Icma.az
close
up
RU

525 ci qəzet Ən vacib günah haqqında Rə­van Cavid yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Rəvan CAVİD

Keçən günlərdə yazdığım bütün esseləri bir yerə yığarkən fikir verdim ki, ən çox işlədiyim mövzu Keçmişdir. Nədən yazmışamsa, hamısında ötən günlərin nisgili, xiffəti var. Əslində, bütün yazarlarda bu belədir, bəlkə. Markesin dediyi kimi, yazmaq xatırlamaqdır. Hər şeyin keçmişdəki kimi olduğunu arzulamaq, indinin dəyərini də sabah bilmək, sabahın mahiyyətini də keçmiş olandan sonra dərk etmək insan oğlunun lap qədim vərdişidir. Bir dəfə dostlarla bir-birimizdən soruşduq ki, hansı dövrdə, hansı ölkədə yaşamaq istəyirdin? Bircə nəfər də demədi ki, elə yaşamaq istədiyim dövr bu gündür. Hamımıza elə gəldi ki, keçmişdəki hər hansı bir tarix güllük-gülüstanlıqdır. Həqiqət isə masamızın kənarında dayanıb bizə seçdiyimiz təqvimlərin heç də biz düşündüyümüz kimi yaxşı olmadığını pıçıldayırdı. Biz, əlbəttə, bunun fərqində idik. Amma qaçmaq istəyirdik.

Mən də qaçmaq istəyirəm. Heç kimə hiss etdirmədən hamı ilə vidalaşaraq. Onu da bilirəm ki, xoşbəxt olacağımı düşündüyüm yerlərdə, dövrlərdə, insanların yanında da bir müddət sonra yenə öz təbiətimə, öz qınıma çəkiləcəm. Xoşbəxtlik ani bir duyğudur. Əbədi olan hüzn və günahdır. Deyəsən, İncildə belə yazılıb. İnsan olduğu yerdən xoşbəxt ola bilmir. Bunun hansısa mütləq bir mifik səbəbi var. Biz bilmirik.

Tez-tez hər şeyi təzədən başlamaq istəyi yaranır. Birinci gündən, ayın birindən, bu ildən. Hər şey dəyişəcək, hər şey nizama oturacaq. Sonra həmin alınmayan birinci günlər sonsuz yorğunluğu gətirir özü ilə. Və budur, daha bir yenilənmənin təxirə salındığı günlər. Yenilənmək, dəyişmək də bizi doyurmayan yarımçıq xoşbəxtlik duyğusu ilə əlaqədardır. Yoxsa niyə "bu sabah hər şey başdan başlayacaq!" nidası ilə oyanmaq ehtiyacı hiss edək ki? Bu hissin verdiyi qəribə bir enerji var. Elə bilirsən ki, beyninin bütün qırışlarından keçmişi, olub keçən hər şeyi, hər kəsi silib atacaqsan beləcə. Sonra qurdaladıqca bəzi şeyləri daim xatırlamaq istəyi də sənin əminliyini tərəddüd bıcağı ilə ikiyə bölür. "Təmiz ağlın əbədi günəşi" (Mişel Qondri, 2004) filmində olduğu kimi. Hər şeyi yaddan çıxarmaq istəyəndə unutmaq istəmədiyin və daim yaddaşının bir küncündə qalmasını arzuladığın şeylər olduğu yadına düşür. Unutmaq təxirə salınır. Yenidən başlamaq təxirə salınır. Təxirə salınan şeylər çoxaldıqca isə insanın özünə güvəni, inamı şam kimi əriyib yoxa çıxır.

Başlanğıclar üçün yalançı motivasiyalardan biri də ad günləridir. Hər il ilan qabığını dəyişən kimi xarakterini, rutinini dəyişmək istəyir adam. Olmur, alınmır. Əlbəttə, hər yaşın qazandırdığı təcrübə özü-özünü yavaş-yavaş inşa edir. Bunu sən hiss etmirsən. Həyat özü səni cilalayır. Kimini yaxşı adama, kimini pis adama çevirir. Kimisə imtahandan-imtahana, kimisə də uğurdan-uğura atıb-tutur.

Bu yazını bir az da ad günüm üçün yazmaq istəyirəm. Çünki son beş-altı ildir, ad günləri mənim üçün yeni başlanğıc olur. Keçirdiyim illərin hesabatını özümə verəndə təəssüflənmirəm. Əksinə, bəzən özümə olduğum şərtlərin fövqündə faydalı olduğumun fərqinə varıram. Amma bəs etmir. Yuxarıdakı natamam xoşbəxtlik hissi, istəyi bir tərəfdən beynimi də, ürəyimi də ac siçovul kimi gəmirir. Xislət. İsa peyğəmbərə görə hamımız ömrümüzün axırına kimi atamızın günahlarının cəzasını çəkəcəyik. Məhəmməd peyğəmbərə görə isə, heç kim heç kimin günahına görə cəzalanmayacaq o biri dünyada. Bəs bu dünya? Biogenetika deyir ki, xarakterimizin yetmiş faizi üç nəsil atalarımızın bizə genetik kodlarla ötürdüyü məlumatlar əsasında formalaşır. Yerdə qalan otuz faizini biz özümüz qazanırıq. Biz və ətrafımızdakı insanlar, etdiklərimiz, gördüklərimiz, eşitdiklərimizə görə o biri dünyada, atalarımıza görə isə bu dünyada əzab çəkməyə məhkumuq. Yeni elm sahələrinin hamısı belə bədbindir.

Ailəmdən, dostlarımdan, mənim dilimə aşina olanlardan uzaqda keçirdiyim üçüncü ad günümdür. Birinci il Ankaraya - Rəsulzadənin məzarını ziyarətə getmişdim. Gecə on ikini tamamlayanda isə Çankayada, "Kızılay" meydanı yaxınlığındakı bir pabda idim. Sabah haqqında düşünmürdüm. Nələrəsə yenidən başlamaq kimi bir niyyətim yox idi. İkinci il isə İstanbulda, Qalata küçəsində bir meyxanada idim. İki-üç dostumla Beyoğlunu gəzib yorulandan sonra ad günümü qeyd etmək üçün küçəyə düzülmüş masalardan birinə əyləşmişdik. Həmin gecə gündəliyimə yeni ilin planı olaraq nə yazmışdımsa, hamısını yerinə yetirdim. Bu il isə qədim Trakyanın mavi gözlü şəhərində - Tekirdağda növbəti bir il üçün yazacağım şeylər var.

Belə günlərin qəribə bir sakitliyi də olur. Çox adam xüsusi qeyd etməsə belə, o sakitliyi duyur. Qayğıya ac olur insan belə günlərdə. Həm tək olmadığını hiss edirsən, həm də yalnızlığı ürəyinin ən dərinlərində hiss edə bilirsən. İroniya ilə yanaşmaq da olmur ad günlərinə. Məsələn, ölümün üzünə gülümsəməyi bacarır insan oğlu. Bu həyatın sonrası haqqında zarafat edə bilir. Doğum, həyatın başlanğıcı isə o qədər ciddidir ki, dodağın da qaçmır. "Hardan gəldik, hara gedirik" sualı həmin gün başlanır. "Nə edəcəyik" müəmması da o günün qadağan olunmuş meyvəsidir. Hamımız qoparıb yeyirik amma. "İlk günah heç vaxt dəyişmir, - deyir Çoran, - doğulmaq adlı günah, istər yaxşı, istər pis düşünün, əvvəl-axır bunun necə ciddi bir günah olduğunu anlayacaqsınız. Mən isə elə şair kimi düşünürəm, Ramiz baba demişkən, hamı günahkardı bu dünyada, amma heç kimin də günahı yoxdur.

Ümid isə köhnə dostudur belə xüsusi günlərin. Həm də keçmişə qalib gəlməyin ən yaxşı yoludur ümid. Gələcəyi gözləməyin narahat yox, aramlıq halıdır. Ümid həm də hər gün eyni yola çıxmaqdır. Bezmədən, usanmadan, yorulmadan. Yaxşı şeylərə, yaxşı adamlara, yaxşı günlərə ümid edib həyatı gözəlləşdirir insan.

Nə çox insan sözü yazdım... Yəqin, təqvimlərin mahiyyətində birinci insan, sonra onun bütün hissləri dayandığına görədir. Duyğular olmasa, zamanın da bir xüsusiliyi olmaz. İnsan ən yaxşı zaman maşınıdır çünki. İstədiyi vaxt keçmişə, istədiyi vaxt gələcəyə gedə bilir. Vacib olan zaman səyahətində yaxşı günlərin sayının çox olmağıdır. Yaxşı günlərin, xatirələrin xətrinə fırlanır dünya.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Yanvar 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri