Icma.az
close
up
RU
525 ci qəzet Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Telman Orucov yazır

525 ci qəzet Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Telman Orucov yazır

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

İnsanın yaranması, əlbəttə, bilavasitə təbiətin işidir, müxtəlif dinlər isə buna Tanrının bilavasitə yaradıcılığının nəticəsi kimi baxır. Mikelancelo da Vatikanın Sikstin kapellasının plafonunda ilk insanın yaranmasını, ona məhz Allahın əlinin dəyməsi ilə təsvir etmişdi və biz bu səhnəyə böyük heyranlıqla tamaşa edirik. Dünyada baş verən bütün hadisələrin də müəllifliyi Tanrının adına yazılır. Lakin süni intellekt istənilən maddi varlıqların, həmçinin ağıl qabiliyyətinə malik olan insanın da yaradılması işinə də girişsə, bu, bizim inanclarımızda da müəyyən dəyişikliklərin yaranması imkanını meydana gətirə bilər. İnsan ağlının məhsulu olan süni intellekt, bizim münasibətimizdən asılı olmayaraq, Tanrının bu sirli əməliyyatına da müdaxilə etməklə, onunla elan olunmamış yarışa girir. Bu bizə nə qədər qəribə görünsə də, hələ tufan başlamasa da, onun tezliklə gələcəyindən xəbər verən küləyin əsməsi də məhz buna əyani bir işarədir.

Dünyada baş verən bütün hadisələr, insanın da yaranması daxil olmaqla ilahi qüvvələrin iştirakının nəticəsi hesab olunur. Elmin nailiyyətləri, xüsusən süni intellektin tətbiqi sirr kimi görünənləri izah etməyi bacarmaqla, indiyə qədər insanlara hakim kəsilən inanclarda da düzəliş aparılmasını tələb edəcəkdir. Süni intellekt insanın təbiətlə mübarizəsinin, onun xeyrinə meyl etdiyini, dəyişdiyini izaha ehtiyac duyulmayan bir şəkildə göstərəcəkdir.

İnsan təbii şəraitə uyğunlaşır

Tarixi inkişaf mərhələlərinə qayıtdıqda, insanın daim düşdüyü şəraitə uyğunlaşdığının şahidi oluruq. Bu baş verməsə, insan nəsli məhv ola bilərdi. Çarlz Darvin növlərin mənşəyi barədəki əsərində şəraitin dəyişməsi ilə zəiflərin məhv olduğunu, güclülərin yaşamaqda davam etdiyini iddia edirdi. Amerika alimləri onun bu nəzəriyyəsinin mahiyyətini inkar etməməklə, onda düzəliş apardılar. Onlar təsdiq edirlər ki, şərait kəskin surətdə dəyişdikdə zəiflərlə yanaşı, güclülər də məhv olurlar, öz mövcudluğunu yalnız yeni meydana gələn şəraitə uyğunlaşmağı bacaranlar qoruyub saxlayırlar. Ona görə də otla yanaşı, balıq yemələrinə görə yırtıcı sayılan dinozavrlar da sıradan çıxdığı halda, onlarla müqayisədə çox kiçik və zəif olan tarakanlar milyon illərdir ki, ömür sürürlər. Sadəcə olaraq, tarakandan fərqli olaraq, dinozavrlar yeni şəraitə uyğunlaşa bilmədiklərinə görə məhv oldular, gücsüz tarakanlar isə hər cür dəyişikliyə uyğun qaydada yaşadıqlarına görə, bizim dövrümüzə gəlib çıxdılar.

İbtidai icma quruluşundan, tarixdən əvvəlki dövrlərdən başlayaraq, insan təbiəti özünün sığınacaq yeri, doğma yurd-yuvası, ilk vətəni hesab etməyə başladı. Onda təbiətin sınaqlarına da, müəyyən ölçüdə bir növ immunitet yarandı. Buz dövrü canlılara böyük ziyan vursa da, insan onun sərt şəraitinə dözməyi də bacardı, köç etməklə daha əlverişli şərait tapmağa da qadir oldu. Elmə məlumdur ki, son 2-3 milyon ildə 50 buz dövrü mövcud olmuşdur. Onlar bəzən ardıcıl olaraq yüz il davam edə bilirdi. Buz dövründə də insan olduqca ağır şəraitə dözməyi bacarmışdır. Laplandiyanın sərt şaxtası şəraitində yaşamağı bacaran saamlar buz dövrü insanlarının dözümlülüyünə və fədəkarlığına haqq qazandırır.

Bəşəriyyət həm də tarixi mərhələlərdə yaşa dolduqca, öz vətəninin, yaşayış üçün daha əlverişli təsir göstərən cəhətlərini qoruyub saxlamağa çalışdı. İnsanın qərar tutduğu məskən ananın körpəsi üçün qucağı rolunu oynayır, hərarət verməklə, onu soyuğun, küləyin mənfi təsirindən qoruyur, həm də döş südü şəklindəki qida ilə təmin edir.

Axı ibtidai insan özünə nisbətən rahat mənzil yaratmaqda gücsüz idi, daha çox təbiətin onu himayə edəcəyinə inam bəsləyirdi. O, başa düşürdü ki, onun özü də təbiətin bir hissəsidir, onu həyata gətirib, müvafiq şəraitlə təmin etməklə, özünün yaratdığı doğma varlığa olan qayğısını da kəsmir. Ona görə də insan öz yaşayış tələbatının əsas hissəsini, bunu anlasa da, anlamasa da, təbiətin üstünə yıxırdı. Buna görə də insan haqlı olaraq təbiətin uşağı hesab edilirdi. Bu uşaq yaşamaq üçün qida kimi hər şeyi təbiətdən - ovçuluqdan, bitki meyvələrini və köklərini yığmaqdan aldığına görə, özünü dərk etməyə cəhd etməklə yanaşı, digər canlı varlıqları da öyrənməyə çalışırdı. İbtidai insan ovlayıb, ətindən istifadə etdiyi heyvanların davranışını, ov üçün nə dərəcədə yararlı olduğunu yaxşı öyrənib,  mənimsəyirdi. Müasir insandan fərqli olaraq o, vəhşi heyvanların hərəkətini, köç etməsini, başqa otlaqlara üz tutması vaxtını mükəmməl qaydada bilirdi və onları ovlamaq üçün öz biliklərindən və qazandığı təcrübədən yaxşı istifadə etməklə, ovda uğur qazanır və doğma icmasını aclıqdan xilas edirdi. Onlar bitkilərin meyvələrinin nə vaxt yetişdiyini, dənli bitkilərdən alınan məhsulun yemək üçün nə vaxt sərfəli olduğunu yaxşı bilirdilər və bu məsələdə də səhvə yol verməməyə çalışırdılar. İnsan təbiətə kiçik ölçüdə ziyan vursa da, heç vaxt bu sahədə həddi aşmırdı. Əsasən istehlakına vacib olan həcmdə ov edir, meyvə və kök yığırdı. Axı böyük ət ehtiyatını xeyli müddətə saxlamaq imkanından da məhrum idi. Ona görə də təbiətlə insan arasında ittifaqa bənzəyən qarşılıqlı əlaqə hökm sürürdü, bu cəhətdən olduqca vacib olan harmoniya əsasən qorunub saxlanırdı.

İnsan heç vaxt ümdə tələbatından artıq ehtiyat saxlamaq naminə izafi ov etməyə yol vermirdi, əslində bunu bacarmırdı da, ovçuluq fasilələrlə müşayiət olunmaqla, ov heyvanlarının sayının kəskin sürətdə azalmasına gətirib çıxarmırdı. Bitki məhsullarını topladıqda da, ancaq qidasına yarayan dəni və ya meyvəni yığırdı, bitkinin özünə ziyan vurmamağa çalışırdı. Dən və meyvə yığılsa da, kökü istehlak edilən növlər istisna olmaqla, bitkinin kökü və gövdəsi zədələnməmiş qalırdı, belə münasibət, gələcək məhsul üçün onun ehtiyatlı tədbir xarakteri daşımasından xəbər verirdi. Axı bitki ona bir dəfə deyil, sonrakı illərdə də qida maddəsi timsalındakı bəhrəsini verəcəkdi, onun ac qalmasına imkan verməyəcəkdi.

Bu məsələdə Şimali Amerika hindularının yabanı düyünü toplaması təcrübəsi bitkiyə belə qayğıkeş münasibətin əyani təzahürüdür. Hindu kanoelərdə su hövzələrinin kənarında bitən yabanı düyü "plantasiyalarına" yaxınlaşıb, onun gövdəsini qayığın içinə əyib silkələyirdi. Düyü dəni və ya çəltik qayığın içinə tökülürdü, sonra o, ehtiyatla düyü bitkisinin gövdəsini düzəldib, yaxındakı digər bitkinin məhsulunu yığmağa girişirdi. Həm də hər il yenidən həmin təbii zəmilərdən məhsul toplamağa təkrar edirdi.

İbtidai insan hələlik məhsul istehsalı ilə məşğul olmadığından, onu qida ilə təmin edən təbiətə qayğıkeşliliklə, ziyan vurmadan yanaşırdı, təbiətin təklif etdiklərini qəbul etməklə kifayətlənirdi. Deməli, ibtidai insan istehsal yolu ilə özünə ehtiyat yaratmasa da, ana təbiətin ona ünvanlanan hədiyyəsinə, yırtıcı heyvanlara xas olan qaydada deyil, gələcəyini təmin etmək barədə düşünməyə qadir olan ağılla hərəkət etməyə üstünlük verirdi. Axı icma qida ilə təmin olunmaqla həm özünün yaşamasını davam etdirmək, həm də nəsli artırmaq imkanına malik olurdu.

Göründüyü kimi, ibtidai insan bu qaydada yaşamaqla heç də təbiətlə mübarizə aparmırdı, əksinə, onun mərhəmətinə, həm də məhz minnətdarlıq ruhunda sığınırdı. Bu onun məxsus olduğu icmanı daim müəyyən ölçüdəki ərzaq payı ilə təmin etməyə imkan verirdi. İnsanın qida maddələrinin istehlakı da, məhz ixtiyarında olandan asılı idi. İbtidai insan yalnız uğurlu ov etdikdə, iri heyvanı öldürdükdə çox yeyirdi, mədəsində qida ehtiyatı yaratmağa çalışırdı.

Onların həyat tərzini Rusiyanın Qütb zonası ərazilərində və tayqa meşələrində yaşayan azsaylı şimal xalqlarının nümunəsində öyrənmək mümkündür. Bu barədə sovet geoloqu, yazıçı Dmitri Yefremovun Sayan dağlarına ekspedisiyada iştirak etdiyi vaxt, onlara xidmət edən və evenk etnosuna məxsus olan bələdçinin davranışının təsviri ibtidai, tam sivilizasiyalanmamış insan barədə bizi biliklərlə təmin edir. Yefremov özünün "Tayqa povestləri" ("Tayojnıe povesti") trilogiyasında olduqca maraqlı hadisələri qələmə alır. O, şimalda yaşayan azsaylı xalqlara məxsus olan adamların qidalanma təcrübəsini müşahidə etmiş, onların bu məsələyə fərqli yanaşdıqlarının şahidi olmuşdu.

Müəllif yazır ki, bir dəfə sərt şaxtalı havada yemək ehtiyatımız tükənmişdi, son şans maral ovunun uğurundan çox asılı idi. Evenk Yermolay məharətli ovçu kimi tanınırdı. Lakin iki gülləsi lazımi effekt verməmişdi, axırıncı patron öz işini görməsə, aclıq daha qorxulu səviyyədəki fazaya keçə bilərdi. Xoşbəxtlikdən, o, maralı vurub yerə yıxdı. Biz ovun yanına çatdıqda o, bıçağını çıxarıb maralın boynundan deşik açdı və ağzını ora söykədi. O, ovunun qanını içib xeyli cana gəldi, çünki isti qan onun bədəninin hərarətini də artırmışdı. Afrika xalqı olan masailər isə ov heyvanlarının deyil, sürülərindəki danaların boğazını deşib, axan qanı qaba toplayıb, südə qatır və onu içirlər. Bu qan və süd qarışığı onlar üçün olduqca qiymətli qida hesab olunur.

Sonra ovçu maralı soymağa başladı və biz əti düşərgəyə gətirdik və onu bişirdikdən sonra bir neçə günlük aclığımıza son qoyduq. Evenk isə ət xörəyini xirtdəyinə çatana qədər yedi, çünki bir də nə vaxtsa doyunca yeyəcəyi fürsətinin yenidən əlinə büşəcəyini bilmirdi. 

Başqa bir hadisə isə evenkin hərəkətinin bəzi ekspedisiya üzvləri tərəfindən düzgün anlanılmaması ilə əlaqədar idi. İş yoldaşları olan qadın istirahətdən qayıtdıqda, Moskvadan özünün yeməsi üçün şokolad və peçenye alıb gətirmişdi. Bələdçi Yermolay bunları gördükdə, sahibindən icazə almadan şokoladı və biskviti iştahayla yeməyə başladı. Öz ehtiyatının azalmasından hiddətlənən qadın onu məzəmmət etmək istədikdə, biz onu sakitləşdirdik. Ona başa saldıq ki, bu xalqlarda özəl mülkiyyət anlayışı yoxdur, hər şey icmaya, onun bütün üzvlərinə məxsusdur. Axı biz özümüz də evenkin ovladığı maralın əti ilə qidalandıq. Bunun üçün isə biz ondan heç bir icazə almamışdıq. Hətta bunu etsək, evenkin təəccübünə səbəb ola bilərdik, sadəcə olaraq, o, bizi anlamazdı. Sənin özün üçün gətirdiyin şirniyyatı da hamıya məxsus olduğunu güman etdiyindən, o, icazə almadan onları yeməyə başlayıbmış.

Geoloq qadın bu barədə lazımi təsəvvürə malik olmadığını etiraf edib, ağılsız hərəkətdən, evenki qınamaqdan onu yayındırdığımıza görə bizə minnətdarlığını bildirdi.

Lakin bu o demək deyildir ki, ibtidai insan hansısa davranış tərzinə bütünlüklə riayət edir. Təəssüf ki, bəzi tayfalar acgözlükdən və ya lazımi biliklərə malik olmadıqlarından, təbiətə ziyan vurmaqdan da çəkinmirlər.

Böyük fransız mütəfəkkiri Şarl Monteskyö özünün "Qanunların ruhu" kitabında yazır ki, Luizianadakı (Birləşmiş Ştatların cənubunda yerləşən müasir ştat, onu ilk dəfə fransızlar kəşf etmişdilər, yalnız Tomas Cefferson prezident olanda Napoleon həmin ərazini ABŞ-a satmışdı) hindu tayfası meyvəni yığmaq üçün ağacın gövdəsini kəsir, yerə yıxılan iri bitkinin üstündəki meyvəni toplayırdı. Bu hərəkətləri ilə, onlar sonrakı ili başqa meyvə ağaclarını axtarmalı olacaqdılar.

(Ardı var)

seeBaxış sayı:50
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri