Xudayarın o təsnifi oxuduğu yer tarixən Cəbrayıl rayonunun Xudayarlı kəndi olub
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün 27 sentyabrdır... Özündə böyük bir tarixi başlanğıcı yaşadan gün...
Müharibə yalnız güllələrin, topların səsi ilə başlamır. Bəzən bir xalqın susqun naləsi, qəlbində gizlətdiyi yarımçıq xəyallar müharibənin sükut dolu başlanğıcına çevrilir. Otuz il Azərbaycanın hər evində, hər ocağında bu sükut qara-qırmızı lentli şəkillərdə, natamam məktublarda, yurd acısı çəkilən dərdlərdə yaşadı. Analar körpələrinə həsrət dolu laylalar çaldı, uşaqlar ata-baba torpaqlarını xəritələrdən tanıdı, köksündə daşıdıqları nisgilin ağırlığından ata-babaların boynu bükütdü.
Lakin tarix heç zaman sükutu sevməyib, çünki o sükut zamanında mütləq bir hayqırtıya çevrilib. Həmin hayqırtı isə beş il əvvəl sentyabrın bu günü Vətən torpağına ayaq basan igidlərimizin nərəsi oldu. Çünki bu torpaq həm də müqəddəs bir əmanət idi. Ona uzanan namərd əli bir xalqın yaddaşına, kökünə, ruhuna toxuna bilmişdi.
Müharibənin izi təkcə səngərlərdə qalmadı. Anaların gözlərində, uşaqların gözləntisində, viran qalmış yurd yerlərinin qalıqlarında, haradasa hələ də bağlı qalan qapıların arxasında da yaşandı. İllərlə çəkilən həsrətin qara kölgəsini qəhrəmanların qanı yudu, şəhidlərin ruhu ora işıq saçdı. Qaranlıqdan doğan bir sübh kimi sonda millətin üzündə ümid şöləsi parladı, illərlə böyüyən ağrı qələbəyə çevrilən iftixar oldu.
Barıt qoxulu həmin günlərdə səngərlərin birindən səmaya bir səs yayıldı: "Deyirlər bülbülə çəmən yaxşıdır. İnsançün laləzar Vətən yaxşıdır" təsnifi Qarabağda əks-səda doğurdu. Və o səs həmin gündən millətin qüruruna çevrilərək, dillərə dastan oldu. Və bu gün həmin dastanın qəhrəmanı, "Azərbaycan Bayrağı" ordenli Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə xanım Qurbanova şənbə qonağımızdır.
- Xudayarın adını yaddaşlara həkk edən bu ifanın yəqin ki, bir tarixçəsi olmamış deyil...
- Həmin təsnifi Xudayar şəhid olmazdan bir neçə gün əvvəl, daha dəqiq oktyabr ayının 18-də düşmənlə 12 kilometrlik məsafədə yerləşən bir dərədə oxuyub, Zəngilanla Cəbrayıl rayonlarının arasında yerləşən bir ərazidə. Həmin yerə çatmaq üçün əsgərlərimiz dörd gün piyada yol gəliblər, yemək və suları belə tükənib. Tükənib ona görə ki, onlar ildırımvari döyüşlə irəlilədiklərindən böyük sürətlə hərəkət ediblər. Dövlətimizin başçısı "Düşməni iti qovan kimi" qovduq sözlərini həmin döyüşlərdən sonra deyib. Bunu hamı bilir ki, 44 günlük müharibədə bizim əsgərlərimizin qida sarıdan heç nəyə ehtiyacı olmayıb. Həmin əsgərlərimiz 105 kilometr məsafəni 24 saata qət ediblər. Düşmənlə məsafə yaxın olduğundan elə bir yer seçmək lazım idi ki, onları görmək mümkün olmasın. Elə bir yeri iki dağ arasındakı yamacda tapıblar. Həmin yamacda da Xudayar bu təsnifi oxuyub. Bütün bu olanları orada olan əsgərlərimizdən eşitmişəm Xudayarı itirdikdən sonra. Onun oxuduğu təsnifin videosunu isə biz Xudayarın şəhidliyindən 20 gün sonra gördük. Zəngilanı alandan sonra ətrafı çəkərək deyib: "Nənə, bax, buraları bizim uşaqlar alıb". Özünü kənarda qoyub ki, nənəsi narahat olmasın. Nə yaxşı ki, əlində öz telefonu vardı.
Sosial şəbəkələrdə şəhid balalarımızın paylaşdıqları videoları görəndə, elə hey düşünürdüm ki, ola bilməz Xudu (ailədə onu belə çağırardıq) bizim üçün bir video çəkməmiş olsun. Komandirindən xahiş etdim ki, onun telefonunu versinlər.
Bilirdim ki, müəyyən qaydalar var və onlara mütləq əməl olunmalıdır. İyirmi gündən sonra qardaşıma xəbər gəldi ki, telefonu götürə bilərsiniz. Hövsələm o qədər daralmışdı ki, bir saniyə artıq gözləmək mənim üçün sanki saatlara bərabər idi. Qardaşımdan soruşdum ki, telefonda nəsə var? Bizə nəsə deyib? Dedi ki, Xudu tək bizə yox, demək istədiyini hamıya çatdırıb. Yenə də soruşdum ki, axı nə deyib? Dedi ki, heç nə deməyib, Xudu oxuyub.
Mən o təsnifin ifa olunduğu yerlə bağlı bir tarixi faktı da vurğulamaq istəyirəm. Tarixən həmin yer Cəbrayıl rayonunun Xudayarlı kəndi olub. Kəndin adı burada yaşayan yüzbaşı Xudayar Çələbiyanlıdan götürülüb. Yüzbaşı Xudayar 1835-ci ildə elinin bir neçə obası ilə Qarabağa gəlib. İki əsrə yaxın zaman keçəndən sonra 2020-ci ildə torpağının müdafiəsinə qalxan Xudayar adlı qarabağlı bir gənc məhz həmin kəndin ərazisində "Vətən yaxşıdır" təsnifini oxuyaraq, tarixin daş yaddaşına öz adını həkk edə bilib. Ölkə başçısının sərəncamı ilə yaradılan Şərqi Zəngəzur iqtisadi rayonunun kəndləri sırasında bu gün Xudayarlı kəndinin öz adı, öz yeri var.

- Həmin məşhur ifadan iki gün sonra Xudayar şəhid olub...
- Üç gün sonra, oktyabrın 21-də... Döyüşə-döyüşə irəlilədikcə, oktyabrın 20-si Zəngilanı işğaldan azad ediblər. Mövqelərini bərkidərək postu nəzarətə götürüblər. Lakin oktyabrın 21-i səhər saat beşdə düşmən qəfil hücuma keçib. Say üstünlüyü düşmən tərəfdə olduğundan on iki saata qədər döyüş davam edib. Əlbəyaxa vuruşmaya qədər döyüşən əsgərlərimiz geri çəkilmədən Zəngilanı qoruyublar. Xudayarın atdığı qumbaradan özünü qoruya bilən düşmən qəfil silahı götürərək onu vurmağı bacarıb. Aralarında bir metrə qədər məsafə olub və Xudayar anındaca şəhid olub.
- Sizin üçün ağır söhbətə bir qədər ara verək və qayıdaq lap əvvələ...
- Xudayarın atası gözəl qarmon ifaçısı olub. Bu, ailədən gələn bir istək olub, çünki onun atası da, qardaşı da musiqiçi idilər. 90-cı illərin ortalarında Rusiyanın Surqut şəhərində yaşayan və yoldaşımı tanıyan həmvətənlərimiz özlərinə məxsus məkana onu musiqiçi kimi işləməyə dəvət etdilər. Üç övladı olan gənc bir ailə dəvəti qəbul edərək Surquta yollandıq. Sonbeşiyimiz olan Xudayar orada dünyaya gəldi. Surqutda cəmi bir il yarım yaşaya bildik. Xudayar iyirmi dörd günlük ikən həyat yoldaşım otuz bir yaşında dünyasını dəyişdi.
- Yəni qəflətən...
- Düzü, bilmirəm buna qəflətən demək olar, ya yox, çünki o, bir dəfə iflic keçirmişdi. İkinci iflic onu ailəsindən aldı. Yoldaşımın dostları, orada yaşayan azərbaycanlılar o qədər ehtiyatla davranaraq bizi yola saldılar ki, mən yoldaşımın rəhmətə getməyini artıq Bərdəyə çatanda bildim. Mənə bildirmişdilər ki, o, ikinci iflici keçirdiyindən bizi ayrı-ayrı yola salmağa məcburdurlar və iyirmi beş yaşında əlində dörd azyaşlı uşaqla qaldım valideynlərimin himayəsində. Nə qədər ağır, əziyyətli günlər yaşasaq da, ata-anamla birlikdə ləyaqətli övladlar böyüdə bildik.
- Sonbeşiyiniz Xudayar kimi...

- Xudayarı nənə-baba böyütdü. Kiçik yaşlarında nənəsini ana, babasını ata bilirdi. Həssas uşaq olub. Baxmayaraq ki, azyaşlı idi, özündən kiçiklərə qarşı qəribə diqqəti və qayğısı vardı. Heç zaman onları incitməz, ən sevimli oyuncağı olsa da, istəyənə verərdi. Hələ məktəbə getmədiyi vaxtlarda balaca bir çəpişi vardı, ona öz paltarlarını geyindirib nağarada ayaqlarını döyəcləməyi öyrətmişdi.
- Gendən gələn musiqi duyumuna, incəsənət məktəbini bitirməyinə rəğmən, o, hərbini seçdi...
- Erkən yaşlarından Xudayarda bir nizam vardı. Axşam saat doqquz-on arası yatmağa gedərdi. Evimiz həmişə qonaq-qaralı, səsli-küylü olub. Bununla belə, Xudayar öz vaxtında mütləq gedib yatardı. Səhər oyananda görərdik ki, Xudayar artıq əl-üzünü yuyub, oturub çayını gözləyir. Yəni mən heç zaman ona tez yat, səhər məktəbə gedəcəksən və ya dərslərini oxu deməmişəm. Bu xüsusiyyəti bir növ nəyəsə işarə idi. Bir dəfə məktəbdə onlara Xocalı haqqında inşa yazmaq tapşırığı vermişdilər. Evə gəlib dedi ki, ana, mənə bir qədər o faciə haqqında danış ki, tapşırığı edə bilim. O zaman qonşumuz Xocalıdan idi. Onun ata-anasını öldürmüşdülər, qardaşını, uşaqlarını güllələmişdilər. Onlara qan içində gələn qohumlarını gözümüzlə görmüşdük. Anam da, mən də ona hadisələrdən danışanda Xudayar ağladı. Görünür, qəlbində düşməndən intiqam hissilə böyüdüyündən hərbini seçdi. Məktəbi bitirəndən sonra Hərbi Akademiyaya sənədlərini versə də, qəbul ola bilmədi. Mənə təsəlli kimi dedi ki, hərbi xidmətdən qayıtdıqdan sonra qəbul olaram.
- Amma baş verənlər çox istəkləri yarımçıq qoydu...
- Yox, Xudayar hərbçi oldu, amma bu sahənin təhsilini almağa çata bilmədi. Hərbi xidmətini Dövlət Təhlükəsizlik Xidmətində çəkdikdən sonra orada davamlı hərbi qulluqda qalmaq üçün müraciət etdi. Aprel döyüşləri o əsgərlikdə olanda baş verdiyindən artıq qəti qərarını vermişdi. Lakin müəyyən səbəblərə görə o, xidmət etdiyi hərbi hissədə qala bilmədi. İki gün üzü üstə yerindən qalxmadı. Nə qədər ona təsəlli versəm də, dedi ki, ana, mən istədiyim yolla getmək istəyirəm. Hətta ona təklif etdim ki, sənin musiqi savadın var, bəlkə konservatoriyaya gedəsən. Cavabında dedi ki, musiqi atamın yoludur, ona ehtiram kimi bu sahəni sevirəm, onun təhsilini də aldım, lakin mənim yolum başqadır. On gündən sonra mühafizəçi kimi işləməyə başladı. Hamılıqla, ay bala, təzə gəlmisən, bir az dincəl sonra işləyərsən desək də, onu heç cürə razı sala bilmədik. Bir neçə böyük mağazalar şəbəkəsində mühafizəçi işlədi. Həmin dönəmdə ona məsləhət gördülər ki, bəlkə sərhəd xidmətinə müraciət edəsən? Bu fikir onun ağlına batdı, müraciət etdi, kurs keçdi və bir həftədən sonra Astara sərhədində xidmətə başladı, ta ki müharibə başlayana qədər. Xudayar boylu-buxunlu bir gənc idi və hərbi geyim ona çox yaraşırdı.

- Dediniz ki, Aprel döyüşlərində Xudayar hərbi xidmətdə idi...
- Yadımdadır, həmin gün yol gəlirdim. Maşında bir ata vardı, oğlu yaralanmışdı və çox tələsirdi. Sürücü onun bu halına bir qədər laqeyd yanaşanda, özümü saxlaya bilməyib dedim ki, lazımdırsa, bizi burada düşür, lakin bu adamı tez oğluna çatdır. Sonra Xudayara zəng çaldım. Soruşdu ki, ana, atırlar? Onu sakitləşdirmək üçün dedim ki, narahat olma. Hiss etdim ki, sözüm ürəyincə olmadı. Dedi ki, ay ana, narahat deyiləm, amma bu məsələ bitməlidir. Nə vaxta qədər onlar atacaq, biz susacağıq. Xudayarın böyük qardaşlarının hər ikisi orduya könüllü yazılanlardan idi. Amma şəhadətlik onu seçdi.
- Müharibə şəraitində yaşayan bir ölkədə hərbidə xidmət edənlərin anaları, ailələri daxilən bir həyəcan içində yaşayıb...
- İyulun 15-i Xudayarın doğum günü idi. Tovuz hadisələri başlamışdı, lakin hələ hadisələr haqqında tam məlumatlı deyildik. Bir gün əvvəl axşam ona zəng çaldım ki, sənə pul göndərirəm, yoldaşlarını nəyəsə qonaq edərsən. Səsi boğuq gəldi, dedi ki, ay ana, bizim generalımız şəhid olub. Əsgərin generalının şəhid olması, evin içində gözünün önündə birinin gəlib atasını öldürmək deməkdir. Ona təsəlli üçün şəhidlik ən uca məqamıdır deyib, ovundurmaq istədim. Bir az danışandan sonra dedi ki, bu qisas qiyamətə qala bilməz. Yenə də ona təskinlik verib sağollşdıq. Polad Həşimov haqqında ailəlikcə məlumatlı idik. O, ikinci oğlum Məhəmmədin komandiri olub və xatirəmizdə əsgərinin, zabitinin qayğısına qalan bir insan kimi qalıb. Əlbəttə, generalın itkisi dövlətimizə böyük zərbə idi. Həmin gecə Xudayar adını könüllülər siyahısına yazdırıb. Səhəri günü ondan zəng gəldi ki, bizi təlimə göndərirlər, xidmətdə irəliləmək üçün kurs keçməliyik. Onun sözlərinə inandım, amma ağlıma da gəlmədi ki, Xudayar cəbhəyə gedir. Heç demə, neçə müddət imiş onlar təlimlərlə hazırlıq keçiblərmiş.
- Tovuz hadisələrindən iki ay sonra əks-hücum əmri bütün dünyaya yayıldı...
- Sentyabrın 27-si müharibə xəbəri yayılan kimi Xudayara davamlı zəng çalsam da, cavab ala bilmədim. Saat 10-11 arası zəng vurdu ki, ana, nə olub? Demişəm axı təlimdəyəm, sənə necə cavab verə bilərəm? Dedim ki, ay bala, müharibə başlayıb. Çox soyuqqanlı cavab verdi ki, nə olsun ki, başlayıb? Nə vaxta kimi gözləməli idik? Onun bu soyuqqanlı cavabı nənəsinin Xocalı haqqında danışdıqlarından təsirlənərək ağlayan məktəbli Xudayarı saldı yadıma və bir də generalın şəhadətindən hiddətlənərək söylədiyi "Bu qisas qiyamətə qalmaz" sözləri təkrar səsləndi qulağımda. Bununla belə, Xudayar müharibədə olduğunu məharətlə gizlədə bilirdi. Cəbrayıl-Zəngilan uğrunda gedən döyüşlərdə bir qadın üzüyü tapıb kiçik barmağına keçirmişdi. Yoldaşları soruşub ki, bu qadın üzüyünü nəyinə lazımdır? Demişdi ki, verəcəyəm nənəmə və deyəcəyəm ki, Xocalının qisasını aldıq. Həmin üzük hazırda anamın barmağındadır.

- Ana ürəyinin həssaslığı, narahatlığı adlı bir hiss var...
- Oktyabr ayının 8-də qəhrəman oğullarımızdan olan şəhid Devran Nayıbovun dəfni idi. Onun da komandiri general Polad Həşimov olub. Həmin zaman Bərdə vuruldu və bir nəfər belə dəfn yerini tərk etmədi. Xudayarın böyük qardaşı da orada idi. Həmin günü Xudayargili Murovdağdan qayıdaraq Füzuliyə gediblər. Füzuli istiqamətində qardaşı Yusif Xudayarı görüb və onlar görüşüblər. Xudayarı bu geyimdə görən qardaşı bir qədər özünü itirib, çünki o vaxta qədər o, döyüşdə olduğunu bizə bildirməyib. Hər dəfə zəng vuranda elə deyirdi ki, mənə görə ağlamaqdansa, irəlidə gedən oğlanlar üçün dua edin. Ana, biz sərhədçiyik və vəzifəmiz sərhədi qorumaqdır. O, bu sözlərilə bizi elə inandırmışdı ki, artıq heç nə soruşmağa imkan vermirdi. Yalnız qardaşı mənə birlikdə çəkdirdiyi şəkli göstərəndə məsələdən xəbərdar oldum. Bütün şəhidlər, qazilər bizim balalarımızdır. Müharibə başlayandan yuxu məndən qaçaq düşmüşdü. Səhərə qədər Allaha yalvarmaqdan yorulmurdum. Bərdə vurulanda nə illah etdiksə, atamı Bərdədən çıxara bilmədik. Xudayar dedi ki, baba, bizimkilər irəlilədikcə, onlar Bərdəni, Gəncəni vururlar, sən oradan çıx. Ona söz vermişdi ki, çıxacaq. Sonra dedi ki, əgər Xudayara bir şey olacaqsa, qoy o mərmi məni də burada öldürsün. Xudayardan sonra çox yaşaya bilmədi atam.
- Cavabsız zənglərin həyəcanını yaşamaq çox ağırdır...
- İmkan olan kimi əlaqə saxlayırdı ki, narahatlıq yaşanmasın və ən çox da anamla danışırdı. Cəbrayıl döyüşləri ərəfəsində oktyabrın 14-də qardaşım onunla əlaqə saxlayanda deyib ki, dörd saatlıq Füzuliyə düşürük üst-başımızı dəyişməyə. Gəlsəydin, səninlə görüşərdik. Dayısı soruşub ki, nə gətirim? Deyib ki, heç nə istəmirən, bir tək nənəmi gətir. Həmin vaxtda mən Bakıda idim. Xəbər mənə çatanda nə illah etdimsə, məni Füzuliyə aparacaq bir maşın tapılmadı, hamı dedi ki, yol bağlıdır. Anamgili Bərdədə olduqlarından gedə bildilər. Cəbhədə əsgərə lazım ola biləcəklərdən xeyli yük tutub anamla qardaşım Xudayarı görməyə gedib. Anam sonra danışırdı ki, gəldik Böyük Bəhmənliyə, Xudayar üstümə elə gəldi ki, sanki müharibənin qaynar nöqtəsində deyildi. Vaxt az olduğundan nənəsinə deyib ki, gəl səninlə görüşüb halallaşaq. Anam əlilə onu itələyib deyib ki, halallaşaq nədir? Onu istəyirsən ki, özümü öldürüm burda? Xudayar çox zarafatcıl uşaq idi. Tez sözünün başını fırladaraq deyib ki, birdən sənə nəsə olar, çatdıra bilmərəm özümü. Sonra yoldaşları mənə danışdılar ki, 60 nəfərlik dəstədə elə biri olmadı ki, nənənin gətirdiyi paydan dadmasın. Ayın 18-də mahnı oxuduğu dərədə hərəmizlə bir-iki kəlmə danışdı. Bu, mənim Xudayarla son danışığım oldu. Oktyabrın 19-da tezdən anama zəng çalıb ki, biz qalxırıq dağa, zəngləriniz mənə çatmaya bilər, nigaran qalmayın.

- Yəni acı xəbərdən bir gün əvvəl...
- Ayın 20-si Xudayardan xəbər çıxmadı. İsmayıllıda idim, möhkəm yağış yağırdı. Özümə yer tapa bilmirdim, eləcə vurnuxurdum. Gecə hiss etdim ki, boğuluram, qapını açdım ki, hava alım. Açanda gördüm ki, qarşımda bir canavar dayanıb düz üzümə baxır. Yerimdən tərpənə bilmədim. Heyvan da, mən də bir-birinə baxa-baxa dayandıq. Sanki qəflətən ayıldım və tez qapını bağladım. Pəncərəyə yaxınlaşanda gördüm ki, hələ də dayandığı yerdə qalıb. Bütün gecəni namaz üstündə Allaha yalvara-yalvara səhəri açdım. Artıq bilmirdim ki, yerin altındayam, yoxsa üstündə. Dayanmadan zəng çalırdım, amma telefon bağlı idi. Qardaşıma yalvardım ki, nə edirsən et, Xudayardan mənə xəbər gətir. Qardaşım Xudayarın yanında olarkən döyüş yoldaşlarından birinin nömrəsini götürübmüş. Onunla əlaqə saxlayanda uşaq deyib ki, mən indi başqa yerdəyəm, sizə bir xəbər verə bilmərəm. Qardaşımın israrından sonra komandir acı xəbəri ona deyib.
- Deyirlər şəhidlər analarının yuxularına tez-tez gəlir...
- Nə vaxt bir narahatçılıq keçirirəmsə, həmin gecə Xudayar mütləq yuxuma gəlir. Bir hadisə danışım sizə. Ramazanda iftar süfrəsi verməyə qərarlaşdıq. Anamla siyahı tutduq və razılaşdıq ki, səhər tezdən bazara gedəcəyəm. Yuxuda gördüm ki, böyük qazanda yemək bişirirəm. Xudayar arxadan yaxınlaşıb, dirsəklərini çiynimə qoyaraq deyir ki, ana, gəl biz də ehsan verək. Deyirəm ki, a bala, əlimdə elə ehsan bişirirəm də. Deyir ki, elə demirəm axı. Çevrilib əlini tutmaq istəyirəm, imkan vermir ki, ona baxım. Bizim Şəhidlər xiyabanında yaşıllaşdırma təsərrüfatının fəhlələri təmənnasız abadlıq işləri görmüşdü. Xudayar yuxuda dedi ki, gəl bir heyvan kəsdirək, ehsan olaraq işçilərə ət paylayaq, hərə aparıb evində bişirib ailəsilə birlikdə yesinlər. Səhər anama dedim ki, daha ehsan verməli olmadıq, Xudayar yuxuda necə dedisə, elə də etdim. Tez-tez yuxularımın qonağı olur Xudayar.

- Bütün şəhidlərin qələbəni görmək kimi haqqı vardı və qısa zamanda zəfər sədası qapıları döydü...
- Qələbə xəbəri yayılanda Xudayarın qırxı hələ çıxmamışdı. Onun şəhadətindən sonra iki-üç dəfə əsgərlərə ehsan payı göndərmişdik. Qələbə günü də gecədən ehsanı qablaşdırıb hazır etmişik ki, səhər tezdən əsgərlərə göndərək. Gecə saat ikidə şərəfsizlər elə atırdı ki, ayağımızın aldındakı döşəmə titrəyirdi. Çox keçmədi telefonuma dayanmadan mesajlar gəlməyə başladı. Hamı bir cümlə yazırdı - atəşkəs elan edildi. Amma eşidirik axı, onlar atırlar. Qəfildən atəş səsi dayandı. Gözümüzü açmağa macal tapmamış yenə yer yerindən oynadı və sanki bu, onların son atışı oldu. Bundan sonra televiziyalar, sosial şəbəkələr sanki qaynamağa başladı. Səmimi etiraf edəcəyəm, o anda özlüyümdə dedim ki, kaş dayanmayaydıq. Bilirsiniz niyə? Çünki Xankəndi, Ağdərə, Xocalı hələ onlarda idi. Lakin qısa bir aradan sonra yenə də sentyabr ayında antiterror əməliyyatı o torpaqları da iyirmi dörd saata geri aldı. Ondan sonra bir qədər toxtaqlıq tapdıq ki, şəhidlərimizin qanı yerdə qalmadı.
- Bir ananın övladının şəhid olduğu yeri görmək çox çətin olar...
- Xudayarın ili çıxmamış mən o yerə getdim. Bir dəfə göz gəzdirmək yetər ki, burada nələrin baş verdiyini anlayasan. İlk ziyarətimdə də qəribə hadisə baş verdi. Mənimlə qardaşım, iki nəfər qazi və bir də hadisələrin şahidi olan polis əməkdaşları gəlmişdilər. Gəncədən bir xanım mənə özü çəkdiyi gülab verdi ki, oralara nə vaxt getsən, o daşların, torpağın üstünə səpərsən. Birinci dəfə olduğundan öz-özümə dedim ki, ilahi, bu gülabı hara səpim, axı doğru-dürüst şəhid olduğu yeri bilmirəm. Amma ayağım dəyən yerlərə səpirdim. Bir anın içində yağış başladı və təsəvvür edin yağışın suyu isti idi. O anda mənə elə gəldi ki, bu yağış göydən yerə tökülən göz yaşlarıdır. Ürəyim partlasa da, qışqırıb hönkürməmək üçün özümü güclə saxlamağa çalışırdım. Özlüyümdə düşünürdüm ki, görəsən, Xudayarın şəhid olduğu yer haradır? Birdən gülab balonu əlimdən sıçrayıb bir yerə düşdü. Elə ora baxırdım ki, bizimlə gedən qazilər mənə yaxınlaşıb dedilər ki, Xudayar elə bu yerdə şəhid olub. Bu da Allahın bir möcüzəsi oldu.

- Yəqin ki, Xudayar düşmənin əhatəsində ifa etdiyi mahnını özündən sonra sizin üçün bir təsəlli məqsədilə telefonunun yaddaşına köçürüb...
- Xudayardan sonra hər şeyə səbirlə yanaşmağı özümə borc bilirəm. Ana kimi acım içimi yandırsa da, Azərbaycanın, bütün türk dünyasının övladıma olan sevgisini görəndə, bundan necə qürurlanmayım? Belə ölüm hər kəsin nəsibi olmur. Bu gün Xudayar təsnifini dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar təbliğ edir. Bu, təkcə Xudayarın deyil, canını Vətən yolunda qurban verən bütün şəhidlərin mahnısıdır. Bəzən cavan şəhidlər üçün deyirlər ki, nakam balalarımızdan bizə heç nə qalmadı. Bu fikirlə heç vaxt razılaşmıram, o balalardan bizə azad Qarabağ yadigar qaldı, Azərbaycana illərlə işğal altında qalan torpaqları yadigar qaldı. Əlbəttə, bunlarla yanaşı, övladlarmız da yanımızda olsaydı, bu qürur dolu xoşbəxtliyin həzzi tamam başqa olardı. Onlar "Təki Vətən sağ olsun" deyərək, bu torpaq uğrunda canlarını fəda ediblərsə, bizim onlarla yalnız qürur duymağa haqqımız var. Onsuz da səmadan bizi seyr edən ruhlara mütləq qovuşacağıq.

SÖZARDI: Müharibə bizdən çox şey aldı. Bu acıdan isə bizə ölməzlik, igidlik, torpağa hopmuş şəhid qanı əmanət qaldı. Müharibə torpağa qanla yazılan tarixdir, lakin o tarixdə Xudayar kimi oğulların adı öz şöləsinin ətrafında milyonların sevgisini yaşadır. Müharibə hər şəhid anasının baxışında bir övlad həsrətinə yol açdı, lakin o intizarın içindən Vətən sevgisi ilə qürur qoşalaşaraq ətrafa işıq saçır. Azərbaycan adına boylanan hər məkrli baxışı öz atəşilə kor edə bilcək bir işıq. Siz "Torpaq, uğrunda ölən varsa, Vətəndir" dediniz. Biz isə deyirik: Yoxluğunuza varlığımızı borcluyuq.
Tamilla M-ZADƏ


