Icma.az
close
up
RU
525 ci qəzet Yuxu qayıdır

525 ci qəzet Yuxu qayıdır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Yuxu" rok qrupu 1987-ci ildə Sumqayıt şəhərində yaradılıb. Qrupun ilk mahnısı "Xəzərin sahilində" olub. 1989-cu ildə "Qızıl Payız" musiqi festivalındakı iştirak rok qrupunu qısa zamanda məşhurlaşdırıb. "Yuxu" Azərbaycanda yaransa da, fəaliyyətinin əsas hissəsi Türkiyədə keçib. Fəaliyyət göstərdiyi illər ərzində qrup 3 albom buraxıb: "Xəzərin sahilində" (1993), "Sumqayıt" (1994) və "Ölümə çarə yox" (2001). "Yuxu"nun bütün mahnıları Azərbaycan dilində idi. Qrup 2001-ci ildə fəaliyyətini dayandırsa da, bu gün də bir sıra mahnıları dilllər əzbəridir. Müsahibimiz "Yuxu" qrupunun üzvü, zərb alətləri ifaçısı, tanınmış döymə ustası Çingiz Eyvazovdur.

- İşləriniz necə gedir?

- Bizim işimiz gözləməkdir. Bu sahədə səbir mütləqdir. Çünki döymə yemək-içmək deyil ki, daim tələbat olsun. Bir də görürsən iş çoxdur, yaxud da heç yoxdur.

- Təbii ki, yemək-içmək qədər olmasa da, bu gün döyməyə kifayət qədər maraq var axı.

- Maraq artdıqca döymə ustaları da çoxalır. İstənilən halda seçim imkanı artsa da, insanlar diqqətli olmağa, peşəkara müraciət etməyə çalışırlar. Nəticə etibarilə döyməni ömür boyu bədənində daşıyırsan. Hər kəs istəyir ki, düzgün seçim etsin.

- Türkiyənin bir sıra məşhur simaları ilə işləmisiniz. Onların içərisində kimlərin adını çəkə bilərsiniz?

- Vaxtilə Ajda Pekkan, Cem Yılmaz, Şafak Sezer kimi məşhurlara döymə etmişəm. Ümumiyyətlə, Türkiyədə olduğum dövrdə çox məşhurlarla işləmişəm.

- Əgər orada belə yaxşı karyera qurmuşdunuzsa, niyə qayıtdınız?

- Hə, Türkiyədə çox yaxşı karyera qurmuşdum. Ancaq sonradan sənədlərimdə problem yarandı. On il öncə sənədlərimi düzəltmək üçün Azərbaycana gəldim. Problem həll olunmadığı üçün burada qalası oldum. Şükür Allaha, burada da qarnımızı doyuracaq qədər qazana bilirik.

- Maraqlıdır, döymə işinə həvəs sizdə necə yaranıb?

- Hələ on bir-on iki yaşım olanda bu işə marağım yaranmışdı. Böyüklərimizin əllərində-qollarında döymələr görürdüm, mənə maraqlı gəlirdi. Onların çoxu ya əsgərlikdən, ya da həbsxanadan qalma olsa da, diqqətimi çəkirdi. On iki yaşım olanda evdəkilərdən xəbərsiz mürəkkəb alıb özümə döymə elədim.

- Nə yazmışdınız?

- "Ana" (gülür). Bundan sonra məhlədə uşaqlar istədilər, onlar üçün də etdim. Sonra musiqi ilə məşğul olmağa başladım. Müəyyən fasilə yaransa da, Türkiyədə yaşadığım dövrdə döymə ilə peşəkar şəkildə məşğul olmağa başladım.

- Musiqi ilə nə vaxtdan məşğul olursunuz?

- Zərb alətlərinə hələ uşaq yaşlarından meyl edirdim. Yadımdadır, yayda rayona gedəndə fındıq ağaclarının dibindən çıxan qələmlərdən özümə iki dənə qəşəng çubuq düzəltmişdim. Divanın, stolun üstündə həmin çubuqlarla məşq edirdim. Evdəkilər də əlimdən bezmişdi. Saat birdə-ikidə durub məşq edirdim, onları yatmağa qoymurdum. Xüsusilə də, atam əsəbiləşirdi. Beləcə dizlərimin üstündə barabanı öyrəndim. Evdəkilər əvvəlcə narazı olsalar da, işin ciddiyyətini görəndən sonra mane olmadılar.

- Bəs "Yuxu" ilə yolunuz harada kəsişdi?

- Gitaristimiz rəhmətlik İbrahimlə qonşu idik. Ona evdən gitara almışdılar, mənə də nağara. İbrahim məhlədə xarici mahnılar ifa edirdi, mən də onu müşayiət edirdim. O, tez-tez qrup yaratmaq istədiyini deyirdi. Sonra Namiqlə danışıb onu da gitarist kimi götürdük. Vokalistimiz isə elə yan binamızda qalan Cəsur Nemətov oldu. Beləcə, qrup yarandı. Adını da rəhmətlik İbrahim qoymuşdu. Deməli, xeyli vaxtdır məşqlərə başlasaq da, qrupun adı yox idi. Bir gün İbrahim dedi ki, yuxuda konsert verdiyimizi görüb, söhbət açılandan sonra biz də qrupla bağlı yuxularımızı danışdıq. İbrahim də dedi ki, gəlin qrupun adını "Yuxu" qoyaq. Yadımdadır, ilk konsertimiz Sumqayıtda "Kimyaçılar" klubunda olmuşdu. İki-üç mahnıdan sonra zaldakılar arasında dava düşmüşdü. Nəsə sözləri düz gəlməmişdi. Beləcə konserti təxirə salmalı olduq. Sonra da bir-iki yerdə çıxış etdik.

- Və nəhayət, "Qızıl payız"la başlayan qızıl dövr...

 - Bəli, 1989-cu ildə "Qızıl payız" müsabiqəsində birinci yer tutmağımız qrupun məşhurlaşmasında mühüm rol oynadı.

- Bəs niyə məşhurluğun zirvəsindəykən çıxıb getdiniz?

- "Qızıl payız" müsabiqəsində çıxışımızdan sonra kulisə keçəndə orada xeyli menecerlərin olduğunu gördük. Həmin menecerlərdən biri də Paskal adlı xanım idi. Paskal bizə əməkdaşlıq təklif etdi. Biz də şərtlərlə tanış olandan sonra razılaşdıq. Paskal bizə Fransaya aparmağı sözü versə də, həmin vaxt biz Türkiyəyə getməyi planlaşdırırdıq.

- Niyə məhz Türkiyə?

- Rəhmətlik İbrahimin Türkiyədə qohumları yaşayırdı. O vaxt qəzetdə ayrı düşən qohumları tapıb əlaqələndirirdilər. İbrahim də həmin qəzetlərdən birinə müraciət edib öz qohumlarını tapmışdı. Daha sonra da onları görmək üçün Türkiyəyə getmək istədiyini dedi. Biz də qrup olaraq qərara gəldik ki, onunla gedək və işlərimizi Türkiyədə davam etdirək. Ora gedəndən sonra əvvəlcə barlarda işləməyə başladıq. Sonra isə "150 plak" şirkətinə çətinliklə də olsa, yol tapdıq. Beləcə yavaş-yavaş Türkiyədə işimizi qurduq.

- Bəs Paskal?

- Biz Türkiyədə olanda Paskal ora gəlib lazımi sənədlərimizi təhvil aldı ki, Fransada qalma iznimizi həll edə bilsin. Ancaq nə qədər cəhd etsə də, alınmadı. Beləcə, bizim Fransa xülyamız gerçəkləşmədi. Türkiyədə qalıb işlərimizi elə orada davam etdirməyə qərar verdik. Zaman keçdikcə daha çox tanınmağa başladıq. "Yuxu" qrupu haqqında Türkiyə qəzetlərində "Azərbaycanın rok fırtınası İstanbulda" başlığı ilə məqalələr çıxırdı.

- Yəqin bu məşhurluğun nəticəsi idi ki, qrup Barış Mançonun verilişində qonaq olmuşdu.

- Bəli, Barış Manço ilə bir səhnəni bölüşmək çox həyəcanverici hiss idi. Həmin dönəm "Kanal D"nin açılışında da iştirak etmişdik. Sonra ən məşhur barlarda işləməyə başladıq. Hətta "Scorpions" qrupu Türkiyəyə gələndə onların konsertində alt qrup kimi çıxışımız nəzərdə tutulmuşdu. Ancaq Türkiyədə çalışma icazəmizlə bağlı problemlər olduğu üçün həmin konsertdə biz yox, "Mor ve ötesi" çıxış etdi.

- Bəs bu kimi problemlərlə üzləşəndə qayıtmağı düşünmədiniz?

- Bilirsiniz, o vaxt Azərbaycanda konsert vermək, bu istiqamətdə davamlı iş görmək çox çətin idi. Düzdür, biz "Qızıl payız"dan sonra məşhurlaşmışdıq. Ancaq o dövrdə bizdə roka maraq çox deyildi. Bura qayıdıb başqa neyləyəcəkdim ki? Qrup yaranmazdan əvvəl zavodda elektrik qaynaqçısı kimi çalışırdım. Yenidən qayıdıb zavodda külüng vurmaqdansa, orada musiqi ilə məşğul olmaq daha məntiqli gəldi. Düzdür, Türkiyədə də həyatım asan keçmirdi. 1996-ci ildə musiqi ilə paralel olaraq döymə işinə başlamışdım. Gündüzlər döymə ilə məşğul olurdum, gecələr isə barda çıxış edirdim. Çox stresli həyat yaşamışam. Üstəlik, Çernoblda da olmuşam. Onun fəsadlarını çox çəkdim. Özü də Çernobl partlayandan cəmi bir il sonra getmişdim.

- Yəni qrup yaranmazdan öncə.

- Bəli, həmin vaxt mən inşaat sahəsində çalışırdım. Bir gün gəlib dedilər ki, Çernobl yaxınlığında bir şəhərin bərpası üçün briqada yığılır. Çoxları ailələrini bəhanə edib getməkdən boyun qaçırdı. Sən demə, onlar Çernoblın mahiyyətindən xəbərdar imiş.

- Siz hara getdiyinizi bilmirdiniz ki?

 - Yox. Mən hələ hadisənin mahiyyətini tam anlamırdım, ona görə də təklif gələn kimi şələ-küləmi yığışdırıb getdim. Gördüyümüz işin müqabilində çox yaxşı pul aldıq. Demək olar ki, buradakı günlük qazancımızın iki qatı qədər. Əvvəl oralar mənə çox normal gəlirdi. Sonradan anladıq ki, biz hardayıq. Mənimlə çiyin-çiyin işləyənlərdən ikisi gənc yaşında vəfat etdi. Dedilər, ölümü tezləşdirən məhz Çernoblın fəsadları olub. Məni də başağrısı, əsəb problemləri uzun müddət narahat etdi. Ona görə də uzun müddət ağrıkəsicilərdən, antidepressant dərmanlardan istifadə eləmişəm.

- Çingiz bəy, "Yuxu" qrupu niyə dağıldı?

- Əvvəlcə vokalistimiz Cəsur təhsilini davam etdirmək üçün qrupdan ayrılıb Moskvaya getdi. Sonra Türkiyədə güclü zəlzələ baş verdi. Bu hadisə bir çox sahələr kimi, musiqi sahəsinə də təsir elədi. Müəyyən müddət sonra hiss etdik ki, alınmır. Hərə özünə bir iş tapdı. Beləcə qrup dağıldı.

- Yəni aranızda heç bir konflikt yox idi?

- Mən çox dərinə getmək istəmirəm. Düşünürəm ki, qrupdaxili məsələləri açıb-ağartmaq düzgün deyil.

- Dostluq əlaqələrini qoruya bildinizmi?

 - Namiqlə daim danışıram. Cəsuru da hərdənbir görürəm.

- Cəsur gedəndən sonra Zaur adlı vokalistlə davam etdiniz. O indi haralardadır?

- Zaur Türkiyədə yaşayır. Onunla axırıncı dəfə bir neçə il öncə Azərbaycana gələndə görüşmüşdük.

- İndi sizi tanıyanlar olurmu?

- Əlbəttə. Özü də çox. Tez-tez yaxınlaşıb şəkil çəkdirirlər.

 (Gözüm Çingiz bəyin boynundakı "Yuxu" yazılan döyməyə sataşır)

- Yəqin ki, "Yuxu" üçün çox darıxırsınız.

 - Nə danışırsınız, darıxmaq da sözdür? O günlər, çıxışlarımız tez-tez yuxularıma girirdi. Səhər oyanıb görəndə ki, gerçək deyil, çox pis olurdum. Bir neçə dəfə qrupu yenidən bərpa etmək istəsək də, baş tutmadı. Sonuncu dəfə üç-dörd il öncə rəhmətlik İbrahimlə danışdıq ki, yenidən toplanaq. Ancaq alınmadı. Namiqin Türkiyədə işləri var. Eyni şey Cəsur üçün də keçərlidir. Onun da Moksvada qurduğu bir həyatı vardı. Yenidən başlamaq üçün aylarca məşq etmək lazımdır. Biz onları anlayışla qarşıladıq. "Yuxu"nu qaytarmaq rəhmətlik İbrahimin arzusu idi. Bu arzunu reallaşdırmaq üçün artıq yola çıxmışam. Bir müddətdir ki, istedadlı gəncləri başıma toplayıb məşqlərə başlamışıq.

- Yəni "Yuxu" qayıdır?

- Özü də necə...

Aytac SAHƏD

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:385
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Yanvar 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

29 Sentyabr 2026 08:09see132

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Alimlər 1000 dəfə özünü bərpa edən material hazırladı 500 il xidmət edə bilər

29 Sentyabr 2026 07:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri