Icma.az
close
up
RU
525 ci qəzet Çətin dövrün mərd insanı

525 ci qəzet Çətin dövrün mərd insanı

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Mahiyyətinə, şəraitinə görə kəskin fərqlənən dövrlər və həmin dövrlərin insanları barədə geniş yayılmış, təxminən, bu cür ifadə olunan bir fikir var: “Çətin dövrlər güclü insanlar yetişdirir, o güclü insanlar isə firavan dövrün gəlişinə yol açırlar və əksinə... Bu əvəzlənmələr silsiləsi beləcə davam edir...” Aydın məsələdir ki, çətin dövrün insanı kimi sonrakı dövrün xoş keçməsinə, rifah içində yaşanmasına çalışmaq, bu yolda önəmli işlər görmək heç də hamıya nəsib olmur. Bunun üçün istedad və qabiliyyət kimi fitri keyfiyyətlər, düzgün, məqsədəuyğun təhsil, yüksək peşə bacarıqları, əlverişli iş mühiti, əlbəttə, çox vacibdir. Fəqət güclü xarakter – prinsipiallıq, mərdlik, zəhmətsevərlik, ümumi iş naminə fədakarlıqla, cılız maraq-təmənna güdmədən çalışa bilmək də bu baxımdan zəruri keyfiyyətlərdir. Bu mənəvi-əxlaqi xüsusiyyətlərsiz çətin dövrün layiqli insanı olmaq, həyatın üzləşdirdiyi sınaqlardan yalnız hansısa bilik və bacarıqlar hesabına üzüağ çıxmaq mümkün deyil. Məhz belə yüksək keyfiyyətlərə malik insanlardan biri olan Saməddin Babayevin vədəsiz vəfatından artıq 20 il keçir və qarşıdan 10 fevral – onun növbəti doğum günü gəlir. 

Özü də xeyli çətin dövrdə dünyaya göz açmış, uşaqlıq çağı İkinci Dünya Müharibəsindən sonrakı ağır illərə düşmüş Saməddin Babayev, təməlləri və mənəvi mühiti sağlam bir ailənin 6 övladından ilki olub. Çətinliklə, lakin öz qabiliyyəti və halal zəhməti hesabına yetkinləşərək yüksəlib, insanlara yalnız xoş duyğular bəsləyib, yaxşılığı həyat tərzinə çevirib. Saf, möhkəm xarakteri, alicənab təbiəti, səmimiyyət və mehribanlığı ilə dərin ehtiram qazanıb. 
 
Onu yenicə tanıyanlar Saməddin müəllimin çox ciddi, hətta sərt görünüşünün, zəhmli simasının arxasında mərhəmət dolu, kövrək bir qəlbin varlığına qısa zamanda əmin olublar. Qətiyyən təsadüfi deyil ki, təkcə doğmaları, yaxınları, birgə çalışdığı həmkarları deyil, onunla nə vaxtsa az-çox ünsiyyət qurmuş hər kəs Saməddin Babayevi bax beləcə də xatırlayır: nəcib, aydın insani cizgiləri, nurlu düşüncələri, unudulmaz söhbətləri, xeyirxah əməlləri ilə! 

Rəsmi-siyasi cəhətdən hansısa çox yüksək vəzifə, parıltılı mövqe tutmayıb, diqqət mərkəzində, göz önündə olmaq qayğısı ilə də yaşamayıb Saməddin müəllim. Sadəliyi, təvazökarlığı, ictimai mənafe naminə şəxsi maraqdan tərəddüdsüz geri durub imtina etməsi ilə tanınıb, sevilib.

Vəzifə kürsüsünə, rəsmən üstün mövqe tutmağa can atmayıb, süni özünütəsdiqlə arası heç olmayıb. Daşıdığı vəzifələrə, çalışdığı işlərə yalnız xalqa fayda vermək, adamlara yaxşılıq etmək imkanı kimi baxıb. Odur ki, bu dünyada yaşadığı cəmi 57 ilə sığdırdığı nailiyyətlər, imza atdığı çox gərəkli işlər onu öz dövrünün seçkin insanlarından biri kimi xarakterizə etməyə əsas yaradıb. 

Ölkəmiz və xalqımız üçün xüsusilə çətin, gərgin dövr olan 1980-ci illərin sonları və 90-cı illər boyu ayrı-ayrı istehsal sahələrində vicdanla, həqiqi peşəkar kimi ləyaqətlə çalışması, ümumi inkişafa töhfələr verməsi buna danılmaz sübutdur. Onun barəsində bu fikirləri inamla söyləmək üçün S.Babayevin zəngin bioqrafiyasına, qısa, fəqət dolğun ömürlüyünə ötəri bir nəzər salmaq da kifayətdir. 

Saməddin Abbas oğlu Babayev 1947-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Aşağı Əndəmic kəndində fəhlə ailəsində anadan olub. 8-ci sinfə qədər doğma kənddə oxuyub, 1960-cı ildə Ordubad şəhərindəki 2 nömrəli orta məktəbə keçib və 4 il sonra orta təhsilini gümüş medalla tamamlayıb. 1969-cu ildə keçmiş Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) “İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsini, iki il zabit kimi orduda xidmətin ardından isə 1980-ci ildə Moskva Ümumittifaq Yeyinti Sənayesi İnstitutunu şərabçılıq ixtisası üzrə bitirib. 

Göründüyü kimi, S.Babayev çox önəmli istiqamətlərdə iki ali təhsil alıb və kifayət qədər yetkin mütəxəssis, bilikli, hazırlıqlı kadr kimi əmək fəaliyyətinə başlayıb.

1981-86-cı illərdə Xırdalan Pivə Zavodunda usta, sex rəisi, direktor müavini, direktor əvəzi vəzifələrində çalışıb. 1990-cı ilin sentyabr ayınadək ovaxtkı Aqrosənaye Komitəsində mühəndis, 1991-ci ildə bir müddət Sumqayıt “Yeyinti Məhsulları Kombinatında” baş mühəndis, 1992-ci ilin sentyabr ayınadək Bakı Pivə Birliyi İTŞ-nin rəisi, direktor əvəzi vəzifələrində işləyib. 

O illərdə S.Babayevə qısa zamanda ən müxtəlif vəzifələr tapşırılması həmin dövrün mürəkkəb mahiyyətindən, keşməkeşlərindən irəli gəlib. İşlərin axsadığı fərqli sahələrdə onun kimi təcrübəli, bacarıqlı və fədakar kadra ciddi ehtiyac duyulması ilə bağlı olub. Bunun nəticəsi idi ki, 1992-ci ilin sentyabr ayından 1993-cü ilin iyun ayınadək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin İxtisaslaşdırılmış Avtonəqliyyat Trestində baş direktorun müavini və dərhal sonra da “Azəravtoyol” Dövlət Şirkətinin ümumi işlər üzrə vitse-prezidenti vəzifələrini layiqincə daşıyıb.

1994-cü ilin iyul ayından 1995-ci ilin mart ayınadək isə “Material Texniki Təchizat və Komplektləşdirmə” Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 

Ölkədə taxıl-çörək qıtlığının hələ də tam aradan qaldırılmadığı 1995-ci ilin aprelindən S.Babayev “Bakı Çörək Ticarəti” İdarəsində təşkilat şöbəsinin rəisi olub. 1996-1997-ci illərdə “Bakı-Pivə” İstehsal Birliyinin baş direktor müavini, 2000-2001-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi İdarəsində baş müfəttiş kimi fəaliyyət göstərib. S.Babayev 2002-2004-cü illərdə “Azərsun Holdinq”də çalışıb. Onun ölkəmizdə qida sənayesinin inkişafına bir mühüm xidməti də 2003-cü ildə Xaçmazda inşasına başlanan Qafqaz Konserv Zavodu kimi vacib müəssisənin layihə rəhbəri olması və müəyyən müddət tikinti işlərinə uğurla başçılıq etməsidir. 

Çox heyif ki, amansız ölüm onun şərəfli, mənalı ömür və fəaliyyət yolunu yarıda qırdı. Yaxınları bildirirlər ki, ömrünün son aylarını əlacsız xəstəliklə mübarizədə keçirən S.Babayev onda da mənəvi müvazinətini itirməyib, təmkinli, dəyanətli davranıb. Ən ağır hallarında da ailəsinin üzərinə xəstəlik və ölümün qatı kölgəsinin çökməsinə qıymayıb. Əzablara, ağrılara mərdliklə qatlaşıb  ki, ömür-gün həmdəmi Afaq xanım sarsılıb-sınmasın, övladlarının qəlbində qorxu və dəhşət ömürlük yuva qurmasın. Yəqin ki, onun həmin məşəqqətli aylarda xüsusən Afaq xanıma dözüm, mətanət aşılamaq cəhdlərinin mənasını mərhum şair Zəlimxan Yaqubun bir vaxt öz xanımına xitabən yazdığı misralarla daha aydın ifadə etmək olar: 

Ağlama, dözmürəm ağlamağına,
Ağlama, gözünün yaşını saxla!
Sən mənim üzüyüm, mən sənin qaşın – 
Sındırma, üzüyün qaşını saxla!
Mənim ki başımı ağrılar qatıb, 
Qorxuya düşməsin balalarımız,
Mərd ol, sağ-salamat başını saxla!

Vətənə, xalqa, ailəsinə sonsuz məhəbbətlə döyünən ürəyi 2004-cü ilin 20 noyabrında əbədi sussa da, Saməddin Babayevin dünyamızda əziz, nurlu xatirəsi, silinməz xoş izləri, unudulmaz parlaq əməlləri qalıb. Ruhu şad olsun!

Sevinc CƏFƏR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Fevral 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri