Yazıçı və tərcüməçi Tim Parksın essesi
Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kulis.az Nəriman Əbdülrəhmanlının tərcüməsində İngiltərə ədibi Tim Parksın "Yazıçı və tərcüməçi" essesini təqdim edir.
“Tərcüməçi – yazıçı, yazıçı – tərcüməçidir”. Çox tez-tez sosial şəbəkələrdə nəşriyyatların tərcüməçiləri öz müəllifləri indeksində göstərmədiklərindən, ədəbiyyatşünasların isə öz əsərlərində söhbət hətta poetik tərcümələrdən getdikdə belə onların adını çəkmədiklərindən narazı qalanların bu iddiası ilə qarşılaşmalı olurdum. “Hər bir mətn nadir, amma həm də başqa bir mətin tərcüməsidir”, - meksikalı şair, tərcüməçi, kulturoloq Oktavio Pas deyib.
Başqaları belə hesab edirlər ki, hər bir mətn - ətraf aləmin söz formasında tərcüməsidir, çünki dilimizdəki hər bir söz mahiyyətcə ətraf aləmə isnad deməkdir.
Son aylar hər gün səhərlər yazır, günortadan sonra isə tərcüməylə məşğul oluram. Fikrimcə, bu iki məşğuliyyətin müqayisəsi yazıçı və tərcüməçi əməyinin oxşar olub-olmamasını ayırd etmək üçün yaxşı üsuldur.
Mən roman yazıram. Əsərin konturları bir il əvvəl müəyyənləşib. Beynimdə dolaşan iki dumanlı ideya toqquşub səhərə kiçik hekayətlər çıxarırdı.
Birinci ideya: bir vaxtlar mədəni dairələrdə məşhur olan ahıl bir kişi ətraf aləmlə bütün əlaqələrini kəsir, yeniliklərə fikir vermir; o, şəhərdə guşənişin kimi həyat sürür, incə müşahidələrə malik olsa da ətrafında çağlayan həyatdan bixəbər ömür sürür.
İkinci ideya: bir nəfər heç gözlənilmədən başqa bir ölkədən nə vaxtsa, çox-çox illər qabaq, dostu, həm də rəqibi olan məşhur həmkarının dəfninə dəvət alır.
Ahıllaşan guşənişini o dəvətnaməni alan adam kimi təqdim etmək maraqlı gediş idi, amma nəsə çatışmırdı. Həmin “nəsə”ni tapmaq lazım gəlirdi.
“Covid-19” pandemiyası özünü yetirdi, bir müddət sonra təcrid vəziyyətinə keçdiyimə görə fikirləşdim ki, bəlkə, dəfn mərasimi o başqa ölkədəki böhranlı vəziyyətlə eyni vaxta düşsün, ahıl qəhrəmanımız, təbii ki, xəbərləri izləmədiyinə görə, bundan xəbər tuta bilməsin? Bu ideya mənə ilham verirdu, çünki belə bir süjet üçün təcrübəmin olduğunu, hekayətdə də gülməli situasiyaların mövcudluğunu duyurdum.
Son vaxtlar italyan dilindən Roberto Kalassonun “Il libro di tutti i libri” (“Kitablar kitabı”) əsərinin tərcüməsiylə məşğul idim. Nəşriyyatdan zəng vurub israrla dil tökmüşdülər.
Bir müddət tərəddüd keçirmişdim: hər halda, söhbət 473 səhifəlik bir əsərdən gedirdi! Üstəlik də bilirdim ki, Kalasso tərcümə üçün çətin olan dillə yazır - qabaqlar çətinliklə bir neçə kitabını çevirmişdim.
Belə bir işə gücüm yetərdi, ya yox? Həqiqətən, vaxtımı məhz belə bir işə sərf eləyəcəyimlə razılaşacağam?
Maraqlı Əhdi-Ətiq süjeti olan əsərin ilk yüz səhifəsini oxudum. Çox dindar, səhərdən-axşamacan Bibliya mütaliə eləyən ailədə böyümüşəm, buna görə də tərcümə üzərində iş zamanı keçmiş təcrübəmin köməyimə yetəcəyinə, təklifin imkanlarıma uyğun gəldiyinə ümid bəslədim. Sonra uzun-uzadı şərtləri razılaşdırıb, nəhayət, müqaviləni bağladım. İndi hər həftə müqavilə müddətinə əməl etmək üçün mətnin hansı yerindən tərcümə edəcəyimi, axırda nə qədər pul alacağımı bilirəm, bu da məni cəsarətləndirir.
Romanımı isə müqaviləsiz-filansız yazıram, buna görə də əsəri bitirəcəyim, yaxud nəşr olunacağıyla bağlı müəyyən bir inamım yoxdur. Nəşr edilsə, nə qədər qonorar alacağımı da bilmirəm.
Əsərdə nədən bəhs edəcəyim, hansı həcmdə üzə çıxaracağım da məlum deyil. Roman üzərində işim bir növ kəşfiyyat, risqdir. Bütün bunlar cəlbedicidir, amma məni cəsarətləndirmir. Bəzən fikrimdən daşınıb hər şeyi atacağımdan qorxuram.
Mən yazmasam, o romanı başqası qələmə almayacaq, nədən bəhs etdiyindən kimsə xəbər tutmayacaq. Amma Kalassonun kitabını çevirməsəm, dərhal başqa adam tapacaqlar, iş də görüləcək.
Tərcümə üzərində işləyəndə həmkarım olan italyanla üsbəüzdəki masanın arxasında otururam. Kompyuterdə yazır, arabir bir-birimizə doğma dilimizdəki sözlərin mənasını başqa salır, çay, yaxud qəhvə içir, lətifə danışırıq.
Birliyin xoş duyğusunu hiss edir, uzun sürən iş ərzində təkanını duyuruq. Romanımı yazanda isə boş otağa keçir, telefondan və internetdən uzaqlaşır, adi dəftərdə qələmlə yazıram. Bu da guşənişinlikdə məqsədyönlülük ab-havası yaradır. Belə hallarda tamam işə qapılır, çox sürətlə yazıram, amma yardımçı bir təkan olmayanda qəlbimdə boşluq və ümidsizlik duyur, qüssələnirəm.
Kalasso da əllə, gözəl, amma qarmaqarışıq xətlə yazır. Tərcüməmi kağız üzərində fəsilbəfəsil nəzərdən keçirir, səhifələrin kənarlarında qeydlərini eləyir.
Sonra katibi mənə düzəlişlər olunmuş variantı PDF formasında göndərir. Kalasso ingilis dilini yaxşı bilir, qeyri-dəqiq tərcüməni üslubumun xüsusiyyətlərindən fərqləndirməyi bacarır, baş aça bildiyim qeydləri sonrakı işimdə köməyimə çatır.
Problemlər Bibliya terminləri, orijinalın üslub və intonasiyasını çatdırmaqla bağlı olur, çünki Kalassonun dili özünəməxsus, bənzərsiz və intellektualdır, amma təmtəraqlı deyil, danışıq dilinə yaxındır, bayağılıq isə duyulmur - üslubu var, mən o üslubu ingilis dilində çatdırmalı, incə söz ehtiyatını oxunaqlı şəkifdə ifadə etməliyəm. Nadir istisnaları nəzərə almasaq, Kalasso mənə üslubi seçimdə etibar edir, mən sə onun semantik məsələlər üzrə qərarlarıyla razılaşıram.
Romanımı heç kəs fəsilbəfəsil görmür. Ayrı-ayrı parçaları sənədli kitablar yazanda olduğu kimi, dostlarıma göndərə bilərəm, amma hiss edirəm ki, bu, yanlış yoldur. Məsləhətə və şərhə ehtiyacım var. İlkin eskizlərdə nələr gördüyumü ancaq mən bilirəm. Romanımı özüm yazmalıyam.
İşimizin başlanğıcında mənə xüsusi və coğrafi adları Bibliyanın ingilis dilinə hansı tərcümələri ilə tutuşdurmalı olduğumu bildirib. Həmin variantlar daim komyuterimdə, fon rejimində italyan-ingilis sözlüyü, izhlı italyan dili sözlüyü və ingilis dilinin sinonimlər sözlüyü ilə birgə açıqdır. Yanımda Kalassonun sitat gətirdiyi mətnlərin üç yüz səhifədən ibarət surəti var. İşləmək üçün bütün şərait yaradılıb.
Romanımı yazanda bəzən İnternetdə nəsə, məsələn, dəbdəbəli otelin dekor təsvirlərini axtarıram ki, maraqlı, münasib detallar tapıb mətnə daxil edim, bununla yanaşı da o detalların, əslində, nə olduqlarını bilmirəm. Bir səhər də ağlıma gəldi ki, görəsən, qəhrəmanım bir hava limanından digərinə gecəyarısı uça bilər? "Google"yə görə bu, mümkün deyildi. Hə, nə olsun axı? Mən ki, roman yazır, yaradır, oyun qurur, həm də buna xeyli vaxt sərf edirəm.
Tərcümə ilə məşğul olanda bir dəqiqəm belə, boş keçmir. Əvvəlcə Kalassonun orijinalını PDF formasında açıram. Bir neçə abzası götürür, işlədiyim fayla qoyur, dərhal da açıq sözlüklərə göz gəzdirə-gəzdirə italyanca mətndəki paraqrafın üst hissəsində ingilis dilinə tərcümə variantını yazmağa başlayıram.
Cümlənin çevrildiyini yəqin edəndə italyan dilindəki versiyasını silirəm. Silomlu Axiya, Rabba bar Abuxa, hökmdar Manassia və onun nəvəsi İosia kimi adların yazılışını daim yoxlamağıma baxmayaraq, dilin parlaqlığını və canlılığını saxlamalı, bütün incəlikləri dəqiq tutmalıyam – çünki bu, mənim yox, Kalassonun Bibliya ilə bağlı nəzər nöqtəsidir. Budur, o, növbəti fəslin kənarında qeydlər edib: “Gəlin “rəy” sözündən qaçaq”. Haqlıdır, fironun rəyi ola bilməz.
Tərcümə işi məni yorur. Cəmi bir-iki saat tab gətirə bilirəm. Bu, qan verməyi xatırladır. Digər tərəfdən də gündə iki saat tərcüməylə məşğul olmalıyam ki, işi gecikdirməyim. Kitabın nəşr vaxtı bildirilib, redaksiya gözləyir.
Romanımı yazanda bəzən artıq yarım saatdan sonra ilişdiyimi duyub fasilə verirəm. Bu da müvazinətimi pozur. Bəzən də üç-beş saat fasiləsiz, həmkarım gəlib yemək istəyib-istəmədiyimi soruşanacan işləyir, saata baxanda vaxtın necə ötdüyünü dərk edə bilmirəm.
Romanı yazanda ən təsirli təkanlar, adətən, ya ümidsizlik, ya da maneə üzündən yazmadığım məqamlarda, məsələn, dükanda növbəmi gözləyəndə, yaxud maşınla qarajdan çıxanda baş verir.
Ağlıma belə bir fikir gəlir: bəlkə, guşənişin qəhrəmanımın yasına getmək istədiyi həmkarı onun keçmiş arvadının oynaşı olsun? Ya da bəlkə, belə bir yanlış şübhə yaransın? Bu ideyanı davam etdirməyə dəyər, ya yox? Onda romanım rəqabət haqqında olar axı!
Ara verəndə tərcümə barədə düşünmürəm. Bu gün normamı yerinə yetirmişəm. Amma tərcümə işim roman üzərində işimə yardım göstərə bilər.
Məsələn, Kalasso göstərir ki, Avraam və Moisey patriarxlıq karyeralarına müvafiq olaraq yetmiş beş və səksən yaşlarında başlayıblar. Həmin vaxtacan onlar haqqında çox az şeylər bilirik. Qəhrəmanımın yaşı səksəni ötüb. Bəlkə, həyatının ən vacib mərhələsi indi başlayır?
Roman üzərində işimsə, tərcümə üzərində işimə heç təkan vermir.
Romanı səhərlər, yeməkdən sonra, özümdə güc tapanda, başım yaxşı işləyəndə yazıram. Gün ərzində hər şey baş verə bilər. Hələ beynim poçt, telefon zəngləri və başqa qarmaqarışıq şeylərlə dolmayıb. Axı yazıçının qarşısında ağ vərəq, beynisə hələ dumanlı olanda çox asanlıqla cəlbedici başqa işlər görə, məktub yaza, anket doldura, işini ustalıqla yerinə yetirdiyini andıran başqa bir işlə məşğul ola bilər. Buna görə də məhz bu cür cazibələrin olmadığı səhərlər yazıram.
Hətta çətin tərcümə üzərində işləyəndə işimdən asanlıqla ayrıla bilmirəm, çünki dərhal şüurumu məşğul edən konkret işdir. Yəni, filan yerdə alliterasiyadan istifadə edəcəyəm, filan yerdəsə belə bir ifadə işlədəcəyəm... Yenicə çevirdiyim abzası oxuyub özümlə qürur duyuram. Kalasso gözlənilməz ideyaları və ağıllı müşahidələri olan gözəl hekayəçidir. Qənaətbəxş tərcümə parçasından sonra yaxşı işlədiyimi duyuram. Hə, çox yaxşı işlədim, axı çıxılmazlıqlarla dolu olan birsaatlıq xəbərlər proqramına baxandan, yemək yeyəndən sonra çalışmışam.
Tərcümə edəndə hər şeydən əvvəl, dil və üslub üzərində işləyirəm, Məzmun artıq var. Romanı yazanda, nə yazacağım barədə düşünürəm, həmin “nə” olduğu kimi vərəqə köçür. Sonra yazdığımı yoxlayır, çevirdiyimi oxuyur, müəyyən düzəlişlər edirəm. Növbəti əllisəhifəlik fəsli bitirib öz mətnimi ekranın sol, Kalassonun mətnini isə sağ tərəfinə qoyur, tərcüməni sözbəsöz, cümləbəcümlə orijinalla tutuşdururam ki, heç nəyi ötürmədiyimə, hər şeyi düzgün anladığıma əminlik duyum. Həmişə buraxılmış zərflik, yaxud dərhal tuta bilmədiyim hal ola bilər. Sonra orijinalı bağlayıb tərcümənin üslubu üzərində işləyirəm - sintaksisi düzəldir, ritmi dəyişir, axıcılığın daha düzgün çalarını seçirəm.
Romanımda hər bir neçə səhifə səhnə, süjet fraqmentidir (hələ mətni fəsillərə ayırmamışam). Kağıza yazdıqlarımı kompyuterə köçürəcəyəm. Amma olduğu kimi yazmayacağam, çünki fəsillərə ayıranda bəyənmədiyim fraqmentləri silir, dərhal yeni fraqmentlər əlavə edir, parçaların yerlərini dəyişir, təzədən yazıram. Bəzən də, ümumiyyətlə, mətndə olmayan mətnlər ortaya çıxır, ilkin mətnə paralel mətn yaranır, dialoqlar başqa şəkil alır. Ola bilsin, sonra hamısını son verdiyadan çıxaracaq, ya da eynilə saxlayacağam. Səhəri gün işə başlamazdan əvvəl bir gün qabaq yazdığımı oxuyur, mətnin ritmini, ab-havasını, impulsunu tutmağa çalışıram, bu da məni hələ yazılmamış səhifələrə yönləndirir. Bəlkə də belə bir hal mənə romandakı hadisələrin gedişini dəyişməyə qadir olan yeni bir ideya verəcək.
Qısası, romanım Oktavio Pasın iddia etdiyi kimi, başqa mətnlərin, digər müəlliflərin təbirincə desək, içində olduğumuz aləmin tərcüməsinə çevrilə bilər, onu necə yazdığımı, o mətnlərin, o aləmin nədən ibarət olduqlarını dərk etməkdə çətinlik çəkirəm.
Ceyms Coys deyirdi ki, romanlarında heç nəyi uydurmayıb, hər şeyi həyatdan götürüb, amma hətta o həyatda yaşayanlar, yaxud müəlliflə yanaşı ömür sürənlər “Uliss” kimi qüyri-adi əsəri heç ağıllarına da gətirə bilməzdilər. Əksinə, mənim tərcüməmdə “Il libro di tutti i libri” kitabında nədən bəhs edildiyi tamamilə aydındır. Bu, tərcüməmin səviyyəsindən qətiyyən asılı deyil.
Tərcümə etdiyim mətnin yarısına çatıb elektron poçt vasitəsilə Kalasso nəşriyyarının redaktoruna işin qrafik üzrə irəlilədiyini xəbər verirəm. Elə həmin axşam da Milandakı kanalların biri üzərindəki kafenin masası arxasında bir qədəh “Aperol” şərabıyla oturub yanaşı gedən, içndə xəstə görkəmli uşaq əyləşmiş arabacığı itələyən cavan cütlüyü görürəm – onlar aşıq-aşkar qəhrəmanımın həyatını dəyişmək istəyirlər.
Yaxşı ideyadır! İstisna deyil ki...


