Icma.az
close
up
RU
Yeni dünya düzənin formalaşmasına Azərbaycanın öz strateji baxışı var

Yeni dünya düzənin formalaşmasına Azərbaycanın öz strateji baxışı var

AzNews.az analitik-informasiya portalının suallarını Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev cavablandırır

- Cənab Nəbiyev, Azərbaycan prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsini kompleks şəkildə necə qiymətləndirmək olar?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi kifayət qədər dolğun, nəticə yönümlü və geniş fəaliyyətin əsaslarını əhatə edən, eyni zamanda bir çox məsələlərə dair yol xəritəsini özündə ehtiva edən intervü idi. Heç şübhəsiz bu müsahibə həm ölkə daxilində, həm də xaricdə analitik mərkəzlər tərəfindən geniş təhlil olunur, şərhlər verilir. Mesajların ünvanlandığı dairələr isə, yəqin ki, regiona yönəlik fəaliyyətləri üçün müəyyən nəticələr çıxaracaqlar.

- Azərbaycan yeni dünya nizamının tərtib olunmasında iştirak etmək istəyir. Prezidentin bu istiqamətdə mesajlarından hansı qənaət doğur?

- Bəli, cənab prezident müsahibə zamanı bir çox məsələlərlə yanaşı yeni dünya düzəni ilə bağlı strateji əhəmiyyətli baxışlarını da bölüşdü. Heç kimə sirr deyil ki, İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya düzəni hazırkı çağırışlara cavab vermir, çağdaş tələblərin həlli üçün potensial faktiki olaraq tükənmişdir. Başqa sözlə, hazırki dünya düzənini böhran içərisindədir. Ayrı-ayrı bölgələrdə silahlı münaqişələr, çoxsayda həllini gözləyən problemlər var. Yeni dünya düzəni isə hələ formalaşmayıb, amma bu istiqamətdə çağırışlar var. Müxtəlif qüvvələrin bu proseslə bağlı müxtəlif geosiyasi yanaşmaları var. Cənab Prezident vurğuladı ki, hələ formalaşmaqda olan yeni dünya düzəni fonunda biz öz bölgəmizdə- Cənubi Qafqazda və Xəzər regionunda malik olduğumuz resurslarla gündəliyimizi özümüz formalaşdırırıq. Biz nəyisə gözləmirik. Xüsusilə Vətən müharibəsindən, 2023-cü ildə baş tutan bir günlük lokal xarakterli antiterror əməliyyatlarından sonra yeni yaranmış reallıqlar bununla bağlı əlverişli şərtləri diktə edir. Azərbaycan beynəlxalq münasibətlər sistemində multilaterizmə üstünlük verir, öz xarici siyasətində kifayət qədər müstəqil və inamlı hərəkət edir, diplomatik müstəvidə prinsipial mövqe nümayiş etdirir, ölkəmiz qlobal arenada böyük etimad qazanıb.

- Bu günlərdə gözümüzün önündə olduqca maraqlı proses baş verir: Bəşər Əsəd diktaturasının süqutundan sonra Suriya yenidən qurulur. Azərbaycan rəsmi səviyyədə prosesdə iştirak etməyə hazır olduğunu açıqlayıb. Bu, Azərbaycanın regional oyunçudan geopolitik oyunçuya çevrilməsi deməkdirmi?

- Proseslərə daha geniş rakursdan baxanda Azərbaycanın regionun sərhədlərini aşan ciddi və ardıcıl addımlar atdığı aydın görünür. Azərbaycan ötən ay D8 təşkilatına üzv qəbul olundu. Bu qurumda səkkiz nüfuzlu müsəlman dövləti birləşir. Bu dövlətlərin ümumi əhalisi dünya əhalisinin 13 faizidir, bu isə İslam ölkələrinin əhalisinin təxminınən 60 faizi deməkdir. Eyni zamanda bu dövlətlərin ümumi daxili məhsulu 5 trilyon ABŞ dolları həcmindədir. Bu, çox ciddi rəqəmdir. Bu təşkilat 30 il bundan əvvəl yaradılıb və tarixində ilk dəfə həmin təşkilatın sıralarının genişlənlınməsi məsələsinə baxıldı. Azərbaycan coğrafi mövqeyi, siyasi vı iqtisadi potensialı və digər resursları ilə bu qurumun inkişafına töhvə vermək gücünə malik dövlətdir. Bu səbəbdən D-8 genişlənməni ilk dəfə olaraq suverenliyini tam bərpa etmiş Azərbaycandan başladı. Azərbaycan eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərə münasibətdə həmişə ədalətli mövqe sərgiləyir, islam dəyərlərinin qorunması üçün beynəlxalq müstəvidə də əməli işlər görür. Məsələn, hələ 2013-cü ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daiimi üzvü statusunda BMT və İslam Əməkdaşlıq Təşkilartı arasında əlaqələrin gücləndirilməsinə dair ilk dəfə xüsusi iclas təşkil etmişdi. Yaxud ayrı-ayrı müsəlman ölkələrinə dövlətimizin sərgilədiyi obyektiv və ədalətli mövqeyi götürək. Suriyada rejim dəyişikliyindən sonra baş verənlər bunu bir daha təsdiqlədi. Azərbaycan Suriyanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Dəməşqdə səfirliyimizin bərpası məsələsi gündəmdədir. Suriya mövzusunda rəsmi Bakı qardaş Türkiyə ilə birgə və əlaqələndirilmiş fəaliyyət göstərir. Yeni dünya düzəninə hazırlıq məqsədi daşıyan məsələlərdən biri də türk dünyası ilə münasibətlərimizin dərinləşdirilməsi və intensivləşdirilməsidir, bir faktı xatırlatmaq bu mənzərəni daha da aydın göstərərdi. 2020-cü il Vətən müharibəsindən ötən dövr ərzində Azərbaycanın dövlət başçısı Türk Dövlətləri Təşkilatına üzv dövlətlərə 20-dən artıq səfər həyata keçirmişdir.

- Dövlət başçısı qeyd etdi ki, Donald Trampın yeni prezidentliyi dönəmində ABŞ-Azərbaycan münasibətləri strateji səviyyəyə qaldırıla bilər. Sizcə, Vaşinqton buna həvəs göstərəcəkmi?

- Azərbaycan- ABŞ münasibətləri kifayət qədər geniş gündəliyə malikdir. Hesab edirəm ki, ABŞ-la münasibətlərinin strateji dialoq, strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması hər iki tərəfin maraqlarına uyğundur. Çünki ABŞ-ın regionumzdakı dövlətlərlə münasibət qurularkən Azərbaycanın malik olduğu iqtisadi, siyasi, maliyyə, hərbi gücü göz ardı etməsi mümkün deyil. Yəni bu gün Cənubi Qafqazda Azərbaycanın iradəsi olmadan hər hansı regional layihə uğurla həyata keçirilə bilməz. Bu kontekstdə Donald Trampın inaqurasiyasından sonra, onun birinci hakimiyyət dönəmində olduğu kimi, ABŞ- Azərbaycan münasibətlərinin normal siyasi dialoq çərçivəsində inkişaf edəcəyini proqnozlaşdırmaq olar. ABŞ-ın yeni administrasiyasının Türkiyənin regionda artan nüfunzu qəbul etməsi də Ankaranın strateji müttəfiqi kimi ölkəmizin də mövqeyinin möhkəmlənmsənə xidmət edəcək addım kimi qəbul edilə bilər.

- Bu günlərdə "Stratfor" jurnalı illik analizində Tramp administrasiyasının Ermənistanı deyil, Azərbaycanı dəstəkləyəcəyini proqnozlaşdırmışdı. Sizcə, ABŞ erməni diasporuna rəğmən, yeni geopolitik reallıqlar fonununda Ermənistanı niyə dəstəkləməməlidir?

- Bu suala cavab verərkən 2020-ci il Vətən müharibəsi dövründə Tramp administrasiyasının obyektiv mövqeyini də unutmamalıyıq. Eyni zamanda nəzərə almalıyıq ki, Ermənistanla ABŞ-ın intensiv münasibətləri var. Hələ ötən il Bayden administrasiyası dönəmində elan edildi ki, Ermənistanla münasibətlərini strateji dialoqdan strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq istəyirlər, bu həm də hərbi məsələləri ehtiva edir. Hətta 2024-cü ilin aprelində ABŞ administrasiyası Avropa İttifaqı Komissiyası ilə birlikdə Brüsseldə tədbir keçirərək Ermənistana hərbi sahədə dəstəyin göstərilməsi və s. məsələləri gündəmə gətirmişdi. Bu şəkildə olan birtərəfli yanaşma regionda sülhə, sabitliyə xidmət etmir. Regionda söz sahibi, aparıcı dövlət Azərbaycandır. Azərbaycan- ABŞ münasibətlərinin strateji səviyyəyə qaldırılması Vaşinqton üçün də önəmlidir. Çünki Azərbaycan malik olduğu coğrafi-strateji mövqeyinə görə həm də Orta Asiyaya açılan qapıdır. Əfqanıstanda ABŞ-ın 20 illik fəaliyyəti dövründə Azərbaycanın bu strateji əhəmiyyəti ABŞ-ın planlarının icrasına çox ciddi töhfə kimi qəbul edilirdi.

ABŞ-Azərbaycan münasibətlərinə Ağ evin erməni diasporasının gözü ilə baxması ötən illərdə yol verilən yanlışlıqların təkrarı ola bilər və bu Vaşinqtonun regiondakı maraqlarına heç də uyğun deyil.

- Ermənistan Azərbaycanla dəqiqləşməmiş sərhəd zonasında xarici müşahidəçilər saxlamaq istəyir. Bu, rəsmi Bakı ilə İrəvan arasında yeni gərginlik yaradır. Həmin müşahidəçilər Ermənistanı əslində yeni münaqişəyə sürükləmirlərmi?

- Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə yaradılmış Dövlət Komissiyası vasitəçi olmadan fəaliyyət göstərir. Komissiya yarandığı qısa müddət ərzində hətta 13 kilometrlik bir ərazidə demarkasiya işləri həyata keçirib. Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında şərti dövlət sərhədinin uzunluğu 1000 kilometrdən çoxdur. Qarşıda bizi böyük işlər, intensiv və bəzən gərgin fəaliyyət gözləyir. Amma bu, ikitərəfli danışıqlar çərçivəsində icra olunacaq fəaliyyətdir. Burada üçüncü tərəfin nə müdaxiləsinə, nə də vasitəçiliyinə ehtiyac var. Bu, bütün aktorlara aiddir, o cümlədən də Avropa İttifaqının şərti sərhədin Ermənistan tərəfində dislokasiya olunmuş müşahidəçilərinə. Bu missiya əvvəl elan olunmuş öz sivil müşahidə funksiyasını çoxdan itirib. Azərbaycan tərəfdən Ermənistana, onun hələ tam müəyyənləşməmiş sərhədinə, nə də sərhəd boyu əhalisinə heç bir təhlükə yoxdur. Ona görə də, Avropa İttifaqı missiyasının cari ilin fevralında bitən mandatının uzadılmasına lüzum yoxdur.

- Ermənistan rəhbərliyi hay faşizminə son qoya biləcəkmi? Yoxsa, bunu özümüz etməliyik?

- Son günlər Azərbaycanın da gündəmdə yer alan məsələlərdən biri Ermənistanın ilk prezidentinin əsl faşist, rasist və irqçi təbiətini açıqlayan, əslində ifaş edən video oldu. Bu videodan Levon Ter-Petrosyandan başlayan faşist dövlət siyasətinin etirafını gördük. Robert Koçaryanın, Serj Sarkisyanın da faşist düşüncəsini əks etdirən çoxsayda bəyanatları, əməlləri var. Köçəryanın “Azərbaycanlıların və ermənilərin etnik uyğunsuzluğu barədə” açıqlaması Ter-Petroyanın “Ermənistanın digər millətlərdən təmizlənməsi” strategiyasının başqa forma və ölçüdə davamı və təsdiqidir. Elə Ermənistanın indiki baş naziri də Vətən müharibəsinə qədər Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinə iddia edir və “Qarabağ Ermənistandır, nöqtə” deyirdi. Vətən müharibəsi onların hər birinə öz yerini göstərdi, beynəlxalq hüquqa və ədalətə söykənən yeni siyasi reallığı yaratdı. O ki qaldı erməni faşizminə son qoyulmasına, ümid edək ki, Ermənistan rəhbrəliyi və xalqı bu ideologiyanın puçluğunu dərk edəcək və qonşulara münasibətdə sivil mövqe ortaya qoymağı bacaracaqdır.

- Prezident bildirdi: "Zəngəzur dəhlizi açılmalıdır və açılacaq"! Amma necə? Paşinyan hökuməti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək, yoxsa onu buna məcbur etməliyik?

- Zəngəzur dəhlizi həm regional, həm də müəyyən mənada qlobal siyasi gündəliyə daxil olmuş məsələdir. Bu da həmin dəhlizin malik olduğu geostrateji əhəmiyyətlə bağlıdır. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarının əlaqələndirilməsində Zəngəzur dəhlizi əlahiddə əhəmiyyətə malikdir. Regionda blokadalara son qoyulması və kommunikasiyaların fəaliyyətə başlaması hələ 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapıb. 874 saylı qətnamədə blokadaların aradan qalxması, nəqliyyat və kommunikasiyaların yenidən bərpası ilə bağlı konkret tələb var. Zəngəzur dəhlizinin açılması, sadəcə, zamana bağlı məsələdir. Azərbaycan bununla bağlı öz prinsipial mövqeyini əvvəlki kimi qoruyub saxlayır və şərtləri diktə edir. Sadəcə olaraq, Ermənistanın bunu qəbul etməsi və reallaşdırması zaman alır.

- Ermənistandan Azərbaycan prezidentinin müsahibəsində səsləndirdiyi mesajlara müxtəlif səviyyələrdə "cavablar" gəlir. Bu "cavablar"ı necə şərh edərdiniz?

- Cənab prezident Azərbaycanın qazandığı uğurların qısa icmalını verdi və müəyyən strateji əhəmiyyətli perspektivləri açıqladı. Ermənistanın buna hansı reaksiya verməsi bizi, necə deyərlər, narahat edən məsələ deyil. Mesajlar verilib və Ermənistan da ona aid hissəni icra etməlidir. Bu mesajlardan birini vurğulamaq istərdim. Prezident Ermənistanın silahlanmasına, hərbiləşdirilməsinə son qoyulmasını birmənalı tələb etdi, imzalanmış hərbi kontraktların ləğvini tələb etdi. Faşist ideologiyasını mənimsəmiş dövlətin silahlanması bölgəyə necə sülh gətirə bilər? Odur ki, Ermənistan hakimiyyəti və cəmiyyəti öz streotiplərini dəyişməli, gerçək sülhə xidmət edən addımlar atmalıdır.

Rəfiqə NAMAZƏLİYEVA

Rizvan Nəbiyev. Siyasi elmlər doktoru

seeBaxış sayı:88
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri