Icma.az
close
up
RU
525 ci qəzet Başa gələr nələr, nələr... Sevinc Mürvətqızı yazır

525 ci qəzet Başa gələr nələr, nələr... Sevinc Mürvətqızı yazır

525.az-dan alınan məlumata görə, Icma.az xəbər verir 525 ci qəzet Başa gələr nələr, nələr... Sevinc Mürvətqızı yazır.

Sevinc MÜRVƏTQIZI

...Başlanğıcda adıyla məni özünə çəkdi bu kitab: "Başa gələr nələr, nələr..." Sevdiyim şair Vaqif Bayatlının şeirindən iqtibas idi. Qeyri-ixtiyari sonrakı misraları pıçıldadım: "Ala gözə qara kədər, yazılıbsa qəza-qədər..." misralarındakı sadəliyin ovsunlayan gözəlliyi... Üz qabığında da qeyd olunduğu kimi, bu avtobioqrafik bədii nəsr kitabını, adətimə uyğun olaraq, əvvəlcə ayaqüstü vərəqlədim: oxunaqlı gəldi...

Yazıçı-publisist, tərcüməçi Səməd Səfərlinin imzası hələ uzun illər əvvəl "525-ci qəzet"dən mənə tanış idi, vaxtaşırı hekayə və məqalələri işıq üzü görürdü. İlk hekayələr kitabı "Üçbucaq" 2010-cu ildə çap edilib. İtalyan yazıçı Antonio Tabukkinin "Pereyra iddia edir" romanı onun tərcüməsində 2012-ci ildə Azərbaycan dilində nəşr olunub. Müəllifin 2024-cü ildə "TEAS Press Nəşriyyat Evi" tərəfindən çap edilən "Başa gələr nələr, nələr..." kitabının gözəçarpan annotasiyası "xarici ölkəyə yollanmış bir tələbənin yaşadığı həyəcanlı, məzəli və macəra dolu əhvalatlar" vəd edirdi. Nəşrin redaktorları Yusif Rzayev, Könül Nəsibova və Kərim Kərimli, illüstratoru Ruhulla Həsənzadədir.

Müəllif kitabın "Ön söz"ündə "ürək-can qoyub" bu hekayələri qələmə almağının, "xatirələri tək-tək qovalayıb sətirlərə düzməyinin" əsas səbəbini elə ilk cümlərdən yumoristik tərzdə nəql edir. Səbəbsə sadə göründüyü qədər də "qəliz"miş: "Beyində müəmmalı ağırlığın məngənəsinə düşmüş, imdad diləyən xatirələrin xilası..." Üstəlik, hafizə gec-tez onu alt-üst edə biləcək xatirələrlə siləbəsilə doludursa, yazmaq lazımdır. Çünki yazıçının qeyd etdiyi kimi, "yaddaşın xəyanəti" daim gözləniləndir... Bu yanaşma mənə həm də sosial psixoloq James Pennebakerin "yazı terapiyası" metodunu xatırlatdı. Kiçik bir fərqlə - buradakı "yaz, qurtul" üsulu psixoloji travmalarla deyil, "başa gələn nələr"isə bir kitabda, el diliylə desək, bədii şəkildə baş-göz eləməkdir. "Ön söz"dəcə müəllifin hər bir yazarın içində yuva salan haqlı narahatlığı da ironik çalarla boy göstərir: "Bu zəmanədə kitab oxuyan qalıbmı?" Hedonik zövqlərin mənəvi-ruhi doyumun önünə keçdiyi "bu zəmanədə" müəllifin sarkastik alternativ variantı da hazırdır: "Deyəcəklər, niyə bu qədər əziyyət çəkirdin? Ondansa bizi babat bir restorana aparardın, qonaqlıq verəydin. Süfrəni başdan-başa doldurardıq, qədəhlərə şərab süzərdik, boğazımızı yaşlayardıq, sən də bu hekayələri bala-bala rəvayət eləyərdin də..." "Ön söz"ün son məzəli ironiyasını müəllif möhür kimi vurur yazının yekununa: "Doğru sözə nə deyəsən, təmiz söhbətdir, vallah..."

Sadə, axıcı, canlı dillə qələmə alınan hekayələrdə yumor, özünəironiya, sarkazm və özünütənqidin müxtəlif çalarları özünü göstərir.

Kitabda baş qəhrəmanın təhsil almaq və iş həyatına başlamaq məqsədilə getdiyi Rusiya və Birləşmiş Krallıq kimi bir çox aspektdən bir-biri ilə ziddiyyət təşkil edən, başqa dilin, fərqli adət-ənənələrin hökm sürdüyü iki cəmiyyətdə qarşılaşdığı maraqlı, həyəcanlı, bəzən də təhlükəli hadisələr və həyatın təkrarsız anları bədii şəkildə təsvir olunur. Bu kitab ümidverici şəkildə uğursuzluq və çətinliklərin də, nailiyyətlər kimi həyatın ayrılmaz parçası olduğunu, bir gün xoş xatirələrə çevriləcəyini xatırladır.

Mətnlərdə müəllifin özünəməxsus sadə, lakin çoxqatlı təhkiyəsindəki dil-ifadə oyunları, simvolizmi və fəlsəfi incəlikləri öz əksini tapıb. Hekayələrin dili o qədər sadə və səmimi təsir bağışlayır ki, oxucu hər bir mətndə özünü həmin söhbətlərin içində, həmin sosial atmosferdə, bəzənsə lap situasiyaların mərkəzində hiss edir.

Kitabın şərti olaraq "Rusiya" və "Birləşmiş Krallıq" bölümlərində yer alan hekayələrdə müəllif oxucusunu ironiya və ya psixoloji təhlil yolu ilə hadisələrin ədəbi axarına salıb apara bilir. Hekayələrin diqqətçəkən cəhətləri müəllifin həm də özünəgülmə bacarığını əks etdirən obrazlı bədii dil, eləcə də hadisələrin gedişatı ilə maraqlanan hər kəsi ümumən pozitivliyə çağıran yaşanmış təcrübələrin prozaik təsviri və zəngin frazeoloji, idiomatik "baqaj"dır. "Rəqqas stəkanlar" hekayəsində fırıldaqçılığa məruz qalan iki nəfərin peşmanlığında olduğu kimi: "...Onda ikimiz də dərk elədik ki, təhsil-filan yaxşı şeydir, faydalıdır, amma həyatda uğur qazanmağın yeganə şərti deyil. Hələ bilmədiyimiz, öyrənəcəyimiz çox incə məsələlər var. Bütün bunları fikirləşə-fikirləşə hiss edirdik ki, qoltuğumuzun "şişi çəkilib". Bəli, çiyinlərimiz boşalmış, qollarımız yanımıza düşmüş, burnumuz "göydən yerə enmişdi"...

Mətnlərdə müəllifin insan təbiətinə və sosial münasibətlərə dair fəlsəfi düşüncələri və təhlilləri həm də şəxsi, mənəvi qiymətləndirmələrdir.  

Səməd Səfərlinin daha çox modernist üslubda qələmə aldığı bu hekayələrin bəzilərində yalın minimalist yazı tərzi ilə və təfərrüatlı təsvirlərə girmədən avtobioqrafik fonda psixoloji, ədəbi lövhələr yaradılıb.

Müəllif ironiya və bəzən absurdluğa varan təhlilləri ilə dünyaya baxışını göstərir, həyatın fərqli perspektivlərini anlamağa çalışır. Hər bir mətnin altındakı dərinliyə enməyə çalışarkən müəllif "ağrısız" məqamları da həm təbəssümlə, həm də düşündürərək oxucuya təqdim edir. Üslubda həm təsvir, həm də təhlil balanslaşdırılıb, baş verənlər bəzən gözlənilməz absurdizmə də meyllənir.

Müxtəlif vaxtlarda Rusiya və İngiltərə kimi sərt kontrast təşkil edən iki ölkədə təhsil alan tələbənin total nəzarət duyğusu ilə (müəllif "Rusiya" bölümündə zorakı polislərin mətnlərdə "görünüb" yaratdığı xof və vahiməni oxucuya da ötürür) "Birləşmiş Krallıq"dakı süni nəzakət pərdəsinə bürünən və bəzən formal xarakter daşıyan azadlıq hissi arasında mənəvi sıxışması mətnin alt qatından hiss edilir. Soyuğu və "soyuqluğu" ilə ilikləri titrədən "nizam-intizamlı" Moskvada da, yağışın əskik olmadığı, sözün hər mənalarında "Dumanlı Albion"un daha çox fərdi düşüncə aşılayan rəngarəng "Reynçestr"ində də hər iki ölkənin təhsil sistemlərinin, mədəniyyətlərinin yaratdığı təbii gərginlik, bədii ziddiyyət kitabda öz əksini tapıb. Əsərin baş qəhrəmanı tələbənin introspektiv baxışları və özünəməxsus kimlik axtarışı isə bütün bu ziddiyyətlərin fonunda hekayələrin təməlini təşkil edir. Avtobioqrafik bədii nəsrdə oxucular yalnız iki fərqli ölkənin mədəniyyətini deyil, həm də tələbənin daxili dünyasında baş verən kontrast dəyişiklikləri hiss edirlər.

Kitabdakı əhvalatlar ayrı-ayrı hekayələr kimi təqdim olunsa da, bu, bütövlükdə əsərin baş qəhrəmanının "romanı"dır. Hekayələrdə fərqli süjetlər, situasiyalar yer alıb, bəzilərində hətta üslub, dil, bədii həll məsələləri də fərqlidir, amma mütaliə zamanı hekayələrin gözəgörünməz roman süjeti ilə bir-birinə "bağlandığının" fərqinə varırsan. Müxtəlif dramatik olaylarda, ekstremal situasiyalarda, gərgin qarşılaşmalarda və adi məişət zəminində də bir insanın psixologiyasının fərqli qatları, şüuraltının rəngli təzahürləri oxucuya açılır.

"Etibarsız" hekayəsi xüsusilə diqqətimi çəkdi. Hekayənin əsas qayəsi dostluq, fərdi maraqlar, etik dəyərlər və sosial qavrayışın bir araya gəldiyi vəziyyətlərdə insan psixologiyasının necə işlədiyini göstərməkdir. İki dost arasında etibarın sarsılması mövzusunun həm ironik, həm düşündürücü, həm də psixoanalitik məqamları triller janrı kimi gərgin, dramatik süjetlə işlənib. Kənar şəxslərin girişinin qadağan edildiyi Tədqiqat İnstitutuna dostunun manipulyativ təkidi ilə daxil olmaq məcburiyyətində qalan tələbənin gözlənilməzliklər qarşısında sadəlövh məsumluqla, qeyri-iradi dilə gətirdiyi cümlə sonralar ona yönəldilən etibarsızlıq ittihamı kimi düşündürür. Əcəba, hansımız həyatın ekstremal, gözlənilməz "sürprizləri" qarşısında verdiyimiz qərarları əvvəlcədən təxmin edə bilərik?!

Mətnin dili sadə, canlı və təsirlidir. Burada müəllifin danışıq dili ilə yazı dili arasında müəyyən bir harmoniya qurduğu görünür. Bəzi təsvirlər, xüsusən də Moskvadakı gəzintilər, institutun təsviri və futbol matçına hazırlıq prosesi, yəqin, oxucunu hadisələrin içinə çəkməyə hesablanıb. "Etibarsız" hekayəsi oxucuya etik dilemma təqdim edir: dostluq nə dərəcədə qurban istəyir? Qəhrəmanın davranışı riyakar, yoxsa reallığa uyğun, sonrası fikirləşmədən atılan bir addım idi? Müşfiq haqlıdır, yoxsa dostu (müəllif)? Cavablar subyektivdir və oxucunun dünyagörüşündən asılıdır. Nəticə olaraq, "Etibarsız" sadəcə bir dostluq hekayəsi deyil. Bu, insan psixologiyasının, etibarlılıq anlayışının və maraq toqquşmalarının əks olunduğu ədəbi və psixoloji mətndir.

"Lift nitqi" hekayəsi isə simvolikası, məcazları ilə də yadda qalır. Həyatda yüksəlmək üçün qısa, lakonik və effektiv təqdimat vermək bacarığını simvolizə edir. Lakin müəllifin "lift nitqi" heç cür reallaşmır. Bunun əvəzində o, bambaşqa, gözlənilməz üsulla Devidin diqqətini çəkir - qol güləşi ilə. Əslində peşəkar aləmdə mövcud olan gizli güc mübarizəsinin rəmzidir bu. Devid Vilson və müəllifin mübarizəsi sadəcə bir idman yarışı deyil, həm də simvolik bir status qarşıdurmasıdır. Devid Vilsonun məğlubiyyəti onun üçün ağırdır, çünki o, liderdir və daima qalib olmağa öyrəşib. İdarəetmədə olan insanlar üçün simvolik məğlubiyyətlər belə, onların reputasiyasına təsir edə bilər. Müəllif isə qələbəyə tərəddüdlə yanaşır. O, iş dünyasında etik dəyərlərlə və şəxsi maraqları arasında qalıb. Bu, iş mühitində insanların psixoloji yükünün və ikili düşüncə tərzinin ifadəsidir, həmçinin həyatda uğurun bəzən planlaşdırılmadığını və təsadüflərin nailiyyətlərimizdə rol oynadığını göstərir. Hekayədə üslub səlis, təsvirlər güclü, məzmun çoxqatlıdır. Sonuncu sual isə açıq qalır: Devid Vilson doğrudan da ona dəstək olmuşdumu, yoxsa onu sadəcə aradan çıxarmışdı? Qərar oxucunundur...

"Nakam sevgi", "Mələk və İblis" hekayələrində isə qadın-kişi münasibətlərinin maraqlı tərəfi işlənib: insanları gözəllik bir araya gətirir, fərqli dünyagörüşü, ayrı xarakter cizgiləri ayırır... "Sevginin düsturu varmı?" ritorik sualını bəzən təzadlı - "yadlar arasında özümüzünkü, özümüzünkülər arasında yad..." düşüncəsi simvolik mənada cavablaya bilir...

Səməd Səfərli baş qəhrəmanın vətənpərvərliyi ("Qarabağ" futbol komandasına azarkeşliyi, kanadalıya bişirdiyi yarpaq dolması, hər fürsətdə Azərbaycan təəssübkeşliyi, polis şöbəsində həmvətəninə bacardığı dəstəyi göstərmək cəhdləri), yardımsevərliyi, səmimiliyi, pozitivliyi ilə yanaşı, bəzən də bədbinliyi, ümidsizliyi, naqolay vəziyyətlərdə çaşqınlığı, peşmanlığı, seçimləri, imtinaları ilə bütünlükdə İnsan portreti yaradıb. Süni tərzdə qəhrəmanlaşdırmadan, göylərə qaldırmadan, amma yerin dibinə də gömmədən, fərqli həyati situasiyalarda xarakter və davranış palitrası ilə sözlə İnsan "çəkib".

Müəllifin təbirincə desək, "min bir zəhmətə qatlaşması" nəticəsində başa gələn yığcam və maraqlı kitabı oxuyub bitirəndə gözlənilməz macəralardan keçən həmin tələbəsayağı, başlanğıcda olduğu kimi, yenə qeyri-ixtiyari təkrarladım: "Başa gələr nələr, nələr..." Amma müəllifin ümumən kitabın ruhuna hopan pozitiv əhvalı ilə həm də düşündüm ki: "Başa gələn çəkilər..."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

20 dərəcə şaxta, qar... Xəbərdarlıq

25 Fevral 2025 16:34see196

Zelenski prezidentlikdən gedir?

25 Fevral 2025 01:01see186

Zelenskidən fərqli olaraq, Putinə diktator demədi

24 Fevral 2025 23:02see131

Brent bir barel üçün 74,42 dollara ticarət edilir

24 Fevral 2025 22:47see130

Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə

25 Fevral 2025 20:15see128

Bu ailələrə ŞAD XƏBƏR

25 Fevral 2025 14:15see126

Zelenski: Müharibəni bu il bitirə biləcəyimizə ümid edirəm

25 Fevral 2025 00:38see126

Bakıda Pakistan Ticarət Palatasının nümayəndəliyi təsis ediləcək

24 Fevral 2025 21:57see123

Cərimələr artsa da NƏTİCƏ VERMİR...

25 Fevral 2025 21:37see118

Ayaz Qasımov bu vəzifədəçalışacaq

25 Fevral 2025 17:47see118

Müharibə bir neçə həftə ərzində başa çata bilər Trampdan açıqlamalar

24 Fevral 2025 23:24see117

Bu gün sizi nə gözləyir? BÜRCLƏR

26 Fevral 2025 00:09see117

Tədqiqatçılar danışıq qabiliyyəti ilə əlaqəli yeni gen variantı aşkarlayıblar

26 Fevral 2025 03:34see117

Temu göndərişlərini yoxlamaq üçün xüsusi nümayəndə ayrıldı

25 Fevral 2025 18:25see116

Artıq Xocalı qurbanlarının xatirəsi zəfər qüruru ilə anılır Sevil Mikayılova

25 Fevral 2025 16:22see115

Leyla Əliyeva Forumda iştirak edir FOTOLAR

25 Fevral 2025 09:44see113

Byanka Senzori bu dəfə ÇADRA geyindi

25 Fevral 2025 06:02see113

Zelenski danışır, onlar diqqətlə dinləyirlər FOTO

25 Fevral 2025 11:31see111

11 il əvvəl yoxa çıxan təyyarənin axtarışları bərpa edildi

25 Fevral 2025 23:48see111

Sabunçuda 15 nəfərin ölümünə görə Səbuhi Xanhüseynov həbs edilib

25 Fevral 2025 20:38see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri