Icma.az
close
up
RU
Zəngəzur dəhlizinə qarşı ABŞ “sipəri”?

Zəngəzur dəhlizinə qarşı ABŞ “sipəri”?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

İrəvanda qlobal gündəmlə bağlı “şirin yuxular”

Son günlər Ermənistanda güclənməkdə olan anti-Azərbaycan isteriyasında fərqli alt gündəm formalaşıb. Söhbət ölkəmizin, guya, ABŞ-ın yeni administrasiyasının xeyir-duası ilə Zəngəzuru ələ keçirmək niyyətinin təbliğindən gedir. Ermənistanın diplomatik mənbələri də bununla bağlı müxtəlif fikirlər yayırlar. Rəsmi İrəvana yaxın ekspertlər isə öz aləmlərində Birləşmiş Ştatları mövqeyindən daşındırmağa çalışır, “arqumentlər” irəli sürürlər. Yazımız bu barədədir. Ancaq ayrı-ayrı əlaqəli məqamların üzərində də dayanacağıq.

Deməli, erməni diplomatik mənbələrinin iddialarına görə, sən demə, Azərbaycan rəhbərliyi Prezident Donald Trampın İrana antipatiyasından istifadə edib Vaşinqtonu Ermənistana qarşı hərbi təcavüzün zəruriliyinə inandırmağa çalışır. Onlar, həmçinin bildirirlər ki, Bakı ilə Pekin arasında 2024-cü il iyulun 3-də imzalanmış strateji tərəfdaşlıq sazişində tərəflərin öz ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təminatı, milli qanunvericilik və ikitərəfli sazişlər çərçivəsində tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması istiqamətində bir-birinin səylərini dəstəkləmələri nəzərdə tutulub. Şübhəsiz, bu məqamın qabardılması Birləşmiş Ştatların yeni administrasiyasının anti-Çin mövqeyi üzərinə oyun oynamaq məqsədi daşıyır.

Əslində, qəribə vəziyyət yaranıb. Erməni iqtidarına yaxın politoloq-ekspert yığını həm diqqətə çatdırdığımız məqamı qabardıb, Vaşinqtonu, bir növ, Bakıya qarşı doldurmaq istəyir, həm də Avropa ölkələrində ABŞ-a qarşı yaradılan kampaniyadan yararlanmaq eşqinə düşüb. İkinci cəhət üzrə təxminən belə xətt nəzərdə tutulur: Vaşinqton hər şeyi Rusiyaya güzəştə getdiyi kimi, Cənubi Qafqazı da güzəştə gedəcək. Mövcud kontekstdə Azərbaycanın “təcavüzkar siyasəti” gündəmə gətirilir. Baş nazir Nikol Paşinyan və komandası bu ritorika ilə Avropanın anti-ABŞ köklənişinin Ermənistan müstəvisini formalaşdırmağa çalışır. Yəni, hay hakim komandası “köhnə qitə”nin Ukrayna ilə bağlı köklənişini Cənubi Qafqaza gətirməyə cəhd göstərir.

Baxın, Ermənistanın Avropada başlıca dəstəkçisi olan Fransanın Prezidenti Emmanuel Makron ötən həftə özünü Napoleon Bonapart kimi aparmış, Avropanın Rusiya ilə mübarizəsinin anonsunu vermişdi. Hiss olunmuşdu ki, rəsmi Paris ayrıca anti-Rusiya cəbhəsi yaratmaqda israrlıdır. Baxmayaraq ki, Avropa İttifaqının özündə də Moskvaya qarşı müharibə baxımından yekdil fikir yoxdur.

Ukrayna məsələsində Avropanın yekdil fikri yoxdursa, Ermənistana münasibət baxımından tutarlı nəyinsə yaşanacağı şübhəlidir. Üstəlik, Azərbaycanın Aİ ölkələrinin əksəriyyəti ilə əlaqələrinin dinamikliyi də vurğulanmalıdır. Belə bir durumda Parisin dirənişi həlledici ola bilərmi? Yaxud nə dərəcədə həlledicidir? Rəsmi İrəvan hazırda məhz bunun, daha doğrusu, lazımsız məsələnin üzərinə oyun qurur. Amma Paşinyan tərəfdarlarının ayrıca fitnəkarlıq konsepti də mövcuddur. Fitnəkarlıqda Vaşinqton dairələrinin Cənubi Qafqazı Ukraynadan daha fərqli mövqeyə çıxaracaqlarına dair ümid işığı var. Əvvəldə haqqında söz açdığımız Azərbaycan – Çin əməkdaşlığını gündəmə gətirmək də “ümiddən” qaynaqlanır.

Bəli, ABŞ-ın Cənubi Qafqazda fərqli siyasət yeritməsinə inanan rəsmi İrəvana yaxın çevrələr bildirirlər ki, Azərbaycan “İranı şimaldan blokadaya almaq” tezisi ilə Ermənistandan dəhliz (Zəngəzur dəhlizi – red.) zəbt edərsə, Çinin Orta dəhliz təşəbbüsü asanlaşacaq. Həmin çevrələr düşüncələrini qüvvətləndirmək məqsədilə Pekinin rəsmi Tbilisi ilə də strateji tərəfdaşlığa malikliyi məsələsini gündəmə gətirirlər.

Zəruri haşiyə çıxaq. Hazırda baş nazir Paşinyanın əlində olsa, Fransanı və Avropadakı digər havadarlarını unudub tamamilə ABŞ-ın tərəfində dayanar. Sadəcə olaraq, o, Amerikanın ölkəsi ilə əlaqədar mövqeyini bilmir. Nikolun tələm-tələsik Vaşinqtona səfəri də onda müsbət qənaət formalaşdırmadı. Buna görə də rəsmi İrəvan ən müxtəlif variantları nəzərdən keçirir. Həmin variantlar sırasında hətta Rusiya ilə soyuq olan münasibətləri düzəltmək niyyətləri də var. Ancaq, Kremldən Nikola düz-əməlli cavab yoxdur.

Əlqərəz, Azərbaycanın məqsədinin, guya, Çinin regional maraqlarının təminatına yönəldiyi rəyini formalaşdırmağa girişmiş Ermənistanın hakimiyyətə yaxın ekspert cameəsi iddia edir ki, Gürcüstan da Pekinin mövqeyinin müdafiəçisidir. Bu qütb Çin konsorsiumunun Gürcüstanın Anaklia Dərin Dəniz Limanının idarəsinə dair tenderin qalibi olmasını vurğulayır. Ən əsası isə Paşinyan tərəfdarları sözügedən limanın vaxtilə ABŞ-ın maliyyəsi hesabına tikildiyini qabardır və bildirirlər ki, Çin yükləri Orta Asiya ölkələrindən Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya daşınacaq.

Ən başlıcası, haylar iddia edirlər ki, Azərbaycan Ermənistanda dəhliz zəbt etməklə, Çinə alternativ nəqliyyat marşrutu verir və guya, Pekin kimi güclü oyunçuya arxalanmaq, Bakıya həmin dəhlizin (Zəngəzur dəhlizi – red.) işğalını legitimləşdirmək imkanı yaradır. Nəticə etibarilə, Vaşinqtona təxminən belə bir mesaj ünvanlanır: Baxın, Azərbaycan və Gürcüstan Çinin maraq və mənafelərini qoruyur, Ermənistan isə Qərb xəttinə sadiqdir.

Məlumdur ki, Ermənistan 44 günlük müharibə məğlubu kimi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirmir, Naxçıvana maneəsiz yolun təminatından boyun qaçırır. O yol ki, eyni zamanda, Zəngəzur dəhlizi ideyasından qaynaqlanır və yekunda Şərqdən Qərbə yükdaşımaları üçün optimal variantdır. Üçtərəfli bəyanatın 9-cu bəndində həmin yolda təhlükəsizliyin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilməsi göstərilib. Erməni ekspert kəsimi mövcud məqamı da qabardır. Bu kəsimin təmsilçiləri məsələyə Türkiyəni də qataraq Bakı və Tbilisi ilə yanaşı, Ankara və Moskvanın da birlikdə Pekinin maraqlarının icrasına çalışdıqlarını vurğulayırlar.

D.Trampın İrana münasibəti, yumşaq desək, yaxşı deyil və Paşinyan tərəfdarları hesab edirlər ki, İrəvanın Tehranla münasibətlərini sabit saxlamaqla, İslam respublikasını Azərbaycana qarşı istifadə etmək mümkündür. Ölkəmizin İranı, guya, blokadada saxlamaq istədiyinə və ABŞ-ın Ermənistanın işğalını gerçəkləşdirməyə imkan tanıyacağına dair ritorika da bundan qaynaqlanır. Yəni, Ermənistan İranı da sipər kimi görmək istəyir. Daha dəqiq desək, Tehran İrəvan üçün ikincinin özünə sərfəli ilk durumdaca asanlıqla imtina edə biləcəyi sipərdir.

Digər tərəfdən, erməni ekspertlərin vurğuladıqları bir məqam da var. Onlar Çinin İranı, belə demək mümkünsə, çətin vəziyyətdə qoymayacağını bildirirlər. Bunun üzərində dayanmaq da ABŞ-ın hazırkı administrasiyasının Pekinlə yanaşı, Tehrana qarşı da zidd mövqeyinə hesablanıb. Hər bir halda, hay politoloqlar Ermənistanı Qərbin adası qismində göstərirlər. Onların “Ermənistan ərazisindən keçən Azərbaycan – Türkiyə yolları Rusiyanın, Azərbaycanın və Çinin nəzarətində deyil, Ermənistanın nəzarətində qalması ABŞ-a sərfəlidir. Bu marşrutlar Ermənistanın suverenliyinə əsaslansa, ABŞ-ın onlara nəzarət imkanı olacaq” kimi fikirləri də Ağ evi şirnikləndirmək məramından qaynaqlanır. Erməni ekspertlərin, necə deyərlər, tutacaq yerləri də var. Elə isə yazımızın ikinci hissəsinə keçid alaq.

***

Məlum olduğu kimi, 2025-ci il yanvarın 14-də Ermənistan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Sənəddə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması kontekstində dövlətlərin suverenliyi və yurisdiksiyası vurğulanır. Ermənistan – ABŞ sazişində deyilir ki, birincinin dənizə çıxışı yoxdur və ümumən qlobal ticarət bazarlarına çıxışın məhdudluğu səbəbindən problemlərlə üzləşir. Sənəddə İrəvanın qorunmasının labüdlüyünü əsaslandıran başlıca tezis budur. Bu tezisə görə, Vaşinqton Ermənistanın “Dünyanın kəsişməsi” təşəbbüsünü təşviq etməklə, İrəvanın daha geniş regional nəqliyyat şəbəkələrinə inteqrasiyasını dəstəkləyir. Erməni ekspertlər bildirirlər ki, Tramp Administrasiyası mövcud məqamı, yəni, İrəvana dəstəyin vacibliyini nəzərə alır.

Amma necə nəzərə alır, məsələ bundadır. Azərbaycanın Zəngəzur dəhlizi ideyası Ermənistanı blokadada saxlamaq yönümlü deyil və məsələ barədə ölkəmizin rəsmiləri dəfələrlə açıqlamalar veriblər. Hərçənd, Paşinyan iqtidarına və onun xaricdəki havadarlarına bu, kifayət deyil. Onlar erməni avantürizminin diri saxlanılmasını istəyirlər. Belədə maraqlı durum yaranır. Tutalım, Tramp Administrasiyası Ermənistanın da qorunmasının vacibliyi üzərində dayanır. Ancaq vaciblik ABŞ – Ermənstan Strateji Tərəfdaşlıq Xartiyasının ruhundanmı irəli gəlməlidir?

Bir halda ki, Tramp özündən əvvəlki Bayden hakimiyyətinin bütün qərarlarını inkar yolu tutur, niyə erməni avantürizminin dirçəldilməsinə yönələn sənədə söykənsin? Böyük anlamda yanaşsaq, Çini cilovlamaq mümkünsüzdür. Yaxud, bunun başqa yolları var. Rusiya və Çin olan yerdə İrana qarşı kampaniya da effekt verməyəcək. Yəni, Ağ evdə məsələ barədə düşünmürlər? Əlbəttə, düşünürlər və bu baxımdan demək olmaz ki, Vaşinqton Ermənistan üzərinə ciddi siyasi sərmayə yatırmaq istəyir. Ermənistana dəstək, yalnız, “erməniləri də dolandırın” məntiqindən qaynaqlana bilər. Deməli, hay ekspert cameəsi xəyallara dalmasa, daha yaxşıdır.

Üstəlik, erməni “başbilənlər” ABŞ-ın Türkiyəni ələ alacağını da düşünməməlidirlər. Eyni zamanda, ABŞ artıq Avropanı da “bəsləmək” istəmir. “Köhnə qitə” üçün ən yaxşı “yem” isə Çin məhsullarıdır. Trampa görə, həmin məhsullar Amerika bazarına girməkdənsə, Avropa bazarına daxil olsa, daha münasibdir. Hansı yolla daxil olacaq, bu, yalnız təfərrüatdır. Yəni, indiki durumda Ermənistan özünü dünyaya təfərrüat ampluasında təklif edir. Mövcud ampluanın başqa təzahürləri də var.

Qeyd edək ki, baş nazir N.Paşinyan bir müddət öncə qələmə aldığı məqalədə regional kommunikasiyaların açılması məsələsində Türkiyə amili üzərində dayanmışdı. Onun sözlərindən belə çıxmışdı ki, başlıca vəzifə Laçın – Kornidzor – Marqara marşrutu üzrə hərəkəti təmin etməkdir. Nikol avtomobil yolu kimi nəzərdə tutulan bu marşrutun davamı olaraq Gümrü – Qars dəmir yolunun üzərində dayanmışdı. O, həmçinin, regional kommunikasiyaların açılmasının dəmir yolu seqmenti baxımından ayrıca təklif də irəli sürmüşdü. Həmin təklifə görə, Azərbaycandan Naxçıvana dəmir yolu olmalı, yolda gömrük və sərhəd nəzarəti tətbiq edilməlidir. Ən maraqlısı isə Paşinyanın, bir növ, şərt kimi irəli sürdüyüdür.

Sən demə, Azərbaycandan Naxçıvana yol özündə Mehri – Yerasx marşrutunu ehtiva edəcəyi təqdirdə mümkündür. Nikol bunu “Ermənistandan Ermənistana yol” kimi qələmə verməklə, rəsmi Bakının “Azərbaycandan Azərbaycana yol” təklifinə qarşı çıxır, beləliklə, Naxçıvana yolun dəmir yolu mahiyyətini qəlizləşdirir.

Deməli, regional kommunikasiyaların blokdan çıxarılması kontekstində rəsmi İrəvanın razılıq verdiyi ancaq Laçın – Kornidzor – Marqara (Azərbaycandan və Ermənistandan keçməklə Türkiyəyə doğru - red.) marşrutudur. Hay ekspertlərin bildirdikləri onu söyləməyə əsas verir ki, rəsmi İrəvan Birləşmiş Ştatların Türkiyəni buna razı salmasına ümid bəsləyir. Həqiqətən gülməli və aciz düşüncədir. Ancaq bu düşüncə müqabilində Ermənistanın ABŞ-a güzəştləri də var. Məsələn, ölkənin dəmir yollarının Birləşmiş Ştatların sərəncamına verilməsi. Hayların yadına, hazırda Rusiyanın mövcud istiqamətdəki öhdəliklərini, guya, yerinə yetirmədiyi düşür və onlar məsələni ictimailəşdirirlər. Söhbət Moskvaya məxsus “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin milyonlarla dollar kəsirlə işləməsindən gedir. Sən demə, bu, Ermənistanın Rusiya şirkəti ilə konsessiya müqaviləsinin ləğvinə əsas verirmiş.

Göründüyü kimi, hazırda Ermənistan rəhbərliyi, ona yaxın ekspert və politoloqlar, ötən beş ildə olduğu kimi, var gücləri ilə Azərbaycana qarşı çıxır, regionda yeni reallıqlar formalaşdırmağa çalışır, ən ağlagəlməz metod və vasitələri gündəmə gətirirlər. Halbuki, bütün bunlara ehtiyac yoxdur. Onlar bir məqamı düşünməlidirlər ki, Ermənistan adlı dövlətin nəinki hansısa iqtisadi üstünlük qazanması, eləcə də onun gələcəkdə varlığı məhz Azərbaycandan asılıdır. Bu düşüncənin hay cəmiyyətində, ümumən hakim elitasında dərk edilmədiyi hər gün isə ölkənin zərərinədir.

Ə.CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Mart 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see138

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see121

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see121

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see119

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see116

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see116

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see115

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see114

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri