525 ci qəzet Bir kitabın və bir şəklin tarixi Hüseynbala Mirələmov yazır
Icma.az bildirir, 525.az-ə əsaslanaraq 525 ci qəzet Bir kitabın və bir şəklin tarixi Hüseynbala Mirələmov yazır.
Hüseynbala MİRƏLƏMOV
yazıçı-publisist
Səhərdir, "Görkəmli adamların həyatı" seriyasından Moskvada "Molodoya qvardiya" nəşriyyatında çap olunan "Heydər Əliyev" kitabını vərəqləyirəm. 2005-ci ildə işıq üzü görüb. Düz iyirmi il əvvəl. O günün sevincini və məsuliyyətini isə indiyə kimi yaşamaqdayam. Özünüz bir anlığa təsəvvür etməyə çalışın: Söhbət Tanrının Azərbaycan xalqına, bütövlükdə türk dünyasına bəxş etdiyi, yeni, müstəqil dövlətimizin memarı və qurucusu olan bu böyük, fenomen şəxsiyyətin adına layiq bir kitabın hazırlanması və Moskvada mötəbər nəşriyyatlardan birində nəşrindən gedirdi. Hazırladığımız bu kitabda, eyni zamanda, Ulu öndərin ölkəmizin ən yeni tarixində, bütövlükdə Azərbaycanın dövlətçilik tarixində tutduğu yerə, yüksəldiyi məqama, əvəzsiz roluna nəzər salmaq, respublikamıza rəhbərlik etdiyi dövrlərdə gördüyü misilsiz işlərin, altına imza atdığı möhtəşəm nailiyyətlərin əhəmiyyətinə xüsusi diqqət yetirmək lazım idi. Və indi - illər sonra bu kitabı bir daha gözdən keçirərkən əminliklə deyə bilərəm ki, o vaxt istədiyimizə nail ola bildik.
Kitabdakı həmmüəlliflik məsələsinə də aydınlıq gətirmək istəyirəm: O vaxt belə razılaşdıq ki, bu dahi şəxsiyyətin Azərbaycandakı fəaliyyətilə bağlı hissələri mən, Moskva dövrü ilə bağlı məqamları isə görkəmli yazıçı-publisist Viktor Andriyanov qələmə alsın. Elə də oldu. Ən əsası dostumla birgə çalışdıq ki, vaxtilə Ulu öndərin özünün də dönə-dönə qeyd etdiyi bir fikri - "Kitab, kitabxana xalq üçün, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir" - fikrini bu yazı prosesində özümüz üçün mayak edək və o ölməz əsərlər arasında bu kitabımıza da layiqli bir yer tapa bilək. Artıq dünyanın 50 dilinə tərcümə olunan bu kitabın uğurlu səyahət yoluna nəzər saldıqca düşünürəm ki, əməyimiz boşa getməyib, deyəsən, bu nəhəng işin öhdəsindən layiqincə gələ bilmişik...
Məncə, elə bu məqamda bu nəşr və nəşriyyat haqqında da oxucularımıza daha geniş məlumat verməyə dəyər. Bu nəşrin əsası hələ 19-cu əsrin 90-cı illərində qoyulub. Nəşrin müəllifi o dövrün tanınan ziyalılarından olan Florenti Fyodoroviç Pavlenkov idi. İllər sonra - 1933-cü ildən başlayaraq Moskvada Maksim Qorkinin təşəbbüsü ilə ardıcıl şəkildə həmin seriyadan olan kitabların nəşrinə start verildi. 1938-ci ildən başlayaraq artıq bu işi "Molodaya qvardiya" nəşriyyatı öz üzərinə götürüb. Tanınmış insanların - elm, sənət, siyasət nümayəndələrinin həyat və yaradıcılıq yolunu işıqlandıran bu kitablar, ilk növbədə, ciddi faktoroloji materiallara əsaslanmaqla həm də yüksək bədii və sənətkarlıq tələblərinə cavab verməli idi.
Bu illər ərzində İbn Sina, Şekspir, Dante, M.Lomonosov, Balzak, Şopen, Mopassan, L.Tolstoy. F.Dostoyevski, A.Çexov, eləcə də Babək, Nizami Gəncəvi, Mirzə Fətəli, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Firudin bəy Köçərli, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə və başqa tarixi şəxsiyyətlər haqda nəşrlər işıq üzü görüb. Bu nəşrlərin hər birində məşhurların həyatında, yaradıcılığında, ümumən fəaliyyətində az toxunulan məsələlərə arxiv sənədlərindən istifadə etməklə aydınlıq gətirilir, oxucunun çox vaxt "yaxşı tanıdığı" bir şəxsi daha yaxşı tanımasına köməklik göstərilir.
Dediyim kimi, artıq bu kitab 50 dilə tərcümə olunub və onların təqdimatları da elə həmin ölkələrin paytaxtlarında baş tutub. O mərasimlərin ikisi xüsuslə yaddaşıma həkk olunub. Birinci təqdimat 2010-cu ilin mayında Türkmənistanda, ikincisi 2011-ci ildə Serbiyada oldu.
Aşqabadda keçirilən həmin mərasimdə digər rəsmilərlə yanaşı, yaxın dostum mərhum Hadi Rəcəbli də iştirak edirdi. Bu təqdimat həm də onunla əlamətdardı ki, bu kitabın tərcümə olunub ərsəyə gəlməsinə bir türkmən qardaşımız böyük mənəvi və maddi dəstək verib. Onu bu böyük işə sövq edən isə vaxtilə Ümummilli liderin onun və ailəsinin həyatında oynadığı əvəzsiz rolu olub. O, bu kitab vasitəsilə yaxından tanış olduğum əvəzsiz insanlardan biri, daha doğrusu, Heydər Əliyev şəxsiyyətinə böyük rəğbət bəsləyən və özünü əsl azərbaycanlı hesab edən "Türkmən Xəzər Yolları" firmasının prezidenti Həşim Səftərov idi. Bu adamın taleyində Heydər Əliyevin rolu çox maraqlı epizodla yadda qalıb: O, uşaq olanda, üç yaşındaykən - təxminən ötən əsrin 60-cı illərinin sonlarında - Yalta şəhərində ata-anası ilə birlikdə istirahət edərkən oğurlanır. Onun tapılması üçün nə az-nə çox, düz altı ay axtarış aparılır. Bu axtarışa isə o zaman Azərbaycanın təhlükəsizlik orqanlarına rəhbərlik edən Heydər Əliyev nəzarət edirdi. Həmin uşaq tapılır və məlum olur ki, onu övladı olmayan, KQB sistemində çalışan bir qrup oğurlayıbmış. Bu gün artıq həmin uşaq yaşa dolub və öz həyatını Türkmənistanla bağlayıb. Orada iş quraraq "Türkmən Xəzər Yolları" firmasını yaradıb. Deyərdim ki, Həşim Səftərov həmin vaxtdan bu yana Heydər Əliyev şəxsiyyəti ilə, adıyla yaşayıb, sanki ömrünü onunla bağlayıb. Onu da qeyd edim ki, Aşqabadda olarkən Həşim müəllim bizi özünün firması ilə tanış etdi və eyni zamanda, mərhum liderimizin ruhu şad olsun deyə qurbanlar kəsdirdi...

Türkmənistanda yaşayan çox maraqlı şəxsiyyətlərdən - azərbaycanlılardan biri də Əsgər Qurbanovdur. O, Aşqabadda doğulub və boya-başa çatıb. Onun mərhum atası akademik Abdulla Qurbanov "Türkmən dilinin orfoqrafiyası", "Türkmən dilinin metodikası", "Türkmən dilinin əlifbası" kitablarının müəllifidir. Əsgər müəllim xatırlatdı ki, Ulu öndərimiz 1974-cü ildə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi işləyərkən Türkmənistana səfər edir və Türkmənistan Dövlət Universitetində tələbə-müəllim kollektivi ilə görüşür. Bu görüş zamanı Heydər Əliyevə bildirirlər ki, universitetin prorektoru əslən azərbaycanlı olan Abdulla Qurbanovdur. Bu yerdə qeyd edim ki, bu şəxs ayrı-ayrı vaxtlarda, təxminən 30 il Türkmənistan Dövlər Universitetinin rektoru və prorektoru vəzifələrində çalışıb. Mərhum liderimiz də o görüşdən sonra gecəykən Abdulla müəllimgilə zəng vurur və səhərisi gün iki oğlu - Əsgər və İsgəndərlə birlikdə onu qəbul edir. Görüş zamanı dövlət başçımız Abdulla müəllimə Azərbaycanda işləməyi təklif edir. Təklifə görə minnətdarlığını bildirən Abdulla müəllim qeyd edir ki, onun ixtisası türkmən dilidir, ona görə Azərbaycana qayıda bilməz. Bu söhbət, əhvalat bizim üçün də çox maraqlı, əhəmiyyətli oldu. Ümumiyyətlə, bu gün Türkmənistanda - Aşqabadda çoxlu sayda tanınmış azərbaycanlı iş adamlarımız - Sabir, Çingiz, Məzahir, Rafiq, Musa və digərləri var ki, onlarla fəxr etməyə dəyər. Onlar Azərbaycanın müxtəlif bölgələrindən - Ağdamdan, İsmayıllının Lahıc bölgəsindən, Lənkərandan və sair yerlərdən olan insanlardır ki, bu gün artıq Türkmənistanda nüfuzlu iş adamları kimi tanınırlar. Onlar da görüş zamanı Heydər Əliyevlə bağlı çox gözəl təəssüratlarını, xatirələrini bölüşdülər. "Heydər Əliyev" kitabının sayəsində Türkmənistanda, Aşqabadda keçirdiyimiz görüşlər, tədbirlər türkmən-Azərbaycan dostluğuna, əməkdaşlığına çox böyük töhfələr verdi və eyni zamanda, bunlar bir daha sübut etdi ki, türk xalqlarının birləşməyə, çəkici bir nöqtəyə vurmağa bu gün dünəndən daha çox ehtiyacları, tələbatları var. Bizi birləşdirən faktorlardan, arqumentlərdən biri və birincisi məhz Heydər Əliyev faktoru, Heydər Əliyev amilidir.
"Heydər Əliyev" kitabının ikinci ən yadımda qalan təqdimatı isə Prezident İlham Əliyevin 2011-ci ildə Belqrada rəsmi səfəri zamanı baş tutdu. Onu bu səfərdə müşayiət edənlər arasında mən də vardım, dostum Eldar İbrahimov da. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belqrad şəhərinin Taşmeydan parkında Ümummilli lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milord Paviçin heykəllərinin açılış mərasimində iştirak edərkən əslən azərbaycanlı olan, 20 ildən artıqdır ki, Belqradda yaşayan, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Belqrad Dövlət Universitetinin professoru Zərifə xanım Əlizadə serb dilində nəşr olunmuş "Heydər Əliyev" kitabını İlham Əliyevə və Serbiya Prezidenti Boris Tadiçə təqdim etdi. Zərifə xanım qeyd etdi ki, bu kitab dünyanın artıq 13 dilinə tərcümə olunub. Həmin anda dövlət başçımız məni də, Eldar İbrahimovu da yanına çağırıb Serbiya rəhbərinə təqdim etdi: Eldar İbrahimovu "Atamın ən yaxın silahdaşlarından biridir" - deyərək, məni isə bu kitabın müəllifi olaraq. Həmin an dövlət başçımızdan şəxsən özümə qarşı elə bir səmimiyyət, elə bir doğmalıq, elə bir diqqət hiss etdim ki, aradan illər keçsə də, o günü unuda bilmirəm. Hər dəfə o anı, o görüşü əks etdirən fotoya baxdıqca ürəyim qürur hissiylə dolur, gözlərim yaşarır.
Kitabı yenidən vərəqlədikcə Azərbaycan Prezidenti İlham Əliyevin Ulu öndər haqqında fikirləri yadıma düşür: "Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir. Azərbaycan xalqı ölkəmiz üçün həlledici məqamda bir yumruq kimi birləşdi və Heydər Əliyevin ideyalarına, onun siyasətinə, onun dünya baxışlarına, onun fəlsəfəsinə sadiqliyini bir daha göstərdi. Bu, çox vacib məsələdir. Heydər Əliyev bu gün bizimlə deyil, amma onun siyasəti yaşayır, onun fəlsəfəsi yaşayır, onun yaratdığı müasir, müstəqil Azərbaycan yaşayır və bundan sonra da yaşayacaqdır".
Sonda bir faktı da vurğulamaq və bir arzumu da dilə gətirmək istərdim. Əvvəla, xoşbəxtəm ki, "Heydər Əliyev" kitabından sonrakı illərdə "Görkəmli adamların həyatı" seriyasından növbəti kitablarım -"İlham Əliyev" və "Zərifə Əliyeva" kitablarım işıq üzü gördü və sürətlə müxtəlif dillərə tərcümə olunaraq yayıldı. İkincisi, ürəyimdə bir istəyim var: Cənab Prezidentə həsr olunan "İlham Əliyev" kitabının nəşrindən artıq illər keçib, onun və dövlətimizin həyatında bu illər ərzində möhtəşəm hadisələr baş verib, yeniliklər olub. Ömür vəfa etsə, son illərdə onun rəhbərlyi ilə baş verən dəyişikliləri, Qarabağda qazandığımız qələbəni də yeni bir kitabda əks etdirib dünyaya yaymaq istəyirəm. Adını da elə gürcü nəşrində olduğu kimi saxlayacağam, yəni: "Tərcümeyi-hal davam edir: İlham Əliyev..."
