Icma.az
close
up
RU
525 ci qəzet Davadan qayıtmayan cavanlara : İsanın möcüzəsi Sevinc Mürvətqızı yazır

525 ci qəzet Davadan qayıtmayan cavanlara : İsanın möcüzəsi Sevinc Mürvətqızı yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Sevinc MÜRVƏTQIZI

...Uzun illər əvvəl hələ gənclik çılğınlığı ilə "ruhun bədəndən oynadığı" vaxtlarda sevgi şeirlərini "xatirə dəftərləri"mizdə qoruyub saxlayanda şair İsa İsmayılzadənin həsrət dolu eşq misraları dilimizin əzbəri idi. Bir vaxt "on beş yaşlı sərt həvəsimiz"i "otuz yaşlı gur nəfəsimiz", ardınca "qatarlarda, təyyarələrdə, gəmilərdə - sənəd kimi öz yanımızda gəzdirdiyimiz həsrət" çağı əvəzləmişdi. Və beləcə "həsrətinə gücüm çatmır, sənə - əlim, istəyirəm, həsrətini meşələrə, dənizlərə atıb gəlim - bacarmıram" acizliyi ilə taleyə də, həsrətə də yenilib təslim olmuşduq... "Sol tərəfdə ürək, sağda - xəyalın, arada - boşluq. Mən isə yenə də sizə qoşulub, çıxıram yollara ayağıyalın..." havasıyla dünyanı çəhrayı rəngdə gördüyümüz o çağlar, əlbəttə, ötüb keçəcəkdi. Ömrümüzün "hələ uşaqsınız, nə yaşınız var..." dönəmini atlayandan sonra "nə qədər yalan udmuşam, nə qədər qəzəb, neçə arzuma başsağlığı verilməyib, nələr keçib könlümdən, yuxumdan..." təəssüfünü də yaşayacaqdıq...

Ömrü boyu bir kənara çəkilib iddiasız şəkildə və "insafsızcasına" gözəl əsərlər yazan İsa İsmayılzadənin dəyərli poetik irsində dərin psixoloji mənalı "Güllələr demədi" şeiri - müharibənin fiziki və mənəvi olaraq məhv etdiyi gəncliyin faciəsini, insanın ruhunu şırımlayan intəhasız kədərin izlərini özündə möhürləyən mühüm ədəbiyyat hadisəsidir. Bu şeir gəncliyin itirilmiş ümidlərini, yaşamaq arzusunu, xiffət dolu iztirablarını əks etdirən gözəl bədii vətənpərvərlik miniatürüdür. Hər dəfə oxuyanda, dinləyəndə sarsılıb bu şeirin "qollarına" başımı söykəyib için-için ağlamışam. Dərd kimi ürəyə oturan misraları təəccüblü şəkildə həm də açdığı yaraya dərman olub... Bu şeir ovqatın lirik vaxtında yazılan sadə poetik nümunə deyil, bir xalqın zaman-zaman elindən və evindən gedənlərinə söylədiyi elegiyanın ümumiləşmiş halıdır... Məzmunu, mahiyyəti, ifadə tərzi, ruhani-mənəvi atmosferi ilə yanaşı, şeirin strukturundakı məntiqi (həm də həyati) ardıcıllığa uyğun psixoloji lövhələrin təsirli bədii təsviri ilə müharibənin alt-üst etdiyi bütöv bir "dünya" yaradılıb:

Getdilər... Getdilər fit çala-çala,

Getdilər atları çimizdirməyə -

Bizi aparmadılar,

Qulançar yığmağa, moruq dərməyə...

Təbiətlə iç-içə, canbir qəlbdə yaşayan gənclərin gündəlik həyatdakı təbii anlardan zövq aldığını simvollaşdıran misilsiz söz tablosu... Onların səmimiyyətini və sevincini əks etdirən "fit səsi" həm də daxili azadlığın, təbiətə uyğun yaşamaq arzusunun və uşaqcasına qayğısızlığın ən təbii sədasıdır. Bu fit, gənclərin sadə, qayğısız və təbii həyatın içində özlərini tapdıqlarını göstərir. Və ürək göynədən məqam odur ki, hələ heç tam böyüməmiş, uşaqlıqla gəncliyin sərhədində olan o yeniyetmələrin heç ağıllarına da gəlmir ki, yaşadıqları bəsit, fəqət çox qiymətli anlar təkcə məişət və təbiət rutini deyil, bir müddətdən sonra əllərindən ömürlük alınacaq həyatın ta özüdür...

Yalvarıb-yaxarıb dil tökəndə biz,

Onlar üstümüzə od ələdilər,

Qışqırıb-təpinib hədələdilər:

"Hələ uşaqsınız... nə yaşınız var..."

Bir gün xəbər gəldi: dava başlanıb...

Onlar əsgərliyə çağırıldılar.

Nə tütək çaldılar, nə fit çaldılar,

Fikirli oldular, ağır oldular...

Müharibə dəhşətinin insan ruhundakı tufandan əvvəlki sakitliyinin bu qədər gözəl ifadəsi düşündürür də, ağladır da... Bir sadə "dava başlanıb" cümləsi ilə nəsillər, rollar və daha nələr yerlərini dəyişir... Bircə bəndlə sonu göz yaşı ilə bitən bir film keçir gözlərimizin önündən...

Qayğısız həyatdan birbaşa müharibəyə atılmaq məcburiyyətində qalan gənclərin psixoloji əhval keçidi, sevmək azadlığından ölüb-öldürülmək məhkumiyyətinə, ümiddən qorxunun bilinməzliyinə doğru bir səfəri lirizmin zirvəsində insan ruhunun dərinliklərini anladır: Bir cümlə ilə ömrün "tütək-fit çalmaq", "moruq dərmək" kimi sadə zövqlərinin həmişəlik itirilməsi, böyüməyin gətirdiyi ağır, qaçılmaz reallıqlar, həyatın sərt üzü ilə üzləşmək məcburiyyəti... Və o məcburiyyət o yeniyetmələri yetkinləşdirib bu dəfə həqiqətən kişiləşdirir. Dünən çayda deyə-gülə at çimizdirən, çənələri moruq ləkəsinə bulaşan yeniyetmələr bir xəbərlə bu gün ağır, fikirli, oturuşmuş adamları olurlar. Onlar yenə əsl kişi kimi qoruyurlar sevdiklərini - bu dəfə yalvararaq:

Yola salanlara qoşulanda biz

Yalvarıb-yaxarıb, dil tökdü onlar:

"Gəlməyin, qayıdın... geri qayıdın...

 Qayıdın atları çimizdirməyə,

Qulançar yığmağa, moruq dərməyə".

Şeirin film kimi davam edən süjetində - struktur ardıcıllığında növbəti lirik lövhə yenidən heyran edir. "Dava"nın başlanması xəbərinin yaratdığı dözülməz ruh düşkünlüyünü - təkcə arzuları yarımçıq qalan gənclərin deyil, elə hamının üzərinə sanki alovlanan tonqalın üstünə yağan qəfil selləmə gurşad kimi əndərmişdilər:

Onların yoxluğu düşdü araya,

Oyunlar, "məclislər" qaldı yarımçıq.

Toylar da seyrəldi, toyxanalar da,

Aşıq da havanı çaldı yarımçıq...

Şair poetik möcüzə sərgiləyib müharibənin sadə həyatların ahəngdar gedişatını pozmasının həyati və lirik təsviri ilə - sanki "yarımçıq qalasan" qarğışına keçən bir neçə nəslin (generasiyanın) müqəddəratını göz önünə sərir:

Kəndimiz yamanca uralanmışdı,

Hərdən korun-korun yanırdı ocaq.

Bir ağzıgöyçək də qaralanmışdı:

"Deyəsən, gedənlər qayıtmayacaq..."

Bu bənddə dilimizin yaddaş saxlancından misilsiz ifadələrin seçilib şeirə gətirilməsi faktından əlavə, fonetik səslənişdəki ahəngin gözəlliyi də ürəkdə yuva salıb hafizədə taxt qurur... Gedənlərin halı isə qalanların əhvalından daha faciəli idi. Qalanların sevinci, oyunları, məclisləri yarımçıq idisə, gedənlər hər an ölümlə qol-boyun "oynayırdılar". Hər şey yerini amansızlıqla dəyişmişdi, gənclərin fit səslərini müharibənin əcəl zəngləri əvəzləmişdi: "Mərmilər, güllələr fit çala-çala, hey böyür-başından ötdü onların..." Və qalanlar gedənlərin yerinə keçmişdilər. Uşaqlar bir anda böyümüşdülər, həyat çətinliklərinin ağır yükü düşmüşdü zəif çiyinlərinə, vaxtilə şaqraq gülüşlərlə əylənən gənclər öz yerlərinə - yaşamaq və yaşatmaq üçün "kətmən vura-vura, ot çala-çala yollara baxan" dərd - qayğı yüklü yeniyetmələri qoyub getmişdilər... O ağzıgöyçəyin ümidsizliyi isə başı boş buraxılıb vəhşiləşən atlar kimi düşüncələrin çöl-biyabanlığında dolaşırdı: "Deyəsən, gedənlər qayıtmayacaq..." Gedənlərsə onminlərlə, hətta yüzminlərlə idi... Və o gedib qayıtmayan nakam talelərin çoxluğunu müəllif son bənddə xüsusilə güclü bədii intonasiya ilə ifadə edib. Şeirin üslub xüsusiyyətləri, mətnin dilinin xəlqiliyi, sadəliyi, aydınlığı, struktural təkrarlama və daxili ritm şeirin yaddaqalanlığına xidmət edib. Təkrarlanan ifadələr fikir qüvvətləndirici bədii təkrir olmaqla bərabər, həm də müharibə dəhşətlərinin miqyasının, uşaqlığı bitməmiş gəncliyə atılanların, gənc ikən yetkinləşənlərin, gedənlərin də, elə qalanların da ürəyinə daş kimi basılan ölümə bərabər ayrılığın mənəvi ağırlığının lakonik poetik təsviridir:

Getdilər, getdilər Berlinə sarı,

Getdilər, getdilər ölümə sarı.

Güllələr demədi: geri qayıdın.

Lülələr demədi: geri qayıdın,

Qəlpələr demədi: geri qayıdın,

Hələ uşaqsınız, nə yaşınız var...

"Güllələr demədi" şeiri Azərbaycan xalqının unudulmaz bədii manifestlərindən biridir. İtkilərin və ümidsizliyin həzin, amma sarsıdıcı ağrıyla ifadə edildiyi bu şeirdə qədirbilən həssas oxucuya böyük emosional yüklə yanaşı, o çarəsizliyin alt qatında işıqlı ümid və ölməz insanlıq dəyərləri də təqdim olunur. Yazılmasından yarım əsrdən artıq vaxt keçməsinə baxmayaraq (1971-ci il), bu şeirin yaddaşlarda diri qalması həm də buna görədir.

Bu dünyaya bir də qayıtmağım var...

Bilmirəm çiçəklə, bilmirəm otla,

Bilmirəm ağacla, yoxsa buludla,

Dağları yerindən oynadıb gələn

Dəli qışqırıqla, yoxsa sükutla-

deyə bilmərəm" -

yazırdı. "İsanın poetik möcüzəsinin sehri"nə qapılan biri kimi sonda deyə biləcəyim budur ki, Əlahəzrət Sözün vurğunları hər dəfə misralarının başına dolanıb şeirlərinin qadasını aldıqca, əminəm, İsa İsmayılzadə dünyaya bir də qayıdır...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Fevral 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri