Icma.az
close
up
RU
525 ci qəzet Ermənistan istəsə də istəməsə də o yol açılacaq So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525 ci qəzet Ermənistan istəsə də istəməsə də o yol açılacaq So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Əliməmməd Nuriyev, hüquqşünas:

- "Erməni lobbisi" Beynəlxalq Cinayət Məhkəməsinin "ilk prokuroru" üçün villa alır?!

"Hüqüqi ləyaqətini və vicdanını itirmiş Luis Moreno Ocampo, Beynəlxalq Cinayət Məhkəməsinin "ilk prokuroru" Los-Ancelesdəki evi yanğında məhv olub.

O, X platformasında paylaşdığı statusda bunları bildirib:

"Bütün struktur çökdü, evim yox oldu... Malibudakı evim yanğın nəticəsində məhv oldu..."

Los-Ancelesdəki erməni lobbisi dərhal bu hadisəyə reaksiya verərək, onu narahat olmamağa, ona tam yeni ev almağa hazır olduqlarını bildiriblər...

Beləliklə, bu dəllal yenidən daha böyük qızğınlıqla vaxtı ilə çalışdığı qurumdakı vəzifəsinin adında istifadəni davam etdirərək sağa-sola saxta hüquqi şərhlərinin səpələməkdə davam edəcək.

Bax ən böyük siyasi korrupsiya budur!

Səxavət Məmməd, jurnalist:

- Ermənistanla ABŞ arasında imzalanan strateji tərəfdaşlıq xartiyası iqtisadi və enerji əlaqələrinin gücləndirilməsi, kommunikasiyalar, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, demokratik institutların gücləndirilməsi, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq və digər sahələri özündə əks etdirir.

Bayden administrasiyasının gedən ayaq bu cür addım atması və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın da yeni ABŞ administrasiyası ilə də əməkdaşlıq edəcəklərini bəyan etməsi onu deməyə əsas verir ki, ABŞ Cənubi Qafqazla bağlı siyasətini Ermənistan üzərindən davam etdirəcək. Ermənistanla Azərbaycan arasında sülh danışıqları məsələsində də ABŞ-nin vasitəçiliyini rəsmi İrəvan ön plana çəkir. Azərbaycan tərəfi hər dəfə vasitəçisiz danışıqları önə sürsə də, Ermənistan mütləq şəkildə çalışır və regiona yeni oyunçu cəlb etmək niyyətindən əl çəkmir. Bunun belə olacağı da gözlənilən idi.

Yeri gəlmişkən, Azərbaycan tərəfi Ermənistana konstitusiyanın dəyişdirilməsi yönündə basqılar edirdi. Ermənistanın ədliyyə naziri isə konstitusiya dəyişiklikliyinə gedəcəklərini, ancaq Azərbaycan və Türkiyəyə torpaq iddialarının çıxarılmayacağını açıq şəkildə dilə gətirdi.

Rusiya bu məsələdə hələ ki izləyici mövqeyindədir. Rusiya birbaşa özü yox, Ermənistanı Azərbaycanın əli ilə cəzalandırmağın planlarını quracaq. Azərbaycan tərəfi Ermənistanın silahlanması və regionda təhdidə çevrilməsini həzm etmir, ancaq bunun üçün hansı addımı atacaq, hələ ki bu, müəmmadır.

Prosesə real baxsaq, ABŞ-nin yeni administrasiyası da Ermənistanla əməkdaşlığı davam etdirmiş olsa, Ermənistanın bu regionun İsraili olacağı ehtimalı artmış olur. İsrail də asan coğrafiyada yaranmayıb. Misir və Suriya kimi ölkələrin qonşuluğunda və ümumilikdə, ərəb ölkələrinin ortasında yaradıldı və demək olar ki, ərəb ölkələrinin hamısını başıqapazlı etdi. İsrail ərəblərin, Ermənistan isə həm Cənubi Qafqazda - İranla, Türkiyə ilə sərhəddə yerləşir, həm də bir qədər coğrafiyanı genişləndirsək, Türk Dövlətlər Təşkilatının mərkəzindədir. Ermənistan prosesləri elə bir həddə gətirmək istəyir ki, ona söz deyən ABŞ-yə söz demiş olsun.

Ermənistanda hazırda Rusiya hərbi bazaları olsa da, rəsmi İrəvan çalışacaq ki, bu bazaları öz ölkəsinin ərazisindən çıxarsın. Rusiyanın buna gedəcəyi o qədər də inandırıcı deyil. Hazırkı Ermənistan təkcə Azərbaycan üçün yox, eləcə də bütün region ölkələri üçün təhdid yaratmaqdadır. Bu gün İranla münasibətləri normal görünsə də, sabah Ermənistanın İranla da münasibətlərinin pisləşəcəyi ehtimalı yüksəkdir. Ermənistan təkcə Azərbaycan və Türkiyəyə torpaq iddiasında deyil, Gürcüstandan da müəyyən qədər əraziləri qəsb edib.

Hazırda Ermənistan tərəfi Azərbaycanla sərhəddə fortifikasiya qurğuları quraşdırmaqdadır. Görünən odur ki, siyasi gərginlik artan xətlə davam edəcək. Azərbaycan tərəfinin şərtləri məlumdur. Türkiyə tərəfi də kommunikasiyaların açılması üçün addımlar atır. Yəni yolların açılması üçün milyonlarla xərc çəkilir və işlər görülür Ermənistan tərəfi istəsə də, istəməsə də, o yol açılacaq.

Hazırkı proseslər onu göstərir ki, siyasi gərginlik hərbi gərginliklə əvəz oluna bilər. Ermənistan da bunun fərqindədir. Ona görə də maksimum çalışır ki, prosesi uzatsın və özünə ciddi tərəfdaşlar toplasın. Region ölkələri Ermənistanın gələcək üçün necə təhlükə törədəciyinin fərqində olsalar, hesab edirəm ki, Ermənistan kimi ölkənin varlığını sorğulayacaqlar. Çünki Ermənistanın varlığı bu region üçün daim problem yaradacaq. Hər şey dəyişə bilər, ancaq bir millətin xisləti əsla dəyişə bilməz və dəyişmir də. Ermənistan qonşuluğundakı istənilən ölkənin zəif anını yaxalasa, bağışlamayacaq.

Hesab edirəm ki, Ermənistanla bağlı məsələdə əsas güc Azərbaycanın üzərinə düşəcək. Çünki digər ölkələrin başı daha böyük problemlərə qarışıb. Müharibənin, hərbi toqquşmanın olması arzuolunan deyil. Bunun iqtisadi, siyasi cəzaları olacaq. Ancaq Ermənistanın varlığı daim təhdid yaradacaq.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- İkinci Qarabağ savaşından məğlub çıxan, kapitulyasiyaya imza atan Ermənistan ABŞ-la strateji anlaşma əldə edib.

Maraqlı və təhlükəli proseslər gedir.

Ermənistan Avropa İttifaqına daxil olmağa start verməyinin ardınca daha bir müttəfiqlik əldə edib. Ötən gün Ermənistan və ABŞ arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, strateji tərəfdaşlıq haqqında Xartiyanı imzalayıblar.

Düşünürəm ki, müharibədən məğlub çıxan Ermınistanın qısa bir zamanda ABŞ kimi bir ölkə ilə strateji tərəfdaşlığa imza atması ağlasığmazdır. Görünür ki, erməni lobbisi yenə öz sözünü deyir.

Yəni görünən odur ki, Ermənistan tam sürətlə Rusiyadan qırılmaq, Avropa və ABŞ-a inteqrasiya yolunu tutub. Və artıq bunun real nəticələri var.

Ağlasığmazdır ki, indi Ermənistan sərhədlərini NATO hərbçiləri qoruyacaq. Sərhədlərində monitorinqi avropalılar aparır. Onların da arxasında Rusiyanın hərbi bazası var.

Qəribə proseslər gedir Ermənistanda.

ABŞ və NATO-nun Ermənistana texnologiyalar, hərbi, kəşfiyyat və peyk texnologiyaları sahəsində dəstəyi regionda vəziyyəti kəskin dəyişə bilər.

Bu, artıq Hindistanın hansısa köhnəlmiş hərbi resursları deyil.

Fikrimcə, texnologiyalar sahəsinda, hərbi-texniki və peyk texnologiyaları sahəsində milli maraqlarımız üçün tam yeni təhdidlər yaranacaq.

Bu, təkcə hərbi sahədə deyil. MDB- də heç kimin NVİDİA həndəvərinə düşə bilmədiyi bir zamanda Ermənistan ikinci superkompüter mərkəzi açmağa hazırlaşır.

Strateji tərəfdaşlıq güman ki, Ermənistanın start vəziyyətini hədsiz gücləndirəcək.

Əgər Ermənistan hərbi-texnoloji sahədə ABŞ resurslarından da real istifadə imkanı əldə etsə, regionda böyük risklər qaçılmaz olacaq. 

Şübhəsiz ki yeni imkanlar, texnologiyalar, hərbi-texniki resurslar əldə edən Ermənistanın revanş götürmək istəyi artacaq.

Azərbaycanın addımları necə olmalıdır?

Tramp bu sazişi dəstəkləsə, strateji partnyor olaraq regionda Ermənistanı seçsə, regionda nələr baş verəcək?

Düşünürəm ki, Azərbaycan Ermənistanın başladığı bu yeni strateji xətlə bağlı səfərbər olmalıdır.

Ermənistanın daha da güclənməsindən, bu anlaşmalar işə düşməzdən öncə addımlar atılmalıdır.

Avropa ilə, Qərblə problemləri tez bir zamanda həll etmək lazımdır.  Yeni yaranmış situasiyaya uyğun çevik addımlar atılmalıdır.

İradə İsaq, jurnalist:

- Akademik Akif Əlizadə Mir Mövsüm Ağa haqqında ona çox inandığını və tez-tez cəddinin ona kömək olduğunu deyib. Bizim bəzi ağlı gödək saytlar da bunu sanki biabırçı bir hadisəymiş kimi yazırlar. Hələ o xəbərlərin altından camaat nələr yazır. Oturasan bu kəmsavadları Kür aşağı, Kür yuxarı ağlayasan.

Bilməyənlər üçün:

1. Akademik Akif Əlizadə Mir Möhsüm Ağanın doğma bacısı nəvəsidir. Onun anasının anası Ağanın böyük bacısı Zeynəb xanımdır. Qəbri Kərbəladadır.

2. Akademikin ata babası isə o vaxtın Şeyxül İslamı olan Molla Ağa Əlizadədir. Cümhuriyyətimizin də ilk Şeyxülislamı olub.

3. Yəni özü zatən dindar ailədə və o genetika ilə doğulub. Dinin içindən gedib mollabaş yox, alim və akademik olmasına isə sevinmək lazımdır. İnam isə qətiyyən ələ salınası, gülünəsi bir şey deyil. Çünki dünyada vicdan azadlığı anlayışı var.

4. Siz gedin öyrənin ki, niyə Amerika səfirlərinin əksəriyyəti ölkəyə təyin olunandan sonra Mir Möhsüm Ağanın qəbrini ziyarət edib. Onda buna ağıllı cavab taparsınız.

Günel Mövlud, yazıçı:

- Kasıblıqla, səfalətlə barışmağa çağıran, kasıblığı romantikləşdirməyə çalışanlara qarşı olmuşam. Həmişə. Çünki bunların əsl üzünü, dəhşətini, insanı mənəvi tənəzzülə necə apardığını uşaqlıqdan görmüşəm.

Amma onu da deyim ki, normal, insani şərtlər altında sadə həyat sürməklə həyatın ən gözəl üzünü görmək, yaşamaq mümkündür.

İşimə görə yüzlərlə beşulduz oteldə, saunalı, SPA-lı, idman və hətta şopinq mərkəzli otellərdə gecələməli, qalmalı olmuşam. Nə o otellərdəki insanlar, nə otaqlar, nə təqdim edilən xidmətlərdən yadımda qalan, təəssüratı ömür boyu sürən heç nə olmayıb.

Amma dostlarımla yüngülvari bir büdcə ilə, qəfil qərara gəlib çıxdığımız səfərlərdə, yolüstü qəlyanaltı etdiyimiz ucuz kafelərdə, bizi qonaq edən əyalət insanlarının evində qalanda yaşadığımı hiss etmişəm.

Gürcüstanın Rustavelisindən daha çox, Batumidə heç kimsənin tanımadığı uzaq şəlalələrin altında yaşadığımı hiss etmişəm.

Bakının Tarqovısından daha çox, Gədəbəydə qazıntı aparan, ikigöz kənd evində yaşayan arxeoloq rəfiqəm Tükəzban Göyüşovanın yanında qaldığım gecələrdə yaşadığımı hiss etmişəm.

Ağcabədidə axşam Kür üstündəki, çayniki iki manat, qəndqabısı ucuz konfet dolu, masaları kulyok süfrəli çayxanada çay içərkən Kürün şırıltısı söyüdlərin saçlarını yuyub ötəndə, ay işığına baxıb yaşadığımı hiss etmişəm.

İstanbuldakı Marmara oteldən yadımda heç nə qalmayıb, amma balaca bir dükanda əl işlərini satan rəssam qızla söhbətimiz yadımda qalıb.

İzmirdə Alsancakdakı bahalı restoranlardan daha çox, Kordonboyunda yediyimiz dənəsi bir lirədən midyələr, Əhməd bəyin bağ evində bağçadan toplayıb, salat elədiyimiz pərpətpyünün dadı yadımda qalıb.   

Limitsiz şərab, yemək təqdim edən təyyarələrdə keçən yolçuluqdan daha çox, Tiflis-İzmir avtobusunda Aygünün ağzına suşi tikəsi dürtməyim yadımda qalıb (hə, belə manyaklığım var, millət yola adam balası kimi yemək götürəndə, mən suşi eləyib, götürmüşdüm).  Dəfələrlə olub ki, cüzi büdcə ilə çıxdığım səfər, getdiyim yer, qaldığım yer, yediyim yemək, rastlaşdığım insanlar, gördüyüm münasibət bahalı turlardan, səfərlərdən, otellərdən, xidmətlərdən daha gözəl olub, mənə anı yaşadığımı hiss etdirib.

Kasıblıq pis şeydir. Amma yaşamaq üçün, həyatı yaşadığını hiss etmək üçün puldan daha çox yaxşı dostlar, qarşına çıxan gözlənilməzlikləri qəbul edə bilmək bacarığı, həyatı yaşaya bilmək bacarığı lazımdır.

Bir dəfə on dəqiqə avtobus gecikdi. Termosumdan çay süzdüm, konfet çıxartdım. Dayanacaqda yanımda oturan qadına da təklif elədim. O da su termosunu çıxardı, qapağına çay süzdüm, avtobusu gözləyə-gözləyə içdik. Söhbət elədik, o da çantasından ovçu kolbasası çıxardı, hərəmiz birini açıb, yedik, sonra avtobusum gəldi, sağollaşıb ayrıldım.

Həyat yaşamağı bacardığımız anlardan ibarətdir.

Yeganə Hacıyeva, politoloq:

- Los-Ancelesdə və ətraf ərazilərdə  davam edən yanğınlar nəticəsində dəyən ümumi zərər və iqtisadi itkilərin ilkin təxmini həddi artıq  250-275 milyard dollar aralığındadır.

Təxmin etmək olar ki, faciədən dəyən real itkilər 350-400 milyard dollar aralıqda dəyişəcək.

ABŞ-da yaranan maliyyə itkiləri maliyyə böhranı yaradacaq, bu böhran da özlüyündə Qlobal Maliyyə Böhranın detonatoru rolunu oynayacaq.

Belə ki, daxildə problemlərlə üzləşən ABŞ investisiya və sığorta şirkətləri xaricdəki aktivlərini geri çəkməyə başlayacaqlar.

Bu da özlüyündə inkişaf etməkdə olan ölkələrdən maliyyə axınına səbəb olacaq.

Nəticədə, bütün dünya iqtisadiyyatı ABŞ-dakı yanğınların törətdiyi  böhrandan əziyyət çəkəcək.

seeBaxış sayı:41
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri