Icma.az
close
up
RU
Yorulmazlığa örnək və təbiilik

Yorulmazlığa örnək və təbiilik

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fərəc FƏRƏCOV

Önümdə bir kitab var. Sadə tərtibatlı bir kitab... "Şeirdən başlanan möhtəşəm yol" adlanır. Elə də böyük deyil, 10 çap vərəqi həcmindədir. 2024-cü ildə "Elm və təhsil" nəşriyyatı tərəfindən buraxılıb.

Birnəfəsə oxudum onu. Olduqca xoş ovqat bəxş etdi mənə. Səbəbləri çox idi. Birincisi, təcrübəli qələm əhli tərəfindən yazılmışdı. Müəllifin, yəni filologiya elmləri doktoru, professor Akif İmanlının jurnalistlik və publisistik məharəti, istedadı özünü qabarıq şəkildə göstərmişdi bu kitabda. İkincisi, yazar da və onun böyük zövqlə qələmə alıb oxuculara təqdim etdiyi surətlər qalereyasındakılar da dörd illik ali məktəb həyatının daşıyıcıları - tələbəlik dostları, doğmaları idi.

Kitabın araya-ərsəyə gəlməsi, o dövrün görünən, bilinən və bilinməyən tərəflərinin qeyd edilib xatırlanması bizi bizdən alıb gəncliyimizə çəkdi, şirin, duyğusal anların, pozitiv hisslərin əhatəsində yaşayırmış kimi olduq.

Kitab həm də böyük bir şəxsiyyətə, görkəmli Azərbaycan ədəbiyyatşünasına həsr edilmişdir: İsa Həbibbəyliyə!

Söhbət akademik, AMEA-nın prezidenti vəzifəsində çalışan İsa Əkbər oğlu Həbibbəylidən gedir. Təbii ki, titullarını, mükafatlarını, elmi uğurlarını sadalamaq fikrində deyiləm. Ancaq bu qədər vətənə, xalqa xidmət yolunda zirvələrin qəddini qatlayaraq şöhrətlənmiş elm fədaisi elə o qədər də sadə, xeyirxah və kövrəkdir. El sözü ilə qiymətləndirsək, uşaqla uşaq, böyüklə böyükdür. Dost üçün, insanlar üçün ürəyi də açıqdır, çalışdığı vəzifələrin qapısı da.

Fikirlərimə bir qədər işıq tutub aydınlıq gətirmək istəyirəm. İsa Həbibbəyli də, onun barəsində gözəl kitabı qələmə alan Akif İmanlı da, elə mən özüm də bir fakültənin, bir qrupun tələbələri olmuşuq. Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan Filialının ilk qəbulçuları, ilk məzunlarıyıq. 1967-1971-ci illər ömrümüzün tələbəlik illərinə daxildir. Bizə o vaxtlar "filial uşaqları" da deyərdilər. Filialçıların təxminən 50-si Azərbaycan dili və ədəbiyyatda, 25-i tarixdə, 25-i də riyaziyyatda təhsil almışdır. İsa Həbibbəyli Azərbaycan dili və ədəbiyyatda "B" qrupunun sinif nümayəndəsi olmuşdur. İlk kursdan sonadək bu titulu obyektiv və ədalətli şəkildə daşımışdı. Naxçıvan Filialı Tələbə elmi cəmiyyətinə də sədrlik edirdi. O həm də çox istiqanlı, qaynar gənc idi. Təkcə qrupumuzda yox, bütün fakültədə, filialda, Naxçıvanda ad çıxarmışdı. Açıq ürəkliliyi, sağlam düşüncəsi, zəkası, zəhməti, mütaliəsi, mühakiməsi ona hər tələbə və müəllimlə, filiala gələn qonaqlarla qısa zaman kəsiyində ünsiyyət qurmağa yardımçı olmuşdur.

Saydığım və saya bilmədiyim müsbət mənalı fərqli keyfiyyətlərinə rəğmən, biz onu həqiqətən çox istəyir, hörmət və ehtiram göstərirdik. Təbii ki, bunlar elə İsa Həbibbəylinin özünün bizə qarşı verdiyi dəyərin real qarşılığı idi. Həm də tələbəlik dostumuzu sevdirən səbəb o idi ki, o, hansı bir yüksək vəzifə postunu tutmuş olurdusa, fəxri adlara, titullara sahiblənirdisə, bizlərlə yaxınlığına kölgə düşməyə imkan yaratmırdı.

Bir nüansı da dilə gətirmək fikrindəyəm. Biz, tələbə dostları, xüsusilə "B" qrupunun uşaqları onu yaxşı tanıyırıq. Amma açıq söyləyim ki, alim qardaşım Akif İmanlının "Şeirdən başlanan möhtəşəm yol" kitabını diqqətlə mütaliə edib bitirdikdən sonra sanki akademik dostumuzu yenidən kəşf etdim. Demə, bilmədiklərim, unutduqlarım çox şeylər də var imiş. Akif İmanlı ilə İsa Həbibbəyli yataqxanada dörd il bir otaqda qaldığı üçün o, daha çox müşahidə edə bilib. Aydınlaşdı ki, o, elə uşaqlıq, yeniyetməlik çağlarından, necə deyərlər, boş-bekar dayanmayıb. Yəni ədəbiyyata, elmə, incəsənətə yönəlik fikri və düşüncələrinin gerçəkləşməsi uğrunda əsl fədailik edib, mübarizlik göstərib. Və bu dərin tanışlıqdan, ətraflı bilgilərin ardından AMEA-nın rəhbəri olan İsa Həbibbəyli ilə, yeniyetmə və yaxud tələbə İsanın arasındakı sıx bağlılığı görməmək mümkün deyildir. Tələbəlik illərində də tez-tez iclaslarda, radio və televiziyada yaddaqalan çıxışlar edən, şeirlər və məqalələr yazıb çap etdirən, tələbə futbol komandasının kapitanı olan İsa Həbibbəyli böyük həvəslə, yorulmadan çalışırdı.

Doğrudan da bu gün ölkənin ali elm məbədinin prezidenti olmaq zirvəsinə çatan İsa Həbibbəyli təsadüflərin yox, zərurətlərin, təbii ardıcıllıqların işığı altında irəliləmiş, zəhməti, alın təri axıtmaq kimi şərtləri özünün seçdiyi həyat yolundan qətiyyən sapdırmamışdır.

Akademiyanın Rəyasət Heyətinin yerləşdiyi məşhur tarixi binada - İsa Həbibbəyliyə məxsus inzibati kabinetdə məlum kitab barədə xeyli söhbət getdi. Akif İmanlının yazdığı kitabı çox bəyənmişdi. Bunu söhbət əsnasında dəfələrlə vurğuladı və sonra Naxçıvan filialına, tələbə dostlarımıza aid daha geniş bir kitab yazmaq lazımdır - dedi, - kim istəsə, xatirələrini, ürək sözlərini qələmə ala bilər. Mənə də məxsusi müraciət etdi: - Sən mütləq yaz. Qələminə bələdəm, yaxşı olacaq...

Sözsüz ki, bu, ürəyimcə edilən bir təklif və ya müraciət idi. Ona görə də düşünüb-daşınmağa, daha doğrusu, tərəddüd etməyə ehtiyac qalmadı.

- Yazaram! - deyə fikrimə nöqtə atdım. Hər şeyi xatırlamağa, gözlərim önünə gətirməyə çalışdım. Filial dövrü, sonrakı illər, elə bu günlərin özündə baş verənlər kino lentinə çevrilib bir-birini əvəzlədi. Ədəbiyyatda oxuyan filialçılar çox mehriban olmuşlar. Tarixçilər, riyaziyyatçılar da həmçinin. Bu ənənə həyatımız boyu davam etməkdədir. Dostları, yaxınları hər zaman arayıb axtarmışıq. İsa Həbibbəylinin 1996-cı ildə Naxçıvan Dövlət Universitetinin rektoru təyin olunandan sonra filialda təhsil almış tələbələrin - məzunların ilk böyük görüşünü keçirməsi və bu kimi tədbirləri ənənə halına çevirməsi tələbə dostlarımızın daha sıx birləşməsinə, geniş mənada yaxınlığımıza yeni bir təkan oldu.

Söhbət tələbəlik illərinin, tələbə yoldaşlarının üstünə gələndə ilk yada düşən, xatırlanan İsa müəllim olur. Ona görə yox ki, o, uzun illər təhsil aldığı ali məktəbin prorektoru, rektoru işləyib, yaxud AMEA-nın vitse-prezidenti, prezidenti kimi yüksək vəzifələr daşıyıb və haliyyədə daşıyır. Əsla yox! Həqiqət budur ki, onun nüfuz qazanmasının, sevilməsinin, ürəklərə yol tapmasının başlıca səbəbi sadəliyi, humanizmi, xeyirxah əməllərə son dərəcə sadiqliyidir. Mən əminliklə deyə bilərəm ki, filial uşaqları və ya sonrakı illərin tələbələri bu və digər iş üçün ona müraciət etdikdə hər dəfə məmnun qalıb, seviniblər. Bu kimi hallara az rast gəlməmişəm və az da eşitməmişəm. Onu da birmənalı şəkildə hiss etmişəm ki, İsa müəllim hər hansı bir şəxsin problemini həll edəndə, kiməsə azacıq belə yaxşılığı keçəndə sonsuz dərəcədə şadlanır, sözün əsl mənasında mənəvi rahatlıq tapır.

Bir sözlə, tələbə dostlarına və elə əslində hamıya, hər kəsə isti münasibət, dar məqamda gücsüzə, çətinlikdə qalana həyan olmaq, əl tutmaq bizim fəxr etdiyimiz dostumuzun əsl mənada həyat kredosudur.

30 aprel 2013-cü il tarixi filialın ilk dil-ədəbiyyatçı məzunları üçün unudulmayacaq bir günə çevrildi. Məhz həmin gün ürək dostları, tələbə bacı-qardaşları İsa Həbibbəyli ilə vida görüşünə gəlmişdilər. Axı onu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə irəli çəkmişdilər. Bakı, yeni iş yeri, yeni yüksək vəzifə kürsüsü onu gözləyirdi.

Sevinirdik buna, ürəkdən sevinirdik. Təbii ki, qəlbimizi kövrək, həyəcanlı notlar da bürümüşdü. Ayrılmaq, uzaqlaşmaq həsrəti bizimlə idi. Hiss olunurdu ki, tələbə dostumuz İsa müəllim də bu hisslərdən kənar deyil. Xüsusilə muxtar respublikamızın qaynar ictimai-siyasi, ədəbi, mədəni həyatının önündə dayanan, bayraqdar rolunu oynamış bir şəxsiyyət üçün ayrılıq heç də asan məsələ deyildi.  Amma nə etmək olar. Həyat mübarizə və yüksəliş yoludur. Dostumuzun pillə-pillə yüksəlişi, uğurları onunla fəxr etmək, qürurlanmaq kimi təbii hisslərimizi daha da qabartmış, digərlərini kölgədə qoymuşdur.

Səhv düşünməmişdik. Sonrakı illər sübut etdi ki, İsa müəllim tələbə dostları və başqa yaxınları üçün sadəliyini, əlçatanlığını hər bir vaxt qoruyub saxlamağı bacarır. Vaxtı ilə Naxçıvan MR Ali Məclisinin, sonra isə ard-arda, Azərbaycan Milli Məclisinin deputatı, Elm və təhsil komitəsinin sədri, Akademiyanın vitse-prezidenti və prezidenti olaraq, ölkə, eləcə də beynəlxalq miqyaslı nüfuzlu təşkilatların aparıcı iştirakçılarından və təşkilatçılarından biri kimi fəaliyyət göstərən tələbə dostumuzun keçmiş yoldaşlarına yenə də vaxt tapıb diqqət ayırması, qayğıları ilə maraqlanması onun həssas, həm də böyük ürək sahibi olmasının, saflığının, səmimiliyinin bariz təcəssümü kimi qiymətləndirilməlidir.

"Şeirdən başlanan möhtəşəm yol" kitabı bütünlüklə İsa müəllimə həsr edilib. Baş qəhrəman da elə onun özüdür, baxın, həm kitaba istinad etsək, həm də gördüklərimizi, bildiklərimizi yada salsaq, aydın olar ki, adi, sıradan bir tələbə İsa ilə, sonradan rektor və AMEA-nın prezidenti olmuş İsa Həbibbəyli hər cəhətdən eynidir. Elə tələbə dostlarına münasibəti də dəyişilməz qalıb. Bu, təbii bir təkamül prosesinin nəticəsidir.

Tələbəlik illərinin dostlarından filologiya elmləri doktoru, professor Akif İmanlını, filologiya elmləri doktoru, professor Ləzifə xanım Qasımovanı ayrıca qeyd etmək yerinə düşər. Hər ikisi indiyədək olub keçən görüşlərin ən fəal təşkilatçıları kimi tanınıb, ad çıxarıblar. Paytaxt Bakımızda yaşayan və çalışan bu dəyərli alim dostlarımız 4 illik tələbəlik həyatında formalaşan müsbət keyfiyyətləri, gözəl ənənələri yaşadır, hamıya qarşı dost münasibətlərini davam etdirirlər.

2024-cü ilin oktyabrında Akif İmanlı ilə Akademiyanın Ədəbiyyat İnstitutunda - onun iş yerində görüşdük. Görüşümüzdən hər ikimiz çox məmnun qaldıq. O illəri, tələbə yoldaşlarımızı, müəllimlərimizi xatırladıq. Sözsüz ki, İsa Həbibbəyli haqda geniş söhbət getdi. İş elə gətirdi ki, həmin günlərdə akademik dostumuzun 75 illik yubileyi tamam olmuşdu.

- İsa müəllimlə görüşə bilsəydik, necə yaxşı olardı, - deyə Akif müəllimə müraciət etdim.

Ani pauzadan sonra Akif dilləndi: - Başı çox qarışıq olur... Xaricdən də çox qonaqları gəlir. Amma yenə bir zəng çalım, imkanı olsa, mütləq açacaq telefonunu.

Bəlkə də bizim şansımız idi: Zəng etməyi ilə cavablanmağı bir oldu.

 - Salam, İsa müəllim, Naxçıvandan tələbəlik dostumuz gəlib. Fərəc müəllim... Sizinlə görüşmək istəyir...

Bir qədər sonra telefonu söndürən Akif müəllim gülə-gülə dilləndi: - Alındı işimiz. Sabah saat 11 üçün bizi gözləyəcəyini bildirdi - gedib üzbəsurət görüşərik, - dedi.

Ertəsi gün Akif İmanlı ilə birgə deyilən vaxtda, deyilən məkanda olduq. İlk dəfə idi ki, Akademiya prezidentinin kabinetinə daxil olurdum. Qəribə hisslər keçirirdim. Ağlıma gəldi ki, bu məşhur İsmailiyyə binasında, xüsusən bu geniş otaqda nə qədər şöhrətli alimlər, dahi şəxsiyyətlər fəaliyyət göstərib, xalqımız üçün, Azərbaycanımız üçün çalışıblar, can qoyublar. Elə bu ara yadıma ad-sanı, şöhrəti dünyaca məşhur olan görkəmli fizik Həsən Abdullayev düşdü. Bizim Culfa rayonundakı Yaycı kəndinin yetirməsidir. Uzun illər Akademiyanın prezidenti olub. Yenilikçi rəhbər kimi tanınıb. Təbii ki, digər prezidentlər də yaddaşımdan kənarda qalmadı. Hamısı ilə qürurlanmağa, fəxr etməyə dəyərdi. Və həm də xüsusi olaraq fəxr etdim ki, hazırda bu möhtəşəm zirvədə əziz tələbəlik dostumuz İsa Həbibbəyli dayanır, fəaliyyətini uğurla davam etdirir.

Bizimlə çox səmimi görüşdü İsa müəllim. Hal-əhval tutdu, uşaqları soruşdu. Maraqlandığı sahələrə aid suallar verdi. Söhbət getdikcə şirinləşdi, xatirələr dilə gəldi... Orada olduğumuz zaman çərçivəsi sanki ömrümün ən unudulmaz, qızıl vaxtına çevrildi.

Ayrılarkən foto çəkdirdik.

 Uzun müddət o görüşün xoş təsiri altında qaldım. Onun bütün dostlarına, eləcə də mənə göstərdiyi xeyirxahlıqlar gözlərim önündə dayandı. Bəzilərini söyləyim sizlərə. 2002-ci ildə doğulduğum Yaycı kəndində (Culfa rayonu) erməni Andronikin quldur dəstələrinin törətdiyi fəlakətlərdən (1918-ci il) bəhs edən "Yaycı soyqırımı" kitabını qələmə alıb "Əcəmi" nəşriyyatında (Naxçıvan) çap etdirdim. Nə gizlədim, nəşriyyata borclu qalmışdım. O zaman NDU-nun rektoru işləyən dostumuzu ümid yeri bilib, müraciət etdim. Məsələnin nə yerdə olduğunu bilən rektor kitabların xeyli hissəsini götürdü: - Tələbələrimizə paylayarıq... Qoy oxuyub öyrənsinlər. Bu, vacib mövzudur, - dedi. Və verdiyi vəsaitlə də nəşriyyatın borcundan xilas ola bildim.

İsa müəllim hər kəsin, xüsusilə də tələbə dostlarının uğurlarına daim sevinib. Mən ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinə ilk dəfə deputat seçilərkən bunun şahidi oldum. Mənim millət vəkili olmağıma öz uğuru, öz nailiyyəti kimi sevinməsi heç vaxt yaddaşımdan silinmir.

Tələbə dostlarının yaradıcılığı da İsa müəllimin diqqətindən kənarda qalmayıb. Sən demə, o, hər bir tanıdığı müəllifin dərc olunan şeir, hekayə və publisistik yazılarını oxuyurmuş. Onlar barədə yeri düşdükcə fikir söyləyir, bəzən də məqalələr yazıb alim sözünü, alim fikrini ortaya qoyurdu.

Mənim yaradıcılığıma da yaxından bələd olduğunu hiss etmişdim. Xüsusilə mərkəzi ədəbi orqanlarda dərc edilmiş yazılarımı oxumamış deyildi. Onun bu marağını əminliklə bildiyimdən son bir neçə kitabımı Akademiyada çalışan yaxın iş yoldaşına verdim və ona çatdırmasını xahiş etdim.

Üstündən aylar keçmişdir. Akademik İsa Həbibbəylinin 70 illik yubiley tədbirləri çərçivəsində muxtar respublikamızda maraqlı görüşlər keçirildi. Tədbirlərin biri Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasında baş tutdu. Yığıncaq başlanmazdan əvvəl İsa müəllimlə görüşdük. Bir qədər ayaq saxladı, qısaca söhbətləşdi. Sonra diqqətlə üzümə baxıb: - Borcluyam sənə... - deyə təbəssümlə dilləndi. Və məmnunluqla ayrılıb onun üçün nəzərdə tutulmuş yerinə keçdi.

Yaradıcı ziyalıların da iştirak etdiyi böyük görüş tədbirində geniş və əhatəli çıxış edən İsa müəllim bir nasir, yazıçı kimi mənim də adımı çəkdi, ünvanıma xoş sözlər söylədi. Təbii ki, ölkənin bir nömrəli ədəbiyyatşünas aliminin "Borcluyam" deməsi və elmi təhlilli çıxışında adımı müsbət yönümdə geniş hallandırması məni qürurlandırmaya bilməzdi. Uzun müddət İsa müəllimin çıxışının təsirində qaldım, pozitiv arzu və istəklər qəlbimi çuğladı. Nəticə etibarı ilə bir yazar kimi özümə olan inamım xeyli artdı.

Çox çəkmədi ki, Akademiyadan tapşırıq aldım: - Bütün kitablarını göndər, yaradıcılığınızla bağlı monoqrafiya yazmaq qərara alınıb, - dedilər. Və elə bu anda İsa müəllimin Naxçıvanda "Borcluyam" deməsinin mahiyyətinin gerçək üzünü anladım.

Budur, artıq hər şey qarşımızdadır. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 9 dekabr 2020-ci il tarixli iclasının qərarı ilə "Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri" adlı 164 səhifəlik kitab 2021-ci ildə hazırlanıb "Qanun" nəşriyyatında çap edilmişdir. Böyük səy və diqqətlə hasilə gətirilən monoqrafiyanın elmi məsləhətçisi və ön sözün müəllifi bizim dəyərli dostumuz, akademik İsa Həbibbəyli idi.

AMEA-nın müxbir üzvü Tehran Mustafayev kitabın hazırlanmasında rəyçi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli isə elmi redaktor kimi iştirak etmişlər.

Kitabın müəllifi isə filologiya elmləri doktoru Salidə Şərifovadır. Sözü gedən monoqrafiyada müəllif Salidə xanım böyük zəhmətə qatlaşaraq Fərəc Fərəcovun həm bədii və elmi publisistikasının, həm də nəzm və nəsr əsərlərinin problematikasını, janr müxtəlifliyini, bədii xüsusiyyətlərini yüksək elmi siyasətlə təhlil edib oxuculara təqdim etmişdir. Kitabda həyatımın ayrı-ayrı fraqmentlərini də əks etdirmək unudulmamışdır.

Yeri gəlmişkən, qeyd edim ki, Akademiyanın öncül alimlərindən sayılan Salidə Şərifova mənim yaradıcılığımla bağlı bir neçə sanballı məqalənin də müəllifidir. Onun 2013-cü ildə "Azərbaycan" jurnalının 12-ci sayında dərc edilmiş "Dərd" adlı hekayəmə verdiyi qiyməti indi də fəxrlə xatırlayıram. Söylədiklərimə aydınlıq olsun deyə bildirim ki, Akademiyanın Ədəbiyyat İnstitutunun tapşırığına əsasən, 2013-cü ildə ölkənin ədəbi orqanlarında dərc edilmiş nəsr əsərlərinin təhlil edilməsi və qiymətləndirilməsi məqsədilə geniş yazı hazırlamaq tapşırılır.

Salidə Şərifova hazırladığı məqaləsində yazmışdır: "2013-cü ildə çap olunmuş hekayələr arasında Anarın "Bir sən, bir mən, bir ölüm" və Fərəc Fərəcovun "Dərd" əsərləri xüsusi yer tutur". Və sonra müəllif "Dərd" hekayəsinə dair müsbət yönümlü fikirlərini bir necə cümlə ilə açıqlayır.

O vaxt tanımadığım bir ədəbiyyatşünas alimin hekayəmə verdiyi qiymət mənim üçün heç şübhəsiz, sevindirici uğur idi.

Salidə xanım monoqrafiyayadək bəzi kitablarım barədə də geniş elmi məqalə yazıb mətbuatda və Akademiyanın nəşrlərində dərc etdirmişdi.

İndi isə qayıdaq Akademiya xətti ilə işıq üzü görən monoqrafiyaya. Açığını deyim ki, məni mənə daha yaxından tanıdan, yaradıcılığıma obyektiv, səmimi qiymət verən monoqrafiyadakı ön sözün müəllifi, nəşrin məsləhətçisi akademik İsa Həbibbəyli olmuşdur. İsa müəllim monoqrafiyanın çapından əvvəl öz müqəddimə məqaləsini ölkə yazarlarının sevimli mətbu orqanı sayılan "Ədəbiyyat qəzeti"ndə dərc etdirmişdir.

İsa müəllimin "Əməldə və əsərlərində özünüifadə nümunəsi" adlandırdığı ön söz yazısını çox qürur hissi ilə, həm də detallarına diqqət kəsilməklə oxudum. Özümü sanki yenidən kəşf etdim. Elə bil mənə qaranlıq qalan, görə bilmədiyim tərəflərin də üzərinə işıq tutuldu. Yaradıcılıq yolumun üzərində cövlan edən toz-duman çəkilmiş kimi göründü mənə. Qəlbimi sıxan tənhalıq qeybə çəkildi. Əl-qolum açıldı. İçimdə üzəri suvanmış arzu-istəklər silkinib baş qaldırdı, biz də varıq, - dedilər.

Bir zamanlar istedadlı filial tələbəsi olan, bu gün isə Azərbaycanın qaynar həyatının ən uca zirvələrində şəstlə addımlayan İsa Həbibbəylini də əslində bir də yenidən tanıdım. Çox böyük və həm də sadə qəlbə malik, xamırı insanlara xeyirxahlıqla yoğrulmuş, zəhmətdən doymayan əsl insan kimi.

"Ön söz"də zirvədə dayanan ədəbiyyatşünas alimin hər cümləsi, hər sözü, hər fikri məni razı salmaya, qane etməyə bilməzdi. Axı onun qiyməti mənim özümün özümə verdiyim qiymətdən qat-qat yaxşı və real idi. Bir dəfə akademiklə telefon əlaqəsi saxladığım vaxtda o mənə: - Fərəc, sən ölkədə çoxlarından yaxşı yazırsan. Ümidini itirmə, yaz-yarat, səndə alınır, - demişdi.

Onun sözlərini təbii ki, unutmamağa çalışıram.

Onu da unutmaq olmaz ki, İsa müəllimin qiymətində, ümumən monoqrafiyanın hazırlanmasına təşəbbüs göstərilməsində uzun illərdən bəri tanıdığı, bələd olduğu dostuna içindən qaynaqlanan mənəvi borc amili də öz "hökmünü" göstərməmiş deyildi.

Elə gəlin birlikdə "Ön sözün" qurtaracağındakı abzasa nəzər yetirək: "Tələbəlik dostum və yorulmaz qələm sahibi Fərəc Fərəcova bundan sonra da daha uzun illər səssiz-küysüz, məsuliyyətli vətəndaşlıq mövqeyi ilə yazıb-yaratmağı uğurla davam etdirməsini arzulayıram. Yəqin ki, bu məqaləni də oxucularımız, həm də uzun illərdən bəri haqqında söz açılıb-açılmayacağının fərqində olmadan yazıb-yaratmaqda davam edən tələbəlik dostum qarşısında mənəvi borcumun ifadəsi kimi də təbii qəbul edəcəklər".

lll

Açığını deyim ki, İsa Həbibbəyli haqqında danışdıqca sözlər bitmək, tükənmək bilmir. Fikirlərimi açıqladıqca, bölüşdükcə ardı kəsilmir. Qarşımı kəsən isə hazırlayacağım yazıda yığcamlığın gözlənilməsi amilidir. Ona görə də sonda ürəyimdən keçən ən ümdə məqamları bir neçə qısa cümlə ilə nəzərinizə çatdırmaq qənaətindəyəm.

Bildiyiniz kimi, biz 1967-ci ildən APİ-nin Naxçıvan Filialının tələbələri sayılmışıq. 1971-ci ildə isə 4 illik təhsil həyatı arxada qalmış oldu. Hərə bir ünvana qanadlandı. Hər kəs öz taleyini yaşadı. Amma nə xoş ki, harada olmuşuqsa, necə yaşamışıqsa, bizi birliyə çağıran, görüşlərə səsləyən gözəl bir ünvan vardı: APİ-nin Naxçıvan Filialı!

Artıq 1967-1971-ci illərin filial dövrü tarixin uzaq bir dönəmindədir. Təəssüf ki, filialçıların da bir çoxu bu gün həyatda deyil. İsa Həbibbəylinin təşəbbüsü ilə 2017-ci ildə Bakıda, Akademiyada "Əlli ildən sonra görüş" məclisində sıralarımızın seyrəldiyini dərindən hiss etdik. Nə edəsən ki, amansız əcəl bəzilərimizi yaşının məqamını nəzərə almadan yaxalayıb. Sıralarımızı əbədi tərk edənlərə Allahdan rəhmət diləyir, yerləri behiştlik olsun deyirik. Həyat davam edir. Qalib Azərbaycanımız gözəl günlərini yaşayır. Daha gözəl, firavan həyat üçünsə möhkəm təməllər atılır. Biz filialçılar indinin özündə də bir-birimizi arayıb axtarır, görüşməyə, xatirələrimizi dönə-dönə çözələməyə can atırıq. Həyat hər yaşda gözəl və mənalıdır. Sevimli tələbə dostumuz İsa Həbibbəylinin Naxçıvan Dövlət Universitetinin rektoru olarkən təməlini qoyduğu ilk məzunlarla rəsmi və qeyri-rəsmi görüş ənənələri bugünkü həyatımızda da davam etdirilir, könlümüzü, ruhumuzu qidalandırır, mənən yüksəldir. Akif İmanlı, Xeyrulla Abbasov, Hüseyn Lazımov, Zakir Məsiyev, Həsən Ənnağıyev, Miryasin Seyidov, Vaqif Babayev, Əsəd Əsədov, Abbas Hacıyev, Tağı Fərəcov və digərləri daha çox əlaqə saxladığımız, görüşdüyümüz tələbə dostlarımızdır.

Hər dəfə Bakıda, Naxçıvanda, yaxud başqa ünvanlarda bir araya gələndə, hamını ayrı-arılıqda yada salırıq. Sözsüz ki, İsa Həbibbəylini də qətiyyən unutmuruq. İsa müəllimdən söz düşəndə onun saya gəlməz xeyirxah əməllərini, ali təhsil dövründəki qaynar fəaliyyətini də dilə gətirir, özümüzü pozitiv enerji ilə zənginləşdiririk. İsa Həbibbəylini davam edən yorulmazlığa və təbiiliyə örnək göstərmək olar. Həyatda sayılıb-seçilən insan kimi yaşamaq, bildiklərimizi, öyrəndiklərimizi cavanlara, bizdən sonrakılara aşılamaq hissləri qəlbimizə hakim kəsilir... Özümüzü mənən borclu hesab edirik. Sual yarana bilər, kimə borclu olmalıyıq? Cavab sadədir: - cəmiyyətimizə, ailəmizə, elimizə, obamıza. Bir də ən əsası, xalqımızı, dövlətimizi müzəffər edən, bizi möhtəşəm tarixi qələbəyə çatdıran, şəhidlərimizə, qazilərimizə, silah tutan bütün əsgərlərimizə və bir də ən çox dirijor çubuğu ilə dövlət idarəçilik məktəbinin başında şahanə dayanan qalib Prezidentimizə - Ali Baş Komandanımıza!

Naxçıvan, Culfa.

8 iyul, 2025

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:18
embedMənbə:https://525.az
archiveBu xəbər 28 İyul 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi

28 İyul 2025 06:35see425

Amerikalıların Trampın büdcə layihəsinə münasibəti ilə bağlı sorğu keçirilib

27 İyul 2025 08:13see136

Hazırda açıq ərazilərdə 100 dən çox yanğın aktivdir Serbiya DİN

27 İyul 2025 08:17see134

Azərbaycanın əməkdar məşqçisi vəfat edib KONKRET

27 İyul 2025 15:40see132

Laçında ağır qəza Ölənlər var

26 İyul 2025 21:39see121

Arda Turan Beşiktaş ilə matçdan öncə Neymardan nə istəyib?

26 İyul 2025 21:54see117

Anam məni satmayıb və ya nigarançılıq çox pis şeydir...

26 İyul 2025 20:26see115

Mingəçevirdə zəlzələ qeydə alındı

28 İyul 2025 06:24see114

Türkiyə ən böyük hərbi müqaviləni bu ölkə ilə imzaladı

27 İyul 2025 13:31see114

“Real” Vinisiusu satır?

26 İyul 2025 20:04see114

Starmer Trampla Ukraynadakı münaqişəyə son qoymağın yollarını müzakirə edəcək

27 İyul 2025 04:02see113

Türkiyə nəhəngi Kerem Aktürkoğlu ilə anlaşdı SON DURUM

26 İyul 2025 20:13see113

Qyökereş “Arsenal”a keçidindən nələr dedi?

27 İyul 2025 13:26see113

COP30 zamanı Braziliyada kruiz gəmilərində 6 min iştirakçı yerləşdiriləcək

26 İyul 2025 21:51see113

Berlin Kiyevə neçə ədəd Patriot göndərib?

26 İyul 2025 23:17see111

Gəncədə klinika meyiti qaytarmır? Mərhumun yaxınlarından ŞİKAYƏT

28 İyul 2025 02:03see111

Braziliya millisinin sabiq kapitanı bölgə klubunda ÖZƏL

26 İyul 2025 20:04see110

Eminin xanımının “DreamFest” “look”ları…

27 İyul 2025 15:36see109

Bakıda kişi iki manata görə arvadını döydü

28 İyul 2025 09:51see109

Fransanın cənubunda meşə yanğını 680 hektardan çox ərazini bürüyüb

27 İyul 2025 23:13see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri