525 ci qəzet Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev: həyatı və siyasi diplomatik fəaliyyəti
Fəxri VALEHOĞLU-HACILAR
Tarix elmləri doktoru, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri
(Əvvəli ötən sayımızda)
Baş konsulluqdan Bakıya XİN-ə göndərilmiş şifrəli teleqramda baş konsul M.Əfəndiyev "İslam Gürcüstanı" qəzetinin məqsədli şəkildə Azərbaycanın ünvanına hücumlar etdiyi, 4 nəfər kobuletlinin sui-qəsd törətmək üçün Bakıya yola düşdüyü və ingilis komandanlığı tərəfindən Batum şəhər dumasına seçkilərin ləğv edildiyi barədə məlumat verirdi (ARPİİİSSA, f. 277, s. 2, iş 53, v. 19). M.Əfəndiyev həmçinin, "İslam Gürcüstanı" qəzetinin redaksiyasına məktub yazaraq, onun redaktorundan bu mətbu orqanda Azərbaycanın Batumdakı baş konsulluğu adından aşağıdakı bəyanatın yerləşdirilməsini xahiş edirdi:
"...Batum vilayəti məsələsi ilə bağlı qəzet ("Samuslimano Sakartvelo"//"İslam Gürcüstanı"- F.V-H.) tərəfindən mənim hökumətimə və Batumda baş konsulluq timsalında onun rəsmi nümayəndəsinə hücum edildiyi üçün mən Azərbaycan Respublikasının baş konsulu qismində bəyan edirəm: 1) Azərbaycan hökuməti heç zaman yerli Müsəlman Milli Şurasına və ya hansısa təşkilata yerli əhali arasında Batum vilayətinin Gürcüstana verilməsi əleyhinə təbliğat aparılması məqsədilə heç bir maliyyə və digər yardım göstərməyib, göstərmir və göstərmək fikrində deyil; 2) Azərbaycan hökuməti Batum vilayətinin taleyinin bu və ya digər şəkildə həll olunması ilə bağlı marağı olmadığı və bununla bağlı heç bir məqsəd güdmədiyi üçün konsulluq hansısa şəkildə müstəqil siyasət yürüdə bilməz və belə bir hüququ yoxdur; 3) Qəzetin buraya guya ki, təbliğat aparmaq məqsədilə göndərilmiş ayrı-ayrı məsuliyyətsiz şəxslər və hansısa komissiya barədə yazdıqlarına gəldikdə, konsulluğa bu barədə heç nə məlum deyil; 4) Sonra çox hörmətli "İslam Gürcüstanı" qəzetinə xatırlatmağı və bunu qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan Respublikasının hökuməti həmişə olduğu kimi, bütün mübahisəli məsələlərin silah gücü, təbliğat və ya hansısa gizli işlərlə yox, Zaqafqaziya respublikalarının konfransında sülh yolu ilə həlli mövqeyində durur. Təəssüflər olsun ki, qəzet kommersiya limanı ilə bağlı toxunulan məsələni Batum vilayətinin taleyi ilə qarışdırır. Bu əsaslarla ehtimal edirəm ki, Azərbaycan hökuməti bu məsələni qaldırmağı məqsədəuyğun hesab etmədi. Beləliklə, sizin qəzetinizdə yer alan məlumatlar Azərbaycan Respublikası əleyhinə bədxah ruhda köklənmiş və şəxsi məqsədlərini güdən qara qüvvələrin işləridir və qətiyyən həqiqətə uyğun deyil" (ARPİİİSSA, f. 277, s. 2, iş 87, vv. 56-56 arx.).
Baş konsul Mahmud bəy Əfəndiyevin siyasi fəallığı, yerli müsəlman əhalisinin haqq və hüquqlarının qorunması istiqamətində gərgin fəaliyyəti Gürcüstan hökumətinin ciddi narahatlığına səbəb olurdu. Gürcüstan xarici işlər naziri öz azərbaycanlı həmkarına 5 mart 1920 tarixli məktubunda yazırdı:
"Gürcüstan hökumətinin etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Batumdakı Azərbaycan konsulu cənab Əfəndiyevin fəaliyyəti Gürcüstanın maraqları baxımından günü-gündən daha dözülməz hal alır. Bu üzücü fakt mənim hökumətimin nümayəndələri ilə Azərbaycan Respublikasının hökumət üzvləri arasında şəxsi söhbətlərdə artıq bir neçə dəfə dilə gətirilib. Hazırda Xarici İşlər Nazirliyində olan inkarolunmaz faktlar mənə onu deməyə əsas verir ki, Azərbaycanın Batum Konsulluğu cənab Əfəndiyevin rəhbərliyi altında Gürcüstanın düşmənləri tərəfindən yürüdülən siyasi kampaniyanın mərkəzidir. Şübhə etmirəm ki, cənab Əfəndiyevin davranış xətti Batum və onun vilayəti məsələsində Azərbaycan hökumətinin siyasətinə uyğun deyil, cənab Əfəndiyevin bu cür fəaliyyəti iki respublika arasında bərqərar olmuş münasibətlərə kökündən ziddir. Zati-alinizin diqqətini bu məsələyə yönəltməyi özümə borc bilirəm".
Gürcüstan XİN-in baş konsul Mahmud bəy Əfəndiyevin fəaliyyət xarakterinin qəbulolunmazlığı barədə yuxarıda qeyd olunan məktubu Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi tərəfindən 8 mart 1920-ci il tarixli 29 saylı "məxfi" qrifli məktubla Azərbaycan xarici işlər naziri F.Xoyskiyə göndərilir. Məsələ ilə bağlı xarici işlər nazirinin M.Əfəndiyevə 18 mart 1920-ci ildə yazıb göndərdiyi "məxfi" qrifli məktubu:
"Sizinlə şəxsi görüşümdə bildirmişdim ki, Sizə etibar olunan bölgədə siyasi fəaliyyətiniz ciddi konfidensial xarakter daşımalıdır və zahirən elə qurulmalıdır ki, heç bir şübhə oyatmasın. İndi Sizə verdiyim təlimatı təkrarlayaraq yenidən xahiş edirəm ki, Batum vilayətində bu və ya digər siyasi quruluşun yaradılmasına yönəlmiş siyasi təşkilatlarda açıq iştirak etməyin. İşinizi elə qurmalısınız ki, antigürcü təbliğatında özünüzə qarşı müəyyən şübhələr yaratmayasınız. Ümumiyyətlə, yadınızda saxlamalısınız ki, yaranmış şəraitdə Sizin fəaliyyətiniz həm gürcü hökumətinin, həm də Antantanın nümayəndələrinin diqqətini xüsusi cəlb edir. Ona görə də fəaliyyətinizdə, görüşlərinizdə və danışıqlarınızda xüsusilə ehtiyatlı olmanız gərəkir".
Xarici işlər naziri F.Xoyski həmin gün Azərbaycan Respublikasının Gürcüstandakı diplomatik nümayəndəsinə də məktub ünvanlayaraq yazırdı: "8 mart tarixli məktubunuz xüsusunda Gürcüstan xarici işlər nazirinə onun Batumdakı baş konsul Əfəndiyevin fəaliyyətlərinə dair müraciətinə cavab olaraq bildirmənizi xahiş edirəm ki, tərəfimdən Əfəndiyevə lazımi göstərişlər verildi və əminəm ki, gələcəkdə bizim baş konsulun fəaliyyəti Gürcüstan hökumətinin hansısa narazılıq bildirməsinə əsas yaratmayacaq".
"Naş kray" qəzetinin 27 mart 1920-ci il tarixli buraxılışında M.Əfəndiyevin və Ermənistanın Batumdakı baş konsulunun Batum limanında lövbər salmış "Jül Mişle" ("Jules Michelet") gəmisində 23 martda fransız general Martinlə görüşü barədə xəbər verilirdi.
Dr. Mahmud bəy Əfəndiyev 27 aprel 1920-ci ildə Azərbaycanda xalq cümhuriyyəti süqut etdikdən və bir gün sonra sovet hakimiyyəti elan edildikdən sonra da - 1920-ci ilin 8 iyulunadək, yəni Batum Gürcüstan Demokratik Respublikasının (GDR) nəzarətinə keçənədək bu şəhərdə Azərbaycanın diplomatik təmsilçiliyinə rəhbərlik etmiş, faktiki olaraq həm də Sovet Azərbaycanının (Azərbaycan İctimai Şura Cümhuriyyətinin//Azərbaycan SSR) Batumda ilk və son baş konsulu olmuşdur.
Mahmud bəy Əfəndiyevin həbsi
M.Əfəndiyev Batum Gürcüstanın yurisdiksiyası altına keçdikdən sonra - 1920-ci ilin iyul ayında GDR hakimiyyətinə qarşı silahlı dəstə yaratmaq ittihamı ilə gürcü hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. Azərbaycan SSR xalq xarici işlər komissarı M.D.Hüseynov gürcüstanlı həmkarına göndərdiyi 10 iyul 1921-ci il tarixli məktubda M.Əfəndiyevin təcili surətdə azadlığa buraxılmasına köməklik göstərilməsini xahiş edirdi. Bu məktuba cavabında Gürcüstan xarici işlər naziri Yevgeni Gegeçkori yazırdı:
"Doktor Əfəndiyev həqiqətən gürcü hakimiyyəti tərəfindən Batumda həbs olunubdur, ancaq konsul kimi deyil, fərdi şəxs kimi. Bildirmək istərdim ki, bu fakt beynəlxalq hüququn nə nəzəriyyəsinə, nə də təcrübəsinə zidd deyil. Əgər doktor Əfəndiyev Azərbaycanda hakimiyyət dəyişikliyindən, eləcə də Batum şəhəri və vilayətinin rəsmi olaraq (Gürcüstana) verilməsindən sonra doğrudan da konsul hesab olunurdusa, Azərbaycan SSR hökuməti bütün formal qaydaların yerinə yetirilməsi barədə düşünməli idi. Konsulların öz vəzifələrində fəaliyyətə başlamaları bu qaydalardan asılıdır. Özünü Azərbaycan SSR konsulu kimi təqdim etməzdən əvvəl cənab Əfəndiyev Azərbaycan Xalq Komissarları Şurasının yeni təqdimat məktubuna sahib olmalı və Gürcüstan hökumətindən "exequator" (ekzekvatura) almalı idi" (ARDA, f. 28, s. 1, iş 63, v. 28).
Konsulluğun katibi Safvət Ağayevin Azərbaycan SSR-in Tiflisdəki diplomatik missiyasına 12 iyulda vurduğu teleqramda bir gün əvvəl axşam saatlarında M.Əfəndiyevin mühafizə konvoyunun nəzarətində Tiflisə aparıldığı bildirilirdi. Bu teleqramı aldıqdan sonra Azərbaycan SSR-in Gürcüstandakı diplomatik nümayəndəsi vəzifəsini icra edən Əkbər Sadıqov Gürcüstan xarici işlər naziri Y.Gegeçkori ilə görüşür. Görüş nəticəsində gürcü tərəfi M.Əfəndiyevin həbsdən azad olunmasına razılığını verir. Bu barədə Azərbaycan SSR xalq xarici işlər komissarı M.D.Hüseynovu 14 iyul 1920-ci il tarixli məktubu ilə məlumatlandıran Ə.Sadıqov yazırdı: "Təcili surətdə Batuma konsulluğu təhvil alması üçün nümayəndə təyin olunmalıdır. Əfəndiyev Gürcüstan hökuməti üçün müvəqqəti olsa belə, qəbulolunmazdır. O, bizim hökumətin nümayəndəsi hesab olunmayacaq".
Gürcüstan XİN-dən Azərbaycan SSR-in Gürcüstandakı diplomatik nümayəndəliyinə 26 iyul 1920-ci ildə göndərilmiş məktubda Azərbaycan SSR-in Batuma konsul təyin etməsi və ya Batumda konsulluğunun mövcudluğu barədə indiyədək heç bir məlumatın təqdim edilmədiyi xatırladılır, bu səbəbdən Azərbaycanın Batumdakı konsulluq mənsubları fərdi şəxslər hesab olunduqları üçün onların xüsusi imtiyazlara sahib olmayacaqları bildirilirdi.
1920-ci il 1 sentyabrda Azərbaycan SSR-in Batumda diplomatik təmsilçiliyi konsulluq statusunda fəaliyyətə başlayır. Konsul vəzifəsini rəsmən 1 sentyabrdan, faktiki olaraq isə 28 sentyabrdan Şeyxəli Hüseynov (Hüseynzadə) tutur. Mahmud bəy Əfəndiyev baş konsul qismində diplomatik fəaliyyətinin 1920-ci il üzrə sənədlərini Ş.Hüseynova həmin il 20 sentyabrda aktla təhvil verir.
Mətbuat səhifələrindən M.Əfəndiyevin 1920-ci ilin noyabr ayında yenidən Gürcüstan Daxili İşlər Nazirliyinin diqqət və maraq dairəsinə düşərək, həbs olunduğu bəlli olur. "Batumskaya jizn" qəzetinin 11 noyabr 1920-ci il tarixli sayında qeyd olunurdu ki, Gürcüstan daxili işlər naziri Batumun fövqəladə komissarına "doktor Əfəndiyev barədə işi" Tiflisə göndərməyi xahiş etmişdir.
Bundan sonra Mahmud bəyin ailə üzvləri - arvadı və uşaqları Batum limanından "Gülcamal" gəmisi ilə Trabzona yola düşürlər. Çox keçmədən M.Əfəndiyevin özü də Osmanlı hökumətinin, xüsusən Şərq cəbhəsi orduları qrupunun böyük səyləri ilə Türkiyəyə verilir və ailəsinə qovuşub ömrünün qalan hissəsini orada yaşayır.
(Ardı var)
![see](https://icma.az/template/assets/see.png)