin təkmilləşməsi, dövlət dili haqqında qanunun yerinə yetirilməsi istiqamətində mühüm işlər aparılır. Dövlətçiliyin əsas atributlarından biri kimi dil müxtəlif istiqamətdə inkişaf etdirilir və milli dilin dövlət dili səviyyəsində inkişaf etdirilməsi ölkəmizin apardığı dil siyasətinin real nəticəsidir. Heç şübhəsiz, Azərbaycan mədəniyyəti, elmi inkişaf etdikcə, Azərbaycan dövləti möhkəmləndikcə Azərbaycan dili daha da zənginləşir, daha müasir, daha qlobal, analitik düşüncənin dilinə çevrilir. Dilin inkişafı milli kimliyimizin təsdiqidir. İlham Əliyevin qeyd etdiyi kimi, “Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik. Düzdür, sovet vaxtında bizim leksikonumuza bəzi kəlmələr daxil olmuşdur. Mən beynəlxalq leksikondan gələn kəlmələri nəzərdə tutmuram. Amma prinsip etibarilə müstəqillik dövründə biz özümüzü onlardan təmizləyə bildik”.
Müasir dövrdə beynəlxalq əlaqələrin genişlənməsi, iqtisadiyyatın sürətli inkişafı, ölkəmizdə KİV-lərin fəaliyyətinin, eləcə də internetin cəmiyyətin bütün həyatına nüfuz etməsi terminoloji sahəyə nəzarəti gücləndirmək zərurəti yaradır. Elmin, texnikanın, ictimai həyatın müxtəlif sahələrində terminoloji alınmalar müxtəlif dillər hesabına yaradılır və Azərbaycan dilinin lüğət tərkibində köklü dəyişikliklər baş verir. Bu, hər şeydən əvvəl Azərbaycan dilinin başqa dünya dilləri ilə birbaşa əlaqələri ilə bağlıdır. Əgər əvvəllər Azərbaycan dilinə terminlər, sözlər əsasən, rus dilindən və rus dili vasitəsilə keçirdisə, indi alınmalar vasitəçi dil olmadan dilimizə keçir. Daim yeniləşən və zənginləşən Azərbaycan dilində terminologiyanın yaradılması və zənginləşdirilməsi üçün ən əlverişli yol dilin daxili imkanları əsasında terminlərin, termin-söz birləşmələrinin yaradılmasıdır. Ona görə də elm və texnikanın müxtəlif sahələrində meydana gələn yeni anlayışların ifadəsi üçün terminlər yaradılarkən ən əvvəl ana dilinin lüğət tərkibinə nəzər salmaq, onun daxili imkanlarından səmərəli istifadə etmək lazımdır. Elm və texnikanın müxtəlif sahələrində terminlərin mühüm bir hissəsi ümumişlək sözlər əsasında yaranır. Bu zaman ümumişlək sözlər terminoloji funksiya daşıyaraq bütün elm sahələrində elmi anlayışı daha konkret ifadə etməyə xidmət edir. Elmi fikrin ifadəsi dəqiqlik və konkretlik tələb etdiyindən termin də konkret olmalıdır və elmi biliklərin inkişafı, informasiyaların asan yayılması üçün anlayışı dəqiq ifadə edən terminlərə üstünlük verilməlidir. Dilin daxilində işlənərək hər hansı bir ümumişlək anlayışı bildirən leksemin termin səciyyəsi qazanması üçün ümumişləklik çərçivəsindən çıxmalı, müəyyən elmi anlayışı dəqiq, konkret və birmənalı ifadə etməlidir. Xüsusilə, son dövrlərdə bazar iqtisadiyyatına keçidlə bağlı iqtisadi-siyasi terminologiyada yeni olan anlayışların terminlə ifadəsi daha çox ümumişlək dil vahidləri hesabına baş vermişdir. İqtisadi əlaqələr genişləndikcə, ictimai-siyasi münasibətlər, eləcə də elmi-texniki tərəqqi, dilin zənginləşməsini zəruri edir. Ünsiyyət vasitəsi olan dilin bugünkü inkişaf səviyyəsinə rekonstruktiv yanaşma təsdiqləyir ki, dilin inkişafı cəmiyyətin inkişaf səviyyəsi, ictimai-siyasi hadisələrlə, qlobal dəyişikliklərlə əlaqədardır. Məsələn, iqtisadiyyatla bağlı “bazar”, “özəl”, “özəlləşdirmə” leksik vahidləri məna genişlənməsi nəticəsində məhsuldar işlənən iqtisadi terminlərə çevrilmişdir. Tarixən bazar sözü alış-veriş üçün müəyyən edilmiş yer mənasını bildirirdisə, son dövrlərdə “iqtisadi bazar”, “bazar münasibətləri”, “bazar qiyməti” kimi anlayışları yeni məna kəsb edir. Bu baxımdan dilin ümumi leksikasına daxil olan sözlər elm və texnikanın müxtəlif sahələrində xüsusi funksiya daşıyaraq terminləşir. Məsələn, “tələ” sözü iqtisadiyyatda əməliyyat sistemində müəyyən tip kəsilmələri və ya müstəsna vəziyyətləri tutmağa imkan verən mexanizm, “yaxma” tibb sahəsində koronovirus diaqnozunun qoyulması üçün mikroskopiya üçün əşya şüşəsinin üzərində hazırlanmış müayinə materialı kimi istifadə olunur. Buna görə də dilin leksik qatına daxil olan ümumişlək sözləri, məişət sözləri, peşə-sənət sözləri, dialekt sözləri termin yaradıcılığında əsas mənbədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Yəni bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz. Bizim dilimiz zəngindir, sən istənilən ifadəni deyə bilərsən, istənilən şeiri yaza bilərsən”.
Azərbaycan dilinin inkişafında dilin daxili imkanları əsas mənbə hesab edilərək ən mürəkkəb fikirlər ifadə olunur. Müasir dövrdə terminologiya ilə bağlı tədqiqatların müxtəlif aspektlərdən aparılması, terminologiya ilə ayrı-ayrı elmlər arasında qarşılıqlı əlaqələri və qarşılıqlı təsirləri gücləndirir. Qarşılıqlı inkişaf əsasında müxtəlif sahələrdə yeni anlayışların adlandırılmasında ümumişlək sözlər hesabına yaranan terminlər üstünlük təşkil edir. Məsələn, “ağıllı” ümumişlək sözdür, lakin son dövrlərdə bu söz terminləşərək - informatikada proqramlara, yaxud aparat vasitələrinə aid islədildikdə verilən anda gözlənilməyən informasiyanı emal edə bilmək bacarığı mənasında islənir. Eləcə də bu sözlə bağlı ağıllı bağlanma, ağıllı kart, ağıllı kənd, ağıllı telefon sözləri yaranmışdır.
Hazırda elmin müxtəlif sahələrində dilin daxili imkanları hesabına termin yaradıcılığı prosesi daha da artmışdır. Bunun üçün Azərbaycan dilinin geniş funksional imkanları vardır və dilin daxili imkanları əsasında yaranan terminlər terminoloji bazanın əsas hissəsini təşkil edir. Vaxtilə arxaizm və tarixizm adlandırılan külli miqdarda termin-söz dilə qayıtmış, dilin lüğət tərkibində möhkəmlənmişdir. Məsələn, çavuş, alay, yüzbaşı, gizir, taqım, fərari, cihad, soyqırım, ulus, icarə və s.
Müasir dövrdə dildə gedən əsas proses odur ki, sosial həyatda, cəmiyyətdə baş verən dəyişikliklərlə bağlı yaranan anlayışlar ümumişlək sözlərə əlavə məna verməklə, dialekt və şivə sözlərindən istifadə etməklə, köhnəlmiş sözlərin dilə qaytarılması ilə, milli və alınma sözlərə şəkilçi artırmaq, iki və daha artıq sözün birləşməsi ilə ifadə olunur. Milli termin yaradıcılığı ümumi ədəbi dilə əsaslanmalıdır. Bu, terminlərin asan başa düşülməsinə, tələffüzünə, tez yadda qalmasına, termin yaradıcılıq prosesinə müsbət təsir edir. Dilin ümumi leksik qatı kimi, onun terminoloji sistemində də yeniləşmə və zənginləşmə prosesi həmişə davam edir, terminoloji qat fasiləsiz olaraq inkişaf edir. Müasir dövrdə dilin daxili imkanları əsasında terminlər yaradılan zaman aşağıdakı istiqamətlər nəzərə alınır: dilin lüğət tərkibindəki ümumişlək sözlərin terminləşməsi; dialekt və şivələrdə işlənən, anlayışı dəqiq ifadə edən sözün seçilib terminləşməsi; qədim abidələrdə peşə, sənətkarlıqla bağlı anlayışları ifadə edən sözlərin terminləşməsi; ədəbi dilin söz yaradıcılığı üsullarından istifadə etməklə sözlərin terminləşməsi;
Bəzən Azərbaycan dilində terminlərin yaradılmasını başqa dillərə, xüsusən rus, ingilis dilinə məxsus ayrı-ayrı terminlər üçün qarşılıq müəyyənləşdirilməsi kimi başa düşürlər. Əslində isə terminlərin yaradılması dilin daxili inkişaf xüsusiyyətlərinə uyğun şəkildə aparılır və elmi dili zənginləşdirən əsas mənbə dilin özünün zəngin leksik qatıdır. Xalq dilinin zəngin söz ehtiyatı termin yaradıcılığının əsas mənbəyidir. Ədəbi dildə işlənən və ümumxalq dilindən gələn çimərlik, alışqan, asılqan, tutqac, sayğac, tıxac, nəfəslik kimi terminlərin sayı get-gedə artır. Ümumxalq dilinin zəngin söz xəzinəsində olan tələffüzü asan, ahəngdar sözləri götürüb onlardan termin yaradıcılığında istifadə etmək ən səmərəli yoldur. Bunun üçün Azərbaycan dilinin lüğət tərkibi əsasında terminlərin yaradılması ilə əlaqədar xalq dilinin dərindən öyrənilməsi zərurəti qarşıya çıxır. Terminlər yaradılan zaman xalq dili həssaslıqla tədqiq edilməli, öyrənilməlidir. Dildə yeni anlayışların adlandırılmasında, terminologiyanın inkişafında xalq dilinin əsas mənbə, tükənməz məxəz olduğu unudulmamalıdır. Ümumxalq danışıq dili və onun müxtəlif sözdüzəltmə vasitələri istər dilimizin tarixi inkişafı prosesində və istərsə də müasir dilimizdə yeni sözlərin yaranmasında əsas və tükənməz bir mənbədir. Yeni əmələ gələn məfhumları ifadə etmək üçün dialekt və şivələrdən geniş istifadə olunur. Müxtəlif elmi-texniki, eləcə də xalq təsərrüfatına və kənd təsərrüfatına aid terminlərin yaradılmasında dialektlər mühüm rol oynayır. Bu gün hamının işlətdiyi herik, qaysaq, dondurma, suvarma, səsudan şivələrdən ədəbi dilə keçmişdir. Dialektlərdə müxtəlif təsərrüfat sahələrinə aid olan zəngin söz ehtiyatı vardır. Bu material dilimizin bütün sahələrində getdikcə artan anlayışların xalq dili əsasında ifadəsi üçün imkan açır. Xüsusilə, ümumxalq dilinin dialektləri heyvandarlıq, üzümçülük, əkinçilik, bağçılıq, quşçuluq, toxumçuluq və s. sahələrə aid termin səciyyəli sözlərlə zəngindir. Dialekt leksikasının başlıca xüsusiyyətlərindən biri burada konkret məfhumları, anlayışları ifadə edən sözlərin geniş şəkildə işlədilməsidir. Əgər ədəbi dildə bu və ya digər əşya müəyyən bir sözlə adlanırsa, onun ayrı-ayrı hissələri xüsusi ada malik deyilsə, dialektlərdə isə həmin əşyanın ən kiçik hissəsinin belə adı və onu ifadə edən söz və termin mövcuddur.
Dialekt və şivələrin lüğət tərkibindəki terminoloji səciyyə daşıyan sözlər ədəbi dildə olan bu tip sözlərdən bir də onunla fərqlənir ki, dialekt və şivələrdə növ anlayışını bildirən sözlər daha çox yayılmışdır. Ədəbi dildə təbiət hadisələrinin, kənd təsərrüfatı alətlərinin, ya heyvanların yaşlarına, rənglərinə və yerişinə görə ümumi adları varsa, dialekt və şivələrimizin lüğət tərkibində bunların növlərinin, hissələrinin adları bütün təfərrüatı ilə verilir. Məsələn, ədəbi dildə yağışın, küləyin növlərini, yaşa və rəngə görə heyvan adlarını və s. bildirən bir-iki söz varsa, dialekt və şivələrimizdə bunların bütün növlərini əhatə edən sözlər vardır. Odur ki, dialekt və şivələrin leksikası ədəbi dilimiz üçün mühüm əhəmiyyət kəsb edən termin səciyyəli sözlərlə zəngindir. Termin yaradıcılığı ilə, terminoloji lüğətlərin tərtibi ilə məşğul olan mütəxəssislər, müəyyən məsələlərə dair elmi əsərlər yazan alimlər, elmi-texniki, ictimai-siyasi əsərlərin, xüsusən kənd təsərrüfatına aid ədəbiyyatın tərcüməsi ilə məşğul olan tərcüməçilər Azərbaycan dilində bir çox məfhumların adlarını tapmaqda çətinlik çəkirlər. Xalq dili bu sahədə onların ən yaxın köməkçisidir.
Terminlər yaradılarkən dilimizin dialekt və şivələrindən istifadə edilməsi zəruridir. Dialektlərdə dilin inkişafı üçün böyük əhəmiyyətə malik olan xalqın tarixi, yaşayış tərzi, adət və ənənəsi, məşğuliyyəti və s. ilə əlaqədar olan termin səciyyəli sözlər çoxdur. Odur ki, onların toplanılması və onlardan məqsədəuyğun surətdə istifadə edilməsi dilimizin zənginləşməsi və təkmilləşməsi üçün faydalıdır.
Həmişə təbii mühitlə əlaqədar olan insan müxtəlif obyektlərə, təbii hadisələrə ad vermiş və coğrafi terminlərinin yaranmasına səbəb olmuşdur. Ona görə də, coğrafiya elmində bu və ya digər landşaftı səciyyələndirdikdə yerli xalqın dilində olan sözlərdən istifadə edilir. Hal-hazırda xalqın dilində zəngin terminologiya vardır, bu da dilin terminologiyasının zənginləşməsi üçün mühüm mənbədir.
Ölkə ərazisində heyvandarlıq ən qədim məşğuliyyət və əsas sahələrdən biri olduğuna görə, həmin sahəyə aid terminlərin bir qismi dialekt və şivələrdə eyni forma və mənalarda işlənir; digər qismi isə heyvandarlığın bəzi səciyyəvi xüsusiyyətləri və yerli şəraitlə əlaqədar yalnız müəyyən bir dialekt və şivəyə mənsubdur. Dialektlərdə olan hər hansı bir söz bir neçə anlayışın yaranması üçün əsas ola bilər. Ona görə də müxtəlif sahələrlə bağlı anlayışları ifadə edən dialekt və ümumxalq dili sözlərinin bir hissəsi müasir ədəbi dildə möhkəmlənmiş və onu zənginləşdirmişdir. Lakin hələ də dialekt və şivələrimizdə, ümumxalq danışıq dilində işlənən çoxlu söz lüğətlərdə öz əksini tapmamışdır. Məsələn: insolyasiya yerinə - günvurma, tur yerinə - dağ keçisi, vəhşi öküz; ot yerləri yerinə - örüş; dağ düzənliyi sahələri yerinə - yaylım; kanareyka yerinə - sarıbülbül işlətmək mümkündür. Xalq dilinə mənsub olan belə sözlər dilimizin terminoloji leksikasında özünə möhkəm yer tuta və işləklik qazana bilər. Beləliklə, Azərbaycan dilinin lüğət tərkibi əsasında terminlər yaradılması ilə əlaqədar xalq dilinin toplanılması bir zəruriyyət kimi qarşıya çıxır.
Dialektlərdəki terminlərin əksəriyyəti həm səs tərkibi, həm də əşya və anlayışların ən kiçik hissələrini, müxtəlif xüsusiyyətlərini dəqiq ifadə etməsi ilə ədəbi dili zənginləşdirir. Bununla belə, lüğətlərdə dialekt leksikasından hələ lazımi dərəcədə istifadə olunmur. Məsələn: atların döş yoluxması əvəzinə xəfənək, keçi yunu əvəzinə qəzil, ot yerləri əvəzinə örüş, dırnaq xəstəlikləri əvəzinə keço, bağa, davax, qısabuynuz əvəzinə kola, ləzgi qoyunu əvəzinə herix, qarmaqlı çomaq əvəzinə koxa, yun cəngəsi əvəzinə əlçim və s. işlətmək mümkündür. Lakin dialektlərdə bu məfhumları daha dəqiq ifadə edən sözlər ola-ola adlandırmada izahlardan istifadə olunmuşdur.
Müasir Azərbaycan dilində kənd təsərrüfatı, coğrafiya, geologiya, həmçinin başqa sahələrə aid terminologiyanın təkmilləşməsi və zənginləşməsi üçün əsas mənbələrdən biri dialekt və şivələrdir. Azərbaycanda qədim zamanlardan əkinçilik, heyvandarlıq, bağçılıq, ipəkçilik, toxuculuq, sənətkarlıq kimi sahələr geniş inkişaf etdiyinə görə Azərbaycan dilinin dialektlərində müxtəlif peşə və sənətlərə aid, texniki alət və vasitələrlə bağlı sözlər işlədilmiş və indi də işlədilməkdədir. Ona görə də bu sahələrə aid anlayışların adlandırılmasında dialektlərdə işlədilən söz və ifadələrdən daha geniş istifadə olunmalıdır. Dövlət başçısının qeyd etdiyi kimi “Bunun çox dərin, necə deyərlər, layları var və dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”.
Uzun tarixi inkişaf yolu keçmiş Azərbaycan dilinin tarixi qatlarından istifadə etməklə, eləcə də leksik, morfoloji, sintaktik üsulla yeni sözlərin yaradılması dilin zənginləşdirilməsinə, dilin saflığına təminat verir. Bu çıxışlarda ana dilinin dövlət dili səviyyəsində inkişafına xalqın mənəvi problemlər kontekstində yanaşılaraq onun tətbiqi məsələləri üçün perspektivlər müəyyənləşdirilmişdir. Dil və milləti qarşılıqlı əlaqədə götürən, dili onun varlığının əsas göstəricilərindən biri hesab edən Azərbaycanın dövlət başçısı öz praktik fəaliyyəti ilə elmi-pedaqoji mühitdə Azərbaycan dilinin tətbiqi məsələlərini strateji məqsədlərdən hesab edir.
Sayalı Sadıqova,
Azərbaycan Respublikası Nazirlər
Kabineti yanında Terminologiya
Komissiyasının sədr müavini,
filologiya elmləri doktoru, professor
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 14 Yanvar 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















