Icma.az
close
up
RU
525 ci qəzet Akademik musiqimiz üçün ağrılı ehtimallar Sevinc Mürvətqızı yazır

525 ci qəzet Akademik musiqimiz üçün ağrılı ehtimallar Sevinc Mürvətqızı yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sevinc MÜRVƏTQIZI

Ömrümüz boyunca, zaman-zaman, istəsək də, istəməsək də, "lazım olanlar"la "vacib olanlar" arasındakı yarı dumanlı yolda tərəddüdlərimiz bizi girinc edir. Həyatımızın gündəlik axışı fiziki varlığımızın "lazım olanlar"a yönəlməsini istəyir, amma o çılğın axışın içərisində unuduruq ki, əslində ruhumuzu formalaşdıran və dərinləşdirənlər "vacib olanlar"dır. Lazım və vacib arasındakı o incə cizginin alt qatında cismani ilə mənəvinin bir savaşı gedir əslində. Bir səngərdə - funksional baxımdan ehtiyac piramidasının alt qatında "lazım"lar, digər səngərdə isə yalnız ehtiyacımızı deyil, həm də bizi formalaşdıran, düşüncə və duyğularımızı zənginləşdirən, daha yüksək mənəvi, mədəni, estetik, ruhani dəyərlərə xidmət edən "vaciblər"... Və ikinciyə, adətən, "Ordan-burdan" eşitdiyimiz "nolsun?!"vari reaksiyamız da hazır, üst ayaqda olur çox vaxt...

Haqqında söhbət açacağım - hazırda az qala formal mövcudluq mərhələsinə geriləyən akademik musiqi, o cümlədən də aqoniyaya yaxın dönəmində olan balet sənətinin vacibliyi mövzusunun hansı reaksiyaları tətikləyəcəyini bəribaşdan təxmin edirəm. Elə əvvəldəncə, mərhum aktyor Səməndər Rzayevin "Hidayət müəllim" kimi söylədiyi və kino tariximizdə dipdiri qalan məşhur cümləsini təkrarlamağa ehtiyac duydum: "Bu kino ki var, çox qəliz məsələdir: həm qəlizdir, həm də ki vacib!" Bu fikri akademik musiqi sənətimizin bugünkü durumuna şamil etməyimizə nə mane ola bilər? Bəzən "elit sənət" adlandırılıb kütləvi olanın qatı kölgəsində "gizlədilən" opera, simfonik musiqi, balet kimi yüksək sənət növləri əslində bizi insan edən duyğuların ən saf təzahürüdür. Bu gün, cəmiyyət olaraq, onları unudulmağa məhkum qılıb gözdən qırağa, könüldən irağa sürgün etmək meylimizlə, milli tarixi musiqi ənənələrimizlə vəhdətdə ucalan bu yüksək sənət növlərinə arxa çevirməklə, həm də ciddi sənətin ruhuna ögey münasibət sərgiləmiş oluruq.

Bu dramatik məqamdaca simfonik orkestrlərin vazkeçilməz zərb sədası olan "orkestr boşqabları"nın (digər adıyla "cymbal") bir-birinə möhkəm vurulmasından ortaya çıxan vahiməli melodiya ilə qulaqlarımız cingildəsin: dövlətin ali rəhbərliyi bir azca, hətta ötəri belə qayğı-himayə əlini bu sahədən çəksə, ölkədə akademik sənət növləri və kollektivləri adına nə varsa, hamısı dərhal, lap ertəsi gündəncə tənəzzülə üz qoyar! Biganəliyimiz, yarıtmazlığımız, zövqsüz faydaçıllığımızla bu sahənin amansızcasına axırına çıxarıq! Allah özü bunu bizə rəva bilməsin!

Bununla bağlı mövzular zehnimi zaman-zaman məşğul edərkən təsadüfən (təsadüf də təvafüqdür əslində...) bu günlərdə oxudum ki, Azərbaycanın Xalq artistlərindən birinin son günlərdə təqdim etdiyi "portret mahnı"sında Gürcüstan simfonik orkestrinin müşayiətindən istifadə edilib. Buyurun, vəziyyətimizə bir də buradan baxın... Aydın məsələdir ki, bizim simfonik orkestrlərimiz hazırda lazımi tələblərə cavab versə də, onlara olan münasibətimiz yetərli deyil, yoxsa elə bu müşayiət özümüzdə olardı, ta burdan durub basa-basa dağlar aşıb çaylar keçməyə dəyməzdi. Axı Azərbaycan Dövlət Simfonik Orkestrinin yaranmasının əsrdən artıq yaşı və möhtəşəm uğurları, ənənələri var. 1920-ci ildə Azərbaycan peşəkar musiqi sənətinin bir çox ilklərinə imza atan dahi bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaradılıb. Azərbaycan akademik musiqi sənətinin bir çox sahəsini təkbaşına çiyinlərinə alıb tarixin zirvəsinə qaldıran Üzeyir bəy bəlkə də hazırkı durumu və bizdəki münasibəti görsəydi, yenə də mətbuat tariximizin növbəti möhtəşəm satirik felyetonlarını yazardı... Onun zamanında da nəinki akademik sənət sahələrinə, elə milli mətbuata, mədəniyyətə və Cümhuriyyətə də "nəmə lazım?" ritorikası ilə yanaşıb ancaq "aşağı ehtiyac pərdələrində gəzişən" güruhun qarşısına çıxan, gələcəyi aydınlatmaq üçün çalışan milli aydınlarımız vardı və yaxşı ki, vardı... O aydınlar 1906-cı ildə "Molla Nəsrəddin" qiyafəsində görünmüşdülər həmin güruhün gözlərinə: "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə".

"O kəslər"ə nəinki ciddi akademik musiqi, heç milli mətbuat da lazım deyildi. Hələ ondan bir qərinə əvvəl Allahın kəsdiyi o kəslər görkəmli maarifçi, "muradı xalqın gözünü açmaq" olan Zərdabini "Gavur Həsən", "Şapkalı Həsən" kimi ayamalarla küçələrdə hədələyir, təqib və təhqir edirdilər... Xoşbəxtlikdən, bizim klassik aydınlar elə bir maarifpərvər ruha və ləyaqətə malik idilər ki, heç bir təqibdən çəkinməyərək o dəhşətli "nolsun", "nəmə lazım" ritorikasının qarşısına... İndi mürəbbəli pürrəngi çayla kompüterin klaviaturasına (misal üçün, mənim kimi) tıqqıldadıb ölkənin ən oxunan qəzetində dərc olunmağa bənzər yanı yoxdur bu vəziyyətin: 100 il əvvəl yox yerdən nələrsə yaradıb bəzən hətta canı, ömrü bahasına xalqı maarifləndirərək millət yaratmağa yönələn müstəsna cəsarət işi idi bunlar...

1908-ci il... Elə ilin beləcə qış fəslində "müsəlman dilində əvvəlinci dəfə opera" - "Leyli və Məcnun" ariyaları ilə Şərq Bakısında yer yerindən oynamışdı. Və zaman o zaman idi ki, keçən əsrin Bakısının küçələrində "mütrüflərin" qənimləri - qoçular dolu naqanlarla dolaşırdılar... Belə məqamda Məcnunun atasının ariyasına qoşulub "Nə seyrdəsən, sənə tələb nə? Bu naleyi-zarinə səbəb nə?" deyib məndən soruşursunuzsa, əslində "Mən, nə hacət ki, qılım şərh sənə hali-dilim, Dili-zarimdə nə kim var, bilirsən, bilirəm". Hər şey gün kimi açıqca əyan-bəyan ortadadır... Amma indi mənim işim "dili-zarim"dəkini yazıb bildirəndən və heç nədən hər şey yaradan babalarımızın bizə bəxş etdiyi mənəvi-mədəni mirasa daxil olan nələr varsa, bunların qorunub inkişaf etdirilməsi, gələcək nəsillərə çatdırılması ilə bağlı elə həmin operanın "Sən söylə, mən eyləyim sərəncam" ariyasındakı kimi işıqlı, mütləq ümidə söykənməkdir...

Müasir dövrün insanı "tezbazar" əsrində, "fastfud" çağında istisnasız hər şeyi inanılmaz sürətlə istehlak edərək yaşayır. Zamanın tələbi ilə diqqəti modern texnologiyaya və səthi zövqlərə yönəlir. Bu qaçaqaç içərisində akademik sənətin sakitlik, dərinlik, təmkin tələb edən təbiəti hərdən dayanmağımızı, dinləməyimizi, eynən hindu-şamanların dediyi kimi, ruhumuzun qabaqda qaçan bədənimizin sürəti ilə ayaqlaşması üçün yavaşlamağımızı istəyir. Simfonik musiqi özündə topladığı rəngarəng melodiyaların minor-majoru ilə bəzən süni şəkildə dramatikləşdirdiyimiz ömrümüzün notlarına təfəkkürlə nəzər salmağımıza, həqiqi olanı düşünməyimizə vəsilə olur. Həyatın bəzən ağır ləpirlərlə üzərimizdən keçdiyi vaxtda isə balet varoluşun mədəni qütbündəki incəlik və gözəlliyin balerinaların xəfif barmaqucu addımları, duruşları ilə parallel mədəni dünyadakı zərifliyin misilsizliyini bizə xatırladır. Balet xoreoqrafik dilin zəngin ifadəsi ilə tamaşaçıya hərəkət və musiqinin harmoniya içində birləşdiyi bir dünyanın qapısını aralayır, burada hər bir jest və addım yeni bir hekayə danışır. Və bu hekayənin bəzən özümüzün "roman"ından daha dəyərli hissəsini yavaşlayaraq, ruhən dinc şəkildə olduqda anlaya bilirik. Buna görə də akademik sənətin bəxş etdiyi o ruhi sükunətdən qaçırıq. Çünki dərinlərdə özümüzün bəsit əyləncələr, məqsədsiz və kütləvi yaşam "zövqi-səfası" ardınca qaçan versiyalarımızla üzləşmək istəmirik. Akademik sənətlər arxa plana atıldıqca, biz də bu məsələlərin maddi və mənəvi həllinə birbaşa rəsmi aidiyyəti və cavabdehliyi olan qurumların bəstəboy məsuliyyətindən törəyən çatışmazlıqları bəhanə bilib "süni kütləvi mədəniyyət qələbəliyi"nin içərisinə qarışırıq...

Formal mövcud olan akademik sənət sahələrimizin içərisində "Qız qalası"ndan başlayan, "İldırımlı yollarla" keçən "Babək" kimi ötən əsrin 40-cı illərindən bəri tarix səhnəsində görünən Azərbaycan baletinin vəziyyəti bu gün xüsusilə aqonikdir: təxminən, zədələnmiş ayaqları qan içərisində olan sənət fədaisi bir balerinanın baş barmaq uclarına qalxıb zahirən çox zərif, amma son dərəcə mürəkkəb və zəhmətli "puant"lı balet elementinə bənzəyir... Və bilirik ki, sənət nümayişindən çox can çəkişməsini xatırladan bu tərzlə, "o zədəli ayaqlarla" çox uzağa getmək mümkün deyil... Belə candərdi, sadəcə mövcudluq xətrinə var olan "sənət sevgisi performansları" ilə növbəti möhtəşəm "Yeddi gözəl", "Məhəbbət əfsanəsi" yaranmayacağı hamımıza bəllidir... 2000-ci illərdən sonra göydən düşən tək-tük "Sehrli alma"nın sevinci ilə "Ümid valsı" oynamaqla yoluna düşəcək işlər deyillər bunlar. Burada mütləq dövlətin, ali rəhbərliyin diqqət və qayğısının müvafiq qurumlar və cavabdeh məmurlar tərəfindən daha fəal, bəhrəli şəkildə həyata keçirilməsi vacibdir... Yeri gəlmişkən, Heydər Əliyev Fondunun Azərbaycan muğam sənətinin qorunması və düzgün, əhatəli təbliği ilə bağlı uğurlu platformasını, bu unikal sənətimizin layiq olduğu yüksək səviyyədən enməsinin, xudmani "auditoriyalar"a məhkum qalmasının qarşısını alan məqsədyönlü xəttini örnək kimi mütləq xatırlamalıyıq. Bu misilsiz örnəkdən ilhamlanaraq aidiyyəti strukturlar tərəfindən akademik sənət cameəsinə xüsusi diqqət və qayğıyla yanaşılsa, "Min bir gecə" danışılacaq xarüqələrin yenidən yaradılması mümkündür...

Yazının əvvəlində qeyd olunan "lazım, yoxsa vacib" kriteriyasından yanaşsaq, heç keçən əsrin əvvəllərindəki "bəzi kəslərə" də millətin mənəvi yüksəlişinə, estetik zövqünün formalaşmasına yol açan nələrsə lazım deyildi. Lazım kriteriyasına qalsaydı, "it boğuşdurub xoruz döyüşdürən" o kəslərə heç Cümhuriyyət də gərək deyildi onda. Cümhuriyyət qurucularımız - o azman tarixi şəxsiyyətlərimiz həmin dövləti qurmasaydılar, çar boyunduruğunda yaşayıb poçt qutularının dibində məzlum şəkildə məktub keşiyi çəkəcəkdik, uzaqbaşı "Tarixi-Nadir"i yarıya qədər oxuyub, Həsən bəy demiş, "Allahdan buyruq, ağzımıza quyruq" deyib duracaqdıq. Haramıza yaraşacaqdı akademik musiqi dinləyib milli "qəzetələrdən" yazılar oxumaq? Fəqət, şükür ki, "müsəlmanların millət təəssübü çəkən kəsləri elə ondaca dərin, əsaslı narahatlıqla haray qoparırdılar: "Bir gözünüzü açıb dünyaya tamaşa edin və fikirləşin: Tələf olmaqmı istəyirsiniz?"... Hələ onda o parlaq millət təəssübkeşləri bilirdilər ki, tələf olmaq təkcə fiziki baxımdan deyil, mədəniyyətinə, dilinə, tarixinə, mənəvi irsinə sahib çıxmayanda da baş verir... Onlardan sonrakı böyük şəxsiyyətlərimiz, xüsusən Heydər Əliyev kimi nəhəng dövlət adamı təhsilin, sənətin, musiqinin inkişafını bir vəzifə kimi qəbul edir və vurğulayırdılar ki, mədəniyyətin inkişafı üçün teatr da, opera da, kino da, balet də, simfonik musiqi də lazımdan da ötə - vacibdir.

Ümumən modern bəşər nəslinin həyatın rutin axışında və maddiyyat axtarışında olduğu, artıq mənəvi və estetik zənginlikləri arxa plana keçirdiyi müasir çağımızda - yalnız gözlə görünən və hər kəsə "lazım" olanlardan iraqdakına - akademik sənətə - ruhumuzu, düşüncə və zövqümüzü formalaşdıran o əsl "vacib" olanlara sahib çıxmaq ən önəmli missiyalardandır. Çünki milli və bəşəri aspektdə gerçək mənəvi kimliyimiz məhz ciddi mədəni irsin və yüksək akademik sənətin qorunub inkişaf etdirilməsinə bağlıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Fevral 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see112

Milan Reyndersi rekord qiymətə sata bilər

30 May 2025 18:31see111

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see111

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri