Icma.az
close
up
RU
Azərbaycanın örnək strategiyası

Azərbaycanın örnək strategiyası

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Problemini həll etmək şansından məhrum olmuşların menyusuna

XXI əsrin özünəməxsus özəllikləri Yer sakinlərini təəccübləndirməkdə davam edir. Yeni minillikdə dünyanın köhnə düzəninin dağılma prosesinin getdiyi, köhnə qayda və prinsiplərdən imtina edildiyi gözümüzün qarşısındadır. Bu minvalla bəşəri dəyərlərin getdikcə arxa plana keçəcəyi, beynəlxalq hüququn tezliklə məhv ediləcəyi yeni dövrə qədəm qoyuruq. “Böyük güclər” dediyimiz “köhnə oyunçular”ın siyasət bazarının coğrafiyasına baxışlarının, maraqlarının və planet sakinlərindən umacaqlarının da dəyişdiyini, böyüdüyünü müşahidə etməkdəyik.

XX əsrin böyük siyasətçisi və dövlət xadimi Uinston Çörçilin sözləridir: “Bəşəriyyət fırtınada üzən gəmiyə bənzəyir. Kompas zədələnib, dəniz xəritələri köhnəlib, kapitan suda boğulub, matroslar növbə ilə onu əvəz etməlidirlər. Üstəlik, sükanın hər vəziyyətini nəinki ekipaj üzvləri ilə, eləcə də göyərtədəki bütün sərnişinlərlə razılaşdırmaq lazımdır…”

Bu, ötən əsrin ümumbəşəri birgəyaşayış prinsipi idi. İndi bəşəriyyətin min illərdir yol getdiyi gəminin səmtini, koordinatını nə onun kapitanı müəyyən edir, nə matroslar, nə də göyərtədəki sərnişinlər, onun sükanı gözəgörünməz qüvvələrin əlində, “onlayn” idarəetmədə, sanki “avtopilot”dadır. Əlbəttə, bu, ilk baxışda belə görünür. Gəmini öz istədikləri marşrut üzrə yönəldənlər pərdə arxasında durub son dayanacağa kimlərlə, hansı yüklə çatacağı anı gözləyirlər. Bu zaman onlar yol boyu qasırğa və fırtınalara qurban gedənlərə məhəl qoymadan növbəti qazanclarını güdürlər. Nə qədər acı olsa da, reallıq bundan ibarətdir.

* * *

Rusiya–Ukrayna müharibəsi XXI əsrin birinci rübünün ən qanlı münaqişələrindən biri sayılır. Şübhəsiz ki, bu, eyni zamanda, qurbanlarının sayına görə İkinci dünya müharibəsindən sonra Avropada yaşanan dəhşətli hərbi savaşdır. Ekspertlərin qənaətinə görə, bu müharibə daha çox Rusiyanın dünyanın “supergücü” statusunu sözdə deyil, əməldə bərpa etmək niyyətindən xəbər verirdi.

Ukraynalı siyasətçi və yazıçı Aleksey Arestoviçin təbirincə desək, bu hərbi toqquşma onun ölkəsini NATO üzvlüyünə aparacaq “giriş bileti” olmalı idi. Avropalılar üçün isə bu münaqişə Rusiyanın ucuz enerji resursları üzərində qurduqları bütün rifah sistemini kobudcasına pozan kabusa çevrildi. Amma burada udan tərəf Birləşmiş Ştatlar oldu. Onun üçün ssenarisini cızdığı bu hərbi qarşıdurma özünün qlobal statusunu gücləndirməyin əlverişli vasitəsinə çevrildi.

İndi ortalıqda Ağ evdəki Demokratlar administrasiyasının körükləndirdiyi və sönməyə qoymadığı, üç il davam edən “xüsusi hərbi əməliyyatlara” son qoymağın yollarını aramaq və hər iki tərəf üçün “uduşlu” final oyununu qurmaq səyləri var. ABŞ-da hakimiyyətə Donald Trampın gəlişi ilə rəsmi Vaşinqton ruslarla danışıqlar masası arxasında oturmağa hazır olduğunu bəyan edərək hərəkətə keçdi.

Bəs, gələcək razılaşmaların mahiyyəti nədən ibarət olacaq? Ukrayna bu sövdələşmədə hansı statusda iştiraka iddia edə bilər? Bu zaman danışıqlarda Rusiya üçün hər hansı tələlərin olub-olmaması da açıq qalmış suallardandır. Danışıqlar masasında hələlik əsas aktor kimi görünməyən Ukrayna, faktiki olaraq, öz taleyinə nəzarət edə bilmir. Əslində, bu, ölkənin üzləşdiyi böyük itkilərdən və dağıntılardan sonra daha dəhşətli diplomatik faciədir.

Sual olunur: Kiyev bu hərbi qarşıdurmadan yayınmaq, yaxud “oyundan” tez çıxmaq fürsətini düzgün dəyərləndirməyi bacardımı? Təəssüf ki, yox!

* * *

Səbəblər müxtəlif olsa da, onların hamısı bir nöqtədə kəsişir. Gözlərimiz önündə oynanılan Ukrayna siyasi “tamaşası” bizə nəyi öyrədir? Olduqca sadə bir həqiqəti – planlarınızı, istəklərinizi reallaşdırmaq, yaxud üstünüzə ayaq açanlara cavab vermək üçün büsbütün kənar dəstəyə arxalanmaq olmaz. Ukrayna hər şeyi Avropanın və ABŞ-ın üzərinə qoyarkən tamamilə unutdu ki, “Qoca qitə”nin özü bu müharibəni uzatmağa qadir müstəqil oyunçu deyil. ABŞ bunu edə bilsə də, onun Ukraynanı və deməli, Avropanı qələbəyə aparıb çıxarmaq kimi bir niyyəti yox idi. Vaşinqtonun məqsədi Avropa qitəsinin əbədi vassal vəziyyətində qalaraq güclənməsinin qarşısını almaqdır.

Müqayisə qüsurlu görünə bilər, amma qarşınızda oxşar vəziyyətlə üzləşmiş Azərbaycan örnəyi var. Hazırda Ukraynanın üzləşdiyi acınacaqlı mənzərəni görəndə 30 illik işğal problemini gücün və praqmatik hesablamaların sayəsində köklü şəkildə həll edən ölkəmizin buna hansı qüvvələrlə kəllə-kəlləyə gələrək nail olduğunu təsəvvürümüzə gətirməyə belə çətinlik çəkirik. Azərbaycan həm döyüş meydanında, həm də diplomatiya cəbhəsində zəfəri nəyin hesabına qazandı? Dünyanın nəhəng hərbi-sənaye komplekslərinə malik “böyük güclər”dən bərabər məsafədə olması və eyni zamanda, onların bir çoxu ilə vaxtında strateji əlaqələr qurması, eləcə də vaxtı və məqamı düzgün seçməsi sayəsində. Yəni dünyada və bölgədə ən çətin geosiyasi vəziyyətin hökm sürdüyü şəraitdə Azərbaycan öz məqsədinə nail oldu. Doğrudur, bu zaman ölkəmiz ermənipərəst xarici qüvvələrin güclü təzyiqləri ilə üzləşdi. Amma buna baxmayaraq, Azərbaycan hakimiyyəti əvvəlcədən zərgər dəqiqliyi ilə düşünülmüş strategiyasından geri çəkilmədi. Əksinə, məhz bu strategiyanı gerçəkləşdirməklə özünün beynəlxalq nüfuzunu daha da gücləndirdi.

Bakının strategiyasının özəlliyi həm də ondan ibarətdir ki, Azərbaycan beynəlxalq hüququn verdiyi şansdan tutmuş ondan imtinaya qədər bütün imkanlardan maksimum yararlanmağı bacardı.

Beynəlxalq hüquqa müraciətin azaldığı, onu məqsədəuyğunluq və fayda prinsiplərinin əvəzlədiyi zəmanəmizdə Ukrayna öz strategiyasını qurmağı bacarmamağın altını çəkir, – desək, yəqin yanılmarıq.

Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov XQ-yə açıqlamasında bildirdi ki, ukraynalıların taleyi Ukraynasız həll edilə bilməz: “Heç bir kənar qüvvə Ukraynanın iştirakı olmadan hansısa qərarı qəbul edə bilməz. Çünki söhbət Ukraynanın öz ərazisindən gedir. Əslində, Ər-Riyad görüşündə Ukrayna məsələsi müzakirə mövzusu deyildi. Masaya qoyulan əsas məsələ ABŞ və Rusiya arasında münasibətlərin bərpası olub. Digər tərəfdən, tərəflər belə qərara gəliblər ki, ikitərəfli təmaslar üçün nümayəndə heyətlərinin tərkibi təsdiq olunsun. Həmin heyət Rusiya–Ukrayna münaqişəsinin müzakirəsi və son qərarın hazırlanması ilə məşğul olacaq. Bu, ilk görüş idi. ABŞ-la Avropa ölkələri arasında son vaxtlar ziddiyyətli münasibətlərin yarandığını müşahidə edirik. Avropa Ər-Riad görüşünə kifayət qədər sərt reaksiya verib. Onu da nəzərə almalıyıq ki, bütün müharibələr sonda sülh sazişinin imzalanması ilə yekunlaşır.

Azərbaycan 90-cı illərin əvvəllərində çox müdrik bir addım ataraq, Bişkek protokolunu imzaladı. O zaman buna görə bəzi qüvvələr Bakını qınayır, ona qarşı, guya, kapitulyasiya aktını imzalamış kimi davranırdılar. Ptotokolu imzalamağımız ona görə düzgün addım idi ki, ondan sonra Azərbaycan “Əsrin müqaviləsi”ni əldə etdi, ölkəmizin neft-qaz sektoruna böyük həcmdə sərmayələr qoyuldu. Bunun sayəsində hərbi potensialı artırdıq, ordunu gücləndirdik. Nəticədə, tək diplomatik vasitələrlə yox, həm də öz gücümüzlə tarixi ədaləti, suverenliyimizi bərpa etdik. Bu zaman bəzi ölkələrlə ortaq razılığa gəldik, bəzilərini neytrallaşdırmağı bacardıq. Dünyanın oxşar problemlərlə üzləşmiş bəzi ölkələru bu örnəkdən yararlansalar, müsbət nəticələr əldə edə bilərlər.

Ukrayna–Rusiya münaqişəsinə son qoyulması da bir neçə amildən asılıdır. Bunu həm hərbi, həm də diplomatik yolla həll etmək lazımdır. Amma birmənalı olaraq, Ukraynanın iştirakı ilə”.

* * *

Tanınmış ekspertin fikirlərinə hörmətlə yanaşaraq, hadisələrin ardıcıllığına nəzər salaq. Ər-Riyaddakı məlum görüşdən əvvəl emosional sonluğu ilə yadda qalan Münxen Təhlükəsizlik Konfransı keçirildi. Tədbir ABŞ-ın vitse-prezidenti J.D.Vensın Avropa nizamını pisləməsi ilə başladı və konfransın sədri Kristof Heusgenin “itirilmiş” Avropaya göz yaşları axıtması ilə sona çatdı. Emosiyalarına hakim ola bilməyən sədr nitqini yarımçıq kəsdi, kövrəldi və tribunadan getdi. Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq isə Vaşinqtonun avropalıları Rusiya–Ukrayna münaqişəsi ilə bağlı qarşıdan gələn danışıqlara dəvət etməyəcəyini açıqladı.

Bəli, avropalılar Vaşinqtondan küsüblər. Onlar Parisdə Ukrayna ilə bağlı ayrıca görüş keçirərək, qapını çırpmağa qərar versələr də nəticədə, ABŞ-ın zəmanəti olmadan Ukrayna üçün heç nə edə bilməyəcəkləri qənaətinə gəldilər. Mövcud durumun dramatik-ironik mənzərəsi budur. İndi ən ağıllı, praqmatik avropalılar hansı gülünc vəziyyətə düşdüklərinin fərqindədirlər. Almaniyanın “Rheinmetall” müdafiə konserninin rəhbəri Armin Papperger “Financial times”qəzetinə müsahibəsində dediyi sözlər durumu əla təsvir edir. O, indiki vəziyyətdə avropalıları “böyüklər üçün masa arxasında oturmağa icazə verilməyən uşaqlarla” müqayisə edib.

Əlbəttə, düzgün müəyyən edilmiş hədəflərdən danışarkən anın hökmü kimi amildən də bəhs etmək çox vacibdir. İki fərqli vəziyyəti müqayisə edək: indi Ukraynanın taleyi onun iştirakı olmadan həll olunur. Amma iki il əvvəl Kiyev yaxınlığından rus qoşunlarını vurub çıxararkən ukraynalılar İstanbulda Moskva ilə danışıqlarda öz gələcəklərini müstəqil həll etməyə yaxın idilər. Az sonra müvəqqəti uğurun eyforiyası, qismən də xarici qüvvələrin təşviq və təzyiqləri. O zaman çox şey verəcəklərini vəd edən həmin kənar güclər sözlərinin üstündə durmadılar.

İndi gəlin, bunu 2020-ci ilin noyabrı ilə müqayisə edək. Onda Azərbaycan Ordusu bir neçə gün ərzində Xankəndidə də üçrəngli bayrağımızı qaldıra bilərdi. Fəqət Azərbaycan hakimiyyəti günün və şəraitin tələblərini nəzərə almaqla hücumu dayandırdı. Həlledici addımını 2023-cü il sentyabrın 20-də lokal antiterror əməliyyatı üçün saxladı. Çünki döyüş və diplomatik meydanın “təmizlənməyə” ehtiyacı vardı. Nəticədə, Azərbaycanın suverenliyi tamamilə bərpa olundu. Nəyin və nə vaxt edilməli olduğunu düzgün müəyyənləşdirmək Azərbaycan rəhbərliyinin strateji düşüncəsinin ayrılmaz atributudur.

İndi kənar müşahidəçiyə elə gələ bilər ki, ABŞ və Rusiya öz aralarında Ukraynanın taleyini həll edirlər. Əslində, keçmiş “soyuq müharibə” rəqiblərinin müzakirə mövzusu Ukraynanın sərhədlərindən daha geniş geosiyasi arealı əhatə edir. Söhbət dünyanın xəritəsinin yenidən çəkilməsindən gedir.

Yazımızın əvvəlini böyük ingilis diplomatı Çörçilldən iqtibasla başladıq. Son nöqtəni də onun sözləri ilə qoyuruq: “Bir saniyə itirmədən, dərhal və qətiyyətlə həyat adlanan döyüş meydanında yer tutmaq lazımdır. Sahib olduğunuz şeylə kifayətlənməyin, məğlubiyyətlə heç vaxt barışmayın. Çünki, dünya fəth edilmək üçün mövcuddur”.

Fatehləri isə heç kəs mühakimə edə bilməz.

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri