Icma.az
close
up
RU
525 ci qəzet Dövlətin gənclər siyasəti: gəncliyin inkişafında həlledici amil

525 ci qəzet Dövlətin gənclər siyasəti: gəncliyin inkişafında həlledici amil

Zakir BAYRAMLI
​​​​​​​Şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

"Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiliklər və əlavələr edilməsi haqqında" 5 may 2007-ci il tarixli Qanuna əsasən, ölkəmizdə 14-29 yaş arasında insanlar gənc hesab olunurlar. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə gənclərə böyük qayğı göstərib, onların hərtərəfli inkişafına mühüm təkan verilib. Müstəqillik dövründə də Azərbaycanda gənclər siyasəti böyük lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər xüsusilə 1994-cü ildən etibarən ümumdövlət siyasətində gənclər siyasətinin yerinin dəqiq müəyyən edilməsi işinə xüsusi önəm verdi. Ulu öndərin çox ciddi əhəmiyyət verdiyi məslələrdən biri də gənc nəsilin sağlam yetişdirilməsi və düzgün tərbiyə olunması idi. H.Əliyevin ali məramları sərasında gənc nəsli fiziki və mənəvi cəhətdən yüksək hazırlıqlı görmək, onların adət və ənənələrimizə, milli-mənəvi dəyərlərimizə uyğun tərbiyə olunmasını, davranış və əxlaq normalarımıza ciddi əməl etməsini təmin etmək idi. Onun məqsədyönlü siyasəti sayəsində respublikamızda gənclər siyasəti ümumdövlət siyasətinin tərkibinə daxil olaraq onun mühüm istiqamətlərindən birinə çevrildi.

Gənclər siyasətinin bütün incəliklərinə qədər mükəmməl işlənib hazırlanmasını təmin edən Ulu öndərimiz 26 iyul 1994-cü il tarixdə Gənclər və İdman Nazirliyinin yaradılması barədə Sərəncam imzaladı. Yeni nazirliyin yaranması ilə dövlət tərəfindən gənclər siyasəti ilə bağlı mühüm və konkret işlərin görülməsinə başlanıldı. 26 yanvar 1996-cı ildə, Ümummilli liderimiz H.Əliyevin imzaladığı Sərəncama əsasən, həmin ilin 2 fevralında respublikamızda Azərbaycan gənclərinin Birinci Forumunun keçirilməsi qərara alındı. Forumun keçirilməsi dövlətimizin ölkə gənclərinə xüsusi diqqət və qayğı göstərdiyini bir daha nümayiş etdirdi. Forumda həm dövlət, həm də gənclər qarşıda duran hər bir vəzifənin yerinə yetirilməsi üçün birlik nümayiş etdirildi. Demək olar ki, bu tədbir ölkədə gənclərlə aparılan işin daha da yüksəlişinə və gənclər siyasətinin sosial və iqtisadi problemlərinin uğurla həll edilməsinə geniş yol açdı.

Ulu öndərin 2 fevral 1997-ci il tarixli fərmanı ilə 2 fevral "Azərbaycan Gəncləri Günü" elan edildi. Əsas arzularından biri də Azərbaycanın gələcəyi olan gənclərimizi dövlət idarəetmə orqanlarında, həyatın bütün məsul sahələrində aparıcı mövqedə görmək olan dahi şəxsiyyət Heydər Əliyev vaxtilə nümunəvi vətəndaşlıq və vətənpərvərlik mövzusunda söhbət zamanı gəncliyə belə aydın və qətiyyətli fikirlərlə müraciət etmişdi: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir... Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Ancaq eyni zamanda, hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir".

Ulu öndərin ölkəyə rəhbərliyi dövründə, xüsusən 1996-2002-ci illər ərzində gənclər siyasətinin uğurla həyata keçirilməsi üçün bir sıra mühüm dövlət sənədləri işlənib hazırlandı və təsdiq edildi. Bunlara "Bədən tərbiyəsi və idman haqqında", "Azərbaycanın gənc isdedadlarına dövlət qayğısı haqqında", "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Dövlət gənclər siyasəti haqqında" və digər ali sənədlər gənclərin formalaşmasında, onların sağlamlıq, təhsil, iş və sair problemlərinin həlli yolunda önəmli rol oynadı. "Gənc ailə proqramı", "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu haqqında" və başqa dövlət sənədləri gənclərə göstərilən qayğının daha da artırılmasına təkan verdi.

Ümummilli liderimiz xüsusilə öz yurd-yuvalarından didərgin düşən qaçqın və məcburi köçkün gənclərə böyük həssaslıqla, mehribanlıqla yanaşırdı. Onların təhsil alması, təhsilhaqqının ödənilməsi, iş, ev, ailə və digər problemlərinin həll olunmasına əvəzsiz qayğı və misilsiz diqqət göstərirdi. Dahi rəhbər gənclərə inanırdı və Azərbaycanın gələcəyini yalnız onlara etibar edərək vurğulayırdı: "Bizim bugünkü gənclərimiz sağlam düşüncəli gənclərdir, xalqını, millətini sevən gənclərdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir".

Ulu öndər Heydər Əliyev 9 aprel 2002-ci il tarixdə "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq etdi. Bu qanunda respublikamızda gənclər siyasətinin məqsədləri, prinsipləri, istiqamətləri, eləcə də təşkilatı-hüquqi əsasları öz əksini tapmışdı. Gənclər siyasətinə aid bütün münasibətlər sisteminin tənzimlənməsi bu qanunun müvafiq maddələrinə əsasən müəyyən edilirdi.

Ümummilli liderimizin müdrik siyasətini uğurla, sonsuz sədaqətlə davam etdirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev təməl daşları Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini ölkəmizə rəhbərlik etdiyi 20 ildən artıq dövrdə daha da inkişaf etdirərək gücləndirib. Torpaqlarımızın azadlığı uğrunda aparılan 44 günlük Vətən müharibəsində düşmən üzərində qazanılmış zəfərə görə indi dünyada qalib ölkə kimi tanınan Azərbaycanın bu Böyük Zəfəri əldə etməsində ölkənin cəsur, vətənpərvər gəncliyinin mühüm rolu vardır. Bunu Prezidentimiz özü də dəfələrlə iftixarla, təsirli cümlələrlə qeyd edib. Qələbədən ötrü canından keçməyə hazır olan, yüzlərləsi şəhadətə yüksələn gənclərimizin böyük bir qismi məhz Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə yetişmiş gəncliyin qəhrəman nümayəndələridir.

Eyni zamanda, illərdən bəridir ki, respublikamız məşhur idman məkanı kimi dəfələrlə dünyanın möhtəbər idman yarışlarına ev sahibliyi edib, gənclərimiz nüfuzlu yarışlarda qələbələr qazanıb, bayrağımızı yüksəklərə qaldırıblar. Bütün bunlar isə dövlətin böyük qayğısı ilə əhatə olunan gümrah və sağlam düşüncəli gənclərimizin yüksək fiziki imkanları, yetərli idman məharəti, eləcə də cəsarəti, bacarığı, fədakarlığı və dönməzliyi sayəsində əldə edilmişdir.

Əhalinin tərkibi ilə bağlı göstəricilərə əsasən Azərbaycan Avropada gənclərin ən çox yaşadığı ölkələrdən sayılır. Ona görə də ölkəmizdəki gənclər siyasətinin qarşıya qoyduğu bir vəzifə də bu geniş təbəqənin respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin olunmasıdır.

Prezident İlham Əliyevin 30 avqust 2005-ci il tarixli "Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncamı dövlətimizin gənclər siyasətinin əsas məqsəd və istiqamətlərini daha aydın açıqlamış oldu. Bu sənəd gənclərə diqqətin daha da artırılmasına, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına, işsizlik probleminin həll olunmasına, eləcə də gənclərin dövlət idarəetmə orqanlarında xidmət etməsinə ildən-ilə üstünlük verilməsinin nəzərdə tutulmasından xəbər verirdi və bu sahədə geniş imkanlar açdı.

Azərbaycan Prezidenti 2007-ci ili ölkəmizdə "Gənclər ili" elan etmişdi. Bu qərar respublika gənclərinə doğma münasibəti, diqqəti və qayğını daha da artırdı, gənclərin ölkənin ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirakına olduqca münbit şərait yaratdı. Bütün bunlar gənclərin hüquqlarının müdafiə edilməsi, sosial problemlərinin həll olunması, onların elm, təhsil, mədəniyyət, iqtisadiyyat, eləcə də dövlət idarəçiliyində rəhbər vəzifələrə irəli çəkilməsi məqsədi daşıyırdı.

Prezidentin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə meydana gələn "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" xaricdə təhsil almaq istəyən gənclər üçün geniş imkan və şərait yaratmış oldu.

Dünyada baş verən qlobal dəyişiliklər, elmin və texnikanın sürətli inkişafı artıq gənclərlə bağlı strategiyada da müsbət dəyişikliklər edilməsi zərurətini yaratdı. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2011-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsinə aid daha bir ali arzusunun yerinə yetirilməsinin əyani sübutu oldu. Həmin strategiyada  gənclərin intellektual, fiziki-mənəvi inkişaf yolları, gənclərin ölkənin ictimai-siyasi, sosial-iqtisadi, eləcə də mədəni həyatında yaxından iştirakı nəzərdə tutulurdu. Bu fondun yaradılmasında əsas məqsəd vətənpərvər ruhlu, fiziki və mənəvi cəhətdən sağlam, saf əqidəli gənc nəslin formalaşdırılmasına nail olmaq, respublikamızda gənclərin ictimai fəallığını daha da artırmaq, onların yeni və qabaqcıl elmi-texniki ideyalarını və şəxsi təşəbbüslərini dəstəkləməkdən ibarət idi.

Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə təsdiq edilən Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında dövlətimiz gənclərin problemlərinin həll edilməsində, onlara diqqət və qayğı göstərilməsində həmişə gənclərə yardımçı olduğunu bir daha sübut etdi.

26 iyul 2019-cu il tarixdə Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Yüksəliş" müsabiqəsi təsis edildi. Müsabiqə gənclərin intellektual səviyyəsini və idarəçilik keyfiyyətini yüksəltməyə xidmət edir.

Gənclərimizin fiziki kamilliyi ilə yanaşı, vətənpərvərlik tərbiyəsi və mənəvi inkişafı, xüsusilə Vətənin, onun sərhədlərinin qorunması məsələsi də davamlı şəkildə önə çəkilir. Gənc nəslin milli dəyərlərə, adət və ənənələrimizə sevgi və hörmət ruhunda tərbiyə edilməsinə xüsusi diqqət yetirilir. Biz bu gün gənclərimizlə cəmiyyətin ən layiqli təbəqəsi kimi fəxr edə bilərik. Çünki bizim bugünkü uğurlarımız və gələcək qələbələrimiz məhz müxtəlif sahələrdə uğur qazanmaqda olan gənclərimizin fəaliyyəti ilə sıx bağlıdır.

seeBaxış sayı:77
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri