Zelenski bu həftə Avropadan əməldə ciddi dəstək almasa, vəziyyəti çox gərgin olacaq
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Ötən həftə Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında keçirilən görüş dünya gündəmində əsas müzakirə mövzularından biri olaraq qalır. Görüş qızğın mübahisə şəraitində keçdi və uğursuz nəticələndi. Ağ evdə baş verənlərə görə, həm Tramp administrasiyasını, həm də Zelenskini günahlandıranlar oldu. Bəziləri düşünürlər ki, Zelenski köməyə ehtiyac duyan tərəf olaraq ritorikasına diqqət yetirməli idi, eyni zamanda Tramp, xüsusilə vitse-prezident Cey Di Vens də qınaq obyekti oldu.
Bundan sonra Ukrayna prosesinin necə inkişaf edəcəyi, ABŞ-ın tutacağı mövqe təbii ki, əsas suallardan biridir. Çünki Ukraynada da, Avropada da etiraf edirlər ki, Birləşmiş Ştatlar olmadan, nə sülh mümkündür, nə də müharibəni davam etdirmək. ABŞ isə artıq müharibəyə pul xərcləmək istəmir.
Politoloq Zaur Məmmədov "525"ə müsahibəsində mövzu ilə bağlı əsas detallara toxunub.
- Vaşinqtonda Tramp-Zelenski görüşü çox maraqlı və qeyri-adi keçdi. Bəlkə də indiyə qədər dünya liderləri arasında bu qədər gülüş və istehza obyekti olan görüş baş tutmayıb. Ukrayna Amerikanın milli maraqlarının qurbanı olub, bunu hər kəs çox yaxşı bilir. Ukraynanın bugünkü vəziyyətə düşməsinin əsas səbəbi təkcə Bayden dövründə demokratlar partiyası deyil, ümumiyyətlə 1990-cı illərdən başlayaraq ABŞ strateqlərinin Avrasiyanın orta xəttində Rusiya ilə mübarizə istiqamətində bu və ya digər ölkələrlə bağlı fikirləri və qurduqları strategiyalar idi. Bunu da nəzərdə tutan ABŞ-ın müxtəlif mərkəzləri tərəfindən 2000-ci ilin əvvəllərində Gürcüstanda, Moldovada, Ukraynada rəngli inqilablar baş verdi və məqsəd də birlikdə Rusiyaya qarşı həmin dövlətləri, həmin coğrafiyaları mübarizə meydanına çevirmək idi. Biz son baş verən hadisələri çox yaxşı bilirik. 2013-cü ildən başlayaraq Donbasdakı, Krımdakı vəziyyət və nəhayət son müharibə. Son müharibədə də Trampın hakimiyyətə gəlməsi ilə faktiki olaraq Rusiya ilə ABŞ arasında danışıqlar aparılır, Ukrayna isə danışıqlarda ikinci dərəcəli bir subyekt kimi qələmə verilir. Əlbəttə ki, bu Zelenskiyə rahatlıq vermirdi və o Kiyevdən Vaşinqtona uçarkən yəqin ki, beynində həll etməli olduğu məsələlər sırasında Ukraynanın ikinci dərəcəli ölkə olmaması, ABŞ-ın Rusiyaya kifayət qədər diqqət yetirərək Kiyevin mövqeyini sonadək dinləməməsi və eyni zamanda təhlükəsizliklə bağlı zəmanət, Ukraynanın istəklərinin ABŞ tərəfindən həyata keçməməsi və bundan başqa bir çox suallar da var idi. Zelenski onları Donald Trampa ünvanlamaq istəyərdi. Ümumiyyətlə, bu görüş haqqında danışarkən burda vitse-prezident Vensin təxtibatını xüsusilə qeyd etmək olar. Vens necə ki, ötən həftə Avropa liderləri ilə görüşdə onlara yuxarıdan aşağı baxdı, bu görüşdə də o, Trampı qızışdıraraq Ağ Evdə Zelenskinin vəziyyətinin daha da qəlizləşdirilməsi üçün demək olar ki, əlindən gələni etdi. Hər bir halda ABŞ daxilində də, ABŞ xaricində də bu hadisələrdə daha çox günahkar olaraq məhz elə respublikaçılar hesab edildi.
O ki qaldı Zelenskiyə, təbii o, niyə getdiyini bilməli idi. Zelenski hələ üç il bundan əvvəl də baş verənlərin hara aparıb çıxaracağını bilməli idi. Bunun üçün təbii ki, bu və digər ölkələrin, mərkəzlərin strategiyalarını bilmək lazım idi. Faktiki olaraq bu gün on minlərlə insan qətlə yetiriləndən, demoqrafiyaya və sosial vəziyyətə kifayət qədər zərər vurduqdan sonra, Ukraynanı qurban vermək istəyirlər, Ukraynanın həm ərazilərinin əldən getməsindən, həm də sərvətlərinin bu və digər qaliblər arasında bölüşdürülməsindən söhbət gedir. Adətən o ölkələrin var-dövlətini bölürlər ki, onlar məğlub olur və müharibədə günahkar tərəf, yəni işğalçı tərəf olur. Ukraynanın əlbəttə ki, bu cür razılaşmalara getməsi dünyada bəlkədə birinci president olacaq. Amma digər tərəfdən onu da bilmək lazımdır ki, bu hadislərin nəticələri ilə bağlı hələlik fikir yürütmək tezdir. Çox güman ki, Qara dənizin şimalındakı bu Ukrayna kartı hələ yaxın 10 illlərdə Rusiya ilə Qərb arasında bir-birinə qarşı mübarizədə əsas istifadə ediləcək düymələrdən biri olacaq.
- Zelenski ABŞ-dan sonra Böyük Britaniyaya getdi və orada çox isti qarşılandı. Bundan əvvəl də Britaniya Ukraynaya güclü dəstək verib, proseslərin yönünü dəyişə bilib. Eyni zamanda, Çinində vasitəçi ola biləciyinə dair fikirlər gündəmdədir. Britaniya ABŞ-sız prosesdə hansı rolu oynaya bilər?
- Britaniya və Çin eyni düşərgədə iştirak etmirlər. Britaniya tamamilə Ukraynanın yanında olan bir dövlətdir və Fransa ilə birlikdə onlar indi Avropanın Ukrayna prosesi ilə bağlı sistemli qərar verməsini hədəfləyirlər. Martın 6-da Avropa İttifaqının görüşündə bu və ya digər məsələlər müzakirə ediləcək. Biz gözləyirik orda hansı qərarlar qəbul olunacaq. Digər tərəfdən Britaniyanın ən böyük müttəfiqi ABŞ-dır. Ola bilsin ki, bu gün Birləşmiş Krallığının Baş naziri Kir Starmerlə Tramp arasında və onların administrasiyaları arasında münasibətlər kifayət qədər soyuqdur, amma Vaşinqton və London daim öz geosiyasi hədəflərini üst-üstə qoyub birgə addımlayıblar. Ona görə də Böyük Britaniya ABŞ-dan ciddi şəkildə uzaqlaşmayacaq və yenə də onlar arasında istəsələr də, istəməsələr də, dialoq davam edəcəkdir. Eyni məsələni biz Avropaya da aid edə bilərik. Avropa, Birləşmiş Ştatlar olmasa, uzun müddət Rusiya ilə mübarizəyə və mübahisəyə getməyəcək, əslində bu heç Avropanın özünə də lazım deyil. Burda Avropanın təhlükəsiziyindən danışırlar, amma Avropanın təhlükəsizliyinə doğrudan da təhdid var. Necə ki, Tramp Rusiya ilə danışıqlara getdi, Avropa da Rusiya ilə danışıqlara gedəcək.
- Çinin vasitəçiliyi ilə bağlı gözləntiləriniz nədir?
- Onu qeyd etmək lazımdır ki, Ukrayna tərəfindən belə bir fikir səsləndirilib. ABŞ da keçirilən görüşün uğursuz alınmasından sonra Ukraynanın Prezident ofisi belə bir bəyanat yaydı ki, Pekin də vasitəçi ola bilər. Pekinin vasitəçiliyi doğrudan da məqsədəuyğun ola bilər və biz unutmayaq ki, vaxtilə İstanbul prosesinin iflasa uğramasından sonra Çin ilk dövlət idi ki, öz sülh planını həm Rusiya, həm də Ukrayna tərəfinə təqdim etmişdi. İndiki halda Rusiyada yaxşı başa düşürlər ki, onlar Ukrayna məsələsini Çinlə deyil, məhz ABŞ-la, yəni Trampla həll etməlidirlər. Mən düşünürəm ki, Moskva Vaşinqtonu üstün tutacaq, nəinki digər ölkələri. Bir məqama da aydınlıq gətirilməlidir ki, real olaraq burda güc rolunda ABŞ iştirak edir. Yəni əsas güc ABŞ-dır, digərləri köməkedici qüvvə kimi iştirak edə bilərlər. Hər halda vasitəçilik öz yerində, prezident Zelenski bu həftə Avropadan sözdə deyil, əməldə ciddi şəkildə dəstək almasa, vəziyyəti çox gərgin olacaqdır. Hətta istefasından, həyati təhlükəsindən belə söhbət gedə bilər. Burda Avropanın sona qədər Zelenskinin arxasında dayanıb-dayanmayacağı əsas məsələlərdən biri olacaq. Ona görə də martın 6-da keçiriləcək görüş çox məsələni həll edə bilər. Öz növbəsində ABŞ rəhbərliyi də yəqin ki, başa düşür ki, onlar bir neçə gün əvvəl etdikləri ilə əslində dünyanı özlərindən uzaqlaşdırıblar, bu ABŞ-ın imicinə də kifayət qədər ciddi şəkildə zərbədir. Bütün bu baş verənlər bir daha onu göstərir ki, Azərbaycan rəhbərliyi vaxtilə bizim xalqımızı və dövlətimizi necə xilas edib. Həmin dövrdə, yəni 10-15-20 il əvvəl, müxtəlif özünü psevdo-patriotlar, psevdo-liberallar adlandıran şəxslər tərəfindən Azərbaycan hökumətinə çağırışlar var idi ki, biz Avropa İttifaqına inteqarisyanı gücləndirək, Qərblə bir yerdə olaq və Qərb bizə Qarabağı işğaldan azad etməyə kömək edəcək. Əgər Azərbaycan həmin o siyasəti bilməyənlərin dediklərini etsəydi, bu gün bizim hansı bəlalarla üzləşəcəyimizi təsəvvür etmək çətin deyildi. Amma biz Qoşulmama Hərəkatına üzv olduq, balanslı siyasəti davam etdirdik, nəticə etibarilə 44 günlük müharibədə, daha sonra antiterror əməliyyatında suverenliyimizi təmin etdik. Azərbaycan hakimiyyəti və rəhbərliyi yaxşı başa düşürdü ki, bu dünyada siyasi proseslərdə kiməsə bel bağlamaq olmaz, Qərblə Rusiya arasındakı konfrantasiya və qurban rolunu, üçüncü tərəf rolunu oynamaq bu, özünə qəsd deməkdir. Buna görə də daim çevik və ayıq-sayıq siyasət yürüdən Azərbaycan Prezidenti Cənubi Qafqazda hansı ki, Ukraynada da əslində bölgənin geosiyasi və geoiqtisadi vəziyyəti daha çətin durumdadır, daha məqbul siyasət yürütdü və nəticə də göz qabağındadır. Hətta Ukrayna dairələri, siyasətçiləri də Azərbaycan Prezidentin siyasətini Ukrayna üçün nüminə adlandırırlar.
- Türkiyənin Ukrayna məsələsində rolu nədən ibarət ola bilər?
- Türkiyənin ümumiyyətlə Avrasiyanın orta xəttində, Yaxın Şərqə baş verənlərdə kifayət qədər ciddi təsir rıçaqları var, Türkiyə son 20 ildə hərbi siyasi cəhətdən təkcə güclənməyib, eyni zamanda biz bu gücü bu və ya digər regionlarda görməkdəyik. Ukrayna məsələsində Türkiyə həm Rusiya, həm də Ukrayna ilə yaxın münasibətlərə malikdir. Bu gün əsas mövzu Türkiyənin kimin yanında olacağıdır - ABŞ-ın, yoxsa Avropanın. Hər iki tərəfə Türkiyə lazım olduğundan düşünürəm ki, Ankara bu vəziyyətdən öz lehinə bu və ya digər şəkildə istifadə etməyi bacaracaqdır.
Pərvanə SULTANOVA


