Icma.az
close
up
RU
Yağlıvənddən zirvəyə və ya 80 İLLİK ÖMÜR DASTANI

Yağlıvənddən zirvəyə və ya 80 İLLİK ÖMÜR DASTANI

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəzi insanlar var ki, onlar dünyaya sanki bir missiya ilə gəlirlər: boz həqiqətləri süni rənglərlə bəzəmək yox, o bozluğun içindəki gizli insanı tapıb çıxarmaq. Azərbaycan ədəbiyyatının canlı klassiki, oxucuların "Yağlıvəndli Şekspir"i Seyran Səxavət məhz belə bir qələm sahibidir. Bu il onun ömür karvanı 80-ci dayanacağa çatır, amma onun sözü hələ də ilk günkü kimi təravətli, kəsərli və səmimidir.

Yağlıvənddən dünyaya açılan pəncərə-Seyran Səxavətin yaradıcılığını məncə belə də adlandırmaq olar.Çünki onun əsərləri məhz ordan-Füzulinin Yağlıvənd kəndindən boylanır. Lakin o, heç vaxt lokal bir yazıçı olmadı; o, kənd adamının taleyini, dərdini və sevincini elə bir dillə yazdı ki, bu obrazlar bəşəri miqyas qazandı. Onun əsərlərində torpağın, təzə kəsilmiş otun, istisi əl yandıran təndir çörəyinin qoxusu  və ən əsası, Qarabağ torpağının müqəddəs nəfəsi var. O, 80 illik ömrünün hər ilini sözün saflığına qurban verib, hər cümləsində bir az da özünü əridib.

Əksər  uğurlu qələm sahibləri kimi Seyran Səxavətin də öz üslubu var və mənə görə bu  gülüşün altındakı göz yaşı taktikasıdır.Seyran müəllimin qələmi bənzərsizdir. O, oxucunu güldürə-güldürə uçurumun kənarına gətirir və birdən-birə həyatın ən ağır, ən sərt həqiqətlərini göstərir. Bu, sadəcə yumor deyil, bu, həm də qədərin ironik təbəssümüdür.

"Daş evlər" romanı ilə o, bizə daşdan yox, ruhdan ev tikməyin çətinliyini öyrətdi. "Nekroloq"da dirilərin içindəki ölü tərəfləri, cəmiyyətin mənəvi aşınmasını ustalıqla ifşa etdi."Qapı" pyesi ilə isə illərlə bağlanmayan, intizar dolu qapıların ağrısını səhnələşdirdi. Ən şox sevdiyim nəsr əsəri isə ,, Qapıların o üzündə qalan dünya"dır.Yaxşı yadımdadır ki, o əsərlə tanışlığım yeniyetməliklə ilk gənclik illərimin görüşdüyü zamana təsadüf etdi.Və mən hələ o yonulmamış uşaq ağlımla Firanın bir qadın kimi ağrısını, ana olmaq , ailə olmaq arzusunu hiss edirdim, anlayırdım. Kənddən  gələn Gülalının uşaq saflığına , dürüstlüyünə inanırdım.Hər ikisinə yalan satan,  əslində olmadığı adam kimi davranan Fatikdən  isə zəhləm gedirdi. Onun ifşa olunmağını elə istəyirdim ki...

Seyran Səxavət Azərbaycan dilinin ən böyük zərgərlərindən biridir. O, dili rəsmiləşdirmir, onu xalqın ağzından götürüb, süzgəcdən keçirib yenidən xalqa qaytarır. Onun cümlələrindəki cazibə oxucunu yormur, əksinə, onu düşündürür. Və beləcə həm dilin, həm də və ruhun keçikçisinə çevrilib. O, sözünə qarşı həmişə səxavətli olub – heç vaxt həqiqəti gizlətməyib, pafosa qaçmayıb, oxucuya yuxarıdan aşağı baxmayıb.  

Maraqlı aforizmləri var Seyran Səxavətin- yığsan elə bir kitab qədər olar , həm də məna etibarı ilə hərəsi bir roman çəkisində , qızıl kimi sözlər. "Cümlə qurmaq dövlət qurmaq qədər çətindir" deyir məsələn.Və ya ,,Hamımız sözün belindən gəlmişik ". 

 Hamı onu nasir və dramaturq kimi tanısa da, Seyran Səxavətin ruhu həm də poetik misralarla yoğrulub. Onun şeirləri də nəsri kimidir – bəzək-düzəkdən uzaq, amma hədəfi vuran. 80 illik ömür yoluna nəzər salanda onun bu misraları sanki bir tale hesabatı kimi səslənir:

Yüz yol dəniz kimi ləpələndim mən,

Yüz yol öz içimdə təpələndim mən.

Dünyanın üstünə səpələndim mən,

Dünya yığılmadı, mən yığılmadım...

Bu misralar onun sarsılmaz iradəsinin, həyatın çətinlikləri qarşısında əyilməyən qürurunun poetik möhrüdür. 80 il ərzində dünya çox dəyişdi, amma Seyran Səxavət öz "söz adamı" kimliyindən bir addım da geri çəkilmədi.

Mən onu   mənəviyyatımızın canlı ensiklopediyasi hesab edirəm.Onda bu mövzuda hər suala cavab taparsan.Və cavab da səni qane edər.Çünki Seyran Səxavət sual qarşısında nə şablon cavablara qaçır, nə də nala- mıxa vurur.Bəzən  eşitmək istəmədiyini də deyə bilər, amma bu riyasız və bəzək-düzəksiz bir reallıqdır, qəbul etməkdən başqa çarən qalmır.Onunla söhbət bir zövqdür, bir dərsdir,  ibrətlik bir kitab oxumağa bərabərdir.Əlinizə düşsə, buraxmayın bu fürsəti.Mənə bu xoşbəxtlik  onunla eyni istirahət mərkəzində qarşılaşanda nəsib olub.Hər gün səhər yeməyi zamanı ömür dastanının bir vərəqini açar və bizi onunla tanış edərdi Yağlıvəndli Şekspir.Və ayrıca bir qürur duyuram ki, Seyran Səxavətin məhz o payız yazdığı bir neçə hekayənin redaktə və korrektəsini mən etmişəm.Yazılarını əllə, həm də kiril əlifbası ilə yazdığından onların  Azərbaycan əlifbası ilə kompyüterə köçürülməsi lazım idi.Mən bunu məmnuniyyətlə boynuma götürdüm.Və yaza-yaza arada ona bu  və ya digər ifadəni, sözü daha uyğun variantla əvəz etməyi də təklif edirdim.Öncə inanmadı, sonra isə bütün redaktə və korrektəni də mənim öhdəmə buraxdı.Sonda mənə bu kömək üçün  çox minnətdarlıq etdi, amma mənim onun  üçün zövqlə, ürəklə etdiyim bu xidmət  o qısa müddətdə ondan öyrəndiklərimin yanında bir şey deyildi sanıram.

Onunla ünsiyyətdə olan hər kəs bilir ki, Seyran Səxavət rəsmiyyəti sevmir. O, xalqın içində, çayxanalarda, sadə insanların arasında özünü daha rahat hiss edir. Onun fəlsəfəsi sadədir: "İnsan gərək öz içindəki uşağı öldürməyə qoymasın." 80 yaşında belə, onun gözlərindəki o qığılcım, o uşaq səmimiyyəti sönməyib.

Seyran Səxavətin ömür kitabının ən ağrılı və ən şirin fəsli Qarabağdır. Bir dəfə köçkünlük dövründə müsahibələrinin birində  demişdi: "Mənim üçün dünya iki hissədən ibarətdir: Yağlıvənd və dünyanın qalan hissəsi." O, illərlə Bakının səs-küylü küçələrində gəzsə də, ruhu həmişə o kəndin dolanbac yollarında, cığırlarında idi. Deyirlər ki, yazıçı işğal illərində evinin açarlarını bir an belə yanından ayırmayıbmış. Bu, sadəcə bir metal parçasına olan bağlılıq deyil, bu, qayıdışa olan sarsılmaz imanın simvolu idi. 80 illik yubileyində taleyin ona ən böyük hədiyyəsi həmin açarların yenidən doğma qapını açması oldu. Bu gün o, artıq köçkün yazıçı deyil, qalib bir xalqın fəxr etdiyi ustad sənətkardır. 80 Yaşın Zirvəsində doğma torpağına, yurduna qayıdışın sevincini yaşayır  bu qocaman çınar...Bu çinarın kökləri Qarabağın bağrında, budaqları isə müasir ədəbiyyatımızın uca zirvələrindədir. Uzun illər köçkünlük ağrısını içində daşıyan, amma ruhən heç vaxt sarsılmayan yazıçı üçün bu yubiley həm də bir zəfər bayramıdır. Azad olunmuş Füzulidə, doğma kəndinin havasını udan Seyran Səxavət bu gün daha gəncdir, daha ilhamlıdır.

O, müsahibələrində də, kitablarında da eynidir – sözü birbaşa deyən, saxtakarlığa dözümü olmayan bir ziyalı.Onun vətənpərvərliyi şüarçılıq yox, torpağın hər qarışına olan ağrılı bir sevgidir. Ən sadə hadisəni elə bir fəlsəfi qatla təqdim edir ki, oxucu özünü həmin hadisənin bir parçası hiss edir."Mən yazanda sözləri kağıza yox, sanki öz canıma köçürürəm. Əgər yazdığım mənim canımı ağrıtmırsa, deməli, oxucunun da ruhuna toxunmayacaq."

Seyran Səxavət Azərbaycan ədəbiyyatının vicdan səsidir. O, bizə öyrətdi ki, ən böyük əsər yazıçının öz ömrüdür. Və o, bu 80 ili elə yaşadı ki, bu gün həm oxucuları, həm də həmkarları onun qarşısında ehtiramla baş əyirlər.

Sözün Seyranı və  Səxavəti! Sənin 80 illik yubileyin həm də bizim mənəviyyatımızın, dilimizin və əyilməz qürurumuzun yubileyidir. Azərbaycan ədəbiyyatının sənin kimi duzlu-məzəli, amma həm də dərin düşünən  ustadlara hələ çox ehtiyacı var. Ustad, 80 yaşın mübarək! Qələmin həmişə itidir, çünki o, xalqın sevgisi ilə itilənib. Arzu edirik ki, növbəti yubileylərini Yağlıvəndin o məşhur çinarlarının kölgəsində, təzə yazdığın romanın əlyazmaları ilə qarşılayasan.

XATİRƏ  XATUN, şair-publisist

Bakı, 22 mart 2026-cı il.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Mart 2026 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri